Beşinci kolonun rəhbəri Ramiz Mehdiyevin dəhşət saçan əməlləri - ƏTRAFLI

Beşinci kolonun rəhbəri Ramiz Mehdiyevin dəhşət saçan əməlləri - ƏTRAFLI
 

Azərbaycan cəmiyyəti Ramiz Mehdiyevi “persona non qrata” elan edib. Baxmayaraq ki, Ramiz Ənvəroviç (ona bu cür xitab olunmasını xoşlayır) məşhur Kərəmov demiş hələ ölməyib, ayaqdadır. Və lazım gələndə də müəyyən müqavimət göstərir. Amma bütün hallarda Ramiz Mehdiyev erası başa çatıb. Çünki o, həm siyasi, həm də mənəvi-fizioloji cəhətdən tükənib. Və bunu görənlərin çoxu son vaxtlar başlayıblar onu tənqid, bəziləri isə təhqir etməyə. Ramiz müəllimi tənqid edənlər o qədər çoxdur ki, onları saymaqla qurtarmaq olmaz. Ona görə də Ramiz Ənvəroviç haqqında söhbət açmazdan əvvəl həmin tənqidçi ordusunu təsnifatlaşdırmaq istəyirəm.

Birincilər, Ramiz Mehdiyevdən umacaqlı olanlar və bunu ala bilməyənlərdir. Bu adamlar dolayısı ilə indiki hakimiyyətdən də narazıdırlar. Onlar elə düşünürlər ki, onların xalq və dövlət qarşısında “xidmətləri” lazımınca qiymətləndirilməyib. Və Ali hakimiyyət orqanından gözlədikləri mükafatın verilməsinə mane olanlardan biri kimi Ramiz Mehdiyevi görürlər.
İkincilər, vaxtilə Ramiz Mehdiyevə salam vermək və onun təbəssümlü salamını almaq istəyənlərdir. O adamlar ki, Ramiz Ənvəroviçin təbəssümlü baxışını qazanmaq üçün hansı yola desən gedə bilənlərdir. Bu cür adamlar üçün qarşı tərəfdə duranın kimliyi deyil, statusu vacibdir. Bunların əsas prinsipi budur: Kral öldü! Yaşasın kral! Bu tip adamlardan soruşsan ki, Ramiz Mehdiyevi niyə tənqid və yaxud təhqir edirsən, cavab verməkdə çətinlik çəkəcək. Çünki belələri elə düşünür ki, bir adam vəzifədən gedibsə, hökmən o tənqid olunmalıdır ki, onun yerinə gələn razı qalsın. Və bundan dividend əldə etmək istəyirlər.
Üçüncülər, mənim kimi Ramiz Mehdiyevlə üçdən alacağı, beşdən verəcəyi olmayan adamlardır. Və bu adamlar da (içi mən qarışıq) fürsət tapıb 30 ilə yaxın ürəyində yara bağlayan sözləri, fikirləri demək istəyir ki, bir az ürəkləri boşalsın, sakitləşsinlər.

Amma təsnifatlaşdırdığım hər 3 qrupun  daşıyıcılarının (içi özüm qarışıq) heç biri son 2 ilə qədər Ramiz Mehdiyev haqqında rəsmi auditoriyada danışmağa cəsarət etmirdilər. Vaxtilə məndən soruşurdular ki, “Nə əcəb sosial şəbəkələrdə yoxsan?” Deyirdim ki, “Qorxumdan yoxam. Biri bir status yazacaq. Mən də dözməyib onun yalan və boğazdan yuxarı fikirlərinə bir cavab verəcəm. Və heç nədən “başım ağrıyacaq”.

Deməyim odur ki, Ramiz Mehdiyev sıradan bir adam deyildi. Onun çox zəngin idarəetmə təcrübəsi, siyasi biliyi və bacarığı vardı. Məhz bu keyfiyyətlərinə görə, Ümummilli lider Heydər Əliyev onu 1993-cü ildə yanına dəvət etdi. Çünki o zaman elə bir dövr idi ki, AXC-Musavat cütlüyü hakimiyyət orqanlarını iflic etmişdi. Vəzifədə peşəkarlar deyil, tərəfdaşlar yer almışdı. Bütün strukturlar AXC-Musavat fəalları ilə dolmuşdu. 10 il Azərbaycanda olmayan Heydər Əliyev də yeni kadrları tanımırdı. Və Mehdiyevin vəzifəyə gəlməsi bir növ şansa bağlı bir iş idi. Çünki Ramiz Mehdiyev nə 91-lər sırasında, nə də ki YAP qurucuları siyahısında yox idi. O, sadəcə peşəkar kadr idi. Və 1993-cü ilin qanlı-qadalı yayında, payızında peşəkar kadrları axtarmağa sadəcə vaxt yox idi. Çünki ölkə vətəndaş qarşıdurması ərəfəsində və Birinci Qarabağ müharibəsinin ortasında idi. Belə bir zamanda yüksək etimad görən Ramiz Mehdiyev üçün yeni dönəm başladı. O, 26 ildən artıq Ali icra orqanında ikinci-üçüncü  şəxslərdən biri oldu.  Ramiz Mehdiyev Rusiya havadarlarına arxalanaraq Azərbaycan cəmiyyətində qeyri-sağlam bir mühit yaratdı.
Milli-mənəvi dəyərlərin məhv edilməsinə və Azərbaycanda 5-ci kolonun geniş şəbəkə yaratmasına rəhbərlik edən Ramiz Mehdiyev güclü Azərbaycan dövləti qurulmasına hər vəchlə əngəl oldu. Təsadüfi deyil ki, onu Azərbaycan cəmiyyətində hakimiyyətin “boz kardinalı” adlandırırdılar. Bu adın açması təbii ki, çox mətləblərdən xəbər verir.
Mənim bu, subyektiv fikrimdir: Ramiz Mehdiyev və onun rəhbərliyi altında fəaliyyət göstərən 5-ci kolonun üzvləri ermənilərin son 30 ildə ölkəmizə vurduğu zərərdən çox ziyan vurublar. Ermənilər nə ediblərsə, aşkar ediblər. Ramiz Mehdiyev isə çox gizli şəkildə dövlətimizə və xalqımıza böyük ziyanlar vurub, dövlətimizin əsaslarını sarsıtmağa çalışıb.

Ramiz Mehdiyevin anti-Azərbaycan fəaliyyəti sayəsində vətəndaş cəmiyyətinin formalaşmasına və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsinə qarşısı böyük əngəllər yaradılıb. Adi bir misal deyim. Yanvarın  6–da  2020-ci ilin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı təəccüblə dedi ki, “Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır”.

İndi soruşuram, bunu kim edirdi. Əlbəttə ki, Ramiz Mehdiyev. O məqsədli şəkildə Əli Həsənov və digərlərinin əli ilə ölkədə ictimai narazılıq yaradırdı. Süni şəkildə insanlar arasında siyasi ayrı-seçkilik salırdı. Siyasi əqidəsinə görə insanlar təqib olunurdu, bəziləri hətta həbsə atdırılırdı. O, cümlədən partiyaların qeydiyyatı süni şəkildə illərlə yubadılırdı. Bunlar biləvasitə Ramiz Mehdiyevin ictimai-siyasi “fəaliyyətinin” nəticəsi idi. Bu hesaba da beynəlxalq aləmdə Azərbaycan anti-demokratik ölkə kimi təşviq edilirdi. Baxmayaraq ki, həmin partiyalar qeydiyyata alınmasa da, onlar ölkəmizin siyasi həyatında fəal iştirak edirdilər. Və onlara bəslənilən münasibətə görə ölkə rəhbərliyindən gileylənirdilər. Çox zaman bu giley-güzar beynəlxalq müstəviyə çıxardılırdı. Bu da son nəticədə beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinə zərbələr vururdu. Son 6 ayda nə qədər siyasi partiya dövlət qeydiyyatından keçdi. Və hətta onların bir çoxu dövlət hesabına iqamətgahla təmin edildilər. Əla! Vətəndaş cəmiyyətinin inkişafı üçün bundan yaxşı dəstək və nümunə ola bilməz. Amma  bu məsələ Ramiz Mehdiyev dönəmində məqsədli şəkildə ölkə rəhbərindən gizlədilirdi. Məqsədsə o idi ki, ölkə daxilində siyasi ittifaq və sağlam münasibət olmasın. Hamı bir-birinə düşməni münasibət bəsləsin. Çünki  Azərbaycanın güclənməsini və demokratikləşməsini xarici düşmənlərimiz heç zaman həzm edə bilmir. Məhz ona görə də 5-ci kolonun köməkliyi ilə həmin dövlətlər Azərbaycanda davamlı şəkildə icimai narazılıq və sosial ədalətsizlik görüntüsü yaratmağa çalışırlar.

Fikrimi gücləndirmək üçün başqa bir misal çəkim. Son 20 ildə N qədər “siyasi mühacir” meydana çıxıb.  Kimlər son 20 ildə Avropada siyasi sığınacaq almayıblar?! Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Manaf Cəlilzadə, Süleyman Süleymanlı və digərləri … Bu adamların heç biri Azərbaycanda yaşayarkən heç kim tərəfindən tanınmırdı. Lakin dədəsindən, nənəsindən bezən bu adamlar indi siyasi dissident olublar. Oturublar ABŞ-da və Avropada ağızlarına gələni danışırlar. Bəllidir ki, bunlar 5-ci kolonun böyük oyununun kiçik bir həlqəsidir.

Fikrimin sübutu üçün onlardan tək biri haqqında qısaca danışacam. Bu, Qurban Məmmədovdur. Bir müddət əvvəl o da Avropadan “sığınacaq” aldı. Oturdu Avropanın göbəyində. Başladı Azərbaycan haqqında hədyanlar danışmağa. Sonra da bəlli oldu ki, Qurban Məmmədovun Ramiz Mehdiyev və Əli Həsənovla böyük biznes ortaqlığı var. Bunu onun qardaşı Sərdar Cəlaloğlu da dolayısı ilə təsdiqlədi. Hətta siyahıya fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını da əlavə etdi.

Heç bir rəsmi gəlir yeri olmayan Qurban Məmmədov bəs bu qədər sərvəti necə əldə edib? Təbii ki, Ramiz Mehdiyevin himayəsi, Əli Həsənovun şərikliyi ilə. Bəs Qurban Məmmədov bu qədər varidat müqabilində nəyə görə siyasi hakimiyyətdən və ölkədəki vəziyyətdən narazılıq edir?! Cavab bəllidir. Qurban Məmmədova 10 milyonlarla manat sərvəti Azərbaycan dövlətinə və xalqına qara yaxması üçün 5-ci kolon tərəfindən mükafat verilib. O da məcburdur ki, danışsın. Hələ keçmiş Baş prokuror Eldar Həsənovu demirəm. 5 il Baş prokuror, 20 il il isə səfir olan  Eldar Həsənov Ramiz Mediyevin ən yaxın adamlarından biri idi. Bu yaxınlarda bəlli oldu ki, Azərbaycan əleyhinə xaricdə kampaniya təşkil edən və onlara güclü maliyyə dəstəyi verənlərdən biri də Eldar Həsənov imiş. Eldar Həsənov da təbii ki, Ramiz Mehdiyevə arxayın idi və onun tövsiyə və tapşırıqları ilə hərəkət edirdi.

Göründüyü kimi, 5-ci kolon son 20 ildə Azərbaycanda bütün sahələrə şaxələndirilib. Ramiz Mehdiyev səlahiyyətlərindən istifadə edərək strateji sahələrə öz adamlarını yerləşdirib. Polis, prokurorluq, milli təhlükəsizlik sisteminə bir zamanlar rəhbərllik edən məmurlar Ramiz Ənvəroviçin ən yaxın “dostları” idi. Və son 2 ildə bu sahədə aparılan islahatlardan sonra Azərbaycanın hansı böyük uğurlara imza atdığını  görməmək mümkün deyil. Respublika Prezidenti 6 yanvar konfransında dedi ki, “Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin müsbət nəticələrini görürük”.

Bəli son iki ildə aparılan kadr islahatlarını göz önünə gətirək. 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra Azərbaycanda yeni hökumət quruldu. Hökumətdə xeyli sayda yeni simalar göründü. Doğrudur, bu simaların bəziləri Prezidentin etimadını və xalqın sevgisini qazana bilmədi. Amma yeganə qazanc o idi ki, bunlar milli kadrlar idi. 5-ci kolonla bağlılıqları yox idi. 2019-cu ilin yayında DİN və DTX rəhbərliyi dəyişdirildi. Az sonra 5-ci kolonun əsas simalarından biri Əli Həsənov  və fəaliyyətsiz baş nazir Novruz Məmmədov yola salındı. 2020-ci ildə isə Ramiz Mehdiyevin 26-illik hökmranlığına son verildi. Eyni zamanda, XİN başçısı Elmar Məmmədyarov istefaya göndərildi. Müdafiə Nazirliyində general-polkovnik Nəcməddin Sadıxovun rəhbərlik etdiyi 5-ci kolon üzvləri olan geniralitet proseslərdən və xüsusi səlahiyyətlərdən kənarlaşdırıldı. Məhz bundan sonra Azərbaycan xalqı öz lideri ilə tarix yazdı. Cəmi 44 günə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Başqa bir nüansa diqqət yetirək. Bu yaxınlarda Respubliak Prezidentinin fərmanı ilə xeyli sayda məhbusa amnistiya verildi. Onların bir çoxu AXC fəalları idi. Prezidentin bu humanizmi həm ölkə daxilində, həm də ölkə xaricində təqdir edildi, alqışlandı. Hələ buna qədər müsavatçı Tofiq Yaqublu və digər şəxslərə bu humanist akt tətbiq olunmuşdu. Bu adamlar bu gün azadlıqdadır. Və hakimiyyət və dövlət üçün onlar heç bir təhlükə mənbəyi deyil. Olsa-olsa müxalif fikirli insanlardır. Onlar da digər vətəndaşlar kimi narazı qaldıqları məsələlərlə bağlı fikirlərini söyləyirlər. Ola bilsin bir qədər qərəzli danışırlar. Olsun. Amma hər halda Qurban Məmmədov kimi  milyonların üstündə oturub Ramiz Mehdiyevin və Əli Həsənovun tapşırıqları ilə Azərbaycan dövlətçiliyi əleyhinə beynəlxalq aləmdə kampaniya aparmırlar. Amma vaxtilə AXC fəallarının da, Musavat üzvlərinin də barmaqlıqlar arxasına atılmasının təşkilatçıları məhz Ramiz Mehdiyev-Əli Həsənov tandemi idi.  Onlar bu və ya digər  planları ilə Azərbaycan dövlətçiliyinin qəsdinə durmuşdular.
Bəs 5-ci kolon son 20 ildə Azərbaycanda daha hansı layihələr həyata keçirib? Bu barədə növbəti yazımızda.

Surxay Atakişiyev,
KONKRET.az

0.014559030532837