Müstəqil qəzetlərə qarşı ayrıseçkiliyə nə vaxt son veriləcək?

Müstəqil qəzetlərə qarşı ayrıseçkiliyə nə vaxt son veriləcək?
 

R. Mehdiyev-Ə. Həsənov cütlüyünün tətbiq etdiyi "ayrıseçkilik" davam edir

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Dünyada internet medianın informasiya sahəsində üstünlüyü ələ alması və COVİD-19 pandemiyasının bütün sahələrə mənfi təsiri qəzetlərin fəaliyyətinə də təsirsiz ötüşməyib və cəmiyyətdə qəzetlərə təlabatın azalmasına səbəb olub. Çətinliklərə baxmayaraq, dünyanın inkişaf etmiş ölkələri qəzetlərin cəmiyyət üçün vacib olduğunu nəzərə alaraq, onun qorunub saxlanması üçün maddi və mənəvi dəstək göstərirlər.

ABŞ, Avropa ölkələri, qardaş Türkiyə və digər inkişaf etmiş dünya ölkələrinin müstəqil qəzetlərin inkişafına göstərdiyi qayğını hər gün internetdə oxuyur və telekanallarda izləyirik. Azərbaycanda müstəqil qəzetlərin maddi-texniki bazasının möhkəmlənməsi, jurnalistlərin maddi-məişət şəraitinin yaxşılaşması, peşəkarlığın yüksəlməsi üçün ölkə Prezidentinin 2008-ci ildə  imzaladığı "Dövlət Konsepsiyası" barədə Sərəcamda ölkəmizdə müstəqil qəzetlərin inkişafına ardıcıl diqqət göstərilməsinə ciddi təkan verilməsi əksini tapıb. Cənab Prezidentin imzaladığı bu tarixi Sərəncama baxmayaraq, son illər bu cahədə ciddi əyintilər baş verib. Bu nöqsanları aradan qaldırmaq məqsədilə cənab Prezident 2019-cu ilin sonlarında Azərbaycan Prezident Administrasiyasında köklü struktur və kadr dəyişikliyi etdi. Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü vəzifədən çıxarıldı.

Təəssüflə qeyd edim ki, son bir ildə, xüsusən 2020-ci ilin ikinci yarısında və bu gün Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının müstəqil qəzetlərə maddi yardım ayırmasında sabiq cütlüyün tətbiq etdikləri ikili standartları yenə müşahidə edirik!

Müstəqil qəzetlərdə çalışan jurnalistlər və qəzet redaktorları qəzetlərə maddi yardımın ayrılması sahəsində tətbiq olunan "ikili standarların" Müşahidə Şurası və KİVDF-nin icraçı direktoru tərəfindən müstəqil tətbiq edilmədiyini, prosesə PA-nın bu sahəyə məsul olan vəzifəli şəxslərinin təsiri olunduğunu yaxşı bilir.

Bir sözlə, "qəzetlərə maddi yardım Müşahidə Şurası tərəfindən müəyyən edilir" cümləsi ilə müstəqil qəzetlərə yardım ayrılmasında PA-nın həlledici rola malik olması onun məsuliyyətini azaltmır.

Ölkənin müstəqil qəzetlərinə qarşı R. Mehdiyev və Ə. Həsənov tərəfindən tətbiq olunan ikili standartların hələ də davam etməsi həm də, idarəetmədə köhnə doqmaların imperativliyini qoruyub saxladığını təsdiq edir.

Görəsən, müstəqil qəzetlərə dövlət yardımı ayıranlar qəzetlərin müstəqilliyinə müdaxilə edərək, kollektivin rəyinə və seçiminə məhəl qoymadan, qəzetləri qanunsuz olaraq, gündəlik (həftədə 5 dəfə), həftədə üç dəfə çıxan və həftəlik (1dəfə) çap olunmağa məcbur etdiklərini bilirlərmi?!

Gündəlik nəşrinə ayda 20 min manat dövlət yardımı ayırdıqları qəzetlərin digər aşağı qrupa zorla daxil etdikləri, ayda 10 və 5 min manat yardım ayrılan qəzetlərin çap sayından başqa, daha hansı üstün keyfiyyətə malikdir ki, onlar PA-da bu qədər mötəbər sayılır?!

Abunəsi və satışı, hətta dərc olunan məqalələrin mövzusu eyni mədhiyyələrdən və rəsmi xəbərdən ibarət olan bu cür gündəlik "müstəqil" qəzetlərə belə xüsusi "sevgi"nin ölkə Prezidentinin imzaladığı "Dövlət Konsepsiyası"na hörmətsizliyin əlaməti olduğunu nə üçün hiss etmirlər?!

Eyni zamanda, müstəqil qəzetlərə dövlət yardımı göstərmək adı altında bu cür ikili münasibət "mehdiyevçiliyin" və "həsənovçuluğun" çox pis formada yeni təzahüründən başqa bir şey olmadığı da mütləq qeyd olunmalıdır!

Bu, əvvəla, müstəqil mətbuatın azadlığına müdaxilədir, digər tərəfdən, ölkə Prezidentinin mübarizəsinin hədəflərindən biri olan hakimiyyəti təmsil edən rüşvətxor, korrupsioner, dövlətin və xalqın malını talayan məmurları tənqid etməyi yasaqlamağa təşəbbüs də sayıla bilər!...

Gəlin, ölkədə müstəqil qəzetlərin inkişafı və ictimai rəyə təsir imkanlarının məmurlar tərəfindən son illər necə məhv edildiyinə nəzər salaq.

Ölkədə qəzet çap edən nəşriyyatlar, qəzet köşkləri, yayım firmaları məhv edilib, azacıq qalanlar isə Mehdiyev-Həsənov cütlüyünün adamlarının əlində cəmləşib.

Ölkədə mediaya, o cümlədən müstəqil qəzetlərə reklam verilməsi də PA-da əyləşən bəlli şəxslərin sərəncamındadır.

İqtisadiyyatın tam inhisara alınması, azad bazar iqtisadiyyatının və rəqabətin olmaması sahibkarların və şirkətlərin reklama marağını öldürüb. Reklam üçün ayrılan pul hər biri hakimiyyətə məxsus olan 11 telekanal arsında bölünüb və bu bölgü də PA tərəfindən inhisara alınıb! Kimə reklam üçün müraciət olunursa, deyirlər ki, gərək Prezident Administrasiyasından icazə alasan!

Baxın, saydıqlarım mövcud problemlərin az bir hissəsi olsa da, müstəqil medianın və qəzetlərin ölkədə inkişafına imkan verirmi?! Əlbəttə, xeyr!..

( davamı var)

0.024796962738037