Ticarət şəbəkələrində nə baş verir?

Ticarət şəbəkələrində nə baş verir?
 

Biləsuvardan reportaj

 Cəmiyyət, insan və vətəndaş hüquqları harınlıqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir. Cəmyyət insanları köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalandan, gündəlik normaya çevrilən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir.

İşsizlikdən, yavan çörək üçün günlərlə axtarışda olan sıravi vətəndaşlar bu həyatdan bezib desəm, bəlkə də yanılmaram. Sovet rejimi dağılandan bəri total rüşvətxorluq korrupsiya ilə, yerlibazlıq isə tayfabazlıqla əvəz olundu. Başqa cür ifadə etsək, bu iki faktor birləşdirildi - o, bir neçə zümrələrin əlində cəmləndi və proses davam edir. Bu gün milyonlarla insan hakimiyyətdəki məmurlar olan inamını və iş yerlərini itirirlər.

Bir ailənin üzvləri arasında yüksək vəzifəli insanları sayanda, dəhşətə gəlməmək mümkün deyil. Qardaş nazir, o biri qardaş polis rəisi, digəri icra başçısı, bacı məktəb direktoru, gəlin bağça müdirəsi, ən zəifinin ticarət şəbəkəsi...məncə, kifayətdir. Çünki bir iri məmurun qohumlarını sadalasaq, çox böyük siyahı alınar.

Biləsuvar rayonunun sıravi vətəndaşları da işsizlikdən əziyyət çəkir, vaxtlarını çayxanalarda nərd, domino oyunları ilə keçirir.

Biləsuvar rayonunda iş tapmaq elə də asan məsələ deyil. Bu günlərdə isə maraqlı mənzərənin şahidi oldum...

Marketdəyəm. Bir qadın satıcıya yaxınlaşır. 45-50 yaşlarında olar, bəlkə də çətinliklər üzündən daha tez qocalıb. Satıcıya deyir: “Pəncərələri silmək lazımdırsa, silim”. 3-4 nəfər kassaya növbədə durmuşuq, hamı başa düşür; bu qadın imkansızdır, pulu yoxdur, eyni zamanda, dilənçilik də etmək istəmir. Qadın təkrarlayır, satıcı darıxır, mən utanıram.

 Yenə başqa bir dükan.

Yenə kassa. İki nəfər- orta yaşlı ər- arvad kassirdən bu dükanda boş satıcı işi varmı, deyə, soruşurlar. Kassir deyir, var, ancaq təcrübəli işçi istəyirlər. Qadın orta məktəbdə müəllim işlədiyini deyir. Kassir bir az ironiya ilə gülümsəyir:” Bu, başqa xarakterli işdir axı. Üstəlik, qrafikimiz ailəli adama sərf eləməz” ( Mən fikirləşdim: “Xarakter sözünü bilir. Savadlı adamdır. Bəlkə dünənə qədər bu da müəllim olub? ). Kişi: “Öyrəşər də. Qrafikiniz, maaş nə qədərdir ?” Kassir: “Səhər  saat 8-dən axşam saat 10-a qədərdir. Maaş 250 manatdan başlayır”. Ər- arvad kirimişcə, heç nə demədən, sağollaşmadan getdilər.

Parkdayam. Ana uşağını səsləyir: “Vural, bura gəl”. Bu nə deməkdir? Türkiyədə çoxdursa, bizdə də olmalıdırmı? İnsan uşağına niyə Vural adı qoysun ? Vur, al -anlamı bu deyilsə, bu nədir? Belədirsə, valideynin zəkasına heyranam. Əsl azərbaycanlı adı tapıb. Yekəlsin, polis olsun, prokuror olsun, icra hakimi olsun, ən aşağı yeri universitet rektoru olsun, vurub alsın, çapıb talasın, millətimizi ləyaqətlə təmsil etsin, nəslin üzünü ağartsın!

Populyar qənnadı məmulatları şəbəkəsində calışan bir tanışım deyir ki, standartlaşdırma idarəsi bizi boğaza yığmışdı, rüşvət istəyirdilər, vermirdik. Axırda  bişirdiyimiz məhsullardan birinin içinə qurd atıb bizi cərmələdilər.

Heyrətə gəlirəm. Sən demə, belə üsul da varmış. Cibə nəşə atıb, evə tapança qoyub adamı şərləməyi bilirdi, ancaq şirniyyat məhsulu satanın ərzağına qurd atmaq yenilikdir. Şirniyyatcı bu əhvalatı danışır, mən isə Sergey Eyzenşteynin dünyada məhşur “Potyomkin zirehli gəmisi” filmini xatırlayıram. 1905-ci ildə Rusiya imperiyasının Qara dəniz donanmasına məxsus bu gəmidə üsyan qalxır, matroslar rəhbərliyi öldürür, sonra Ruminiyaya qaçırlar. Üsyanda qığılcım rolunu isə vaxtı keçmiş yeməklərdə qurd çıxması oynayır. Eyzenşteyn bu faktı həyatdan götürüb. 21-ci əsrdə belə- belə əməllər ən azından rüsvayçılıqdır.

Söhbətləşdiyim həkimlər hesab edir ki, xəstəliklərin artmasına əsas səbəb, keyfiyyətsiz ərzaq məhsullarıdır. Yəqin ki, çoxlarımız ərzaq mağazalarına hər gün girmək məcburiyyətində olduğumuzdan, deyilənlərin canlı şahidi oluruq. Söhbətin şirin yerində bir neçə polis bizə yaxınlaşaraq: «Məsafə saxlayın, 5 nəfərdən artıq bir yerdə toplaşmaq olmaz» deyə müraciət etdi. Bizdən bir az yaşlı olan həmfikirlərimizdən biri: «Bu pandemiya da  bir bəla kimi yaxamızdan yapışıb. Allah bizim xalqımıza rəhm etsin. Amma dünya yaranandan sadəcə bir sabit yol var. Bu da Allahın yoludur. Bu yolun  yolçuları isə düşünən, quran insanlardı. Hər yürüyən insan hələ yolçu sayılmaz. Düşünərək, inamla yüyürmək lazımdır.

 Əlizadə Nəhmədağaoğlu

0.024618864059448