Multikulturalizmin azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi öyrənilməsi günün ideoloji təliminə çevirilib

Multikulturalizmin azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi öyrənilməsi günün ideoloji təliminə çevirilib
 

Multikulturalizm və tolerantlıq Azərbaycanda yaşayan hər bir vətəndaşının dəyər verdiyi yaşam tərzidir

Azərbaycan tarixin bütün dönəmlərində müxtəlif xalqların (avarlar, talışlar, ləzgilər, udinlər, inqeloylar və bir çox kiçik etnik qrupların s.) və dini konfessiya nümayəndələrinin mehriban, dostluq və qardaşlıq, sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir məkan kimi tanınıb. Məhz buna görə Azərbaycan tarixən tolerantlığın və multikulturalizmin həyat tərzi olduğu və bu dəyərlərin qorunaraq inkişaf etdirdiyi bir dövlət olaraq təşəkkül tapıb. Bununla yanaşı bu dəyərlər Azərbaycan cəmiyyətinin dünya birliyinə inteqrasiyasında vizit kartı rolunu oynayıb.

Müstəqillik əldə etdikdən sonra düyna birliyinə inteqrasiya yolunu tutan Azərbaycan dövləti özünün multikultural siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinin, o cümlədən bu sahədə tarixən zəngin təcrübəsi olan Qərb və Şərq ölkələrinin tolerantlıq siyasətinə yeni çalarlar qatmağı bacardı. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın beş ən tolerant ölkələri siyahısında mühüm yer  tutur.

Yenicə müstəqillik əldə edən bir dövlət üçün bu heç də asan bir məsələ deyildi. Azərbaycan multikulturalizmi uzun və keşməkeşli   yol keçərək, buna nail ola bilib. Burada, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı faktını da xüsusi qeyd etmək yerinə düşər. Ulu Öndərin hakimiyyətə gəlişi ilə həyatımızın bütün sahələrində olduğu kimi, multikulturalizmin siyasətinin həyata keçirliməsində də əsası dönüş oldu və bu istiqamətdə ciddi siyasi qərarlar qəbul edilərək  həyata keçirilməsinə başlandı. Bu da onu deməyə əsas verir ki, bu gün dünyanın böyük maraqla öyrəndiyi Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin yaradıcısı Heydər Əliyevdir.

Çünki müstəqilliyin ilk illərində Azərbaycanda baş verən hakimiyyət davası, milli və dini qarşıdurmalar, siyasi böhran və bunun nəticəsində yaranan milli faciələrin qarşısını məhz, Heydər Əliyev ala bildi. Az qala vətəndaş müharibəsi səviyyəsinə çatan bu qarşıdurmalar və ziddiyyətlər, milli məsələləri ikinci plana atmışdı. Bu dövrdə idarəçilik sistemində buraxılan ciddi siyasi səhvlər nəticəsində ölkəmizin şimalında fəallaşan "Sadval" təşkilatı Azərbaycanın şimal rayonlarına iddia etməyə başladı və burada yeni bir dövlətin yaradılması tələbini ortaya atmışdı. Ölkəmizin cənub bölgəsində isə müxtəlif xarici təsirlərin gücü ilə "Talış-Muğan Respublikası" kimi qondarma separatçı qurumun yaradılmasına təşəbbüslər oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə bu ziddiyyətlərə son qoyuldu. Onun atdığı qətiyyətli addımlar və uzaqgörən siyasi iradəsi ilə Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu.

Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-dakı andiçmə mərasimində dövlətin multikultural siyasətinə toxunaraq söylədiyi: "Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və biz bu tarixlə, respublikanın ictimai-siyasi mənzərəsi ilə fəxr edirik. Respublikamızın bütün vətəndaşları dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər. Bundan sonra da vətəndaşların Azərbaycanın ictimai-siyasi həyatında iştirak etmələri üçün imkanlar yaradılacaq",- fikirləri ölkəmizdə sabitliyin və milli birliyin əsasını qoydu.

Dövlətimizin çox ağır sosial-iqtisadi durumda olmasına rəğmən, bilirsiniz ki, o dövürdə müharibə hələ səngiməmişdi, dövlət büdcəsi boş idi. Ümummilli Lider dərhal ölkəmizdə yaşayan milli azlıqların dillərinin, mədəniyyətlərinin, adət-ənənələrinin qorunması və inkişaf etdiriməsi barədə göstəriş verdi və vəsait ayırdı. Onlara özlərinin milli mədəniyyət mərkəzlərini, media orqanlarını yaratmaq üçün imkanlar verildi. Bütün dövlət orqanlarına tapşırıldı ki, milli əlamətinə görə hər hansı ayrı-seçkilik hallarına qəttiyyən yol verilməsin. Bütün bu problemlərin qarşısının alınması üçün ölkəmizdə yaşayan milli müxtəlifliklərin nümayəndələri ilə görüşən Ulu Öndər bəyan etdi ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycanlıdır. Beləliklə, Ümummilli Liderin azərbaycançılıq ideyasının əhatə dairəsi burada yaşayan bütün xalqların birliyinə də bir stimul oldu.

Multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Ümummilli lider Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini xüsusi qeyd edərək deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik".

Bununla da Ümummilli Lider Heydər Əliyev xalqımızın ən dəyərli keyfiyyətlərindən olan - digər millətlərin hüquq və mədəniyyətlərinə hörmətlə yanaşma xüsusiyyətini milli ideologiya - azərbaycançılıq ideologiyası səviyyəsinə qədər yüksəldərək, rəsmiləşdirməyə nail oldu. Azərbaycan xalqının böyük oğlu bu uzaqgörən siyasəti ilə Azərbaycanı separatizm və parçalanma təhlükəsindən xilas edərək, tarixən bu torpaqlarda yaşayan xalqların təmsilçilərini də vahid məram ətrafında səfərbər etdi, onları Azərbaycan bayrağı altında birləşdirməyi bacardı.

Multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi öyrənilməsinin vacibliyini qeyd edən Ulu Öndər bu məfkurəni müasir Azərbaycan dövlətçiliyinin ideoloji təliminə çevirdi. O həmçinin, multikultural dəyərlərə əvəzsiz sərvət kimi yanaşaraq deyirdi: "Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqlarda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar".

Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı həm də dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərinin yeni formada tənzimlənməsi istiqamətində  mühüm addımların atılması ilə nəticələndi. Bu məqsədlə Ulu Öndərin Fərmanı ilə 21 iyun 2001-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bu komitənin yaradılması ilə ölkəmizdə dövlət -din münasibətlərinin tənzimlənməsinin yeni mərhələsinə başlanıldı.

Ulu Öndərin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Dövlət başçımızın təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumlar da bunun bariz nümunəsidir. Bu Forumda çıxışı zamanı Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant" kimi qiymətləndirib.

Bu ideyaya sadiq qalan Prezidenit İlham Əliyev 15 may 2014-cü il tarixində multikulturalizm siyasətinin əhəmiyyətini daha da artırmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair Fərman imzalayıb. Mərkəzin qarşısına ölkəmizdə əsrlər boyu formalaşan tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq kimi vəzifələr qoyulub.

Bu vəzifələri həyata keçirmək istiqamətində görülən işlər arasında ölkəmizin ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlər də var. 2017-ci ildə keçirilən belə tədbirlərin birində- BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın multikultural həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq deyib: "Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir".

Azərbaycanda multikulturalizm həm dövlət siyasətinin prioritet istiqamətlərindən birdir, həm də xalqımızın həyat tərzidir.

Ölkəmizdə dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun pəhbəri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırması da ölkəmizin nüfuzunun artmasına xidmət edir.

Çıxışlarında hər zaman xalqımızın zəngin tolerantlıq ənənələrinə diqqət çəkən Mehriban xanım Əliyeva ölkəmizdə yaşayan azsaylı xalqların, etinik qrupların öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti barədə fikirlərini bölüşərək deyib: "... Dinlər və xalqlar arasında tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Azərbaycanın bütün vətəndaşlarının dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquq və azadlıqları təmin olunub. Sevindirici haldır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanırlar".

Müasir dünyamızda hərbi-siyasi münaqişələrin, siyasi qütbləşmənin, islamafobiyanın, irqçiliyin, terrorizmin artdığı bir zamanda Azərbaycanın sabit və stabil  bir ölkə kimi tanınması, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı uğurların nəticəsi kimi qəbul etmək lazımdır. Hazırda Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsi tövsiyyə olunursa, bu deməli dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin bəhrəsidir.

Məlumdur ki, multikulturalizm və tolerantlıq tarixən xalqımızın mental xüsusiyyətlərini özündə əks etdirən həyat nümunəsi olub. İndi də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir vətəndaşının dəyər verdiyi ənənəyə çevrilib. Məhz buna görə də, Azərbaycan multikulturalizmi modeli bütün dünyaya nümunə olmaqla, həm də ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin və harmoniyanın, bəşəri birgəyaşayışın təmin olunmasında mühüm rol oynayır.

 

“Paralel”in Araşdırma Qrupu 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.016605854034424