Azərbaycan xalqı koronavirusu niyə ciddi qəbul etmədi?
Siracəddin Hacı
(Əvvəli ötən sayımızda)
Ötən yazımda Azərbaycan hökumətinin koronavirusla mübarizədə yol verdiyi 5 yanlış addımı tanıtdım:
1) Azərbaycan hökuməti virusu mart ayınadək ciddiyə almadı və gecikdi;
2) Azərbaycan hökuməti vaxtında önləyici tədbirlər hazırlamadı;
3) insanı tam mərkəzə qoymadı – hər şey insan üçündür ölçüsünə əməl etmədi;
4) 190 manatla bağlı məsələ xalqla hökumətin bağını qopardı, hökumətə etimadını itirən xalq onun təbliğatına inanmadı;
5) məcburiyyətə əsaslanan “SOSİAL YARDIM ET – EVDƏ TUT” modelindən imtina etdi, onun yerinə könüllüyə əsaslanan “EVDƏ QAL” modelini seçdi. Nəticədə, koronavirus nəzarətdən çıxdı, Azərbaycan səhiyyə sisteminin çöküşü başladı. Bu çöküşün açıq əlamətləri var: xəstəxanalarda yer yoxdur, ixtisaslı həkim çatışmır, hökumət evdə müalicə təklif edir, virusa yoluxanların sayı mart ayı ilə müqayisədə hər gün ən azı 10 dəfə artmışdır.
Azərbaycan hökumətinin koronavirusla mübarizədə yol verdiyi səhvlərin sıralaması davam edir:
ALTINCISI, Azərbaycan hökuməti ən böyük yanlışa NƏZARƏTLİ YUMŞALTMA modelinə keçərkən yol vermişdir. Məncə, bu, qırılma nöqtəsidir. Göstərilən modelə keçərkən atılan yanlış addımlar bunlardır: 1) bu modelə vaxtından tez keçilmişdir (siyasi və iqtisadi qayğılar vəziyyəti doğru dəyərləndirməyə imkan verməmişdir); 2) nəzarət sistemi qurulmamışdır; 3) yumşaltma anlayışı qurtuluş kimi başa düşülmüş, nəticədə, anarxiyaya çevrilmişdir;
Azərbaycan hökuməti NƏZA-RƏTLİ YUMŞALTMA modelinə keçməzdən öncə 2 seçim qarşısında idi: a) könüllüyə əsaslanan “EVDƏ QAL” modelini məcburiyyətə bağlı “SOSİAL YARDIM ET – EVDƏ TUT” ölçüsünə çevirərək davam etdirmək. Bu modeldə ən önəmli qoruyucu vasitə EVDİR. Qurtuluş açarı evdə idi, ondan etibarlı qoruyucu vasitə yoxdur; b) NƏZARƏTLİ YUMŞALTMA modelinə keçid. Azərbaycan hökuməti siyasi və iqtisadi qayğılarla ikinci modeli seçdi, tələsdi, yanlış addım atdı. Belə ki bu modelə keçməzdən öncə onun sistemi hazırlanmadı, model sözdə qaldı, anarxiya yarandı, virusa bulaşanların sayı 10 qat artdı, bu artış davam edir.
Azərbaycan hökuməti NƏZARƏTLİ YUMŞALTMA modelinə KEÇMƏZDƏN ÖNCƏ BU ADDIMLARI ATMALI İDİ:
1) ev qoruma sistemi kimi itirilir, bunun yerinə insanların virusla açıq döyüşü başlayır, evin ən önəmli alternativi sosial məsafə olur;
2) NƏZARƏTLİ YUMŞALTMA modelinin olmazsa olmaz şərti var: İNSANIN İNSANLA TƏMASINA YOL VERMƏMƏK (bu təması ən aza endirmək);
3) Bu təması azaltmaq, məsafəni qorumaq üçün 3 məsələ həll olunmalı idi:
a) insanların ən çox təmasda olduğu məkanlar hansılardır? Bunları sayaq: ad günləri, nişan məclisləri, yas törənləri, bazarlar, nəqliyyat vasitələri, qapalı məkanlar;
b) bunların hər birinə aid nəzarət mexanizmləri hazırlanmalı idi: polisin, ehtiyac olsa, əsgərin, sivil təşkilatların, fərdi və ictimai qınağın yardımı ilə sıxlığa imkan verilməməli idi. Bilinməlidir ki, insanın insanla təması qırılmasa, nəzarətli yumşaltma modeli işləməz. Bu modeldə qorumanı təmin edən məsafə və təmas azlığıdır.
Təmas azlığı, məsafə “SOSİAL YARDIM ET – EVDƏ TUT” modelindəki evin alternatividir; c) təsirli təbliğat sistemi qurulmalı idi: ümumi təbliğatla yanaşı, fərdi təbliğat da önə çıxarılmalı, nəticədə, sürücü yolçuları, dini idarələr din xadimlərini, hər kəs ərki çatan insanları xəbərdar etməli idi. 2-3 dayanacaqdan bir özəl postlar təşkil olunaraq avtobuslar yoxlanılmalı, sıxlığın qarşısı alınmalı, avtobusların sayı artırılmalı idi. Yeri gəlmişkən, Milli Məclis toy və yas mərasimləri ilə bağlı qanunlar qəbul etməlidir. HƏR İKİ QANUNUN ANA FİKRİ BUDUR: sadələşdirmə, maddi, mənəvi israfı önləmə, toy və yas mərasimlərini şöhrət və qazancın əsarətindən qurtarma. Toyun əsasları bunlardır: qarşılıqlı sevgi, nikah, şahidlik, mehr, evliliyin elan olunması. Toy mərasimində yuxarıdakı 3 ana ölçünü tətbiq etmək üçün bunlar əsas götürülməlidir: AZ ADAM, AZ YEMƏK, AZ VAXT (təkliflərim gələcəklə bağlıdır). Az adam – 50-60 nəfərlik toy məclisi, bəy və gəlinin adına hesab açılır, kim istəsə (bu 50-60 nəfərdən başqa), hesaba pul keçirir. Az yemək – bir çeşid yemək yetər. Az vaxt – 2-3 saat toy vaxt bəs edər.
Yas mərasimində də yuxarıda saydığımız 3 təməl hədəfi gerçəkləşdirməyin şərtləri bunlardır: yas mərasimi din deyil, dinin əmri də deyil, ölçüsündən çıxarılmış adətdir, bir qrupun qazanc qaynağıdır. ÖLƏN İNSANIN ÜZƏRİMİZDƏ BU HAQLARI VAR: yumaq, kəfənləmək, cənazə namazını qılmaq, dəfn etmək. Məzarlar sadələşdirilməlidir. İstəyənlər gələr, ölü sahibinə başsağlığı verərlər.
Biz nişan məclisi olmasın demirik, deyirik ki, 30-50 nəfər insanın iştirakı olmadan da, 5 nəfərlə də nişan olar.
4) Koronavirusla mübarizədə test yalnız xəstələrə tətbiq edilməməli, test arama/axtarma vasitəsinə çevrilməli, testlərin sayı artırılmalı, nəticədə, səssiz, əlamətsiz virus daşıyıcıları ortaya çıxarılmalıdır;
5) Azərbaycan hökuməti xalqın güvənini qazandıran, könlünü alan addımlar atmalıdır. Hökumət unutmamalıdır ki, o, hər hansı bir müxalifətlə deyil, xalqla üz-üzədir;
6) NƏZARƏTLİ YUMŞALTMA modelində maskanın önəmi artdığından onun qiyməti ucuzlaşdırılmalıdır;
7) Təması azaltmaq, məsafəni qorumaq üçün fərqli iş saatları modeli – FƏRQLİ BAŞLA, FƏRQLİ BİTİR – tətbiq olunmalıdır;
8) Təması azaltmaq, məsafəni qorumaq üçün toplanma yerləri qadağan olunmalıdır;
9) Təması azaltmaq, məsafəni qorumaq üçün evdən çalışma modelinə üstünlük verilməlidir;
10) İşə piyada, velosipedlə getmək təşviq olunmalıdır (harada imkan varsa);