Azərbaycan ədəbiyyatında multikulturalizm inciləri
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıqdır, insani münasibətlərdir, tolerantlıqdır
Son zamanlar Yaxın Şərqdə baş verən qanlı hadisələr, ələlxüsus da İran ətrafında cərəyan edən siyasi-iqtisadi proseslər bir daha onu deməyə əsas verir ki, bəşəriyyət ciddi təhlükə qarşısındadır. Bu təhlükənin aradan qaldırılmasının yeganə yolu isə qarşılıqlı anlaşmadan, dialoq və əməkdaşlıqdan keçir.
Dialoqun və əməkdaşlığın qurulması üçün ilk növbədə dövlətlərarası münasibətlərdə tolerantlığa və multikulturalizmə nail olmaq lazımdır. Son illər leksikonumuza daha geniş daxil olan multikulturalizm termini ingilis dilindən hərfi tərcümədə çoxmədəniyyətlilik (multi - çox, culture - mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini, mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur ki, həmin dəyərlərə qarşılıqlı tolerant münasibət olmadığı halda, heç bir müsbət nəticə əldə etmək mümkün deyil. Çünki multikulturalizmin əsasını tolerantlıq, bir-birinin azadlığına, dini inanclarına, adət ənənələrinə hörmət təşkil edir. Məlumdur ki, elmi ədəbiyyatlarda verilən məlumatlara görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil və ilk olaraq 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Daha sonra isə bir termin olaraq elmi-siyasi ədəbiyyatda öz əksini tapıb.
Danılmaz tarixi faktdır ki, Azərbaycan tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşib. Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynamaqla yanaşı, həm də burada mədəni müxtəlifliyin formalaşması baxımından böyük əhəmiyyət daşıyıb. Məhz buna görə də, bu məkanda məskunlaşan insanlar dinindən, dilindən asılı olmayaraq tarixin bütün dönəmlərində qarşılıqlı anlaşma və tolerantlıq şəraitində yaşayıblar. Burada diqqətçəkici faktlardan biri də odur ki, əsirlər boyu bir yerdə yaşayan azsaylı xalqlar, etnik qrupların, eləcə də dini konfessiya nümayəndələri arasında heç vaxt dini və milli zəmində qarşıdurma halları baş verməyib. Bu da ilk növbədə Azərbaycan xalqının mental xüsusiyyətlərindən, başqalarına qarşı dözümlü münasibətdən, qonaqpərvərliyindən və insansevərliyindən irəli gəlir. Məlumdur ki, multikulturalizm və tolerantlıq tarixən xalqımızın həyat tərzi olub. Bu gün də kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzidir. Bu həm də ondan irəli gəlir ki, Ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində multikulturalizm ölkəmizdə həm də dövlət siyasəti səviyyəsinə yüksəldilib. Beləliklə, multikulturalizm Azərbaycan xalqının həyat tərzi, həm də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret məqsədlərə çatmaq üçün atılan əməli addımları dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), siyasətçilərlə yanaşı, həm də hər bir azərbaycanlının, hər bir elmi-mədəni təşkilatın da qarşısına mühüm vəzifələr qoyur.
Eyni zamanda, dövlət bu vəzifələrin ən yüksək səviyyədə həyata keçirilməsi üçün həmin təşkilatlara və qurumlara həm mənəvi, həm də maddi dəstək verir. Bu dəstəyin və diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə mövcud olan multikultural və tolerant mühit bütün dünya dövlətləri üçün bir nümunə olaraq göstərilir. Biz də bir azərbaycanlı olaraq bununla fəxr edirik. Ona görə fəxr edirik ki, bu dəyərlər bizə ulu əcdadlarımızdan miras qalıb. Bu dəyərlər xalqımızın elmi, fəlsəfi, bədii dünya görüşündə də tarixən möhkəm yer tutub. Azərbaycan ədəbiyyatının ən qədim nümunələrinə belə, diqqət etsək görərik ki, burada həmin dəyərlərin çox dərin kökləri var. Təkcə Azərbaycanın yox, həm də bütün dünyanın daha söz sərraflarından olan Nizami Gəncəvi yaradıcılığının da ana xəttini bu dəyərlər təşkil edir. Qeyd etmək lazımdır ki, N.Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıqdır, insani münasibətlərdir, daha dəqiq desək, tolerantlıqdır. Məhz buna görə də irqi, milli və dini ayrı-seçkiliyi qəbul etməyən şairin qəhrəmanları arasında türk, ərəb, fars, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələri də xüsusi yer tutur. Görünür Nizaminin dünyaya, insanlara, insanlığa, ümumiyyətlə, bəşərə sevgisi onun ailəsindən aldığı tərbiyə, öyüd-nəsihətlər nəticəsində yaranıb, formalaşıb. Nizaminin əsərlərində vəsf olunan multikultural, əxlaqi, etik, insana və insanlığa olan sevgi və bağlılıq da məhz, onun ailədə aldığı tərbiyəsindən irəli gəlir. Tarixi mənbələrdə qeyd olunub ki, Nizaminin atası adi çörəkçi olsa belə, mükəmməl biliyə və əxlaqi dünyagörüşünə malik bir şəxsiyyət olub. Bu da heç şübhəsiz ki, Nizaminin bir şəxsiyyət kimi yetişməsinə və yaradıcılığına da təsirsiz ötüşməyib. Məsələn, onun "Yeddi gözəl" poemasında çoxmədəniyyətli, müsir dildə desək, multikultural mühitin mükəmməl təsvirini görürük. Nizami Gəncəvi burada yeddi iqlimdən olan, fərqli inanc sahibləri - hind, rum, slavyan, Məğrib, Xarəzm, Çin, türk qadınlarının kamil bir tipini yaradaraq onları hökmdar Bəhramın ətrafına toplayıb. Həmin qadınlar hökmdara dünyanın müxtəlif ölkələrində baş verən rəvayətləri nəql edirlər. Burada həm də bu rəvayətlərin təsiri ilə Bəhramın bir şəxsiyyət kimi formalaşması prosesini mühşahidə edirik. Bu kamilləşmənin multikultural mühitdən keçərək baş tutması, bir daha o fikri möhkəmləndirir ki, bəşəriyyətin real tərəqqisində və inkişafında multikulturalizm mühüm yer tutur. Bu həm də, Prezident İlham Əliyevin bir sıra Qərb dövlətləri başçılarının multikulturalizmin iflasa uğraması barədəki iddialarına cavab olaraq söylədiyi "multikulturalizmin alternativi yoxdu" fikri ilə üst-üstə düşür.
Nizami Gəncəvinin multikulturalizmə, tolerantlığa köklənə fəlsəfi dünyagörüşü onun bütün yaradıcılığında, xüsusən də "İsgəndərnamə" poemasında daha qabarıq şəkildə öz əksini tapıb. Nizaminin fəlsəfi düşüncələrinin təhlili bizə onu deməyə əsas verir ki, o, dindar, islam dininin bütün incəliklərini mükəmməl bilən bir şəxsiyyət olmaqla yanaşı, həm də bütün dinlərə böyük hörmət və rəğbətlə yanaşıb. Buna görə də o, əsərlərinə elə bir ad seçməyə çalışırdı ki, həmin adın daşıyıcısı bütün dünya tərəfindən tanınsın və dünyada mövcud olan bütün dinlərə rəğbəti olsun. Nizami Gəncəvinin dünyagörüşünə görə, belə bir şəxsiyyət Makedoniyalı İsgəndər olub. Bununla belə, şair poemasında tarixi şəxsiyyət olan İsgəndəri sanki öz libasından çıxararaq ona bədii don geyindirir və onu özünün arzuladığı bir hökmdar kimi təqdim edir. Nizaminin əsərində İsgəndəri adil hökmdar kimi təqdim etməsi də, əslində onun görmək istədiyi hökmdarların ümumi bir obrazı idi. Belə bir ideyanı o dövr şair və mütəfəkkirlərin bir çoxunun əsərlərində müşahidə etmək mümkündür. O dövrdə yaşayan bir çox ədəbiyyatçılar hesab edirdilər ki, ideal, demokratik, tolerant bir cəmiyyətin yaradılması, məhz adil bir hökmdarın vəzifəsidir və ona bağlıdır. Onlar hesab edirdilər ki, məhz adil bir hökmdar belə bir cəmiyyət yaratmaq iqtidarındadır.
Nizami Gəncəvidən sonra yaranan Azərbaycan ədəbiyyatında da, tolerantlıq, dinlər və millətlər arasında bərabərliyin təbliği məsələləri böyük yer tutub.
Məsələn, XIII əsr Azərbaycan poeziyasında yer alan sufizm cərəyanının daşıyıcıları
tərəfindən kainatın Allahın əmri ilə yaranması fikrinə qarşı çıxan fars - İslam daşıyıcıları, dindarları bir-birinə qarşı qoyaraq Tanrının əmrilə insanın yaradılışı konsepsiyasına münasibətlərdə "birinci İslam daşıyıcıları-müsəlmanlar yaranıb" fikrini irəli sürməklə xalqlar arasında qeyri-tolerantlıq toxumunu səpməyə çalışıblar. Lakin mütərəqqi fikirli azərbaycanlı mütəfəkkirlər Marağalı Əvhədi, Şeyx Mahmud Şəbustəri, M.F.Axundzadə və digərləri bu qeyri-elmi mahiyyət daşıyan konsepsiyaya qarşı çıxaraq, ona qarşı mübarizə aparıb.
Daha sonra Uzun Həsənin, Şah İsmayıl Xətainin sarayında hər cür diqqət və qayğı ilə əhatə olunan aşıqların, şairlərin, digər sənət adamlarının bir çoxunun digər xalqların nümayəndələri və dini inanc daşıyıcıları olması da, xalqımızın multikultural və tolerant dəyərlər verdiyi önəmin bariz nümunəsidir. Bir şeyi dəqiq bilmək lazımdır ki, əgər bir cəmiyyətdə stabilliyin və harmoniyanın olmasını istəyiriksə, multikultural və tolerant dəyərləri qorumalıyıq. Xalqları və mədəniyyətləri qarşı-qarşıya qoymaq isə əsla yolverilməzdir. Böyük şair və mütəfəkkir olan Abdulla Şaiq demişkən, "hamımız bir günəşin zərrəsiyik".
Məlumdur ki, XIX əsrin 20-ci illərinin sonlarında xalqımızın tarixi faciəsinin əsası qoyuldu. Azərbaycan ikiyə bölündü, "yazıq" erməniləri İrandan, İraqdan, Livandan, Suriyadan ölkəmizin ərazilərinə köçürdülər. Onlar da burada öz mənfur işğalçılıq siyasətlərini gerçəkləşdirməyə başladılar. Biz yenə də öz multikultural və tolerant münasibətimizi dəyişmədik. Öz dilimizlə, dinimizlə yanaşı, digər dillərin, dinlərin və mədəniyyətlərin də inkişafına diqqət və qayğı göstərdik.
Hazırda Azərbaycan ədəbiyyatında tolerantlıq ideyalarının möhtəşəmliyini əks etdirən ən mükəmməl mənbə, respublikamızın ədəbiyyatşünas alimləri tərəfindən hazırlanaraq nəşr edilən "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabıdır. Bu kitabda Azərbaycan ədəbiyyatının böyük söz ustadlarının multikultural dəyərləri özündə əks etdirən əsərlərindən nümunələrə geniş yer verilib.
Sonda onu da diqqətinizə çatdıraq ki, çox qlobal məsələləri özündə birləşdirən ədəbiyyat və multikulturalizm mövzusunu bir məqalədə tam olaraq əhatə etmək çox çətindir. Bu həm də, Azərbaycan ədəbiyyatşünaslığında öz tədqiqatını gözləyən çox aktual mövzulardan biridir və ümid edirik ki, gənc alimlər bunu nəzərə alacaqlar.