"Vurulmuşlar"ın cəsarət şousu
Əlizadə Nəhmədağaoğlu
"Daldan atılan daş topuğa dəyər"
Tarixin istənilən mərhələsində, istənilən ədalətsiz qərar, qanlı idarəetmə metodu, amansız mütləqiyyət, avtoritar hakimiyyət və irticaçı rejim qarşısında sərgilənən cəsarətin hər zaman ictimaiyyət tərəfindən dərin rəğbət və minnətdarlıqla qarşılandığı, bu cəsarətin daxilən, lal bir sükutla da olsa təqdir edildiyi inkaredilməzdir.
Hər kəsin qorxduğu, çox az adamın özünün və yaxınlarının həyatı ilə risk etdiyi bir məqamda sərgilənən cəsarət daim öz əzəməti, gözlənilməzliyi və təkrarolunmazlığı ilə diqqət çəkir, bəzən nəinki onlarla, yüzlərlə şəxsi, hətta milyonlardan ibarət insan dənizi belə, bir anın içində vəcdə gətirir.
Bu gün, məhz bu mənada Azərbaycan hakimiyyətinə qarşı ünvanlanan cəsarətli açıqlamaların, kəskin bəyanatların yetərincə dəyər daşıdığı, öz millətinə bu və ya digər səviyyədə şöhrət qazandırdığı şübhəsizdi. Lakin təəssüflər olsun ki, Azərbaycan reallığında səslənən bu tip bəyanat və açıqlamaların çoxu heç də xalqın haqq və hüququ, maraq və mənafeyini qorumaq zərurətindən irəli gəlmir. Bu bəyanatlar ona görə meydana gəlmir ki, onların müəllifləri xalqın taleyindən mütəəssir olub və onun daha artıq acı cəkməsini istəmir.
Bəli, nə qədər ağır və arzuedilməz olsa da xalq adından, xalqla bağlı səslənən bu bəyanatların çox zaman xalqla heç bir əlaqəsi olmur. Cəsarət və əminliklə süslənən bu açıqlamaların kökündə, yalnız bir amil dayanır ki, bu da həmin insanların öz fərdi karyerası və maddi firavanlığı ilə bağlı duyduğu narahatlığıdır. Məlum bəyanatların zahirən xalqın maraq və mənafelərinin müdafiəsinə xidmət etməsinə baxmayaraq, əslində fərdi maraq və mənafelərin təzahürü olaraq meydana çıxmasını isbat edən xeyli "sanballı" dəlillər var. Bunlardan biri də bu bəyanatların adətən "vurulan" şəxslərin dilindən eşidilməsi ilə bağlıdır.
Diqqətlə baxsaq görərik ki, bu gün hakimiyyət əleyhinə ən kəskin ittihamları səsləndirən, onu xalqın haqq və hüquqlarını qəsb etməklə, demokratik prinsiplərdən üz döndərməkdə, dövlətin və dövlətçiliyin gələcəyini şübhə altında qoymaqda təqsirləndirənlərin böyük bir qismi vaxtilə hakimiyyətdə təmsil olunan, bu gün ittiham etdiyi rejimin sifarişlərini zamanında xüsusi canfəşanlıq və can-başla, qüsursuz bir şəkildə yerinə yetirən insanlardan ibarətdir.
Bəli, bir müddət əvvəl hakimiyyətin himayəsi altında yaşayan, bu gün cinayətkar adlandırdığı mövcud rejimin onun üçün yaratdığı firavanlıqdan yetərincə faydalanan, əməli, sözü, ağlı, düşüncəsi, hətta hiss və duyğuları ilə belə ona xidmət edən insanların oyundankənar vəziyyətə salındıqdan, ehtiyat skamyasında əyləşdikdən sonra dilə gəlməsi də bu bəyanatların əsl mahiyyətini ortaya qoyur. Hakimiy-yətin mərhəmət və lütfkarlığından bəhrələndikləri zaman xalqın varlığını belə, unudan bu insanların bəsirət gözünü məhz "vurulduqdan" sonra açıqlamasının özü də sübut edir ki, hazırkı "xalq qəhramanları"nın duyduğu məyusluğun yeganə səbəbi ötən illərin əlçatmazlığından duyduqları nisgil və həsrətlə bağlıdır.
Bu insanlar hakimiyyətə ona gorə qəzəblidir ki, hakimiyyət onlara sona qədər varlanmaq, öz firavanlıqlarını digər qaniçən məmurlar kimi sona qədər xalqın hesabına təmin etmək imkanını verməyib. Onlar hakimiyyəti ədalətsizlikdə ona gorə ittiham etmir ki, hakimiyyət dövlət və bayraq uğrunda vuruşan insanları ac qoyub və əbədi səfalətə məhkum edib. Onlar hakimiyyəti ədalətsizlikdə ona gorə ittiham edir ki, bu insanlar özlərinin bütün qüvvə və enerjisini mövcud hakimiyyətin möhkəmlənməsi və rifahı naminə sərf etsələr də, hakimiyyət onların bu sədaqətini nəzərə almayıb. Onlar hakimiyyətə ona görə "müharibə" elan etmir ki, hakimiyyət xalqın qadın qismini Dubaya, kişi qismini isə Rusiyaya təhkim edib və bundan sadəcə məmunluq duyur. Onlar hakimiyyətə ona görə asi çıxır ki, hakimiyyət onların oğul və qızlarının daha gözəl iqbalı üçün xüsusi şərait, əlahiddə imkan yaratmayıb və bu gün onların valideyinləri yalnız köhnə əlaqələri və bu günə qədər yığdıqları sərvəti hesabına bu iqbalı təmin etməlidir. Bir sözlə, onların hakimiyyətə ünvanladığı bütün təhdid və küfrlərin arxasında şəxsi maraqlar dayanır. Məhz bu səbəbdən xalq onların yaratmağa çalışdığı cəsur görün-tüsünü hər zaman dərin bir inamsızlıq və istehzalı təbəssümlə müşahidə edir.
Və bu zaman hər kəsin düsüncəsində istisnasız olaraq bir atalar sözü təkrarlanır: "Daldan atılan daş topuğa dəyər". Gerçək və dırnaqarası qəhrəmanların bir- birinə qarışdığı, saxta və səmimi fikirlərin eyni məkan və zaman kəsimində təzahür etdiyi, fərdi və ictimai maraqların qəribə bir şəkildə sintez olunduğu mövcud durumda həqiqi demokrat və gerçək xalq qəhrəmanlarının təsbit olunması xeyli çətinləşib ki, bu da ictimai inamsızlıq və kütləvi narahatlıqla müşahidə edilməkdədir. Gercək cəsur və həqiqi demokrat kimdir? Onları tanımaq və onlara güvənməyin yolu haradan keçir?
Məncə, gerçək cəsur və həqiqi demokrat o kəsdir ki, o, məhz hakimiyyətdə təmsil olunduğu və ya öz peşə sahəsi, fəaliyyət sektorunda çalışdığı zamanda cəsarət və qorxmazlığını ortaya qoysun. O, öz cəsarətini o vaxt sərgiləsin ki, hakimiyyətlə onun arasında heç bir problem yoxdur və belə bir problemi o, öz cəsurluğu ilə yarada bilər. Yalnız o cəsarət hörmət və ehtirama layiqdir ki, zamanında meydana çıxsın və bu cəsarətin fərdi maraqlarla heç bir bağlantısı olmasın.
Bax, onda o şəxsin səmimiyyətinə inanmaq olar ki, o, məhz əlində itirməsi mümkün olan bir vəzifə və ya üzünə qapadılması mümkün olan bir sahədə fəliyyət gostərdiyi bir zamanda hakimiyyətə üsyan etsin, öz cəsarətli açıqlamaları ilə onu ifşa etsin. Yalnız o şəxsin vicdanı və qəlbi qarşısında baş əymək olar ki, o hər zaman xalqın zəhmətkeşliyi, xalqın müqəddəsliyi qarşısında baş əymiş olsun. Bax, onda belələrinin sözünə güvənmək və o şəxsin andına inanmaq olar ki, həmin şəxs daim xalqın sözünü desin və xalqın mənafeyinin keşiyində durmağı öz andına sədaqət kimi qəbul etsin.
Bəli, xalqın qəhrəmanı, yalnız xalqı qəhrəman hesab edən şəxsdir. Xalqın müqəddəsi, yalnız xalqı müqəddəs hesab edən şəxsdi. Bütün bunların xaricində xalqın kimsəyə ehtiyacı yoxdur və kimsə bunun xaricində xalqın sevgisini və rəğbətini, onun etibar və sədaqətini qazana bilməz.