DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

DOST mərkəzləri müasir Azərbaycanın siması kimi
 

DOST mərkəzləri ümumilikdə 2,8 milyon şəxsə 132 növdə xidmətlər göstərəcək

Son illər Azərbaycanda vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, dövlət tərəfindən göstərilən xidmətlərin internet üzərindən operativ şəkildə həyata keçirilməsi  tendensiyası genişlənir. Bu cür xidmətlər məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi yolu ilə, dövlət xidmətlərində şəffaflığın səviyyəsinin yüksəldilməsinə, eləcə də  rüşvətxorluq, süründürməçilik və bürokratizm kimi bir çox mənfi halların aradan qaldırılmasına xidmət edir.

Bu baxımdan, "ASAN xidmət" respublikamızda əhaliyə göstərilən müxtəlif xidmətlər səhəsinin ilk  qaranquşu sayıla bilər. "ASAN xidmət" Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəz rolunda çıxış edir. "ASAN" sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dir ( Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. 2013-cü ildə fəaliyyətə başlayan "ASAN xidmət"in hal-hazırda 15 mərkəzi vətəndaşlarımıza xidmət göstərir.

DOST agentliyinin yaradılması "ASAN xidmət"in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Ölkədə buna bənzər, lakin universal deyil, bir qədər ixtisaslaşmış xidmətlərin yaradılmasına ehtiyac duyulur. Belə xidmətlərdən biri olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi bir neçə ay əvvəl fəaliyyətə başlayıb.

2019-cu ilin ümumi sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcəyini bəyan edən Prezident İlham Əliyev uğurlu islahatlar proqramı ilə bu əminliyin həm də əməli müstəvidə reallaşmasını təmin edir. Cari ilin elə ilk aylarından ölkədə rifah halının yüksəlməsi üçün atılan, konkret desək, 4,2 milyon insanın, onların ailələrinin həyatına ciddi müsbət dəyişikliklər gətirən inqilabi addımlar bunun əyani təsdiqidir. Sosial sahədə atılan bu mühüm addımlar eyni zamanda, ölkəmizin dövlət sosial xidmətləri sahəsində mühüm innovativ uğura imza atması ilə davam etdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və ilk DOST mərkəzi istifadəyə verildi.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Prezidentin "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 9 may 2019-cu ildə Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

Mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkləri formalaşdırılıb və nazirliyin aidiyyatı qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təşkil edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb - xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.

Prezident İlham Əliyev "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti - yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz, məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük həvəslə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək" -, deyə bildirib.

Yeni yaradılan DOST mərkəzi hələlik gün ərzində 350 vətəndaşı qəbul edə bilir və ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət üçün nəzərdə tutulub. Bu mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa "bir pəncərə" prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət reallaşdırılır. Mərkəzdə 96 nəfər, "Gənc DOST" proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərir.

İlk DOST mərkəzində "Pensiya və sosial sığorta", "Sosial müavinətlər və təqaüdlər", "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat", "Sosial xidmətlər və övladlığa götürmə məsələləri", "Əmək münasibətləri", "Məşğulluq xidmətləri", "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri", "Bank və notarius xidmətləri" və s. bölmələrdə uyğun müraciətlər qəbul olunur. Vətəndaşlara məsləhət və məlumat xidmətləri göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar xidmətlər də  həyata keçirilir. Mərkəzdə quraşdırılan elektron lövhələr və işarələr vətəndaşların hərəkətini və məlumat əldə etmə prosedurlarını asanlaşdırır. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslərin hərəkət imkanlarının asanlaşdırılması üçün də uyğunlaşma təmin edilib. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. İlk DOST mərkəzində bu günə kimi 34.272 vətəndaşa xidmət göstərilib. Mərkəzdə «142 Çağrı Mərkəzi» fəaliyyət göstərir.

Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə bu qədər xidmətin "bir pəncərə"dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir.

Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək. Agentlikdə "Gənc DOST" könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlb edilməsi nəzərdə tutulur.

Gələn ildən respublikamızın regionlarında DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq. Bu 31 mərkəz ümumən "bir pəncərə" prinsipi üzrə 2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 132 növdə xidmətlər göstərəcək.

 Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra isə mərkəzlərdə vətəndaşların qeydiyyat yerindən asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.

Mütəxəssislərin fikrincə, DOST agentliyinin yaradılmasında önəmli məsələlərdən biri də yeni yaradılan qurumların publik hüquqi şəxs kimi təsis edilməsidir.

Publik hüquqi şəxslər doktrinası 200 il bundan əvvəl ilk dəfə Fransanın dövlət quruculuğunda yaradılaraq istifadə edilib və sonradan kontinental hüququn mərkəzi olan Almaniyada tətbiq edilməyə başlanıb.

Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxslər həm ödənişli, həm də ödənişsiz əsaslarla xidmət göstərir ki, bu da dövlət büdcəsinin yükünü azaltmağa imkan verir.

Onu da qeyd edək ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) mayın 14-16-da Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Assosiasiyanın Prezidenti Yoakim Bröyer, BSTA-nın xəzinədarı, Rusiya Pensiya Fondu İdarə heyətinin sədr müavini Nikolay Kozlov və Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) beynəlxalq sosial siyasət üzrə baş eksperti Karolin Könih, Fransa Respublikasının Milli Tibbi Sığorta Fondunun (CNAM) prezidenti cənab Viliam Qardey və ayrı-ayrı ölkələrdən gələn digər qonaqlar DOST Agentliyində və ilk DOST mərkəzində olub. Onlar Azərbaycanın DOST layihəsinin uğurlu bir yenilik, təkmil bir təcrübə olduğunu vurğulayıblar.

Akif Nəsirli

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc olunur.

0.019328117370605