Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rixard Zorgenin adı Bakıdakı abidədən niyə silinib? - İcra Hakimiyyəti AYDINLIQ GƏTİRDİ  

  23
16:35 16-04-2019
Şriftin ölçüsünü dəyiş  

Son günlər sosial şəbəkələrdə yayılan fotolara və iddialara görə, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin Bakıdakı abidəsi  baxımsız vəziyyətdədir. Hətta heykəlin üzərindən R. Zorgenin adının silindiyini də təəssüflə qeyd edənlər var.

Xatırladaq ki, Rixard Zorgenin heykəli Bakıda 1981-cü ildə ucaldılıb.

Nəsimi rayonundan deputat Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, məsələ ilə icra hakimiyyəti məşğul olmalıdır:

“Düzünü deyim, mən heykəli görməmişəm. Ona görə, konkret fikir bildirə bilmərəm. Əgər doğrudan da heykəlin üzərindən Rixard Zorgenin adı silinibsə, bərpa edilməlidir. Buna nəzarət edən qurumlar var, onlara müraciət etmək olar”.


Nəsimi Rayon İcra Hakimiyyətindən isə Modern.az-a bildirilib ki, Zorge heykəli hər həftə yuyulur, təmizlənir, baxımsız ola bilməz. İcra hakimiyyətinin nümayəndəsi söyləyib ki, heykəl qoyulan ildən indiyə qədər hər hansı dəyişiklik edilməyib:

“Bildiyim qədərilə Zorgenin heykəlinin üzərində ad olmayıb. Əgər heykəli hazırlayan heykəltaraş üzərində adını qeyd etməyibsə, sonradan kiminsə müdaxilə etməsi düzgün deyil. Qanunla da bu yolverilməzdir”.


Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya Müharibəsində sovet kəşfiyyatçısı olmuş bakılı Rixard Zorgenin şərəfinə qoyulan abidə 1981-ci ildə ucaldılıb. Abidənin müəllifləri heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur.


Rixard Zorgenin abidəsi uzunsov, əyilmiş bürünc lövhə formasında hazırlanıb. Bu radar qurğusunu xatırladır və abidənin mərkəzində Zorgenin üzünün ortası təsvir olunub. Onun baxışları xüsusi diqqət çəkir. Bununla heykəltəraş sovet kəşfiyyatçısı simvolunu yaratmağa çalışıb.

Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakıda doğulub. O, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı kimi İkinci Dünya Müharibəsindən əvvəl və savaş dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə olub. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.


Almaniyanın SSRİ-yə hücumunun təxmini tarixi barədə məlumat verən Zorge Barbarossa əməliyyatı haqda Moskvanı xəbərdar edə bilib. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir.

Rixard Zorge Yaponiyada deşifrə olunduqdan sonra saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilib. 

Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilib. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

 


Yazarlar

Top.Mail.Ru
HotLog