Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Türkiyədən musiqi alətləri hədiyyə olunub

  13
19:50 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

 

Modern.az-ın xəbərinə görə, mərasimdə çıxış edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verib: “Hazırda muzeydə 60 min eksponat qorunur. Türkiyə ilə yanaşı, bir neçə ölkədən də muzeyə hədiyyə olunmuş eksponatlar yer alır. Türkiyə Cümhuriyyəti Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat musiqi alətləri ustası Feridun Obul tərəfindən hazırlanan cura, tütək, Qara dəniz kamançası, Qabaq kamanı kırbız, qoşanağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (iki ədəd) – ümumilikdə 12 türk musiqi alətini muzeyə hədiyyə edib”. 

 

Bu musiqi alətlərinin muzeyin ekspozisiyasını daha da zənginləşdirdiyini deyən A.Bayramova dəyərli hədiyyələrə görə öz minnətdarlığını ifadə etdi.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində xüsusi yer tutan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqisi haqqında əyani təsəvvür yaratdığını bildirib.

 

Bu gün Azərbaycan mədəniyyətinin inkişaf dövrünü yaşadığını qeyd edən nazir martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün ictimaiyyət tərəfindən olduqca maraqla qarşılandığını deyib: “Həmin görüşdə Azərbaycanda musiqi alətləri kolleksiyasının yaradılması təklifi irəli sürüldü. Bugünkü tədbir də bu baxımdan çox əhəmiyyətlidir”.

 

Azərbaycan musiqisinin zənginliyindən danışan nazir vurğulayıb ki, muğam, tar, kamança və aşıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alaraq bəşəri status qazanıb.

 

Əbülfəs Qarayev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib: “Türkiyə və Azərbaycan qardaş ölkələr olaraq mədəniyyət sahəsində də uğurla əməkdaşlıq edirlər. Qarşılıqlı mədəni tədbirlər, təqdimatlar keçirilir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda Ankara və İstanbul şəhərlərində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd etdik. Bir neçə gün öncə Türkiyənin ölkəmizdəki səfirliyində Novruz bayramına həsr olunmuş gözəl bir tədbir keçirildi. Bütün bunlar mədəniyyət sahəsində münasibətlərimiz haqqında aydın təsəvvür yaradır”.

 

Nazir sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş musiqi alətlərinə görə qardaş ölkənin səfirliyinə, Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumuna öz minnətdarlığını bildirib.

 

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki ölkəni qardaşlıq əlaqələri ilə yanaşı, güclü mədəniyyət bağlılıqlarının da olduğunu deyib. Qeyd edib ki, bu kontekstdə musiqi sahəsinin məxsusi yeri var. Hər iki ölkənin zəngin musiqi ənənələrinin olduğunu qeyd edən səfir bu sahədə əlaqələrin daha da inkişafının diqqətdə saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat çıxış edərək, tədbirin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, bu cür təqdimatların keçirilməsi mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına xidmət edir.

 

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam edib.


Yazarlar

Top.Mail.Ru
HotLog