Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan mediası azsaylı xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırır

  19
20:56 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Hər bir xalqın mədəniyyətinin, özünəməxsusluğunun tanıdılmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşür

 Demokratiyanı, multikulturalizmi və tolerantlığı özünün siyasi və sosial-iqtisadi inkişafının əsas elementlərindən hesab edən hər bir dövlət, ilk növbədə ölkəsində milli və dini problemlərin tənzimlənməsinə diqqət etməlidir. Çünki sabit dini və milli birgəyaşayışın mövcud olduğu ölkələrdə, həyatın digər səhələrində də sabitliyə nail olmaq nisbətən asan olur.

Bu gün dünyada baş verən bir çox qarşıdurmaların kökündə əsasən milli və dini anlaşılmazlıqların durduğunu nəzərə alsaq, tolerantlığın və dözümlülüyün ölkələrin həyatında nə dərəcədə mühüm rol oynadığını deyə bilərik.

Buna görə də hər bir dövlətin demokratik inkişafının bir ölçüsü olaraq, həm də həmin dövlətin öz ərazisində yaşayan azsaylı xalqlara münasibətini qeyd etmək lazımdır. Dünyada mövcud olan çoxmillətli dövlətlərin sırasında Azərbaycanın xüsusi yeri var. Azərbaycan dövləti yerli aborigen tayfa birləşmələri və xalqları ilə yanaşı öz taleyini bu torpağa bağlayan bir çox milli azlıqların, azsaylı xalqların və etnik qrupların həmrəylik, qarşılıqlı anlaşma şəraitində qardaşcasına yaşadıqları doğma məkandır. Bu birliyin, həmrəyliyin daha da möhkəmlədirilməsi və inkişaf etdirildməsi də, heç şübhəsiz ki, bu xalqlar arasındakı münasibətlərdən, biri digərlərinin mədəniyyətlərinə, məişətlərinə, adət-ənənələrinə tolerant yanaşmadan asılıdır. Bu da bir həqiqətdir ki, hər bir xalqın mədəniyyətinin, özünəməxsusluğunun tanıdılmasında, təbliğində kütləvi informasiya vasitələrinin üzərinə çox böyük məsuliyyət düşür.

Azərbaycanda mövcud olan multikultural və tolerant mühit, ölkəmizdə fəaliyyət göstərən bütün kütləvi informasiya vasitərinə imkan verir ki, onlar ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqların, etnik qrupların mədəniyyətləri, məişətləri, dilləri, dinləri barədə məqalərlərlə mətbuatda, televiziyada çıxış etsinlər. Çünki KİV-lər ölkəmizin ərazisində yaşayan xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği sahəsində gördüyü işləri ilə, bu xalqlar və qruplar arasında birlik və həmrəyliyin daha da güclənməsi istiqamətində fəaliyyət göstərmiş olurlar. Bu təbliğat sayəsində ölkəmizdə yaşayan bir çox etnik qruplar həm özlərini daha yaxşı tanıyır, həm də digər etnik qruplarla tanış olmaq imkanı qazanırlar. Bu baxımdan etnik qrupların, azsaylı xalqların həyatından yazan, onu geniş ictimaiyyətə çatdıran medianın, ümumiyyətlə televiziya və radio üçün materiallar hazırlayan jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür.

Məlumdur ki, Qafqaz etnik baxımdan çox zəngin, müxtəlif xalqların və millətlərin yaşadığı region olaraq, böyük əhəmiyyət kəsb edən bölgələrdən biri hesab olunur. Bu bölgədəki ölkələr arasında Azərbaycan özünün çoxmillətliliyi və çoxkonfessiyalığı ilə seçilən dövlətlərdən biridir. Ölkəmizdə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələri də bu mövqedən çıxış edərək burada məskunlaşan azsaylı xalqlarla münasibət və əməkdaşlıq qurur, onlarla daha yaxından tanış olmağa çalışırlar.

Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin ərazisində yaşayan xalqların etnik mədəniyyətlərinin carçısı olan İctimai Televiziya və Radio Yayımları şirkəti, bu sahədə ən böyük təcrübəyə malik televiziyalardan biridir. Heç şübhəsiz ki, Azərbaycan mediası hər zaman ölkəmizdə yaşayan azsaylı xalqlara qarşı həssaslıq nümayiş etdirib, etnik xalqların mediada söz haqqını tanıyıb, onların çıxışları üçün imkanlar yaradıb. Bu baxımdan İctimai Televiziya və Radio yayımı şirkəti də cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən, tamaşaçıya və dinləyiciyə yalnız həqiqəti çatdıran, vətəndaş cəmiyyətinin formalaşmasına və siyasi plüralizmə əsaslanan kütləvi informasiya vasitəsi olaraq ölkə teleməkanında ilk dəfə, milli azlıqlar üçün müxtəlif məzmunlu və formatlı verilişlər hazırlayaraq tamaşaçılara təqdim edib. İstedadlı jurnalistlər və rejissorlar tərəfindən hazırlanan həmin verilişlərdə milli azlıqların, azsaylı xalqların və etnik qrupların tarixi, adət-ənənəsi, dini, dili, mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar geniş əks etdirilib. Ölkəmizin etnik xəritəsində xüsusi yeri olan şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala, Balakən və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaklar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dag yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər, tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar haqqında hazırlanan verilişlər, təkcə həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən də çox maraqla qarşılanır və belə verilişlərin davamını səbirsizliklə gözləyirlər. Bu da ölkəmizin ərasisində yaşayan hər bir xalq və etnik qrup haqqında daha çox bilgi əldə etmək və həmin insanlarla daha tolerant münasibətlər qurmağa imkan verir.

Bu həm də ölkəmizdə yaşayan azsaylı xalqların və milli azlıqların adət ənənələrinin, eləcə də onların musiqilərınin geniş təbliğinə imkan verir. İT hər gün səhər proqramında ölkəmizdə yaşayan müxtəlif xalqların dillərində musiqilər təqdim edilir. Şirkətin "Carçıfilm" departamentinin əməkdaşları hər ay azsaylı xalqların həyatı, mədəniyyəti və məişəti mövzusunda filmlər hazırlayır, tamaşaçılara təqdim edirlər.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan mediasında etnik xalqların təbliğatına, onların problemlərinin, mədəniyyətinin işıqlandırılmasına heç bir məhdudiyyət yoxdur, tam əksinə onlara bütün imkanlar yaradılır ki, öz mədəniyyətlərini təbliğ etsinlər. Bu da təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da media üçün elan olunan layihələrdə azsaylı xalqlarla bağlı mövzular təklif edir. Çünki Azərbaycan dövləti demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi qiymətləndirir. Azərbaycanın qanunvericilik aktlarında milli azlıqların hüquqlarının qorunması ilə bağlı konkret maddələr var. Bu müddəalara görə, milli azlıqlar nəinki Azərbaycan mətbuatında çıxış edə bilər, hətta özlərinin kütləvi informasiya vasitələrini belə təsis edə bilərlər. Hazırda ölkəmizdə sayından asılı olmayaraq bir çox milli azlıqlar həm yazılı, həm də internet portallara sahibdirlər. Məsələn, ləzgilər "Samur",  talışlar "Talişo Sədo", kürdlər "Dəngi Kürd" adında qəzetlər öz dillərində nəşr etdirir. Yəhudi Cəmiyyətinin də "Soxnut" və "Əziz" adında qəzetləri var. Ölkəmizdə həmçinin Talış.org, udi.az, www.xinaliq.com və s. onlarla internet saytlar mövcuddur.

Azərbaycan dövlət radiosu bir ay ərzində talış, kürd, ləzgi dilində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saatdan çox verilişlər efirə verir. Bütün ölkə ərazisində yayımlanan özəl kanallardan "Lider", "Azad Azərbaycan" və "Space" kanallarında rus dilində verilən verilişlərin həcmi sutka ərzində 25-30%-ni təşkil edir. Regional telekanallarda rus dilindəki verilişlərin həcmi 25-40% təşkil edir. Həmçinin milli azlıqların kompakt  yaşadığı Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Cənub TV" kimi yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda yerli radio ilə  avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər hazırlanır.

Qeyd etmək lazımdır ki, istər dövlət, istərsə də özəl teleradio kanallarında musiqili, sənədli və etnoqrafik xarakterli verilişlərdə milli azlıqların dillərindən geniş istifadə edilir. Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir. Maraqlıdır ki, yeni yaranan teleradio kanallarından bəziləri də  milli azlıqların dillərindən istifadəyə meyilli yayımçılara üstünlük verirlər. Onu da qeyd edək ki, 2002- 2003-cü illərdə milli azlıqlarla bağlı yazılar dərc edilən gündəlik qəzetlərin monitorinqi aparılıb. Monitorinq zamanı məşhurluq reytinqinə və bu mövzuya daha çox müraciət etmələri nəzərə alınaraq 8 qəzet tədqiq olunub. Həmin qəzetlərdəki informasiya xəbərləri, reportaj, analitik məqalələr, oçerklər, müsabiqələr, müraciətlər, mətbuat konfransları və s. öyrənilib. Aydın olub ki, bu qəzetlərdə üst-üstə 178 dəfə milli azlıqların bu və ya digər məsələlərinə yer verilib. Qəzet səhifələrində gedən materiallar isə müxtəlif xarakterli olub. Bura onların ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat və s. daxildir.

Bütün bu faktlar onu deməyə əsas verir ki, ölkə mediası azsaylı xalqlara, onların problemlərinə, eləcə də mədəniyyətlərinin təbliğinə kifayət qədər yer ayırır.

Bu gün dünyada elə azsaylı xalq, elə etnik qruplar var ki, onlar yalnız Azərbaycan ərazisində mövcuddurlar. Onlardan yalnız birinin adını qeyd etmək istərdik, Quba rayonunun Xınalıq kəndi. Bu, o xınalıqdır ki, dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili var.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Yazarlar