Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vəsaitlərimizi hansı valyutada, hansı bankda və necə saxlayaq?

  25
20:45 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Rövşən Ağayev: "Belə şəraitdə vətəndaşlar öz vəsaitlərini bir neçə bankda saxlasalar daha yaxşıdır"

 Məlum olduğu kimi, ölkəmizin həm ticarət tərəfdaşları, həm də qonşu ölkələrdə valyuta ucuzlaşması, respublikaya idxal mallarının həcminin artması baş verir ki, bu da manatın ucuzlaşmasına təzyiqləri artırır. Belə bir şəraitdə az-çox əlində vəsaitləri olan vətəndaşlarımız müəyyən narahatlıqlar keçirir, əldə olan vəsaitin real dəyərini qorumaq və ondan kapital olaraq istifadə edərək divident əldə etmək qayğıları artır. Düzdür, hökumətin rəsmi şəxsləri bütün hesabat xarakterli çıxışlarında manatın ucuzlaşmasına və devalvasiyasına heç bir təhlükə olmadığını qeyd edirlər. Amma cəmiyyət 2015-ci ildə analoji vədlər əsasında il ərzində 2 devalivasiya vasitəsi ilə manatın 50 faizdən çox dəyər itirdiyinin şahidi oldu. Bu səbəbdən də bazarlarda bahalaşma fonunda, əlində vəsaiti olan vətəndaşlarımız narahatdırlar. Onlar vəsaitlərini qorumaq və onunla divident (mənfəət) əldə etmək məqsədilə həyata keçirdikləri əməliyyatlar zamanı xeyli suallarla üzləşirlər. Birinci sual ondan ibarət olur ki, vəsaitləri necə - valyutada, qızılda, qiymətli kağızlarda və ya biznesdə - istifadə etmək daha təhlükəsizdir? Bütün mütəxəssislər dərhal qeyd edir ki, əlində vəsaiti olan vətəndaşın hər hansı biznes vərdişləri və qabiliyyəti varsa və kapitalı bu biznesi irəlilətmək üçün kifayət edirsə, ən yaxşısı vəsaitləri biznesə qoymaqdır. Hətta, kapitalın çatışmayan müəyyən hissəsini etibarlı bir bankdan kreditə də götürmək olar, yalnız manatla kreditdən söhbət gedir. Çünki vəsaitlər biznesə qoyulduqda o aktivalərə yatrılır və devalivasiya və ya infliyasiya baş verdikdə aktivlər bazarda yeni qiymət alır, nəticədə real dəyərin itkisi baş vermir. Lakin vəsaitlər biznes qurmağa yetmirsə və ya kapital sahibinin belə bir bacarığı və vərdişləri yoxdursa, ən asan qazanc vəsaitləri hər hansı bir valyutada əmanətə yatırmaqdır. Burada da yeni suallar ortaya çıxır, hansı valyutada və hansı banka etibar etməli?

Rövşən Ağayev Əkrəm Həsənli: ile ilgili görsel sonucu

Bu sualla iqtisadçı ekspert Rövşən Ağayevə müraciət etdik. Ekspert dərhal qeyd etdi ki, şəxsən mənim əlimdə vəsait olsa, indiki şəraitdə qızıla yatrım etmərəm, çünki qızıl likvit deyil, yəni onu istənilən an pula çevirmək olmur, olsa da ciddi itkilərlə buna nail olunur: "O üzdəndə vəsaitləri valyutada saxlamaq daha məsləhətlidir. Azərbaycanda etibarlılıq baxımından iki populyar valyuta var - dollar və avro. Ölkəmizdə dövruyyədə olan xarici valyutaların 90 faizini dollar, 7 faizini avro, qalan hissəsini isə digər valyutalar təşkil edir. Bu iki valyutadan hansını seçmək seçimi ilə rastlaşan vətəndaş bilməlidir ki, 2014-cü ildən hər ay Amerikada səhimlərin alınması yolu ilə dövrüyyəyə 60 milyard avro pul buraxılırdı, artıq bu dayanıb, Avropada da analoji prosesin dayanması gözləniləndir. Bu səbəbdən yaxın gələcəkdə avro möhkəmlənə bilər. Dolların isə yaxın zamanlarda bahalaşması gözlənilmir, çünki Trampın yeni gəlişi zamanı verdiyi vədlər doğrulmadı, ABŞ-ın ticarət-təədiyyə balansında defisitin azalması baş vermədi. Əksinə, bu defisit bir qədər də artdı. Ona görə də yaxın gələcəkdə dolların da yüksək dəyər qazanması gözlənilmir. Belə vəziyyətdə varidat uzun müddətə saxlanılırsa, dəyəri 100-200 min cəvarında və daha çoxdursa, ən yaxşı variant vəsaitlərin (əmanət səbətini) diversifikasiyasıdır. Yəni əldə olan vəsaitin 35-40 faizini avroda, yerdə qalan hissəsini isə dollarda saxlamaq olar. Belə olan halda bu iki valyutada qarşılıqlı dəyər dəyişməsi bir-birini kompensasiya edir və nəticədə vəsaitin real dəyəri itmir".

 

Manatla depozit daha

çox, xarici valyutada isə

daha az divident gətirir

 

Problemin digər tərəfi ondan ibarətdir ki, manatla əmanətlər təxminən 10 faiz ətrafında tərəddüd edirsə, dollarda və avroda qoyulan depozitlərə görə ən yaxşı halda illik 3 faiz divident təklif edilir. Deməli, vətəndaş vəsaitlərini xarici valyutada depozitə yatırdıqda bu etibarlılıq baxımından sərfəli olsa da, azı 7-9, bəzən isə 10 faiz itki ilə üzləşir. Vətəndaş vəsaitinin etibarlılığını xarici valyuta ilə sığortalasa da, ondan əldə etmək istədiyi divident çox az olur. Bəs bu problemi aradan qaldırmaq üçün hansı strategiyadan istifadə etmək olar?

R.Ağayev bizimlə söhbəti zamanı dedi ki, əvvala vətəndaşlar vəsaitlərini yerləşdirmək istədiyi bankları seçərkən bəzi məqamlara diqqət yetirməlidirlər: "Hazırda bütün bankların hesabatı açıqdır. Vətəndaş ya özü bu hesabatla maraqlanıb bankın vəziyyətini dəyərləndirməlidir, ya da hər hansı bir mütəxəssisin xidmətindən istifadə etməlidir. Ən yaxşısı, bank mütəxəssisinin xidmətindən yararlanmaqdır. Azərbaycan cəmiyyətinin mütəxəssis xidmətindən yararlanmaq mədəniyyəti son dövrlərdə formalaşmaqdadır. Düşünürəm ki, bu istiqamətdə inkişaf etmək gərəkir. Bankın problemli kreditləri çox deyilsə, aktivləri artıma meyillidirsə, mənfəətlilik səviyyəsi yüksəkdirsə, xarici öhtəlikləri böyük deyilsə, Əmanətlərin Sığortalanması Fondunun üzvüdürsə, deməli, bu bankı əmanət yatırmaq üçün seçmək olar. Bankların xarici valyutada depozitləri ucuz, manatda isə baha götürməsi də anlaşılandır. Çünki, banklar xarici valyutada depozit cəlb etdikdə onu kreditə verə bilmir. Hamı manatla kreditə üstünlük verir. O səbəbdən də banklar manatla depoziti stimullaşdırır. Belə şəraitdə vətəndaşlar öz vəsaitlərini yuxarıdakı şərtləri ödəyən bir neçə banklarda saxlasa daha yaxşıdır. Çünki hər hansı fors-major şəraitində  100-200 min manatı qaytarmaqda bir bank problemlərlə üzləşə bilər. Lakin vəsait bir neçə bank arasında bölüşdürülsə, banklar kiçik həcmlərdə əmanətləri qaytarmaqda cətinlik çəkmir. Digər bir məqam ondan ibarətdir ki, banklara əmanət yerləşdirərkən onu ya qısa müddətə, ya da müddətsiz yerləşdirmək lazımdır. Belə olan halda müddətsiz əmanəti vətəndaş istədiyi zaman geri çəkə bilir. Lakin vətəndaş əmanəti 3-5 ilə yerləşdirirsə, bank haqlı olaraq onun istənilən an geri çəkilməsinə ya razılaşmır, yada ağır şərtlər daxilində razılaşır. Risklər həmişə bizimlədir, onlar həmişə var, amma bu qeyd etdiyimiz şərtlər daxilində strategiya seçdikdə risklərin faizi bir qədər aşağı düşür, onlardan sığortalanmaq mümkün olur".

 

Əkrəm Həsənli:

"Maliyyə sahəsində

xüsusi bilikləri olmayan vətəndaşlar valyuta oyunları ilə məşğul

olmasalar yaxşıdır"

 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənli məsələyə münasibət birdirərkən vurğuladı ki, maliyyə sahəsində xüsusi bilikləri olmayan vətəndaşlar valyuta oyunları ilə məşğul olmasalar yaxşıdır: "Bəziləri primitiv düşüncə ilə gəlir əldə etmək üçün hər hansı bir valyutanı alır, lakin gözləntilər doğrulmur, vətəndaş ciddi zərərə düşür. Bir şeyi dəqiq bilsinlər ki, Azərbaycan valyutası bu gün üçün sabitdir, lakin uzunmüddətli perspektivdə onun taleyi barədə proqnoz vermək çətindir. Nəzərə almaq lazımdır ki, manatın məzənnəsi daha çox dünya bazarında neftin qiymətinə bağlıdır. Neftin qiyməti isə hazırda dünyada gedən geosiyasi proseslərə. Bu baxımdan mən Azərbaycan vətəndaşlarına tövsiyyə edirəm ki, altı aylıq, maksimum bir illik xərcləri həcmində vəsaitlərini milli valyutada, vəsaitlərinin qalan hissəsini isə etibarlı xarici valyutada saxlasınlar. Həm də, yalnız bir valyutada deyil, ən azı iki - dollarda və avroda saxlasalar daha yaxşıdır. Bir illik ehtiyatı ona görə tövsiyyə edirəm ki, bəzən vətəndaş devalivasiya gözləntisi ilə son manatına da avro və ya dollar alır, amma heç bir devalivasiya baş vermir və vətəndaş həmin vəsaiti yenidən manata çevirərək xərclərini qarşılayır. Belə çevrilmədə isə vətəndaş müəyyən məbləğ itirir. İtkilərdən yayınmaq üçün bu strategiya səmərəlidir".

Banklara vəsaitlərin yerli və ya xarici valyutalarda yerləşdirilməsinə münasibətdə Ə.Həsənli bildirdi ki, bu məsələlərdə vətəndaşlar qazanc dalınca qaçmasalar yaxşıdır, onlar bəzən bank faizlərinə şirniklənib vəsaitlərini itirə bilərlər.

Nəticə olaraq qeyd etməyi vacib bilirik ki, ekspertlərin rəyi manatın ən azı ilin sonuna qədər sabit qalacağını deməyə əsas verir. Bu əsasla, ekspertlərin tövsiyyə etdiyi təhlükələri nəzərə alaraq, həm manatla kiçik həcmlərdə olmaq şərti ilə müddətsiz depozitlər qoyub yüksək mənfəət əldə etmək olar, həm də vəsaitləri dollar və avroda etibarlı şəkildə qorumaq mümkündür. Artıq seçim pulu olan vətəndaşlarındır, hərə öz maliyyə və bacarıq imkanlarına uyğun strategiya seçə bilər.  

 

Akif Nəsirli

Yazarlar