Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

30 milyon manatlıq sifarişləri icra edən şirkətlərin internet saytı belə yoxdur.

 

  24
20:11 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Q.İbadoğlu: “Düşünürəm ki, qiymətin optimist götürülməsinə ehtiyac yox idi”

 

 Tanınmış iqtisadçı alim Qubad İbadoğlunun Azərbaycan iqtisadiyyatının perspektivi barədə verdiyi açıqlamaları oxuculara təqdim edirik.

  

- Qubad bəy, Azərbaycanın iqtisadi durumunun perspektivini necə qiymətləndirisiniz?

- Ümumiyyətlə, Azərbaycanda makroiqtisadi göstəricilər həyəcan təbili çalır. Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı nikbin danışmaq üçün əsaslar yaratmır. Çox istərdim ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı vəziyyəti xarakterizə edək. Amma təəssüflər olsun ki, iqtisadiyyatın hazırkı durumunda mövcud göstəricilər -  hansı ki, onu rəsmi statistika açıqlayır, onunla bağlı şübhəli danışa bilmərik - rəsmi prizmadan baxanda, bəlli olur ki, ölkədə iqtisadi durum getdikcə pisləşir. Məsələn, ümumi iqtisadi artım tempi iyul ayında avqust ayına nisbətən daha yaxşı idi. Digər bir tərəfdən, ölkədə iqtisadi eniş olanda biz dünyadakı iqtisadi inkişafdan geri qalırıq. Dünya irəli gedəndə biz geri gedirik. O baxımdan, əgər dünyada bu il 3.1 faiz artım olacaqsa, Azərbaycanda 2.4 faiz kiçilmə olacaq. Bu, o deməkdir ki, dünyada iqtisadi artımla bizim ümumdaxili məhsulun dəyişməsi göstəricisi arasında təxminən 5.5 faiz fərq yaranacaq. Bu, çox ciddi fərqdir; həm manata təsir göstərir, həm də əhalinin sosial vəziyyətinə, rifah göstəricilərinə.

- Bu durumun ölkədəki bank, maliyyə sektoruna təsiri necə olacaq?

 - Maliyyə-bank sektoruna təsiri ondan ibarətdir ki, ölkənin büdcəsi də kiçilir. Ötən ilin eyni dövrü ilə müqayisədə bizdə gəlirlər 76.6 faiz, xərclər isə 86.6 faiz icra olunub. Bu, o deməkdir ki, indiki halda büdcəyə 8.2 milyard manat  vəsait yığmışıq, 9.3 milyard manat da xərcləmişik. Büdcəmizdə artıq 1 milyarddan çox kəsir yaranıb. Büdcənin imkanlarının məhdudlaşması bütünlükdə işgüzar mühitin də pisləşməsinə gətirib çıxarır. Çünki bir çox layihələr büdcədən qidalanırdı, investisiya, sərmayə istiqamətində büdcə əsas maliyyə mənbəyi hesab edilirdi, o layihələr hesabına yeni iş yerləri açılırdı, iqtisadiyyatın inkişafına stimul verirdi.

İndiki halda Gömrük Komitəsinin xətti ilə büdcəyə yığımlar əvvəlki illərlə müqayisədə yaxşılaşıb. Mən hesab edirəm ki, bu, gömrük sistemindəki dəyişikliklərlə bağlıdır. Vergilər Nazirliyi də çalışır ki, öz öhdəsinə düşən işi yerinə yetirsin. Neft Fondundan büdcəyə çox transfer etmək istəmirlər.

Çünki büdcə neftdən çox asılı vəziyyətə düşür. Bu, əslində düzgün yanaşmadır. Büdcəyə Neft Fondundan yetərincə vəsaitin cəlb edilməməsi də son nəticədə  büdcənin sosial və investisiya baxımdan imkanlarını məhdudlaşdırır. O biri tərəfdən də bu gün büdcədəki mövcud vəziyyət ölkədəki maliyyə-bank sisteminə də təsir göstərir. Bilirsiz ki, ödənişlərin bir çoxu maliyyə-bank əməliyyatları vasitəsilə həyata keçirilir. Maliyyə-bank sistemində də vəziyyət tikintidəki vəziyyətdən sonra ən pis olandır.

 Amma tikintidəki durumun birbaşa ölkə əhalisinin sosial vəziyyətinə təsiri maliyyə-bank sistemindəki  vəziyyətin təsirindən daha azdır. Düzdür, tikinti bizim üçün əmək tutumlu bir sahədir. Tikinti ötən illə müqayisədə 1/3 qədər azalıb. Tikintidəki durumun pisləşməsinin daha bir nəticəsi odur ki, iş yerləri bağlanıb. Amma bunun müsbət tərəfləri var: rayondakı adamlar öz təsərrüfatlarını qoyub, şəhərə gəlirdilər ki, tikintidə işləsinlər. Əhalinin yarısı Bakıda yaşayırdı.

- Azərbaycan Qafqazdakı iqtisadi liderliyini qoruyub saxlaya bilcəkmi?

- 2018-ci il Azərbaycan üçün Cənubi Qafqazda iqtisadi liderliyin sonuncu ili olub: "Proqnozlara əsasən, hər nəfərə düşən milli gəlirə görə Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə Ermənistana uduzur”  Dünya Bankının "Qlobal iqtisadi perspektivlər” hesabatına istinad edən iqtisadçı yazır ki, 2016-cı ildə Azərbaycanda ÜDM 3,1 azalıb, 2017-ci il 0,1 faiz, 2018-ci il 1,1 faiz artımla başa çatıb: "2019-cu ildə 3,6 faiz, 2020-ci ildə 3,3 faiz, 2021-ci ildə 2,7 faiz, 2022-ci ildə 2 faiz artım gözlənir. Ermənistanda ÜDM 2016-cı ildə 0,2 faiz, 2017-ci ildə 7,5 faiz, 2018-ci ildə 5,3 faiz artıb. 2019-cu ilin artım proqnozu 4,3 faiz, 2020 və 2021-ci illərin artım proqnozu 4,6 faiz, 2022-ci ilin artım proqnozu 4,5 faiz göstərilir.

Gürcüstanda ÜDM 2016-cı ildə 2,8 faiz, 2017-ci ildə 4,8 faiz, 2018-ci ildə 5,3 faiz artıb. 2019, 2020, 2021-cu illər üçün 5 faiz, 2022-ci il üçün 5,2 faiz artım proqnozlaşdırılır.

Dünya Bankı qeyd edir ki, 2019-cu ildə Azərbaycanda adambaşına ÜDM-in məbləği 4778 dollar, 2020-ci ildə 4888 dollar, 2021-ci ildə 4967 dollar, 2022-ci ildə 5054 dollar olacaq.

Ermənistan üçün adambaşına ÜDM-in məbləği 2019-cu il üzrə 4446 dollar, 2020-ci il üzrə 4705 dollar, 2021-ci il üzrə 4986 dollar, 2022-ci il üzrə 5285 dollar göstərilir.

Gürcüstanda adambaşına ÜDM-in 2019-cu ildə 4805 dollar, 2020-ci ildə 5196 dollar, 2021-ci ildə 5644 dolar, 2022-ci ildə 6133 dollar olacağı vurğulanır”.

- Pensiya və məvaciblərin ödənilməsinin gecikdirilməsi nədən qaynaqlanır?

- Dövlət pensiya və məvaciblərin ödənilməsini gecikdirir, özəl bölmə ixtisarlara başlayır. 2019-cu ilin başlanğıcından görsənir ki, bu il iqtisadi vəziyyət heç də asan olmayacaq. Cari ilin dövlət və sosial müdafiə fondunun büdcəsinə görə, hər ay büdcə sferasında çalışanların əməyinin ödənilməsi 396 milyon manat, pensiyaların verilməsi üçün ayda 300 milyon vəsait lazım olacaq. Lakin, ilin ilk ayının yarısına çatsaq da hələ də pensiya və məvaciblər ödənilməyib. Bu daha çox yanvar ayı ərzində büdcə və sosial sığorta fonduna daxilolmaların ləngiməsi ilə əlaqədar ola bilər. Amma əvvəlki praktikadan çıxış etsək, əlaqədar orqanlar və maliyyə institutları tərəfindən yığılmış vəsaitlərin dövriyyə buraxılması və ondan faiz gəlirləri əldə edilməsi səbəbindən gecikdirilməsi də istisna olunmur. Vergi qanunvericiliyində son dəyişikliklərin tətbiqi ilə əlaqədar olaraq, bəzi özəl şirkətlərdə iş yerlərinin ixtisar olunması ilə bağlı məlumatlar yayılır.

- Özünüməşğulluq proqramının həyata keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Şikəst, xəstə, qısır heyvanları ailə təsərrüfatlarına “sırıyan” şirkətlər haqqında maraqlı məlumatlar üzə çıxır. 30,3 milyon manatlıq layihə icraçılarının hətta internetdə səhifələri də yoxdur. 19,2 milyon manatlıq layihə icraçısı olan şirkətlər isə fəaliyyətə başlamamışdan bir neçə ay əvvəl yaradılıb. 2018-ci ildə özünəməşğulluq proqramının icrasına büdcədən 35,6 milyon manat ayrılıb. Bu vəsaitin 30,3 milyon manatı 3 müqavilə üzrə 4 MMC arasında bölüşdürülüb. Belə ki, iş və xidmətlər, eləcə də istehsalat mallarının təqdim olunmasına görə “Az Nest” MMC və “SRS Consulting” şirkəti konsorsiumuna 9 milyon 894 min 357,82 manat, kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna 19 milyon 225 min 246 manat vəsait ayrılıb. Dövlət satınalmaları registrində açıqlanmış məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti özünəməşğulluq tədbirlərinin icrası üçün satınalma müsabiqəsi keçirilmədən birbaşa “Az Nest” MMC və “Aqri Kon” MMC ilə müqavilələr bağlayıb. Adı çəkilən hər iki şirkət müqavilənin imzalanmasından 1-2 ay əvvəl yaradılıb və hazırda şikəst, xəstə, qısır heyvanları ailə təsərrüfatlarına “sırımaqda” ittiham olunur.

Digər iki şirkət - “Az Nest” MMC və “SRS Consulting” şirkəti isə 25 Aprel 2017 -ci ildə İqtisadiyyat Nazirliyinin “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “Sahibkarlar üçün biznes inkubatorlarının inkişaf etdirilməsinə dəstək” , 7 fevral 2018-ci ildə isə yenə də İqtisadiyyat Nazirliyinin Avropa İttifaqının “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyinin potensialının artırılması” layihəsi ilə əlaqədar elan olunmuş açıq tenderlərin qalibi olub. Çox maraqlıdır ki, İqtisadiyyat Nazirliyindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 milyon manatlıq sifarişlərini icra edən şirkətlərin heç birinin internet saytı belə yoxdur. Yalnız “SRS Consulting” şirkətinin ingilis dilli saytında ancaq ABŞ və Hindistan ofisinin əlaqə məlumatları yerləşdirib. Görün, büdcədən ayrılan vəsaitlər hesabına maliyyələşən 10 milyonlarla dövlət sifarişlərinin hansı şirkətlər icra edir. Şübhəsiz ki, bu şirkətlərlə belə işləri sövdələşmə əsasında reallaşdırırlar.

- Bir çox mütəxəssislər 2019-cu ilin büdcəsində neftin qiymətinin 60 dollardan hesablanmasının riskli olduğunu bildirirlər. Sizcə, 60 dollar nə qədər risklidir?

- Düşünürəm ki, neftin qiymətinin hansı həddə götürülməsi büdcə gəlirlərinin təminatında ciddi rol oynamır. Yəni büdcə gəlirlərinin az qala yarısı Neft Fondundan transfertdir. Qiymət aşağı olsa da, onu təmin etmək mümkündür. Neftin ucuzlaşması şəraitində büdcə gəlirlərində azalma yalnız xarici neft şirkətlərinin ödədiyi mənfəət vergisində ola bilər. Bu da ciddi bir problem yaratmayacaq. SOCAR-ın büdcəyə ödəmələri qiymətdən asılı olmayaraq müəyyənləşir.

Düşünürəm ki, qiymətin optimist götürülməsinə ehtiyac yox idi. Orta qiymət əsas götürülməli idi. Ümumiyyətlə, büdcənin ən azı neftin 3 qiyməti variantında proqnozlaşdırılması lazım idi. Son illərdə bunu edirdilər, bu il etməyiblər. Halbuki belə ssenariləşdirmə çox vacib idi.

Doğrusu, bu ilin büdcəsində özəlləşmədən əldə olunacaq gəlirlərin artırılacağını gözləyirdim, amma belə olmadı. Bu, Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı gözlənti idi. Amma büdcə müzakirələrindən də aydın oldu ki, hökumət gələn il də Beynəlxalq Bankı özəlləşdirmək niyyətində deyil.

 

Mahir Abbaszadə

Yazarlar