Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əvəz Ələkbərov: “Bir də baxırsan mətbuata, televiziya heç nə etməyən adamlar çıxır” – MÜSAHİBƏ

  23
16:35 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Eks-maliyyə naziri, iqtisad elmləri doktoru professor Əvəz Ələkbərov Paralel.az-a müsahibə verib.

 

- Əvəz müəllim, ötən ilin sosial-iqtisadi inkişafı barədə fikriniz bizə maraqlı olardı.

 

- Fikrimcə 2018-ci il ölkəmiz üçün uğurlu il kimi yadda qalıb. Bununla bağlı ölkə prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında geniş məlumat verib. Makroiqtisadi göstəricilər ürəkaçandır. Dövlət büdcəsi profisitlə başa vurulub. Nəzərdə tutulan böyük layihələr, dövlət xərcləri, sosial problemlər həll olub. Hər bir Azərbaycan vətəndaşının yaddaşında ötən il uğurlu il kimi yadda qala bilər.

 

- 2019-cu ilə baxışınız necədir?

 

- Bu ilin də uğurlu olmasına da inanıram, ona görə ki ölkəmizdə görülən işlər, qəbul edilən qanunlar, aparılan islahatlar buna əsas verir. Cənab Prezident İlham Əliyevin dediyi kimi “kölgə iqtisadiyyatı bütün ölkələrin inkişafına mənfi təsir edir”. Bu baxımdan həm vergi orqanlarında, həm də gömrük orqanlarında 2018-ci ildə başlanılan işlər davam etməlidir, şəffaflığa nail olmaq üçün məmurlar da, vətandaşlarda öz səylərini qoymalıdırlar. Özəl sektorun da davamlı inkişaf etdirilməsi üçün vacib addımlar atılmalıdır. İnflyasiyanın cilovlanması, əhalinin real pul gəlirlərinin artırılması üçün lazımı işlər aparılmalıdır.

 

- Sizi cəmiyyətdə olan problemlərdən hansı çox narahat edir?

 

- Mənim üçün narahatedici və hər an yaddan çıxa bilməyən məsələ yaxşı vətəndaş olmaq, torpağını, dövlətini sevmək, harada oluruqsa olsaq Azərbaycanımızın xeyrinə nəsə etmək vacibdir. Şərəf və ləyaqətimizi qorumaq, gələcək nəsillərə mentalitetimizlə bağlı gözəl xüsusiyyətlər ötürməliyik. Bir də baxırsan mətbuata, televiziya və radioya ölkə üçün heç nə etməyən adamlar çıxır, öz fikirlərini aşılayırlar, şərəf və ləyaqətdən danışırlar. Onların keçmişinə açıb baxsan, ən azı təəssüf hissi keçirirsən ki, bu adamların haqqı çatır belə tərbiyəvi işlərlə məşğul olmağa? Müəllim də, professor da auditoriyaya girəndə öz keçmişinə nəzər yetirməli, şərəfini və vicdanını unutmamalı və tələbələrə, magistrlərə, doktorantlara nümunə olmalıdır. Mənə hərdən qəzet səhifələrində bəzi alimlərin yazıları rast gəlir: 6-7 cümlə, o da çox bayağı şəkildə. Bəlkə də onları heç kim oxumur. Belə yanaşmalar bizə lazımdırmı? Ümummilli lider, dahi Heydər Əliyevin bir kəlamı yadıma düşür: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Yoxsa cinayət əməli etmiş bir insan gəlib cəmiyyətə ağıl verirsə, bu nə dərəcədə məntiqə uyğundur?

 

- Əvəz müəllim, siz həm də  təhsil sayəsində çalışırsınız. Sizcə bu gün görülən işlər tələbə-müəllim münasibətləri və cəmiyyətimizə yüksək səviyyəli kadrların yetişdirilməsindən razısızmı? Bu barədə nə deyə bilərsiniz?

 

- Məşhur islahatçı alman kansleri Otto Bismark deyir: “Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir”. Hər bir ölkənin, millətin, cəmiyyətin inkişafı üçün təhsilin yüksək olması çox vacibdir. Son illərdə təhsil sahəsində qəbul edilən qanunlar, görülən işlər, aparılan elmi tədqiqatlar və xarici təcrübənin öyrənilməsi, dünyəvi inteqrasiya əlimizdə əsas ola bilər ki, deyək bu barədə işlər yaxşı gedir, amma görüləsi işlər çoxdur. Fikrimcə, həm məktəbəqədər müəssisələrdə, həm orta məktəbdə, həm də universitetlərdə tədrisin keyfiyyəti günü-gündən artmalıdır və biz gözəl vətəndaş yetişdirməliyik. Gənclər tariximizi bilməlidirlər, ölkəmizin problemlərindən məlumatları olmalıdırlar, Dağlıq Qarabağ problemini həll etmək üçün hər cür mübarizəyə hazır olmalı və dünyada gedən bilikləri mənimsəməlidirlər. Yaxşı olar ki, bir neçə xarici dil də bilsinlər. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, universitetləri qurtaranda sonra ixtisas üzrə daimi iş yeri tapsınlar. Universitetlər elə mütəxəssislər yetişdirməlidirlər ki, onlar bazarın tələbinə cavab versinlər və hər gün yeniləşən cəmiyyətin çağırışlarına uyğunlaşsınlar. Vicdanla demək lazımdır ki, son zamanlar xaricdə təhsil alan vətəndaşlarımız ölkələrinə qayıdır, müvafiq yüksək maaşlı işlərlə təmin olurlar. Və artıq bunlar zənglər və xahişlər əsasında olunmur. Təhsillə, elmin vəhdətinin daim olması, müasir tələblərə cavab verən elmi tədqiqat işlərinin aparılması vacibdir.

Bu məni sevindirir. ASAN Xidmətin Azərbaycan brendi olması və cəmiyyətimizə gözəl xidmət etməsi danılmazdır.

 

- Sizcə 10-15 ildə ən yadda qalan nəhəng işlərimiz hansılardır?

 

- Milli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzumuzun artması, Qarabağ probleminin aparıcı dövlətlərə və beynəlxalq aləmə daha ciddi çatdırılması, transmilli layihələrin həyata keçirilməsi, Böyük İpək Yolunun bərpası, milli ordumuzun möhkəmlənməsi, iqtisadiyyatımızın dayanıqlı inkişafı, regionların inkişafı, yolların tikintisi, abadıq, diaqnostika mərkəzlərinin açılması, idman və digər beynəlxalq yarışlara rəhbərlik, hər an Azərbaycanı daha güclü etmək iddiasının həyata keçməsidir.

 

- İnsanlarda ən xoşunuza  gələn və bəyənmədiyiniz  cəhətlər hansılardır?

 

- Əgər insan səmimidirsə, ağıllıdırsa, cəsurdursa, öz yerini bilirsə, üzbəüz danışdığı adama qulaq asa bilirsə, bildiklərini cavan nəslə öyrədirsə, yaxşı vətəndaşdırsa bu çox müsbətdir.

 

Rusların bir sözü var: soruşurlar ki, bu necə insandır, əgər cavab verirsə “он приличный”, deməli, bu bütün müsbət cəhətləri özündə ehtiva edir. İnsanda sevmədiyim və məni əsəbiləşdirən əsas cəhətləri aşağıdakıları hesab edirəm: öz yerini bilməmək, biliyini artırmamaq, ümumi məsələlərə biganə qalmaq, riyakarlıq, satqınçılıq, xainlik, insanlara yuxarıdan aşağı baxmaq, tamahkarlıq, həmsöhbətini dinləməmək, ətrafında gedən proseslərə biganə qalmaq.

 

Yazarlar