Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı 

  12
16:30 13-01-2019
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycan Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.



Paralel.az xəbər verir ki, yanvar ayının 13-də II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev məzarı başında anılıb. Qəhrəmanın ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları İsrafil Şahverdiyevin məzarına gül dəstələri düzüblər.

Ziyarət iştirakçıları Milli Qəhrəmanın döyüş yolundan, onun torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar.

İsrafil Şahverdiyevin keçmiş döyüş yoldaşları, Laçın Rayon Polis Şöbəsinin rəisi olmuş polis polkovniki Akif Səlimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüblər. Onun əsl insan, komandir, döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

İsrafil Şahverdiyevin 1991-ci ildə Qaladərəsi kəndinin ermənilərdən azad edilməsidə, Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə göstərdiyi şücaətdən və "Horadiz əməliyyatı"nda onun və rotasının keçdiyi şərəfli döyüş yolundan danışılıb. 

Anım tədbirində çıxış edən digər döyüş yoldaşları İsrafil Şahverdiyevin döyüş yolundan bir çox epizodları xatırlayaraq onun nə qədər güclü bir döyüşçü olmsı və bugünkü gənclər üçün böyük örnək olduğu vurğulanıb.

Xatırladaq ki,İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almış, 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdır. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük olmuşdur. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanmış, gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilmişdilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısı məhv edilmişdir.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmiş, əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada döyüşçü dostlarını xilas edən İsrafil həlak olmuşdur.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.
Allah rəhmət eləsin!

 


Yazarlar