Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gözlər yoldan yığılarmı... 

  14
11:58 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Nəzirməmməd Zöhrablı

Xəqani taleyində “25” izləri

 

Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika “Xatirə Kitabı”nın redaksiyası və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Nədənsə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin hələ orta məktəb tədrisindən əzbərlədiyim, yüksək dəyərlərimizə söykənən, məzmunu, formaca axıcılığı baxımından indiyədək sətirbəsətir yaddaşımda kilidlənmiş “İllər” şeirini xatırlamalı oldum bu yerdə:

İllər ləng keçmədi, hər anda illər

Min insan ömründən kam aldı keçdi.

Bir də baxıb gördüm otuz yaşım var,

Illər saçlarıma dən saldı keçdi.

Etiraf edənlər də olar, gizlədənlər də. Yaşımızın üstünə yaş gəldikcə, dünyamızın istər müsbət, istərsə də mənfi çalarlı inkişaf dinamikasına rəğmən, hər birimiz tez-tez zamanı dayandırmaq, nostalji hisslərə qapılaraq dünənimizi təkrarlamaq, hətta bəzən onu indiki yaşımız və düşüncəmizlə daha düzgün axara yönəltmək istəyirik. Mümkünsüz olan bu təbəddülatları yaşamaq bəzən ruhumuza sığal çəkir, bəzən ovqatımızı bir qədər də təlx edir. Bu xatiratlar sırasında məktəbimiz, parta yoldaşlarımız, sevimli müəllimlərimizlə ilgili elə məqamlar yaddaşımızı silkələyir ki... Gəraybəyli məktəbində həyatını Vətən yolunda sipər etmiş Xəqaninin həmin nostalji hisslərinin siluetini cızmaq istəyirəm. Əlbəttə, onun da bu xatirələrə dalmağa haqqı var deyə...

Məktəblə birlikdə bütövlükdə bu kəndin Xəqanisiz günlərinin yaşı 25-i adlayır. Qəribədir ki, Xəqani özü də 25 yaşında yoxa çıxıb. Mən də daxil olmaqla, onun haqqında bu kitabı ərsəyə gətirmək istəyənlərin yadına düşməsi də Xəqaninin itkinlik tarixinin 25-ci ilə yetişdiyi günlərə təsadüf edib. Onun doğulduğu tarix də yanvar ayının 25-idir. Elə itkin düşdüyü tarix də 25-28 dekabr 1993-cü il təqvimi ilə bağlıdır. Ata ocağında yolunu gözləyən bəylik kostyumu da düz 25 yaşına çatıb. Bu 25-lər itkin-şəhidimizin həyatında xüsusi bir simvolika kimi sanki izləyir onu. Nə olaydı, elə bu 25 illik həsrətin sonunda da tapılaydı Xəqani, anası Telli xalanın, bütün doğmaların, dostların bu əsrin dörddə biri boyda iztirablarına son qoyulaydı. Qoca tarix axı çox belə möcüzələr yaradıb, UCA YARADAN çox belə sirlərin üstünü açıb... insanlıq, bəşər, nümunələr, görklər naminə...


25 illik zaman məsafəsi tarix üçün böyük rəqəm olmasa da, bir insan həyatı üçün sizlərə o qədər də kiçik görünməsin, əziz oxucular! Bu illər ərzində sözün birbaşa və məcazi mənalarında nə qədər çaylar axıb-durulub, nə qədər çəmənliklər, nə qədər bataqlıqlar yaranıb, nə qədər insan övladı dünyasını dəyişib, nə qədər körpə doğulub boya-başa çatıb, sərhədlər, “hədlər” dəyişib. “Bir igidin ömrü” qədər zamanları dəyişdirən 25 ildə xeyli sayda müəllimlərimizi, yaşıdlarımızı itirmişik. Gəraybəyli məktəbində də Xəqaninin əlindən tutub ona yazıb-oxumaq, elm öyrədən müəllimlərindən yalnız coğrafiya müəlliməsi Kamilə xanım İsayevanı tapa bilirəm. İndi sizləri onun xatirələri ilə baş-başa buraxacağam. Çox çətindi müəlliməyə keçmiş şagirdi, həmçinin Gəraybəyli kəndinin yeganə itkini və artıq məhkəmə qərarı ilə təsdiqlənmiş yeganə şəhidi barədə danışmaq. O xeyli köks ötürdükdən sonra onunla söhbətimə körpü sala bilirəm. Əvvəlcə ona imkan yaradıram ki, tam sərbəstləşib ürəyini boşaltsın (Bu, jurnalistikanın qızıl qaydalarından biridir. – N.Z.). Hələ bilmir ki, mən bu vətənpərvər oğulun hamıdan fərqlənən cəhətlərinin axtarışı sorağıyla burdayam:

  • Mən Xəqaniyə coğrafiya, indiki yanaşmada texnologiya, bir də rəsmxət dərslərini tədris etmişəm. Onu necə xatırlayıram: çalışqan, dərs əlaçısı, nizam-intizamlı, ədəbli, yaşıdlarından seçilən şagird kimi. Mən məktəbə müəllim gəldiyim ilk illərdə dördüncü sinifdə oxuyurdu. Bax, indi məktəbimizin müəllimi olan Rafiq müəllimlə birlikdə oxuyurdular, parta yoldaşı və əmoğlu idilər. Tələbəlik illərində də Xəqani həm oxumaq, həm də işləməyi ilə çalışqanlığını, zəhmətsevərliyini davam etdirirdi. O, ailə üzvlərinə maddi baxımdan əziyyət verməmək, əksinə, kömək olmaq məqsədilə Bakıda həm işləyir, həm də ali təhsil alırdı.

Müəlliməni qəfil suallarımla daha dərindən xatırlamalara məcbur edirəm. Başqa yolum yoxdu. Sizə o qədər də asan gəlməsin. Gör aradan nə qədər illər keçib?!.. Xatırladığımız adam, onun xüsusiyyətlərinin göz önündə olduğu çağlardan bizi nə qədər zaman məsafəsi ayırır?! Kamilə müəllimə danışdıqca onun özəl xüsusiyyətlərini bir-bir nəql eləməyə başlayır. Məlum olur ki, şagird yoldaşlarından, yaşıdlarından bir çox cəhətlərinə görə fərqlənib Xəqani. Xüsusilə onun duymaq, anlamaq və nəyisə mütləq reallaşdırmaq məharəti güclü olub, müəllimənin sözlərinə görə. Müəllimə ondan məktəbə yadigar qalmış əl işlərindən də bizə nümunələr göstərdi. Xəqaninin neft sahəsində çertyojçuluqla bağlı ixtisası seçməyinin səbəblərini təxmin edə bildik söhbətimiz zamanı:

  • Təbiətin təsvirini çəkəndə bu doğma dağlarımızın gözəlliyini özünəməxsus çalarlarla çox orijinal yaradırdı. Əl işlərindən nümunələri tapdıqca onu şagirdlərimə nümayiş etdirirəm. Paneldən kiçik fiqurlar kəsib düzəldirdi. Eyni zamanda əl qabiliyyəti yaxşı olduğuna görə onun çertyoj duyumu da yüksək səviyyədə idi. Elə bu minvalla da daha çox çertyojçuluqla bağlı olan neft mexaniki ixtisasını seçdi. Əl işlərindən bəzilərini tapdıqca Qinyaz müəllimin qızlarına vermişəm ki, aparıb əmilərinin yadigarı kimi saxlasınlar. Onda həm Allahın bəxş etdiyi yaraşıqlı xarici görkəm, həm ədəb-ərkan, həm də qeyd etdiyim kimi istedad var idi. Baxmayaraq ki, illər keçib, bu qədər ağrı-acı yaşanıb, indi də xatırlayanda gözlərim önündə yaxşı mənada yaddaqalan şagirdlərdən biri kimi canlanır.

Yurd yerlərimizə həssas şagird...

Əslində onu yaddaqalan edən elə bu yüksək mədəniyyəti, fərdi qabiliyyəti və fitri istedadıdır. Bu əlamətlər bizdən ötrü eşitdiklərimiz əsasında yaranan xəyali təsəvvürlərdir. Amma bunlar müəllimənin diqqətində spesifik, təkrarsız bir əlamətlərlə yaşayır. Bizdən fərqli olaraq, o həm də canlı şahiddir axı yazdıqlarıma. Müəlliməni danışdıra - yaddaşını tam oyatmağa nail olmuşam, deməli. Fürsəti əldən vermək olmaz. Bu anda itkin-şəhidimizin vətənpərvərliyə münasibəti ilə maraqlanıram. Axı, öz ərizəsi ilə qanlı döyüş meydanını seçən azərbaycanlı oğlunu vətənpərvərlik anlamında düşünüb-araşdırmamaq sadəcə insafsızlıq olardı. Məqamındaca Xəqaninin hələ məktəbli çağında VƏTƏN anlayışına münasibətinin konturlarını müxtəlif sorğu-suallarımla soruşuram. Kamilə müəllimə azacıq düşünəndən sonra məqsədimi tam anlayaraq xatırladıgı ən ülvi məqamlarla davam eləyir. Onun sərbəst və nizamlı, ritorikadan kənar, aşağı tonlu söhbəti danışdıqlarında səmimi olduğunun göstəricisidir:

  • Xəqaninin vətənpərvərliyi indi bütün tanıyanlara, xatırlayanlara bəllidir. Ancaq mən ondakı bu ali hissləri elə coğrafiyamıza ilıq münasibətindən hiss etməyə başlamışdım. Bu özünü onun kontur xəritələri çəkməsində, vətənimizin ayrı-ayrı bölgələri, iqtisadi zonalar, siyasi coğrafiyamız barədə necə həssaslıqla məlumatlar almasında, bu istiqamətdə dərs tədrisi müstəvisində necə axtarışlar aparmasında hələ şagird yaşlarından göstərirdi. Hətta mən onun dəfələrlə ermənilərin azərbaycanlılara qarşı zaman-zaman yürütdüyü düşmənçilik münasibətləri ilə də maraqlandığının, bu aspektdə suallar verdiyinin də şahidi olmuşdum. Düzdü, o dövrdə bizim tədrisimizdə geniş və təfsilatlı şəkildə bu barədə danışılmırdı, amma müəyyən ziyalı kəsimi bunu bilirdi, yeni yaranan nəsillərdən maraqlananlar da onlardan yeri düşdükcə öyrənirdilər. Belə daxilən narahatçılıq keçirənlərdən biri də, sən demə, gələcəyin döyüşçüsü olacaq vətənpərvər şagirdimiz Xəqani idi. Mən özüm də yeri düşdükcə şagirdlərimi vahid Azərbaycan, xalqımızın bölünə-bölünə itirdiyi qədim torpaqlarımız, yurd yerlərimiz barədə məlumatlandırırdım. Cənubi Azərbaycan, Ermənistan ərazisi kimi adlandırılan Qərbi Azərbaycan, Dəmirqapı Dərbənd, Borçalı və s. barədə onların suallarını daim cavablandırırdım. Ancaq bildiyiniz kimi, bunlar mütəmadi xarakterli ola bilməzdi, çünki bizim proqramlaşdırılmış konkret təhsil siyasətimiz var idi.

Kamilə müəllimə ilə söhbətimizin bu məqamında hələ uşaqlıq illərimizdən, məktəblərimizdə öyrədilməsə də belə, Cənubi Azərbaycanla bağlı hansısa məlumatı eşidəndə, ya radioda Anadolu türkcəsində bir şərqi, İraq türkmənlərinin türkülərini dinləyəndə, Dəmirqapı Dərbənd, Qarayazı sözlərini oxuyub-eşidəndə qəlbimizdə  bir nisgilin, eyni zamanda nisgillə yanaşı bir hərarətin baş qaldırdığını xatırladım. Bəlkə də hamıda bu hisslər olmayıb, bəlkə də hamıda var, hər halda, bunları bizə, tutalım, SSRİ tarixi kimi zorla tədris etməmişdilər ki... hələ bir çox məqamlarda yasaqlamışdılar da. Bəs bu hərarətin yaranmasına vəsilə olan nə idi görəsən, təhtəlşüurmu?!..

Bu əsnada müəllimənin də cavabı maraqlı oldu. Daha doğrusu, o bu duyğuları məhz təhtəlşüurun, şüuraltı yaşayan fəlsəfi anlayışın idarə etməsi fikri ilə razılaşaraq qəhrəmanımızın da bu əlamətləri daşıdığını misal gətirdi və söhbətimizə Uca Yaradana səslənməklə son verdi:

  •  İndi də Xəqani barədə düşünəndə Allahıma yalvarıram ki, belə bir vicdanlı, qeyrətli, gərəkli, vətənpərvər balamız əgər sağdırsa, yolunu açıq elə, İlahi!
  • Amin!

Xəqani dağ-dərədə gizlənməyi seçmədi...

Xəqaniyə dərs deyərkən gənc, indi isə məktəbin ən qocaman pedaqoqu Kamilə müəllimə ilə sağollaşıb Gəraybəyli məktəbində yaradılmış müxtəlif məzmunlu guşələrlə tanış oluram. Bu guşələrdən biri də bu məktəbin məzunu, itkin-şəhidin adına açılıb. Suallarımı ilkin olaraq Qinyaz müəllim cavablandırır. Söyləyir ki, bu guşəni o hazırlatdırıb: “Gördüyünüz bu mərmərdən olan şəklini düzəltdirib guşəni açmışam. Guşənin qarşısındakı şüşəli stolu qoz ağacından düzəltdirmişəm. Stolun içində şüşə altında Xəqaninin bütün sənədlərinin surətini toplamışam. Çünki bu məktəbdə oxuyub. Qoy məktəbin şagirdləri də baxıb tanış olsunlar. Bu guşə onlara həm Xəqaninin kimliyindən danışır, həm də torpaqlarımıza qarşı aparılan ədalətsiz müharibədən soraq verir. Hər gün və ya əlamətdar, eləcə də ümumhüzn günlərində şagirdlər mütləq bu guşə ilə maraqlanırlar”. Şübhəsiz ki, Qinyaz müəllimin hədəflədiyi arqument məktəblilərin diqqətinin Qarabağ savaşına və Xəqaninin taleyinə yönəldilməsində bu əyalətdə çox əhəmiyyətli rol oynayır. Kənddə yaşayıb-çalışan pedaqoji kollektiv və əhali də uşaqların bu xüsusda tərbiyə olunmasında maraqlı olmalıdır. Təbii ki, Azərbaycanımızın daha etibarlı əllərə tapşırılacaq gələcəyinə töhfə vermək niyyətilə. Qinyaz Əkbərov onu da deyir ki, məktəb yenidən tikilərkən camaat istəyib ki, buranı Gəraybəylinin yeganə itkini olan Xəqaninin adına versinlər: “O zaman bu mümkün olmadı. Çünki onda hələ şəhidlik statusunu almamışdıq. İndi isə bunun nə dərəcədə mümkün olub-olmadığını dəqiq deyə bilmərəm. Ancaq 2002-ci ildə şəhidlik statusunu alandan sonra İsmayıllıdakı Şəhidlər xiyabanında şəklini vurdurmuşuq. Oradakı Şəhidlər lövhəsinə adını yazıb şəklini həkk etdilər”.

Yaxın gələcəkdə Xəqaninin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı planlaşdırılan bəzi addımlar haqqında yeri düşdükcə məlumat verəcəm. İndi isə məktəbdəki söhbətlərimizi davam etdirək. Xəqaninin oxuduğu məktəbdə onun haqqında məktəblilərə necə bilgilər verilməsi ilə maraqlanıram. Qinyaz müəllim deyir ki, əvvəllər Xəqaninin doğum günləri ərəfəsində məktəb kollektivini, şagirdləri toplayıb onlara Xəqani barəsində danışırmışlar: “Kəndin məscidi olmasa da, camaat qəbristanlıqda yığışırdı həmin günlərdə, biz də Xəqani barədə məlumatları, eləcə də onun axtarışları ilə bağlı nə yenilik olsa danışırdıq. İndiyədək adına bir yer və ya məzarı olmadığına görə bu tipli tədbirləri keçirməkdə çətinliklər yaşanır”.

Söhbətimizə məktəbin direktoru Şaiq Müslümov müdaxilə eləyir bu anda. Söyləyir ki, Azərbaycanın ümumhüzn günlərində bu missiyanı davam etdirir məktəb kollektivi. O, uşaqlıq illərindən yaxşı bələd olduğu Xəqaninin Qarabağ döyüşlərinə könüllü qatıldığından da fəxrlə söz açır: “Bilirsiz, o zamanları hamımız yaşamışıq, görmüşük. Xəqani kimi könüllü olaraq müharibəyə tək-tək adamlar gedirdi. Belə nümunələr təqdir edilməlidir. Bu dağlar-dərələr qaçıb gizlənənlərlə dolu olurdu. Xəqani bunu edə bilməzdimi?! Əlbəttə edərdi. Lakin o, ürəyinin hökmü ilə döyüş yolunu seçdiyindən onu heç kim bu yoldan döndərə bilmədi. O vaxt yaşananlar baxımından yanaşsaq, Xəqaninin getməməyə bütün imkanları var idi. Amma onu nə imkanlar, nə də mane olmaq istəyənlərin təkidli tələbləri bu yoldan döndərə bildi. Bu yolu seçdi və getdi... Təsəvvür edin ki, ən kiçik qardaş bütün böyük qardaşların dediyinə məhəl qoymayıb döyüşlərə yollandı. Onun belə - yaxşı mənada - tərsliyi vardı. Həm də dözümlü, möhkəm bədənli, fiziki baxımdan çox güclü oğlan idi”.

Sonra məktəbin Sevil adlı şagirdini dinləyirəm. Sevil Xəqaninin Qarabağ döyüşlərində itkin düşdüyünü söyləyir. Bu qızcığaz üzünü görmədiyi, yalnız haqqında eşıtdiyi Xəqaninin vətənpərvər obrazını xarakterizə edir. Onun itkinliyindən heyfsilənərək belə bir oğulun təkcə Gəraybəyliyə, İsmayıllıya deyil, bütün Azərbaycana faydalı ola biləcəyini, ancaq düşmənlərimizin buna imkan vermədiyindən təəssüfləndiyini söyləyir. Həmçinin tarixləri də yaddaşına həkk etdiyindən, onun savadlı, zəhmətkeş bir gənc olduğunu, 28 dekabr 1993-cü ildə Ağdam bölgəsində itkin düşdüyünü deyir. Deyir bunları valideynlərindən və məktəbdən öyrənib: “Bütün kənd Xəqani barəsində ancaq yaxşı xatirələr danışır. Üstəlik həmin dövrdə onun, bir çoxlarından fərqli olaraq, döyüşə öz istəyi, öz razılığı ilə getməsi bütün kəndimiz üçün başucalığı, indi kitablardan öyrəndiyimiz vətənpərvərlik hisslərinin təbliğatında isə bir örnəkdir”.


(Ardı var)


Növbəti yazılarımızda: Xəqaninin axtarışlarının detalları, itkin düşdüyü məqamlarda biri digərini tamamlamayan müxtəlif məlumatlar, qardaşları, doğmaları ilə söhbətlərimiz, 10 ildən çox Xəqaninin yolunu gözləyən nişanlısı... döyüş yoldaşları, əsirlər nə danışdı? Telli xalanın ürək parçalayan söhbətləri... daha nələr... İzləyin.

Yazarlar