Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ceyhun Hacıbəyli irsində folklor motivləri

  16
12:20 08-12-2018
Şriftin ölçüsünü dəyiş  

Abid Tahirli 

 

“Ceyhun Hacıbəyli və folklor” mövzusundan bəhs edərkən , fikrimizcə, problemə bir neçə aspektdən  (Ceyhun Hacıbəyli-  folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə,  yerli-yerində istifadə edən yazıçı kimi)  yanaşmaqla daha sanballı , daha dolğun və doğru elmi-nəzəri  nəticələr əldə etmək olar.

 

 

Folklor toplayıcısı və tədqiqatçısı kimi  Ceyhun Hacıbəylinin fəaliyyəti ilə əlaqədar  dərc olunmuş materiallar  artıq sahə mütəxəssisləri arasında müəyyən fikir  formalaşdırmışdır.  Şübhəsiz ki, bu rəyin ərsəyə gəlməsində fəlsəfə doktoru Bayram Ağayevin böyük xidmətləri olmuşdur. Bildiyiniz kimi o,   Ceyhun Hacıbəylinin hələ mühacirətdən xeyli əvvəl topladığı ,  yazmağa başladığı və  1934 –cü ildə Parisdə  fransız dilində nəşr olunan “Asiya” jurnalında dərc etdirdiyi «Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)» adlı əsərini dilimizə çevirərək 1999-cu ildə kitab şəklində “Ozan“ nəşriyyatında buraxdırmışdır. Bu sətirlərin müəllifi  Ceyhun bəyin folklorla bağlı araşdırmaları haqqında vaxtı ilə dəfələrlə mətbuatda məqalələrlə çıxış etmişdir

 

 

Yuxarıda deyildiyi kimi,  C. Hacıbəylinin «Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)» adlı əsəri haqqında  müəyyən mülahizələr söylənilmişdir və inanırıq  ki, bundan sonra da Ceyhun  bəyin  folklor toplayıcısı və tədqiqatçısı kimi fəaliyyəti barədə daha geniş   bəhs ediləcəkdir.  Biz bu dəfə   Ceyhun Hacıbəylinin istər  mühacirətəqədərki və istərsə də, mühacirət dövrü  bədii və publisistik  yaradıcılığında  rast gəlinən folklor nümunələrindən və ümumiyyətlə, onun irsindəki  folklor motivlərindən    söz açmaq istərdik.

 

 

Azərbaycan , rus və fransız dillərində yazan Ceyhun Hacıbəyli hər üç dildə qələmə aldığı yazılarda Azərbaycan folklor xəzinəsindən gen -bol istifadə etmişdir. Əcnəbi dildəki əsərlərində müəllif folklor nümunələrindən  ya hərfi , ya bədii tərcümə yolu , ya da olduğu kimi verməklə bəhrələnmişdir. Azərbaycan Maarifçilik hərəkatının , maarifçi-realist nəsrimizin tanınmış nümayəndəsi Ceyhun bəyin  ilk yaradıcılıq sınaqlarından hekayə, felyeton və məqalələrində folklordan məharətlə istifadə etməsi təsadüfi deyil. O,  ətalət, cəhalət, mövhumat içində çapalayan, boğulan cəmiyyəti maarifləndirmək , insanların həyat və təfəkkür tərzini dəyişmək, onları biganəliyə, laqeydliyə  , mütüliyə, köləliyə, zülmə, ədalətsizliyə  son qoymaq, elmə, maarifə, mədəni tərəqqiyə səsləmək  üçün əsərlərində xalqın özünün əsrlər boyu yaratdığı milli- mənəvi sərvətdən - şifahi ədəbi nümunələrdən istifadəyə üstünlük verirdi. Ceyhun bəy əmin idi ki, canlı, obrazlı, lakonik, didaktik, ibrətamiz    deyimlər daha təsirli, həm də milli düşüncə tərzinə doğmadır.

Ceyhun Hacıbəyli Şərq folklor nümunələrinin- əfsanə, rəvayət və  nağıllarının mütərəqqi  ideyasından yaradıcılıqla istifadə edərək  yeni, yerli mühitə uyğun , aktual mövzularda hekayələr qələmə alırdı . Bu baxımdan onun  «Barışmaz ata» («Kaspi» qəzeti, 1912-ci il 22 aprel , № 91) ,  «Nümunəvi sübut» («Kaspi» qəzeti, 1912-ci il 11 may, № 105) , “Müdrik hakim “  («Kaspi» qəzeti. 1912. 3 may. № 100)  və digər hekayə, felyotonları  diqqəti çəkir.

«Barışmaz ata» kəskin süjetlidir. Hekayə  həyəcansız oxunmur. Hadisələr gah aramla, gah da ildırım sürətilə cərəyan edir. Әsərin əvvəlində C.Hacıbəyli göstərir ki, Amrul-As Abu Nisar tayfasının çox şöhrətli kişilərindəndir. Onun zəngin var-dövləti, saysız-hesabsız dəvələri, gen-bol həyatı dillər əzbərdir. Amma çoxu bütün bunlara görə yox, onun xanım-xatın həyat yoldaşı Zeynəbə görə Amrul-Asa paxıllıq edir, ona həsəd aparırdı. Ərəb gecəsi Zeynəbin üzünün nuru ilə işıqlanırdı. Zeynəb bazara çıxanda adamlar onu günəş əvəzi qarşılayırdılar. Onun gözləri alışıb-yanırdı. O,  güləndə adamlar özlərini itirirdi. Zeynəbin zümrüd dişləri, parlaq gözləri çoxunun qəlbini fəth etmişdi.

Bir gün Amrul-As  Zeynəbin ona xəyanət etdiyini  görür, dəhşətə gəlir. «Bundan sonra yaşamağa dəyməz»- deyib intihar etmək istəyir. Körpə qızı Fatimənin ona uzanan əlləri və göz yaşları özünəqəsdin qarşısını alır. Lakin Amrul-As sakitləşmir, rahatlıq tapmır. Elə həmin gecə namusunun, duyğularının  təhqir edildiyi yerdən, öz tayfasından əbədi ayrılmaq qərarına gəlir. Qızı Fatimə ilə yola düşür. Dəvə karvanı bir çaya yaxınlaşır. Çayı keçmək və yolu davam etmək lazımdır. Bir köşək şıltaqlıq edir, sahibinin hədə və oxşamalarına baxmayaraq, çaya düşmürdü. «Vaxt keçir, ərəb həyacanlanırdı». Bu zaman Fatimə atasını səsləyir və deyir: «- Ata, bax, o kənardakı dəvəni görürsən? Onu çaya sal, keçsə, balaca da keçəcək». Təəccüblənmiş ərəb qızının dediyi kimi hərəkət edir. Onun arxasınca da köşək suya düşür  və çayı keçir.

Ata üzünü qızına tutur:

 

«- Ağıllı qızım, bu sənin ağlına hardan gəldi?

Ata, bu dəvə onun anasıdır, axı» - deyə qızcığaz cavab verdi.

Әrəbin üzünü duman bürüdü, gözlərində şimşək çaxdı:

-Ana, ana... Elə isə sən də məhv ol ki, ananın yolu ilə getməyəsən.

Fatimənin al qanı gümüşü qumun üstünə töküldü».

 

 

Mövzusu qədim ərəb əfsanəsindən götürülən bu hekayədə Ceynun bəy  övlad tərbiyəsində, ailənin möhkəmliyində qadının rolunu göstərməyə çalışmışdır. Elə bədii əsərlər var ki, müəllif bu və ya başqa obraza öz məhəbbətini gizlətmir. Elə əsərlər də var ki, müəllif qəhrəmanlara münasibətini açıq bildirməsə də, ayrı-ayrı epizod, dialoq, yaxud təsvirlərdən müəllifin obrazlara qarşı mövqeyini oxucu duyur. Bəzən də müəllif hadisə və obrazları yalnız oxucuya təqdim etməklə kifayətlənir. «Barışmaz ata» belə bədii nümunələrdəndir. Oxucunun bir tərəfdən kəskin süjetli hekayədəki hadisələr, digər tərəfdən müəllifin mövqeyi düşündürür: Görəsən, müəllif  barışmaz atanın- Amrul- Asın  hərəkətini təqdir, yaxud tənqid edir? Obrazların dialoq və hərəkətlərində «müəllifin görünməməsi» bir tərəfdən, oxucunu daha dərindən düşünməyə vadar edirsə, digər tərəfdən bu hekayənin bədii dəyərini azaltmır.

 

 

Başqa bir xalq yaradıcılığı nümunəsi əsasında yazılmış  «Müdrik hakim» hekayəsi kompozisiya, mövzu və ideya baxımından çox maraqlıdır. Burada xeyrin şərlə, doğrunun böhtanla, həqiqətin yalanla mübarizəsi müxtəlif obrazlar vasitəsilə əks etdirilmişdir. Xəlifə Harun Әl-Rəşid tacir paltarında atı ilə Bağdada qayıdanda ona bir axsaq kişi rast düşür. Axsaq xəlifəyə yalvarır ki, şikəstəm, yazığın gəlsin, məni də atın təkində şəhərə apar. Xəlifə etiraz etmir. Atlılar şəhərə çatanda Harun Әl-Rəşid axsağa müraciət edir ki, mənzilə yetişdik, düşə bilərsən. Axsaq xəlifəyə deyir ki, mən yox, sən düşməlisən. Axı, at mənimdir. Xəlifə təəccüblənir, axsaqın hay-küyü onu çaşdırır. Axsaq getdikcə toplaşan adamlara üz tutur: «Ay camaat, mən şikəstəm, heç piyada gəzə bilmirəm. Atımla Bağdaddan gəlirdim. Bu tacir mənə yalvardı ki, yorğunam, məni də şəhərə kimi götür. Mən də onu atın təkinə aldım. İndi mənə deyir ki, atdan düş, at mənimdir». Vəziyyətin getdikcə gərginləşdiyini görən Harun Әl-Rəşid təklif edir ki, hakimə müraciət edək. Onlar hakimə üz tuturlar. Hakim xəlifə ilə axsağa qulaq asıb yem verməmək şərti ilə atı tövləyə bağlamağı, mübahisə edənləri isə sabah gəlməyi tapşırır.

Ertəsi gün hakim qərarını elan edir. Bəlli olur ki, at  tacirindir. Heç demə, hakim gecə ikən  özünü axsaqlığa vurub tövləyə girmiş, ac at bu gəlişə heç bir reaksiya verməmişdi. Hakim tacir libasında tövləyə daxil olanda isə at hərəkətə gəlmiş, kişnəmiş, yem istəmişdir. «Deməli, at tacirindir» -hakim bu qənaətə gəlmişdir. Harun Әl-Rəşid hakimin fərasətinə, müdrikliyinə, qabiliyyətinə,  güclü məntiqinə, ədalətinə heyran qalır və onu şeyxülislam təyin edir.

Hekayənin süjeti sadə, həcmi kiçik olsa da, müəllif oxucunu zəngin və ibrətamiz hadisələrlə tanış etməyə müvəffəq olmuşdur.  Xalq yaradıcılığından qaynaqlanan kəskin dialoqlar, kontrastlar, obrazların dinamizmi, güclü məntiq hekayənin səciyyəvi xüsusiyyətlərindəndir. Hekayədə təqdim olunan axsağın C.Hacıbəyli əslində mənəvi şikəstliyini daha çox qabartmışdır. Onun yalançı hay-küyü, böhtanı, həyasızlığı bu surətə qarşı bir nifrət hissi oyadır. Şərq , Azərbaycan şifahi ədəbi nümunələrində  hakim-qazı obrazı adətən kütbeyin, ədalətsiz və rüşvətxor təsvir edilir. C.Hacıbəyli isə bu ənənə ilə getməmiş,  müdrik hakim  obrazını yaratmışdır. O, dərhal nəticə çıxarmır, məsələlərə ağılla, təmkinlə, ehtiyatla yanaşır, nəticədə güclü məntiqə söykənən müdrik qərar verir. Hekayənin əhəmiyyəti böyükdür... O, oxucuda ağılın, ədalətin,  həqiqətin gec-tez təntənəsinə inam yaradır, adamları yalandan, fırıldaqdan uzaqlaşmağa səsləyir.

 

 

«Nümunəvi sübut» hekayəsinin mövzusu da populyar Şərq əfsanələrindən  götürülmüşdür. Müəllif əsərin əvvəlində göstərir ki, bütün Bağdad əhlini bir dərviş ağlı ilə heyrətə gətirmişdir, heyran etmişdir. Heç bir alim, molla onunla mübahisəyə tab gətirmir. Xəlifə Harun Әl-Rəşid yaxın məsləhətçisi Cəfərlə dərvişi sınamaq qərarına gəlir. Cəfər görüşə ciddi hazırlaşır. Xəlifə və məsləhətçisi libaslarını dəyişib dərvişin görüşünə yola düşürlər. Cəfər əvvəlcədən hazırladığı üç sualla dərvişə müraciət edir:  “Deyirlər, Allalın əli hər yerə çatır. Bu necə olur? Hər şey Allahdan asılıdırsa, onun iradəsi ilə baş verirsə, insan öz pis əməli üçün günahkardırmı?  Şeytan oddan törənibsə, oddan niyə qorxur?” Cəfərin sualları bitər-bitməz dərviş yerdən bir ovuc torpaq götürüb onun başına çırpır. Ara qarışır, hay-küy düşür. Günahkarı tapmaq, cəzalandırmaq üçün hakimin yanına gedirlər.

Hakim şikayətçini dinləyəndən sonra üzünü dərvişə tutur. Dərviş halını pozmadan deyir ki, mən hərəkətmilə onun suallarına cavab vermişəm. O məndən Allahın hansı an, harada olduğunu soruşdu. Mən  onun   başına vurdum. Orada ağrı əmələ gəldi. Ayağına vursaydım, həmin an ağrı orada olacaqdı. O soruşur ki, hər şeyi Allah idarə etdiyi təqdirdə pis əməllərinə görə insan günahkardırmı? İndi o mənə desin görək, mən günahkarammı? O soruşur ki, şeytan oddan törənibsə, oddan niyə qorxur?  Mən onu torpaqla, onun əmələ gəldiyi maddə ilə vurdum. İndi o desin görək, o qorxdu, yoxsa yox?

 

 

Xəlifə dərviş haqqında eşitdiklərini öz gözü ilə görür və onu mükafatlandırır. Görundüyü kimi, hekayədə toxunulan mövzu, təsvir edilən hadisələr sadə olsa da, dərin ideya-bədii dəyəri var: Ağlın təntənəsi! Dərviş obrazı folklordan süzülərək yazıçı təxəyyülünün sayəsində yeni keyfiyyətlər əxz edir, yaddaqalan, ibrətamiz  yeni qəhrəmana çevrilir. Verilən sualların ağırlığı, çətinliyi dərvişi qorxutmur, o məntiqin gücünə söykənərək əsaslandırılmış cavab verir. Müəllif bu hekayə ilə ağılın qüdrətinə, qələbəsinə inandığını bədii yolla bir daha oxucusuna çatdırır, onu da inandırır.

«Doğru cavab» felyetonunda da («Proqress», № 5)  Ceyhun bəy  məharətlə mövcud hökumətin yararsızlığını, xalqı aldatdığını göstərir və bu zaman daha çox şifahi bədii nümunələr üçün xarakterik olan  və “Molla Nəsrəddin” ədəbi məktəbinin üslubunu xatırladan  piyomdan istifadə edir. Ac xalq hökumətdən çörək tələb edir. Hökumət isə xalqın tələbindən yayınmaq üçün şərt təklif edir: əgər xalq bilsə ki, xalqın bu tələbi üçün hansı cavab hazırlanır, o zaman çörək veriləcək, yox bilməsə, çörək olmayacaq! Xalq isə bu şərtə belə cavab verir:  Hökumət belə cavab gözləyir ki, biz ondan heç nə istəməyək.Nağıllarımızı xatırladan  «Tamamilə qənaətbəxşdir» («Proqress» № 5) felyetonunda hökumət nümayəndələrinin hiyləgərliyindən, xalqı aldatmaqla baş dolandırmalarından bəhs edilir. Müxtəlif fəlakətlərdən zərər çəkən xalq dövlət xəzinəsinə iki xahişlə müraciət edir: Müəyyən miqdarda kömək etmək və həmin məbləği ödəmək üçün bir il möhlət vermək. Xalqın bu tələbinə xəzinənin nümayəndəsi cavab verir ki, sizin birinci  istəyinizə, ikinci xahişinizə əməl edirəm. Birinci xahişlə başqasına müraciət edin.

«Bu, elə özüdür» (Proqrees, № 5) felyetonunda müəllif mövqeyini bir qədər də sətrləşdirir, bu dəfə tənqid hədəfi daha yuxarı dairəyə - vəzirə tuşlanır. Xalq üsyanını  yatırmaq üçün vəzir cürbəcür tədbirlərə əl atır, üsyançıları asır, sürgün edir. Lakin üsyan daha da alovlanır. Vəzir bir dəfə yuxuda uzun saqqallı bir şeytan görür, fikirləşir ki, xalqı yoldan çıxaran yəqin ,  elə budur. Şeytanın saqqalını əlinə keçirib qışqırır: «Ah, sən lənətə gəlmiş şeytan! Heç bu saqqalından utanırsan, bəlkə bu saqqal sənə Allah adamlarını yoldan çıxarmağa, suyu bulandırmağa lazımdır?». Vəzir qəfil yuxudan ayılır və öz saqqalından möhkəm yapışdığını görür. C.Hacıbəyli çox yığcam şəkildə, ustalıqla xalqın vəziyyətini, üsyanın səbəbini göstərir və ona bais dövlət rəhbərlərini öz dili ilə ifşa edir. Bu hekayədə də müəllifin  xalq arasında müxtəlif hadisələrlə bağlı gəzən lətifələrdən ustalıqla   bəhrələndiyi açıq-aşkardır.

Yazıçının  mühacirətdə qələmə aldığı bədii  və publisistik  əsərlərində- “ Mindiyimiz səfinə”, “Toy”, “Baş tutmayan ziyarət”, “Səhər”, “Məmmədqulunun səyahəti” ,  “Müəzzinin lənəti” , «Stalinin öpüşü və ya staxanovçu Fatimə» , “Nejdanovun işi” , “ Bir il xəyallarda... və bütöv bir ömür”, “Batum təəssüratı” , “ “İlk Azərbaycan operası necə yarandı” v.s. kimi hekayə və xatirələrində  Ceyhun Hacıbəyli şifahi bədii  nümunələrdən – atalar sözü, məsəllər , alqış, qarğışlardan  bacarıqla isifadə etmişdir. Nasirin bədii obraz kimi baş və sevimli qəhrəmanı Hacı Kərimdir. Onun Hacı Kərimlə bağlı 8 hekayəsi – «Hacı Kərimin səhəri», «Zəruri şər», «Hacı Kərim iş başında», «Hacı Kərim qonaqlıqda», «Hacı Kərimin məhəbbəti», «Hacı Kərimin səfərə hazırlığı», «Hacı Kərim toyda», «Hacı Kərim hamamda» adlı əsərləri mühacirətə qədərki dövr yaradıcılığının məhsuludur. Mühacirətdən sonra da Ceyhun bəy bu mövzuya müraciət etmiş, yuxarıda adları çəkilən hekayələrdən bəzilərini fransız dilinə çevirmiş, “ Baş tutmayan ziyarət” adlı daha bir hekayə də qələmə almışdır. İstsnasız olaraq bütün hekayələr folklor nümunələri, motivləri ilə zəngindir.  

 

 

Alqış və qarğışlarla dolu səhnələrin olduğu  “Hacı Kərim iş başında” hekayəsi qəhrəmanın hiyləgər, fırıldaqçı, mənəviyyatca kasıb, eyni zamanda zirək, çevik, ayıq olduğunu göstərir. O, dükana parça almağa gələn müştəriləri əliboş yola salmamaq üçün dəridən-qabıqdan çıxır, hər cür dona girir, hər şərəfzizliyə əl atır: ən əvvəl  kənddən gələn utancaq, çəkincən  müştərilərə onların imtina edəcəklərini bildiyi halda, təkidlə  çay, sonra hətta kabab təklif edir; bu yolla “ tələyə düşməyən ovuna”atam sizə qurban”, “ anam sizə qurban “-deyə “şirin” dilini işə salır; parçanın baha satıldığını fikirləşməsinlər deyə, and- aman içməyə başlayır: “Sizdən ən yaxın adamlarım kimi bir qəpik də artıq almaram. Yalan deyirəmsə, müqəddəs məscid məni vursun! Yalan deyirəmsə, Yezidəm”. Bunlar da kara gəlməyəndə müştərini tərifləməyə başlayır, ona indiki təbirlə desək, komplimentlər yağdırır:” Maşallah, maşallah, necə yaraşıqlısan , bəd nəzərdən uzaq! Qızım olsaydı, sənə verməsəydim, it oğluyam!” Hacı Kərim yalan söyləmək ustasıdır. Övladları hələ uşaq olsa da, onları səriştəli tacir kimi öyməkdən utanmır, usanmır: “O, parçanı kəndlilərə göstərdi: -Möcüzə maldır, baxın, toxunun! Dünən oğlum Firənistandan gətirib. Hamısını satmışam, qalan elə budur. Dünyanın harasına getsəniz, belə mal tapmazsınız, tapsanız , atama lənət!”. Ceyhun Hacıbəylinin qəhrəmanı nəinki kəndliləri, az qalır oxucunu da dediklərinə  inandırsın .

Hacı Kərimin bazarda təsviri həm gülüş, həm nifrət, təəccüb, həm də acı təəssüf doğurur. O, öz həmkəndlilərinə parçanı sırımaq üçün and-aman edir, «ata-babasını qəbirdən çıxarır», özündən ixtiyarsız o qədər həvəslə, həyəcanla,   ehtirasla müştərilərə dil-ağız edir ki, axırda təngənəfəs olur, bununla belə istəyinə də çatır.

“Baş tutmayan ziyarət” hekayəsindəki Əbdül Kərim   hələ “Hacı” titulunu əldə etməyib və   «Bəlkə, sən qiymətdə aldadırsan» - sualı ilə  ona müraciət edən müştəriyə əzəmətli səslə «Müqəddəs Kəbə belimi qırsın, əgər mən sizə insafsız qiymət deyirəmsə», yaxud «Əgər yalan deyirəmsə, ziyarət etdiyim müqəddəs Məkkə məni yerimdəcə ildırımla vursun» - deyə bilmirdi . İndi  Əbdül Kərim ən yaxşı halda yazıq görkəmlə hər kəsin işlətdiyi bayağı, duzsuz, təsirsiz andlardan istifadə edirdi: «Yalan deyirəmsə, uşaqlarım ölsün», «Meyidini görüm, səni qəbrə qoyum, əgər…». Bəzən belə ikibaşlı və çox mənalı ifadələr nəinki  müştərinin  ürəyincə olmur, onu  cəlb etmir, əksinə Əbdül Kərimi çıxılmaz vəziyyətə salır: «Elə öz meyidini gör. Özünü qəbirə qoy» - deyə uzaqlaşan alıcı yaxınlıqdakı Məşədi Qasım və ya Kərbəlayi Əhmədin dükanına tərəf gedirlər» . Hacı Kərimin baş qəhrəman olduğu digər hekayələrdə də müəllif öz duyğu və düşüncələrini oxucuya daha canlı, obrazlı, təsirli çatdırmaq üçün folklor nümunələrindən yerli- yerində və bacarıqla istifadə etmişdir.

Gənclik illərindən ədəbiyyata, folklora, musiqiyə böyük maraq göstərən  Ceyhun Hacıbəylinin bu mövzulara fransız dilində qələmə aldığı “ Bir il xəyallarda... və bütöv bir ömür” adlı  memuarında da toxunması təbiidir. Atası və əmisi haqqında xatirələrini yada salan Ceyhun Hacıbəyli yazır: «Mən və qardaşlarım heykəltəraşlıq sənətinin, rəssamlığın, mahnı və musiqini kimdən irsən aldığımızı bilmirəm». Əmisnin dostu, paltar mağazasının sahibi Mirzə Cəfəri isə belə xarakterizə edir: “…ancaq o şair və xüsusilə həcv  yazan bir adam kimi tanınırdı. Onun qələminin kəskinliyi hamı tərəfdən etiraf olunardı”. Memuarist yazır ki, Şuşanın təbiəti, iqlimi, gözəlliyi burada yaşayanların poetik, şairanə qəlbinə nüfuz etməyə çox imkan yaradırdı. Ceyhun Hacıbəyli  yas mərasimlərində qadınların bədahətən söylədikləri ağıları, bayatıları, laylaları heyranlıqla yada salır, onlardan yerli-yerində sitatlar gətirir.  Ceyhun bəy  bu qəbildən olan mərasimlərə hazırlığı, onun gedişini, ona verilən tələbləri məharətlə təsvir edir:  “Hər bir mərhum üçün doxsan yaşlı ağıçı qadınlar müfəssəl, uyğun sözlər taparlar. Eşitmişdim, o vaxtlar bu uğursuz ağıçı arvadlar, «işsizliyi» az və çox müddət ərzində ixtisar etməyi bacarır, hər bir yeri bayraqlarla bəzəmək, yaxud şeytana papış tikmək də, pişiklərə  dəyişək (paltar) geyindirmək də əllərindən gəlir. Mərasim iştirakçılarda dərin, kədərli duyğular yaratmalıdır... Bax, məhz buna görədir ki, əgər hər hansı bir peşə, sənət həmişə fəaliyyətdədirsə və əgər belə nümunəvi mərasimlər keçirilirsə, onda bu qəmgin sənətkarlar özləri aşağıdakı kimi bir mahnını oxumağa borcludur və bunu yerinə yetirməlidirlər:

 

 

Gəmim dənizdə batdı,

Məhsulumu tufan apardı.

Arzularını görə biləcəksənmi, - ah tale!

Mənimkilər kimi nakam getdilər.

Yaxud yenə:

Ey insanlar , mənim dərdimi eşidin,

Dərdim dərmansızdır, əlacı yoxdur.

Nə qədər ki, əkdiyin güllərin məhsulunu başqaları dərirlər...

Mən ancaq dərd dərirəm.

 

Və daha sonra sonra belə bir şey:

O gəldi - haradan? - Bilmirəm

Qəlbləri kədərləndirən bu adam...

Səmada  bulud yox idi

Bu yağış haradandır?

Və yaxud:

Xəstəyəm, öz dərdimi çəkirəm

Ağır azara tutulmuşam

Kaş qəm karvanı yola hazır olaydı

Yavaş-yavaş sürünürəm...

Və şəxsi bədbəxtlik üçün:

Bu səfeh etiqad edərək otlayır

Boynunu yana əyə-əyə

Əlini aşağı salarsanmı, ey qəddar ovçu?!

Sən onu  vurduğun an!

 

Folklor bilicisi göstərir ki, ağılar  şəraitə uyğun olaraq seçilir. Mərasim mahnılarını söyləyən təkcə ağıçı qadınlar deyildirlər . Bizim bütün qadınlar belə bədahətə yiyələnməli, onun hər bir incəliklərini yaşamağı bilməli və bunların oxşar həddini-hüdudunu matəm mərasimi ilə üz-üzə dayanıb mənimsəməlidirlər. Matəm məclisində ağzına möhür vurub  yeganə  sakitcə  duran adam  (mərhumun və yaxud mərhumənin ətrafında , mərasimin qonaqlarının qarşısında) məclisi  idarə edəndir.  Belə yerdə təqlidi sözlər kifayət etmir. Böyük cəhd etmək la­zım­dır ki, bu işin içindən lazımınca çıxmağı bacarasan.

 Müəllif  şahidi olduğu bir hadisəni söyləməklə də  ağıçı  qadınların qeyri-adi bacarığa sahib olduğu fikrini əsaslandırır . O,  nəql edir ki, bir dəfə bir-biri ilə qonşu olan  müsəlman və erməni qəbirstanlığında məni təsirləndirən  hadisə ilə rastlaşdım. Bir neçə erməni qadını və qızı yeni basdırılmış adamlarının qəbri üstündə ağlaşırdılar. Yoldan keçən  müsəlman qadını da matəm içində olan erməni ailəsinə yanaşır. Bircə an sonra bizi sarsıdan ağılardan birinin ətrafa hakim kəsildiyini eşitdik: bədii, gözəl ağılardan biri idi. Mərhumun yaşını, hətta  hansı cinsdən olduğunu, nədən öldüyünü  belə bilməyən müsəlman qadının oxşama sözləri, eləcə də qəddar taleyin ünvanına yağdırdığı lənət və qarğışlar erməni qadınlarının ağlaşını ikiqat artırdı və onlar müsəlman qadınını bu mərasimə göndərdiyinə görə Allaha təşəkkür edirdilər…

Memuarda məhərrəmlik mərasimlərinin, xüsusi ilə Aşuranın keçirlməsi bütün təfərrüatı və təfsilatı ilə təsvir edilir. Gənc yaşlarında gördüyü , iştirakçısı olduğu mərasimləri Ceyhun bəy o qədər təbii, inandırıcı təqdim edir ki, səhnələr sanki  oxucunun gözləri qarşısında, cərəyan edir,  canlanır.  Memuarda  əvvəlcə Aşuranın   tarixi  haqında qısaca məlumat verən müəllif yazır ki,  “o ayın, daha dəqiq, Məhərrəm ayının 10-nun -da Mesapotomiyada Kərbəlanın düz «ortasında», Fərat çayının sahillərində Peyğəmbərin nəvəsi və Əlinin oğlu İmam Hüseyn, 72 nəfər yaxınları ilə birlikdə, onların arasında onun özünün iki oğlu, əmioğlusu və nəvəsi də vardı - hamısı faciəli surətdə  məhv oldular, çürüyüb getdilər”. Faciənin dini, siyasi səbəblərini elmi baxımdan izah edən C. Hacıbəyli daha sonra doğma Şuşa şəhərində bu hadisənin tragik-tamaşa formasında qeyd olunduğunu göstərir:” Məhərrəm ayının lap başlanğıcından etibarən nağaranın küt, ağır səsini hamı eşidər və onunla eyni ahənglə  qulaqbatırıcı  «Heydər!, Səftər!» sözləri ardıcıl olaraq, ara vermədən ucadan səslənərdi . Bütün bu deyilənlər  məhəllələrin cavanları arasında və məhəllə məscidində   icra olunardı, bu balaca şəhərdə isə 17 məhəllə vardı...  bu məhəllələr  biri-birinin ardınca cərgə ilə düzülmüşdülər və hamının da əlində uzun çoban dəyənəkləri, dəyənəklərin  də ucunda dəhşətli dəmir kürəciklər bağlanıb bərkidilmişdi. Hər bir məscidin qarşısında dairəvi şəkildə, ictimaiyyətin gözü qarşısında tamaşa ( əslində bu faciəli mərəkə idi ) nümayiş etdirilirdi”. Yuxarıda qeyd etdiyimiz kimi , Ceyhun bəy  Aşura fəlakətinin  “səhnələşdirilmiş “ variantını öz gözləri ilə görmüş, bu ürəkdağlayan  tamaşaların şahidi  və   iştirakşısı olmuşdur: “Aşura ərəfəsində (fəlakətli tarixin onuncu günü) mən gedib «ox aparanların» , bayraqdarların «necə bəzənməsinə» baxırdım: düşmən oxları tərəfindən müxtəlif yerlərindən deşik-deşik edilən qurbanları xatırlayaraq çağırırdılar. İmam sülaləsindən olanların bədən üzvləri rəzə, bıçaq, xəncər və bəzən isə mahmızla kəsilib (qopardılıb) ətrafa atılmışdı. Mən bu qurbanların öz əməllərinə görə necə soyuqqanlıqla dözdüklərinə diqqətlə tamaşa edirdim.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  

 

 

Bu zaman bütün bunları səhnələşdirib tamaşaya qoyanlar onların dərilərinə əllərindəki bizi batırırdılar. Camaat onlara təfsilatı ilə insana ruh verən mahnılar  oxuyurdular... İçkinin köməyilə yox, haşa buradan ! Bir müddət gecə oyaq qalaraq yenidən hərəkətə gələn ələmdarlar (bayraqdarlar) sabahısı günü yenidən «ağ köynək» əmə­liyyatına başlayırdılar”.  Bağırtılar, fəryadlar, mahnılar, hönkürtülər, hıçqırıqlar ,  matəm musiqisi , at kişnəməsi, sinələrə, kürəklərə millərlə vurulan ağır yumruq zərbələrinin  səsi,  ağılar, dil deyib ağlayanlar, bir-birini tez-tez əvəz edən  təsirli səhnələr, bir sözlə Aşuranın  son dərəcə həyəcanlandırıcı mənzərəsi C. Hacıbəyli qələmində uğurlu əksini tapmışdır. Memuarist səhnələrin inandırıcı, təsirli hazırlandığını xüsusi vurğulayır və örnəklərlə əsaslandırır: “Arabir həqiqi epizodik səhnələr tamaşaçının qarşısında cərəyan edir, göstərilir: burada iki nəfər qandallanmış oğlan uşağı çox çətinliklə yeriyir , susuzluqlarını yatırtmaq üçün onlara mane olan cəlladlar tərəfindən qamçı zərbələri ilə döyülən Müslümün uşaqlarını təmsil edirlər . Burada zirehli geyimdə olan süvarilər arasında döyüşlər gedir ; digər tərəfdən imamın və onun yaxınlarının çadırına od vurub yandırırlar - bütün bunlar haray-qışqırıq içində baş verir”. Mərsiyəxanların, rozəxanların  söyləmələri mərasimi daha da qızışdırır, insanları təlatümə gətirirdi. Müəllifin Aşura mərasiminin qeyd olunmasına   əsərdə geniş –10 səhifədən çox  yer ayırması onun milli , dini dəyərlərə, adət- ənənələrə qırılmaz tellərlə bağlı olduğuna dəlalət edir, eyni zamanda  əsrlərdən şifahi sözlə nəsillərdən nəsillərə ötürülən , qorunan və zənginləşdirilən xalq yaradıcılıq nümunələrini yaşatmaq  istəyindən, sevgisindən qaynaqlanır.

 

 

Memuarda  Ceyhun Hacıbəyli doğma Vətənində adamların tez-tez «yağlı» sözlərlə, işarələrlə, eyhamlarla, məcazlarla, qondarma ibarələrlə danışdığını və həmin ifadələrin yerində, səciyyəvi və gözəl olduğunu qeyd edir: «…bir təşəbbüs həyata keçməyəndə deyərlər: Dəvə oynayanda qar yağar; Razılıq əlaməti belə bildirilir: Kor nə istər, iki göz, biri əyri, biri düz; Uzaq qohumluq əlamətinə, yaxud, iki nəfər arasındakı yaxınlığa, məhrəmliyə etiraz etmək üçün söz atarlar: Arazı keçəndə bunlar arxalarını bir-birinə sürtüblər;  Birinin arzusunun əlçatmazlığına «Ac toyuq yatıb yuxuda darı görər» - deyə kinayə edərlər; Məğrurluğu, yaxud lovğalığı ifadə etmək üçün belə deyərlər: Mən bəylərlə plov yemirəm ki, bığlarım yağa batar; Vicdansız və qəddar adam üçün bu cümləni işlədərlər: «O, öz anasının döşünü kəsər»; Hiyləgər və bicin ünvanına «O, səni çaya susuz aparar, susuz da gətirər» – deyərlər; Lal-dinməzə, qaraqabağa, adama yovuşmayana: «Bunun buynuzu qarnındadı»;  Ədəbsiz və utanmaza «Onun üzü sağrısından qırmızıdır»; Zəif, aciz adamı ifadə etmək üçün «O, təmizə çıxmaq üçün gözündən də xahiş edər»; Qeyri-ciddi, əsassız danışan barədə «O, sözünü elə deyir ki, bişmiş toyuğun da gülməyi gəlir» - deyərlər”. Bir tamaşa salonunda anlaşılmazlıqdan inciyib teatrı tərk edən hərbçilərdən bəhs edərkən C.Hacıbəyli mövcud mənzərəni oxucuya çatdırmaq üçün yenə atalar sözünə  üz tutur: «Bax, belə yerdə bizim xalq deyimimizi işlətmək yerinə düşər: «Ayı meşədən küsüb, meşəninsə xəbəri yoxdur».

C.Hacıbəyli əsərdə bədii, obrazlı, ifadə vasitələrindən, xalq danışıq üslubundan  gen-bol, yerli yerində və məharətlə istifadə edir: «Biz bir neçə «palıd kimi» adam qızılgül kolluğuna düşürük»; «Bol arpa götürəcəyimizə inandığımız tarlada  alaq otları ağalıq edir. Təbiətdən gələn bu təhlükə dalğası hər yeri basmış, süpürüb alt-üst etmişdi»; «Onun yorğun və həyəcanlı sifəti yaşlı bir adamın müsibətlərini xatırladır»; «Bu bəlanın, bu qədər dərd-qəmin hansı ifadələrlə yazılacağını özüm-özümdən soruşuram… gərək dəryalar mürəkkəb, qamışlar qələm olsun!»; «Gözlərim qanlı göz yaşları axıdır», «Bütün dünya mənim şikayətlərimdən xəbərdardır, bədbəxt taleyimsə heç vaxt ayılmayacaqdır» - kimi cümlələr bir tərəfdən müəllifin fikrini tam və düzgün çatdırmağa xidmət edirsə, digər tərəfdən də əsəri oxunaqlı, canlı edir.

C.Hacıbəyli «yanaqları çuxurlanmış, arıq bədənli», «həmişə xırıldayan» Xanlıq Kərimi də unutmadığını, onun qolunun, ya da çiyninin üstünə qoyduğu qızılquşla mütəmadi ova çıxdığını, quşu ovun üstünə buraxdığı zaman bacardığı qədər hay-küylə ona ürək-dirək verdiyini, ruhlandırdığını da yaxşı xatırlayır: «Onun ovun dalınca göndərdiyi quşun arxasınca «atam», «anam», «qoçum», «mənim quzum» dediyini  bəzən indi də eşidirəm, «Sənin gözlərinə dönüm», «Dədəm sənə qurban», «Sənin məmələrini yeyim» kimi məni valeh edən cümlələri indi də qulaqlarımdadır”.

Ceyhun Hacıbəyli memuarda  Qarabağın, onun mədəniyyət beşiyi Şuşanın və ətrafının füsunkar təbiətini məhəbbətlə vəsf edir. O, Şuşa yaxınlığında yerləşən Daşaltı barədə bəhs edərkən göstərir ki, “bir xalq mahnısında bu yerin vəhşi, gözəl mənzərəsi  təriflənib göyə qaldırlır”. Daşaltının əsrarəngiz gözəlliyi haqqında danışandan sonra müəllif bu kənddə baş verən , sonralar  rəvayət şəklində bütün  Qarabağda dillərdə dolaşan hadisəni oxuculara nəql edir. Məlum olur ki, Daşaltında yaşayan    Çatı adlı bir erməninin  hər iki qızı pis yola düşmək qərarına gəlmişlər. Bütün şəhərdə onlar bu peşəni açıq-aşkar, hamının gözü qarşısında həyata keçirən yeganə adamlar  idilər. Qınaq və təhdidlərdən sonra bacılardan biri  tövbə edir və özünü dəyişməyə məcbur olur, yerli kilsənin başçısının köməyilə o qız qohumlarının birisinə ərə verilir. Məşhur «Çatı qızları»nın fəaliyyəti xatirələrdə yaşayan mahnıda belə canlanır:

 

Gedək Daşaltıda gəzək,

Ördəklərtək göllərində üzək.

Mən Çatıyam, dərd-qəmlərim məni üzür.

Cəngavərlər atlarını yəhərləyirlər,

 Mənsə piyadayam...

Çatının qızı atına mindi

Ölürəm, kimə şikayət edim?

Ölürəm, şikayət edəcəyim adam sənsən...

 

 

Memuarda inqilabdan   əvvəlki   Bakı   həyatı,   xüsusi   ilə   qoçuların   şəhərdəki fəaliyyəti,    əhali    arasındakı    nüfuzu haqqında xeyli məlumat verilir. Ceyhun bəy   qoçulardan Ağa Kərimi, Teymur bəyi, Kərbəlayi Abdullanı yaxşı xatırladığını yazır, qoçular arasındakı münasibətlərdən və   onların əməllərindən geniş bəhs edir.  Qoçu Teymur barədə yazır ki,   heç kəs gənc qoçunun qızğınlığına  müqavimət göstərə bilmirdi. Onun adının çəkilməsi bütün qoçuların arasında  çaxnaşma yaradırdı. Təvazökarlıq və sadəliyi onun zəif olması demək deyildi, o, öyünməyi  və həmçinin nəyisə öz yoldaşlarının – çığırdaşlarının boynuna qoymağı açıqca xoşlayır, sevir və onların igidliklərini qısqanırdı. Qoçunun xarakterindəki bir cəhət də Ceyhun bəyin diiqqətini çəkmişdir:  “ O, «Koroğlu» dastanından  götürülən «Koroğlu” sözünü təkrarlamağı xoşlayar və deyərdi : «Çox cavan oğlanlar atalarının gözlərini çıxartmışlar ki, onlara Koroğlu desinlər, ancaq onlara “Kor kişinin oğlu” deyəcəklər». Müəllifin dastana və ümumiyyətlə, şifahi xalq yaradıcılığına vurğunluğu hər cümləsinə hopmuşdur:  “  Bu kəlamın - hikmətin (aforizmin) duzunu dadmaq üçün xatırlamaq lazımdır ki, Koroğlu cəsur, igid və ədalətli əfsanəvi bir xalq  qəhrəmanının adıdır - yaxud, ayamasıdır”.

 

 

Memuarın lap əvvəlində Ceyhun bəy  ailələrində ənənəyə çevrilmiş yuxu yozmaları onların nəsillərində qədim zamanlardan qalma adətlə izah edir, yazır ki, həyatımızı az qala yuxularımıza uyğun qururduq. Səyahət, toy, nişan ərəfəsində, alqı-satqıda, yaxud işə götürmək, işdən azad etmək zamanı anamız yuxuları yozaraq atama, bizə yol göstərirdi. «Bizim ən qorxulu xəyallarımızın elementləri bunlar idi: od, alov, toy, dişin düşməsi  və s. bununla yanaşı su, at, səfillik, gecə vaxtı təsis edilmiş nişanlar uğurlu işlərin əlaməti sayılırdı». Həyatının Şuşa dövrünü xatırlayan C. Hacıbəyli evlərinə yaxın meşədəki heyvanların toyuq-cücəyə qənim kəsildiyini, odur ki, fürsət düşən kimi onları ovladıqlarını yazır. Növbəti dəfə hədəf porsuq olur: “Göz qabağındakı bu səhnə kədərli idi və mən atamın çox pərt olduğunu, tutulduğunu gördüm. Vəhşi heyvanın cəsədini evə qədər sürüdük . Analarının döşünü  hələ də soran balaları görəndə hamını heyrət götürdü, hamıdan betər, pis vəziyyətdə anam idi. O, artıq atamın törətdiyi əməlin qarşısında tir-tir əsirdi, çünki bizim məlum xalq məsəlində deyilirdi: «Bir yuvanı dağıdan öz yuvasının da dağılmasını görər». Ceyhun bəy öz ailə faciəsini də nəzərdə tutaraq yazırdı: “Həqiqətən, xalq deyimində  yanılmayıb, hər şeyi düz deyibdir..”.

 

 

Maraqlı və diqqətçəkicidir ki,  Ceyhun Hacıbəylinin  siyasi publisistikasında da folklora xas ruh hakimdir: kinayə, istehza, məsəllər, qanadlı ifadələr,  atmacalar mətni ağırlaşmaqdan qoruyur,  eyni zamanda müəllif istəyini oxucuya daha canlı , daha təsirli formada çatdırır. Bir nümunə  gətirməklə kifayətlənəcəyik. Ceyhun bəyin qələmə aldığı və Parisdə nəşr olunan  « Revue de deux Mondes » ( yanvar, 1934) irihəcmli   « SSRİ-də ziyalılar » adlı məqaləsində   rejimin elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərini kölə vəziyyətinə salmasından , senzuranın yaradıcı insanlara qarşı amansız münasibətindən bəhs olunur. Məqalə son dərəcə ciddi və siyasi  bir mövzuya həsr edilsə də , C. Hacıbəyli burada da  özünəxas üsluba sadiqdir. Məqalənin xüsusi ilə «  Kölə vəziyyətində olan ədəbiyyat » və « Senzura necə işləyir » adlı hissələri xalq ədəbi nümunələri üçün xarakterik olan lövhələrlə zəngindir. Müəllif rejimin dəhşətli  iş metodunu göstərmək üçün yazır : “Bu il bolşevik rəhbərlər belə bir qənaətə gəliblər ki, rus xalqı qəmgin görsənir: o artıq ğülmür. Etiraf edək ki, bunun üçün əsas var idi. O saat təbliğat və təşviqatın mərkəzi orqanı «Agitprop» yazıçılara, qəzetlərə və nəşriyyatlara bir şüar gönədrdi: «kütləvi gülüş təşkil etmək lazımdır» ! Çətinlik də elə buradan başlandı. Sovet Rusiyasında gülüş «ideologiyaya» uyğun olmalı idi; burjuy və kapitalisti güldürən bir şey proletarda təbəssüm belə oyada bilməzdi”.  Publisist daha sonra Sovet Yazıçılar İttifaqının baş katibi Kirpotinin  “yeni gülüşlə” əlaqəli   tam ciddiyətlə bəyan etdiyi  cümlələri sitat gətirir: « Bəli, satira bizə mübarizə üsulu kimi lazımdır. Lakin bizə elə satira lazımdır ki, SSRİ-də zəhmətkeşi güldürsün, Parisdə və ya Romada isə dişləri qıcırtsın... Proletar kimi gülməyi bacarmayan, heç səsini çıxarmasa yaxşıdır.» Müəllif ədəbiyyata, sənətə  sinfi, partiyalı münasibətin, marksizm-leninizm ideologiyasının mahiyyətini məharətlə açır və  ədəbiyyatın  milli, ənənəvi dəyərlərdən məhrum edildiyini də vurğulayır . Yazır ki,  bolşeviklərin gözündə yaxşı görünmək üçün ədəbiyyat özünəməxsus olmaqdan əl çəkməli idi: poeziya, lirika, psixologiya, keçmişin düzgün canlandırılması, adət və ənənələrin təsviri, bunlar hamısı burjuaziyanın qalıqlarından başqa bir şey deyil.

 

Proletar yazıçı sinfi mübarizə, sosializm quruculuğu, beşillik plan, zavod və kolxozların həyatı barədə yazılarla kifayətlənməli idi. Şair öz ilhamını yalnız zavodların tüstüllənməsində və mühərriklərin səsində axtarmalıdır. Ceyhun Hacıbəyli   məqalənin sonunu obrazlı təsvirlərlə, maraqlı faktlarla, eyni zamanda dövrünün dildən –dilə gizli  gəzən  məşhur lətifəsi ilə bitirir : « Boyunduruq altında beli bükülmüş yazıq zəhmətkeş sovet ziyalıları bir növ qisas almaq üçün 1931-ci ilin iyun ayının 23-də Moskvada Sənaye İşçilərinin Konfransında Stalinin  çıxışında irəli sürdüyü, sənaye müəsissələlərinin inkişafı üçün zəruri olan və sovet zəhmətkeşlərinin «İncili» hesab olunan məşhur «altı şərtə» oxşar, ironiyalı «altı tövsiyənin» mətnini öz aralarında yaymışdılar:

 

-Özünü düşünməkdən qoru;

- Bunu bacarmırsansa, düşündüyünü ifadə etməkdən çəkin;

- Əgər fikrini artıq ifadə etmisənsə, onu kağız üzərinə köçürməkdən özünü saxla;

-Əgər fikrini yazılı ifadə etmisənsə, onu çap etdirməkdən əl çək;

-Fikrini artıq çap etdirmisənsə, yazdıqlarının yayılmasının qarşısını al.

-Əgər onları artıq yaymısansa, onda günahlarını etiraf edən məktubu tərtib etməyə başla!”.

 

 

Ceyhun Hacıbəyilinin  yaradıcılığında və fəaliyyətində   folklor nümunələri,  izləri və elementləri  ilə bağlı qeydlərimizi yekunlaşdıraq, bu qənaətə gəlirik ki, yazıçı- publisist:

-həm mühairətəqədərki dövrdə  maarifçilik missiyası ilə qələmə sarılanda, həm də  mühacirət dövründə istiqlal mücahidi kimi sovet rejimi və kommunist ideologiyasına qarşı mübarizə aparanda bədii və publisistik əsərlərində şifahi ədəbi nümunələrdən məharətlə bəhrələnmiş , bunun sayəsində  ideya və istəklərini,  milli duyğu və düşüncələrini daha canlı, daha obrazlı, daha təsirli çatdırmağa müvəffəq olmuşdur;

 

-tükənməyən  sevgi və qayğı ilə folklor nümunələrini toplamaqla, tədqiq və təbliğ etməklə Azərbaycan mədəni irsinin qorunmasına və tanıdılmasına böyük töhfə vermişdir;

-bu gün də aktuallığını itirməyən irsi ilə, eyni zamanda folklor toplayıcısı və  folklorşünas kimi də tariximizdə qalmaq haqqını qazanmışdır.

     


Yazarlar