Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

YAP və daha 2 parlament partiyası “Qarabağ” mitinqinə qarşı ÇIXDI

  17
10:35 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Qarabağ Komitəsi 15 dekabr 2018-ci il tarixində mitinq təyin edib.  Bəs görəsən “Qarabağ” mitinqində partiyalar da iştirak edəcək? 

Modern.az məsələ ilə bağlı partiyalardan münasibət öyrənməyə çalışıb.

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə:

 

“Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi mitinqlərlə həll olunan məsələ deyil. Bu, insanlarda səhv  təsəvvür yaratmaq cəhdidir. Bu baxımdan opponentlərimiz də olsa onların Qarabağ məsələsini mitinqlərə çıxarmasını təqdir etmirik. Dağlıq Qarabağ problemi dövlətin gücü ilə, apardığı siyasət ilə, Ermənistana hərtərəfli təzyiq göstərilməsi ilə, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin diqqətə çatdırılması ilə həll olunmalıdır. Bu istiqamətdə Azərbaycan iqtidarının fəaliyyəti kifayət qədər böyükdür. Diplomatik sahədə, həm də döyüş meydanlarında əldə etdiyimiz uğurlar bu gün Ermənistanı çıxılmaz vəziyyətə salıb. Bu gün hakimiyyətin apardığı siyasətlə Qarabağ problemini həll edəcəyi gün elə də uzaqda deyil”.

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa :

 

“Əlbəttə mitinq keçirmək hamının hüququdur, ona görə də buna normal yanaşıram. Hansısa bir şəkildə partiyamıza müraciət daxil olmayıb. Amma bütünlükdə mən məsələlərin mitinqlə həllinə razı deyiləm. Bu problemlərin, təşviqatların  cəmiyyət  içərisində rəsmi şəkildə çatdırılmasına daha çox önəmli baxıram. Çünki, elə məsələlər var ki, mitinqlə hansısa bir qərarın qəbul olunmasının effekti daha az olur. Digər tərəfdən bu tədbiri elə təşkil etmək lazımdır ki, bütövlükdə Azərbaycan cəmiyyətinin bütün sferaları birləşmiş formada onu gerçəkləşdirsin. Bu məsələdə iqtidarın da razılığının olması vacibdir. Qarabağ məsələsi hamını əhatə edən məsələ olmalıdır. Kiçik tədbirlər fonunda burada xoşniyyətli addımların belə effekti çox olmur. Bu baxımdan da mən bu məsələnin daha geniş miqyasda həllinin tərəfdarıyam. Bütün iqtidar təmsilçilərinin də bu prosesdə iştirakını vacib sayıram. Çünki elə məsələlərdir ki, özümüz deyib, özümüz eşitməyin mənası yoxdur. Qərar qəbul edən mexanizmlər iqtidarın əlindədir. Elə etməliyik ki, hamını ortaq nöqtəyə gətirə bilən nəticə əldə edək”.

Fazil Mustafa deyib ki, dəvət olunarsa və önəmli bir tədbiri olmazsa mitinqdə iştirak etməkdə problem görmür.

“Amma mən ümumilikdə mitinq formasına üstünlük vermirəm”.

 

Vəhdət Partiyasının sədri , deputat Tahir Kərimli:

 

“Bizə mitinqdə iştirakla bağlı hər hansı müraciət daxil olmayıb. Eyni zamanda bildirmək istəyirəm ki, əvvəl keçirilən “Qarabağ” mitinqi ilə bağlı müraciətə müsbət cavab verilməyib. Bütün hallarda tövsiyə edərdim ki,  razılaşdırılmış mitinq keçirsinlər. İstəyirəm ki, bu mitinq Qarabağ məsələsində xalqın təşkil olunması, səfərbər olunmasını təmin etsin, nəinki müxalifətdaxili ziddiyətlər daha da qabarsın, cəmiyyətdə ayrı-ayrı haçalanmalar yaransın. Yəni hərəkət edəndə ölçüb-biçmək lazımdır. Əgər müraciət olunsa partiyada baxarıq, bu barədə müvafiq rəy verərik”.


Yazarlar