Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ƏLI HƏSƏNOV: "MÜSTƏQIL AZƏRBAYCAN DIL SIYASƏTININ
MÜƏYYƏNLƏŞMƏSI DƏ ULU ÖNDƏRIN ADI ILƏ BAĞLIDIR"

  38
21:29 05-12-2018
Şriftin ölçüsünü dəyiş  

"Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir"

 MTRŞ sədri Nuşirəvan Məhərrəmli: "Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması baş alıb gedir"

 Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri tərəfindən ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

 

Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən N.Məhərrəmli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən kütləvi informasiya vasitələri Azərbaycan dilinə diqqət, qayğı və məsuliyyətlə yanaşmalıdırlar: “Ölkəmizdə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi diqqət yetirilir. Çox təəssüf ki, televiziya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı problemlər qalmaqdadır. Monitorinqin nəticələri göstərir ki, vəziyyət ürəkaçan olmasa da, müəyyən irəliləyiş var, əvvəlki illərə nisbətən Azərbaycan ədəbi dilinə müəyyən dərəcədə riayət olunur. Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsi baş alıb gedir, bu məsələni daim diqqətdə saxlamaq lazımdır."

MTRŞ sədri qeyd edib ki, teleradio məkanında çalışan aparıcılar və diktorlar Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilməlidirlər: “Biz bu məsələlərdə daim kanallarla normal münasibətlər saxlamışıq. Teleradio məkanında ədəbi dilin yerini daha çox məişət dili tutur. Əgər Azərbaycan ədəbi dili qorunmursa, bundan narahat olmaq lazımdır. Bununla bağlı söhbətlər aparılır və tədbirlər görülür. Digər problemlərdən biri də qloballaşma prosesində güclü dövlətlərin siyasətlərini öz dilləri vasitəsilə həyata keçirmək istəyidir. Ancaq mümkün qədər bu təsirlərin qarşısını almalıyıq. Teleradio kanalları bu məsələdə cəmiyyətə nümunə olmalıdır”.

Sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: “Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır".

Prezident köməkçisi vurğulayıb ki, ölkə başçısı dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunmasını hazırda Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyur. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Artıq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq.

Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir."

Ə.Həsənov qeyd edib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: “Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.

Prezidentin köməkçisi bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu çox yüksək qiymətləndirib: “Əlbəttə, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndərin prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə onun rəhbərliyi ilə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas atributlarından biri olaraq təsbit edilib”.

Əli Həsənov deyib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl surətdə davam etdirir: "Azərbaycan Prezidenti hazırda dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 12-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir".

PA rəsmisi əlavə edib ki, ölkə başçısı dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunmasını hazırda Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb”.

O, bildirib ki, aidiyyəti qurumlar, o cümlədən dövlət orqanları, akademik dairələr dilimizdə yad təsirlərə qarşı ciddi mübarizə aparmırlar: "Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi də həmin sərəncamda xüsusi qeyd olunub: "Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident sərəncamında sadalanan nöqsanlar bu gün də tam aradan qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin istifadə dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud olan problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və aradan qaldırılması məqsədilə 1 noyabr 2018-ci ildə yeni bir fərman imzaladı. Artıq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”.

Sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir".

Onun sözlərinə görə, mətbuatda da dil ilə bağlı nöqsanlar var: “Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir."

Millət vəkili vurğulayıb ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb: “Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq".

Ə.Amaşov Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanların çox olduğunu diqqətə çatdırıb: “Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirən, burada nöqsanlar kifayət qədərdir”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu isə qeyd edib ki, dil xalqın sərvətidir, dövlət atributlarından biridir: "Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyyətlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Belə olan halda Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik”.

M.Nağısoylu bildirib ki, son zamanlar cəmiyyətdə rus dilindəki “uje” sözündən istifadə halları artıb: “Şadlıq evlərinin adlarının yanına ingilis dilindəki “palace” sözünün yazılması nə məqsəd daşıyır? Bu bizim dilimizdə saray deməkdir, bəs onda niyə saray deyil, “palace” yazırlar? Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, teleradio məkanında Azərbaycan ədəbi dilinin normaları daha çox pozulur: "Bu gün radiolara qulaq asmaq olmur. Elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. KİVDF mediada ədəbi dil ilə bağlı monitorinqlər aparılmasına dəstək olur və növbəti illərdə də bu layihələr davam edəcək".

Sonda Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.

Bildirilib ki, 6 adda TV (İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV) və 12 adda yayımlanan (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) radio verilişlərinin dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur.

Monitorinq nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozuntusunun göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3 120 (o cümlədən 564-ü xəbər, 2 554-ü qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1 695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1 017 (o cümlədən 219-u xəbər, 796-sı qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir. TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyəyə aiddir.

Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195-i bədii, 106-i cizgi, 81-i sənədli filmlər, 6-sı veriliş), norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyəyə aiddir.

Yazarlar