Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dövlət-din münasibətləri sahəsindəki siyasətin
əsas istiqamətləri dövlətin diqqətindədir

  26
19:54 05-12-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsəd, dini və milli tolerantlığın bütün dünyada təbliğidir

 Bu gün oxuculara dövlət-din münasibətləri barədə və bu münasibətlərin Azərbaycanda necə tənzimləndiyindən söz açacağıq. Məlum olduğu kimi, Azərbaycan dünyada islam ölkəsi kimi tanınır. Bu da səbəbsiz deyil. Əhalisini 90 faizindən çoxunun islam dininə etiqad etdiyi bir ölkədə belə də olmalıdır. Eyni zamanda Azərbaycan bütün bəşəri dəyərlərə hörmətlə yanaşan müasir dünyəvi dövlətdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə də, din dövlətdən ayrıdır. Yəni ölkəmizin dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma, bu o demək deyil ki, Azərbaycan dövləti dinə qarşıdır. Tam əksinə, beynəlxalq hüquq normalarına söykənən Konstitusiyamız millətindən və dinindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır və ona sayğı ilə yanaşır. Ölkəmizin Konstitusiyası, eləcə də müvafiq qanunvericilik aktları  da, hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verir. Ancaq onu da qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, qanunlarımız həm də ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyətini qadağan edir.

Bir sıra ekspertlər, eləcə də müxtəlif dini icmaların nümayəndələri hesab edirlər ki, ölkəmizdə dini mühitin tənzimlənməsində qüvvədə olan mövcud qanunvericilik bazası kifayət etmir və onun təkmilləşdirilməsinə ehtiyac var. Onlar ölkəmizdə müxtəlif dinlərin və cərəyanların yayıldığını nəzərə alaraq dövlətin də dinlə bağlı siyasətinin təkmilləşməsinə, din dövlətdən ayrı olsa belə, dini proseslərin dövlət tərəfindən tənzimlənməsinə etiyac olduğunu düşünürlər. Bu da istər- istəməz belə bir sualı ortaya çıxarır. Azərbaycan dövlətinin apardığı din siyasəti dövrümüzün reallığına cavab verirmi?

Bugünün reallıqlarına nəzər salsaq, birmənalı demək olar ki, verir. Birincisi, ölkə Konstitusiyasının 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu aydın şəkildə öz əksini tapıb. Yəni ölkəmizin ərazisində mövcud olan bütün dini etiqadlar qanun qarşısında bərabərdirlər. Dövlətin bu istiqamətdə apardığı siyasət də hamı tərəfindən qəbul olunur və bu, dövrümüzün reallığıdır.

İkincisi, bu gün bütün dünyada multikulturalizm məkanı kimi tanınan Azərbaycan dövləti ölkəmizdə tolerantlıq baxımından bütün dinlərə eyni şəraiti yaradıb və onların arasında heç bir ayrı-seçkilik hallarına imkan vermir. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır və belə bir cəmiyyətdə dinlərarası münasibətlərin bəşəri birgəyaşayış normalarına uyğun tənzimlənməsi çox çətin prosesdir, Azərbaycan dövləti bu çətinliyi uğurla dəf edə bilib. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, bu uğurlara səbəb Ümummilli Liderimiz Heydər Əliyevin hələ müstəqilliyin ilk illərində ölkəmizdə dini və milli məsələlərə müdrikcəsinə yanaşması, Azərbaycan Prezideni İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi və Azərbaycan xalqının tarixən tolerant millət olmasıdır.

Bu gün ölkəmizdə bütün dini bayramlar- islam, yəhudi və xristian bayramları eyni dərəcədə yüksək səviyyədə qeyd olunur və heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycan dövləti tərəfindən məscid, sinaqoq, kilsə və digər ibadət yerlərinin heç bir ayrı-seçkiliyə yol vermədən təmir edilməsi də, dövlət -din münasibətlərinin mövcud vəziyyətindən xəbər verir. Bütün bunlar təqdirəlayiq haldır və hesab edirik ki, Azərbaycan dövləti cəmiyyətdə dini proseslərə nəzarətetmə siyasətiylə yanaşı, həm də bu prosesləri istiqamətləndirmə siyasətini həyata keçirməlidir. Çünki din insanların mənəvi ehtiyacıdır. Bu gün dünyada, ələlxüsus da Avropa dövlətlərində İslam dininə maraq artır, bu da bəzilərini təşvişə salır. İslamafobiya meylləri, multikulturalizmin iflasa uğraması iddiaları da buradan qaynaqlanır.

Son dövrlərin müşahidələri də onu deməyə əsas verir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında da İslam dinini öyrənmək dinamikası artıb. Müasir dövrümüzün informasiya bolluğu şəraitində  müxtəlif məqsədli məlumatların yayılması imkanının genişliyini nəzərə alaraq, hadisələrin inkişaf etməsinə nəzarət etmək də xüsusi əhəmiyyət kəsb edir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq. Biz belə faktlarla zaman -zaman qarşılaşmışıq və dövlətin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində, bu halların qarşısı alınıb. Bir şeyi də qeyd edək ki, bu nəzarət yalnız məhdudlaşdırmaq şəklində həyata keçirilməməlidir və cəmiyyətin dini ehtiyacını qarşılayacaq imkanlar da təklif olunmalıdır.

Müasir dövrdə dövlət -din münasibətlərinin tənzimlənməsinə bir neçə rakursdan baxmaq vacibdir. Məsələn, dövlətimizin fərqli və ya eyni dindən olub, ancaq fərqli cərəyanlardan olan insanlar arasında qarşıdurmanın qarşısının alınması siyasəti, yaxud müxtəlif din və dini cərəyan mənsublarına olan münasibət. Birincisi haqqında onu demək olar ki, Azərbaycanda yalnız dini məsələlərdə deyil, hər yerdə radikallığa qarşı mübarizə aparılır. İnsanlar bəşəri birgəyaşayış normaları qəbul etməli və bu cür yaşamağı öyrənməlidirlər. Birgə yaşadıqları zamanda bir-birilərinin haqq və hüqüqlarına hörmətlə yanaşmalı, onlara riayət etməlidirlər. Bunu bacarmayan, yaxud istəməyən radikallara qarşı isə qanun çərçivəsində tədbirlər görülməlidir.

Bildiyiniz kimi, müxtəlif vaxtlarda dözümsüzlük göstərən müəyyən radikal qruplar ölkəmizdə də mövcud olublar, onlara qarşı qəti tədbirlər görülüb və ölkədə sabitlik bərpa olunub.

Ölkəmizdə məskunlaşan fərqli dinlərin mənsublarına da eyni hüquqlar tanınır və heç bir ayrı-seçkiliyə yol verilmir. İnsanlar adətən bilmədikləri şeydən qorxurlar. İnsan qorxduğu zaman da qeyri-adekvat addımlar atır. Əgər Qərb ölkələrinin müstəmləkə dövrünün tarixinə nəzər salsaq görərik ki, onlar müsəlman və ümumiyyətlə, Şərq ölkələrini zəbt etdikdən sonra həmin cəmiyyətləri anlamaq üçün güclü şərqşünaslıq məktəblərini qurublar. Həmin şərqşünasların məsləhətləri ilə gerçəkləşdirilən müstəmləkəçilik siyasəti daha uğurlu olub. Çünki ilk əvvəl öz müstəmləkəçilik siyasətində daha çox gücdən yararlanan Qərb dövlətləri, daha sonra ağıldan yararlanıblar. Burada bir misalı qeyd etmək yerinə düşər. O dövrdə Qərbin müstəmləkəçilik siyasətini yönləndirən holland Nurgronjen islamı və müsəlmanları öyrəndikdən sonra Hollandiya hökumətinə məsləhət görür ki, müsəlmanların ayinlərilə işləri olmasın. Müsəlmanların namazına, zəkatına, orucuna, Həccinə, xüsusilə də qadınların geyimlərinə toxunulmasa, hökumət müsəlmanlardan ciddi müqavimət görməyəcək. Həqiqətən də Hollandiya hökuməti İndoneziyada bunlara əməl etdikdən sonra ciddi müqavimət azalıb. Bu baxımdan, Azərbaycandakı vəziyyəti də ciddi analiz etməyə ehtiyac var. İnanclı insanların ehtiyacını qarşılamayanda dövlət öz loyal elektoratını itirir. Təcrübədən də görürük ki, insanlar çətin vəziyyətdə daha çox dinə üz tuturlar, Allahdan kömək istəyirlər.

Bu, gün Azərbaycan dövlətinin həyata keçirdiyi dövlət-din siyasəti elə bir vəziyyətdədir ki, bütün dünya onu nümunə kimi qəbul edir.

Bu Azərbaycan dövlətinə heç də asan başa gəlməyib. Yaxın keçmişimizə nəzər yetirsək ölkəmizdə dövlət-din münasibətlərinin hansı çətinliklərdən çıxaraq bu səviyyəyə çatdığının şahidi olarıq. Proses bu gün də davam edir.

Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsəd, dini və milli tolerantlığın təkcə ölkəmizdə yox, bütün dünyada bərqərar olmasıdır. Bu məqsədlə ölkəmizdə keçirilən bir çox beynəlxalq miqyaslı tədbirlər də, bunu sübut edir. Multikulturalizmin və tolerantlığın mövcud olmadığı cəmiyyətlərdə dövlət-din münasibətlərinin tənzimlənməsi də çox çətin prosesə çevrilir.

Buna görə də dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir.

Dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığı da günümüzün reallığıdır.

Milli maraqlarımıza zidd olan yad dini ideologiyaların yayılmasının, eləcə də dini təəssübkeşliyin dini təkəbbürə, fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasında, dini maarifləndirmə tədbirləri böyük əhəmiyyət daşıyır.

Mütəmadi görülən maarifləndirmə işlərinin nəticəsidir ki, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etmək imkanı qazanıb.  Azərbaycanın bu sahədə böyük təcrübəsi var və qədim tarixə malikdir.  Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir və Ulu Öndərin həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir və ölkəmiz bu gün dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.

Bununla belə, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac var. Cəmiyyətin bütün təbəqələri, o cümlədən gənclər milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmlə mübarizə və dini maarifləndirmə işində daha fəal olmalıdırlar.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar