Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Mirası qəbul edənlər miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar” - Fərhad Abdullayev

  13
23:30 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

“Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir”.  Paralel.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

 

F.Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edib ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar: "Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.

 

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.

 

Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci 11 iyun tarixli Qərarında qeyd edilib ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir".

 

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin vurğulayıb ki, məhkəmə sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

 

Fərhad Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər: “Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ədalətlilik prinsipinə istinad edərək vurğulayıb ki, həmin prinsip inzibati xəta sayılan əmələ görə xəta törətmiş hər bir şəxsin qanun qarşısında məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.

Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, 12-ci və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.

Bu gün Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik dövlətin özünəməxsus və ayrılmaz atributu qismində çıxış etməklə, Konstitusiyanın müdafiə mexanizminin səmərəli vasitəsinə çevrilib. Digər dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Əsas Qanunun aliliyini təmin etməklə qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və öz növbəsində hüquq sisteminin inkişafına yeni töhfələr verir".


Yazarlar