Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Lənkəranda ikinci “Çay, çəltik, sitrus festivalı” keçirilib

  13
18:05 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Noyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında sayca ikinci olan ənənəvi “Çay, çəltik, sitrus festivalı” keçirilib. Əsl bayram şənliyinə çevrilən festivalda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonu Milli Məclisdə  təmsil edən deputatlar, müxtəlif təşkilatların rəsmi şəxsləri, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, xaricdə yaşayan diaspor təşkilatlarının rəhbərləri, İsveçin Azərbaycandakı səfirliyinin rəsmisi, beynəlxalq təşkilatların , xarici və ölkə mətbuatının təmsilçiləri, İcra aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbər işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.     
                                                                                       
Tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rəsmi şəxslər və qonaqlar ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüblər.                                                                                                                                            
Sonra isə rəsmi şəxslər, qonaqlar və festivalın iştirakçıları Lənkəranın bərəkətli torpaqlarında istehsal edilmiş məhsullarla bəzədilmiş pavilyonları gəziblər. “Çayımızın dadı var”, “Lənkəran düyüsü-dillər əzbəri”, “Sitrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırar” və s. nominasiyalı örtülü pavilyonlarda sərgilənən yerli ərzaq, sənaye malları, kənd təsərrüfatı məhsulları, turizm əhəmiyyətli xalq sənətkarlığı nümunələri festival iştirakçılarının və qonaqların böyük marağına səbəb olub.

“Çayımızın dadı var” və “Lənkəran düyüsü-dillər əzbəri” pavilyonlarında qonaqlara və festival iştirakçılarına yerli təbii Lənkəran çayından dəmlənmiş samovar çayından və şirniyyatlı süfrədən ibarət çay dəstgahı, “Haşimi”, “Sədri”, “Appolla”, “Campo” kimi yerli düyü sortlarından bişirilmiş 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər, müxtəlif çeşidli kabablar təqdim edilib. Eyni zamanda rayonun sənaye müəssisələri, təhsil, səhiyyə, mədəniyyət təşkilatları, Lənkəran Dövlət Universiteti, Humanitar və Tibb kollecləri onlar üçün ayrılmış guşələrdə qazandıqları uğurları nümayiş etdiriblər. Rayonun bədii özfəaliyyət kollektivləri, uşaq musiqi və rəssamlıq məktəblərinin şagirdləri, uşaq bağçalarının körpə fidanları, idmançılar və tələbələr rəngarəng çıxışları ilə festival iştirakçılarına xoş ovqat bəxş ediblər.                                                        

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov festivalda çıxış edərək bildirib ki, hələ ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən ilk məhsul bayramları ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək respublikaya örnək göstərilib. Bu gözəl ənənə ötən ildən başlayaraq Lənkəranda yenidən bərpa olunub. Natiq tədbir iştirakçılarının diqqətini Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Lənkərana səfərinin yekunlarına çəkərək ölkə başçısının davamlı qayğısı sayəsində rayonda bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında, xüsusilə çayçılıq, çəltikçilik və sirtus meyvəçiliyinin inkişafı sahəsində də yüksək nailiyyətlərin qazanıldığını, “Çay, şəltik, sitrus festivalı”nın da bu məhsul bolluğunun təqdimatı olduğunu vurğulayıb.                                                                                                                                            
Festivalın sonunda rayonun ictimai-siyasi həyatında və mədəni-quruculuq işlərində fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcıllara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Festival axşam saatlarında şəhər Mədəniyyət Mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatacaq.

 


Yazarlar