Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cümhuriyyətin ilk bayrağından niyə imtina edildi...  

  28
10:45 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bu bayram prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilib. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib. Nəticədə Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr tarixi Azərbaycanda qeyri-iş günü sayılıb.


Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alıb, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin edib.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdi.


Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağını bərpa edilib.


Amma bu gün hamımızın tanıdığı üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli bayrağı olmayıb. Cümhuriyyətin ilk bayrağı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq olub.

Paralel.az-ın məlumatına görə, 1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.

O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan antiAzərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. 

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olub...

Azərbaycanın Müvəqqəti  hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir. 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır. 

Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. 

Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...

Üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə qaldırıldı.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Bayrağımızın yaşıl, qırmızı, mavi rənglərdən ibarət üç bərabər zolağı var, üzərində isə ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub..

Bayrağın üzərindəki hər rəng və simvol bir məna daşıyır. 

Milli bayrağımızdakı mavi rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng -  islamçılığı ifadə edir.

Bayrağın üzərindəki aypara türk xalqlarının simvolu,  səkkizgüşəli ulduz isə 8 oğuz-türk tayfasının adı ilə bağlıdır.


A.Qorxmaz


Yazarlar