Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əsri haqlamaq var qarşıda hələ… +

  32
16:35 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

İdarədə bayram əhvali-ruhyyəsi vardı. Düz, beş il öncə də burada belə bir təmtərağın şahidi olmuşdum. Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Vəli Abbasov: “RPİ-nin Veteranlar Şurasının sədri, polis veteranı Paşa Kərimovun 85 illik yubilieyidir”,- deyəndə bir anlıq xəyalən 5 il öncəyə qayıtmışdım. İllərin belə tez keçdiyinə ürəyimdə heyfslənmişdim, axı mənim də yaşımın üstünə beş il gəlmişdi. Amma illər keşsə də xatirələr hər zaman diri qalır, yaddaşa hopur, xatırlanır. Hətta bir şəkil belə könlümüzdə xoş xatirələr oyadır.

 

Belədir insan ömrü, su kimi gözlərimizin önündən axıb gedir...

Hamı sevinirdi. Tort gətirən kim, gül gətirən kim. Mənə elə gəldi ki, bu gənclər yaşı əsri haqlayan, qocaman həmkarımızın bu gün də onlarla birlikdə xidmət etməsinin sevincini yaşayırlar. Axı, bu insanlar xəzinədirlər, həm də insan sərrafıdırlar.  Və barmaqla sayılacaq qədərdirlər...

 

Tədbir rəisin kabinetində baş tutdu. Məlum oldu ki, bu gözəl gündə Nərimanov Rayon İcra Hakimiyyətinin də nümayəndəsi iştirak edəcək.

 

“Bu gün təkcə Nərimanov Rayon Polis İdarəsinin yox, rayonumuzun, eləcə də daxili işlər orqanlarının həyatında əlamətdar günlərdən biridir. Ömrünün uzun ilini daxili işlər orqanlarına həsr etmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həm bir polis əməkdaşı, həm də vətəndaş kimi layiqincə gəlməyə çalışmış Paşa müəllimin 85 yaşı tamam olur. Yüzü haqlamağa sayılı illər qalır. Bu ötən illəri mənalı yaşamaq hər kəsə nəsib olmur. Paşa müəllim sanki heç yorulmayıb. O, səhər tezdən işə gəlir, bir də axşam düşəndə gedir. Bu yaşda  böyük bir sevgi ilə işə gəlməsi və yorulmadan çalışması onu deyir ki, qəlbində həyat sevgisi hələ qaynayır. Mən onu bizim gənclərimizə misal çəkirəm, ondan öyrənməyi, nizam-intizama məhz onun kimi riayət etməyi tövsiyə edirəm”,-deyərək tədbiri bu sözlərlə açan idarə rəisi, polis polkovniki Nəriman İmanov yeri gəlmişkən, ötən dövr ərzində cinayətkarlıqla mübarizədə, gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında, zərərli vərdişlərə, erkən nikahlara və dini radikalizmlə mübarizəyə qarşı məktəblərdə, müxtəlif əmək kollektivlərində keçirilən görüşlərdə veteranların dəstəyini, onların rolunu xüsusi vurğuladı.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyərtinin nümayəndəsi Hüsü Nuriyev xüsusilə də polis veteranlarının ictimaiyyət arasında böyük nüfuz sahibi olduqlarını dedi. Bildirdi ki, polis veteranlarının yaşadıqları ərazidə xoşagəlməz hallara az rast gəlinir. Rayonda keçirilən tədbirlərdə onların öndə olması da diqqətdən yayınmır. Odur ki, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakına, gənc polis əməkdaşlarına peşə sirlərinin aşılanmasına kömək göstərdiyinə, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması ilə yanaşı, onların zərərli vərdişlərdən yayındırılması yönündə səmərəli fəaliyyətinə görə və anadan olmasının 85 illik yubileyi münasibətilə  hörmətli veteranımız Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Fəxri fərmanla təltif edilib.

Sonra Fəxri fərman yubilyara təqdim olundu.

Yubilyara söz veriləndə isə o, böyük Məmməd Arazın bu sözləri ilə çıxışına başladı.

 

Hələ ömürümüzün nə yazı olub,

Hələ bu dünyada nə yaşamışıq.

Bizim payımıza çatası olub,

Təsəlli bir qaşıq, ümid bir qaşıq.

 

Demə ki, ömürümüz keçdi yarıdan,

Biz yenə ümidli günlər yarıyıq.

Biz ki, gələcəyə inam sarıdan,

Dünyanın ən varlı adamlarıyıq...

 

Hamı bu misralardan, dediyi: “Nizamlı-intizamlı gənclər, evdə də nəvələrim mənim “validol”umdurlar”,-sözlərindən sonra əl çaldı.

Tədbirə yekun vuran rəis, polis polkovniki Nəriman İmanov  daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarına inamını ifadə etdi.  

O, həmkarlarının aldığı qiymətli hədiyyəni və gül dəstəsini yubilyara verərək ona ürəyi istədiyi qədər sağlam ömür arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Və bir də bilməyənlər üçün: Paşa Kərimov 1933-cü ildə Bakıda doğulub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Politexnik Texnikumuna qəbul olunub. 1957-ci ildə daxili işlər orqanlarında xidmətə başlayıb. 1964-cü ildə Politexnik İnstitunu fərqlənmə diplomu ilə bitirib. İşlədiyi müddət ərzində 20 DYP postunun, 16  rayonda uşaq şəhərciyinin, BDYPİ-nin inzibati binasının tikintisinin həyata keçirilməsində zəhmət çəkib. 1995-ci ildə polis polkovniki kimi təqaüdə çıxıb. Dörd övladı, altı nəvəsi, bir nəticəsi var…

 

Hafiz Təmirov,

polis mayoru


Yazarlar