Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yaponiyanın ən nüfuzlu Hokkaydo Universitetində
Azərbaycanın multikulturalizmi fənni tədris olunur

  21
20:47 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanın bölgədə regional mərkəzə çevrilməsini, qlobal
tədbirlərin məhz Bakıda reallaşdırılmasını təmin edir

 

Azərbaycanın beynəlxalq miqyasda ildən-ilə güclənən nüfuzu iqtisadi uğurlarla yanaşı, həm də siyasi liberallaşma və demokratikləşmə prosesinin dərinləşdirilməsi, insan hüquqlarının aliliyinin qorunması, habelə tolerantlıq və multikulturalizm sahəsində əldə olunan nailiyyətlərlə şərtlənir. Sistemli, ardıcıl islahatların məntiqi nəticəsi olaraq iqtisadi və siyasi islahatların bir-birini tamamlaması Azərbaycanın bölgədə regional mərkəzə çevrilməsini, qlobal tədbirlərin məhz Bakı şəhərində reallaşdırılmasını təmin edir.

Müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşan multikultural mühit beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma, ölkəmizdə milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına imkan yaradıb.

Beynəlxalq ictimaiyyətin respublikamızdakı mövcud tolerant və multikultural mühit barədə ətraflı məlumatlandırılması, bu sahələrdə əldə olunan nailiyyətlərin qlobal miqyasda təbliği zərurəti hazırda ölkənin elm adamları, eləcə də tədqiqatçılar qarşısında yeni çağırışlar müəyyənləşdirib. Söhbət, ilk növbədə, Azərbaycanın sivil birgəyaşayış sahəsində tarixən əldə etdiyi nailiyyətlərin elmi prinsiplər əsasında araşdırılması, tədqiqi və sistemləşdirilməsi, eləcə də erməni ideoloqlarının əsassız və saxta iddialarına tutarlı cavab olaraq beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması zərurətindən gedir. Azərbaycan dövləti bu zərurətdən irəli gələn bütün problemlərin həlli istiqamətində çox böyük işlər görüb və həmin proses bu gün də davam edir. Bunun nəticəsidir ki, bu gün multikulturalizmin Azərbaycan modeli bütün dünya ölkələri üçün örnəkdir. Bu model dünyada Azərbaycan haqqında xoş təəssüratlar yaradır, ölkəmizə qarşı son dərəcə ciddi münasibət formalaşdırır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev da jurnalistlərlə görüşü zamanı bu fikri təsdiqləyib. O qeyd edib ki, hazırda dünyanın müxtəlif universitetlərində Azərbaycan multikulturalizmi fənni tədris olunur. Bu dərslərdən sonra Azərbaycan multikulturalizmini öyrənən gəncləri ölkəmizə dəvət olunur. Həmin gənclər dövlətimizin başçısı, prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Yay və Qış multikulturalizm məktəblərində iştirak edirlər. Və bir növ ölkəmizdə mövcud olan multikulturalizm mühiti barədə əldə etdikləri nəzəri bilikləri, əyani olaraq təcrübədə təsdiqləyirlər. Bu məktəblərin iştirakçılarının yaratdıqları Azərbaycanın Gənc Dostları Klubu da mültikulturalizmin Azərbaycan modelinin gəclər arsında təbliğində mühüm rol oynayır. Jurnalistlərlə görüşü zamanı bu mövzuya toxunan akademik Kamal Abdulla da qeyd edib ki, dünyada ölkəmizə olan münasibətin tənzimlənməsində Azərbaycanın Gənc Dostları Klubunun özünəməxsus rolu var.

Kamal Abdulla daha sonra diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tövsiyəsi, BBMM, UNESCO, "Erasmus+", "ALADDİN layihəsi" və Azərbaycanın Gənc Dostları Klubunun (AGDK) birgə təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində- Azərbaycanda dinlərarası harmoniya" adlı V Beynəlxalq multikulturalizm yay məktəbində 26 ölkəni 60-a yaxın tələbə təmsil edir. Azərbaycanla yaxından tanış olan yay məktəbinin bütün iştirakçıları Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olurlar. Bu klub hazırda dünyada bir sıra ictimai siyasi proseslərdə fəal iştirak edir. Onlar yay və qış məktəblərində olduqları zaman Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanı qazanırlar və ölkələrinə qayıtdıqdan sonra bu həqiqətləri təblig edirlər. Kamal Abdulla əminliklə bildirib ki, "klubun üzvləri Azərbaycanın dostu kimi bizimlə ünsiyyətlərini daim davam etdirəcəklər və bu gənclərdən Azərbaycanı sevənlər ordusu yaranacaq.

Bu ordunun daha böyük miqyasda yaranması üçün isə "Azərbaycan multikulturalizmi" fənninin tədrisinin əhatəsini genişlədirmək lazımdır.

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi istiqamətində böyük işlər görür və layihənin icrası uğurla davam edir. Hazırda bu layihə çərçivəsində respublikamızın 39, dünyanın 20 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Yaponiyanın sayılıb-seçilən və ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə hələ 2017-ci ildən start verilib. Bu günlərdə Hokkaydo Universitetində dərslərin davam edilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Bunu da xüsusi qeyd etməyi vacib bilirik ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik  Kamal Abdullayevin ideya və təşəbbüsü ilə hazırlanan "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub. BBMM tərəfindən hazırlanaraq nəşr edilən "Azərbaycan multikulturalizmi" dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan verir.

Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməyə başlayıb.

Onu da qeyd edək ki, Azərbaycan multikulturalizminin dünyada təbliği  təkcə BBMM fəaliyyəti ilə məhdudlaşmır. Ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları, dini icmalar da bu işdə fəal iştirak edirlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi də onları hər zaman dəstəkləyir. Bir müddət əvvəl bu şöbənin müdiri Etibar Nəcəfov Romada İtaliya Nazirlər Şurası İnstitusional Tədqiqatlar və Münasibətlər Ofisinin rəhbəri Anna Nardini, Daxili İşlər Nazirliyinin Mülki Azadlıqlar və İmmiqrasiya Departamenti müdirinin müavini Karmine Valente, İslam Mədəniyyəti Mərkəzinin İdarəetmə Şurasının sədri, İtaliya parlamentinin üzvü Xalid Çaouki və İtaliya Yəhudi İcmaları İttifaqının prezidenti Noemi di Segni ilə görüşüb.

Səmərəli və işguzar şəraitdə keçən bu görüşlərdə şöbə müdiri Azərbaycanın dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı siyasəti, ölkəmizdə tarixən multikultural ənənələrin mövcud olması, müxtəlif dini və etnik icmaların sülh şəraitində yaşaması, xüsusən də müasir dünyada dini və milli zəmində baş verən münaqişələrin fonunda multikulturalizmin Azərbaycan modelinin xüsusi əhəmiyyət kəsb etməsi barədə məlumat verib.

Eyni zamanda, İtaliya rəsmiləri dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı İtaliyanın siyasəti və təcrübəsi barədə məlumat verib, Azərbaycan tərəfinin sözügedən sahələrdə böyük təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini söyləyiblər.

Etibar Nəcəfov səfər çərçivəsində İtaliyanın nüfuzlu Sapienza və Link Kampus universitetlərində də olub. O, Sapienza Universitetində Sapienza Fondunun prezidenti Antonello Biacini, Link Kampus Universitetində isə bu ali təhsil müəssisəsinin rektoru, İtaliyanın sabiq xarici işlər və daxili işlər naziri Vinçenzo Skotti ilə görüşüb. O, həmçinin hər iki universitetdə tələbə-magistr və professor-müəllim heyəti qarşısında "Multikulturalizm Azərbaycanın dövlət siyasəti kimi" mövzusunda mühazirə ilə çıxış edib.

Etibar Nəcəfov mühazirəsində ölkəmizdəki multikulturalizmin tarixi kökləri, mövcud vəziyyəti, bu sahədəki dövlət siyasəti və multikulturalizmin qanunvericiliklə tənzimlənməsi, habelə multikulturalizmin Azərbaycanın daxili və xarici siyasətində əks olunması haqqında ətraflı məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Mühazirə çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində hazırlanmış "Azərbaycan: Tolerantlıq diyarı" adlı videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Prezidenti Administrasiyasının şöbə müdiri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdirdiyi "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" və "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitablarını İtaliya rəsmilərinə, həmçinin universitetlərin kitabxanalarına hədiyyə edib.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar