Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cəmiyyətimiz hara gedir?

  2016
23:56 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Tapdıq ABBAS

Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 

Cəmiyyətimizin mənəvi-əxlaqi keyfiyyətinin get-gedə pisə doğru dəyişməsini inkar etmək mümkün deyil. Bu pisləşməni hər kəs öz həyatında, çevrəsində, hətta ailəsində də hiss edir. Hamı gileylənir. Heç kəs cəmiyyətdə, vətəndaş, ailə başçısı kimi, üzərinə düşən mənəvi borcu yerinə yetirmək istəmir. Cəmiyyətimizin sağlamlığı, saflığı, əxlaqi-mənəvi keyfiyyətlərinin mənbəyinin ailə olduğunu da hər birimiz yaxşı bilirik. Təsadüfi deyil ki, ailə cəmiyyətin nüvəsi adlandırılır. Lakin bu sahədə olan çatışmazlığı, nöqsan və qüsurları ailələrdən daha çox həmişə cəmiyyətin üzərinə yükləyirik... Bəzən şəxsi məsuliyyətsizliyimizi də cəmiyyətin ayağına yazmaqdan çəkinmirik. Özümüzlə birbaşa bağlı olan ailə problmlərini belə, cəmiyyətin, dövlətin üzərinə atmağı və məsuliyyətdən yayınmağı özümüz üçün daha asan çıxış yolu hesab edirik. O qədər məsuliyyətsizləşmişik ki, küçədə qocalıb əldən düşmüz ahıl insanın yolu keçməsinə yardım etməyə belə, çox vaxt diqqət yetirmirik, əhəmiyyətsiz sayırıq. Xoşagəlməz hadisə baş verəndə isə , həmin hadisənin mənfi nəticəsini aradan qaldırmaqdan qaçırıq və dodaqaltı mızıldanırıq: mənə nə?. Kiməsə, köməklik göstərib, özümə niyə problem yaratmalıyam ki, polis də gəlib yaxamdan yapışsın ki, gəl, hadisə şahidi kimi, izahat ver?!..

 

Dünyanın xeyli ölkəsində olmuşam. Ciddi müşahidələrə və təsəvvürlərə yiyələnmişəm. Olduğum ölkələrin küçə mədəniyyəti ilə ölkəmizdə mövcud olan küçə mədəniyyətini, əlahiddə və fövqəladə vəziyyətlərdə insanların humanist, yardımçı davranışlarını, tələbkar cəmiyyətlərlə özümüzün hadisələrə biganə, adekvat reaksiyasız, az qala, "ölü" cəmiyyətimizlə müqaysə aparıb, bu cür həddindən ziyadə geri qaldığımıza heyrətlə təəssüflənirəm! Cəmiyyətimizin tərtibçisi olan insanlara, xüsusən hər bir cəmiyyətin hərəkətverici qüvvəsi rolunu ifa edən, ziyalı adlandırılan zümrəmizin qeybə çəkilməsindən, ağsaqqal-ağbirçək adlandırdığımız dünyagörmüş insanlarımızın çatışmazlığı üzündən cəmiyyətimizin deqradasiyaya uğramasını seyr etmək zorunda qalmışıq. Cəmiyyət rüşvətxorluq, qənimətçilik, harınlıq, məsuliyyətsizlik, narkomaniya və fahişəlik, dələduzluq kimi insanlıq və bəşəriyyət üçün fəlakət sayılan, söndürülməsi heç də asan olmayan atəşin, alovun ağşuna atılıb! Gəvəzəlik, məsuliyyətsizlik, xalqa həqarət, haram və oğurluq var-dövlət sahibinə çevrilmiş bir qrup quduz xislətli vampirlərin imkansız insanlar üzərinə təşkil etdikləri səlib yürüşünə bənzər hərəkətləri millətin varlığını ciddi sual altına salır. Hər kəs seyr etdiyi müdhiş mənzərənin vahiməsinin təsiri altında fikirləşir: cəmiyyətimiz hara gedir?!..

 

Azərbaycanın bir dövlət kimi güclü iqtisadiyyata malik olması hər kəsə bəllidir. Güclü iqtisadiyyata malik olan dövlətin isə, bütün sahələrdə gücül inkişafa nail olması da təbiidir. Lakin ölkəmizin Ermənistan kimi, dünyanın böyük güclərinin himayəsinə sığınmış və bu ədalətsiz himayədən həyasızcasına istifadə edən düşmən dövlətlə müharibə şəraitində olması cəmiyyətimizin normal formalaşmasına mənfi təsir edir və hərtərəfli inkişafı ləngidir. Digər tərəfdən, onu da anlayırıq ki, ölkəmizdə bu gün çox az ailə tapılar ki, onun düşmənlə üzbəüz səngərdə hərbi xidmət edən üzvü olmasın. Təəssüf ki, burada da əksəriyyət kasıb, imkansız ailələrin övladlarıdır! Təəssüfləndirici haldır ki, uzun illərdir bu mənfi hala qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, döyüş səngərində məmur və imkanlı adamların övladlarının bir yerdə hərbi xidmət keçməsinə hələ də rast gəlinmir! Bax, qeyd etdiyim bu nöqsan, təkcə cəmiyyətimizin formalaşmasına yox, həm də cəmiyyətdə insanların müxtəlif barışmaz sosial qruplara bölünməsinə  münbit şərait yaradır

.

Məlumdur ki, xeyli sayda ailələrimiz var ki, onminlərlə şəhid veriblər, çoxlu sayda müharibə əlillərimiz var və bunların hamısı sosial sahədə çətinliklər yaradır, cəmiyyətimizin normal formalaşmasına mənfi təsir edirlər. Bu da başadüşüləndir ki, müharibənin təsiri altında formalaşan, demoqrafik fəlakətlə üzləşən hər bir cəmiyyətdə çatışmazlıqların olması təbiidir. Amma cəmiyyətimizi bürümüş mənfi hallarla, xüsusən rüşvətxorluq, korrupsiya, narkomaniya, fahişəlik, məmur özbaşınalığı və buna bənzər digər mənfi hallara haqq qazandırmaq mümkün deyil! Xalqın formalaşdırdığı dövlət və cəmiyyət iki həlledici vasitə kimi, biri digərini formalaşdırmaqla, cəmiyyətimizi mürtəceləşdirən mənfi ünsürləri aradan qaldırmalıdır. Lakin bəzi dağıdıcı və harınlaşmış məmurların pis əməllərinin təsiri nəticəsində ölkəmizdəki mövcud durum dövlətlə cəmiyyət arasında ziddiyyətlərin aradan qalxmasından daha çox dərinləşməsinə xidmət edir.

 

Təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyev cəmiyyətlə bəzi dağıdıcı məmurlar arasında gedən və dövlətçiliyimizə ciddi ziyan vuran, cəmiyyətimizi parçalayan meyllərin aradan qaldırlması istiqamətində ardıcıl iş aparır. Kadr islahatları ön plana çəkilir, ən yüksək postlara gənc və perspektivli kadrlar təyin olunur, onlar rəhbər təyin olunduqları sahələrdə rüşvətxorluğun, korrupsiyanın və yuxarıda sadaladığım digər dövlətçiliklə bir yerə sığmayan, dövləti və cəmiyyəti fəlakətə sürükləyən mənfi halların tez bir zamanda aradan qaldırılmasına səfərbər olunurlar. Əgər bu ilin mart ayında keçirilən prezident seçkilərindən sonra reallaşdırılan kadr islahatlarına diqqət yetirsək, prezidentimizin ölkəmizi və cəmiyyətimizi sağlamlaşdırmaq istiqamətində ciddi addımlar atmasını aydın şəkildə izləmiş oluruq. Bəli, Azərbaycan dövlətinin iqtisadi qüdrəti ilə yaradılan cəmiyyət sağlam təməllər üzərində qurulduqca, hər bir vətəndaşın, hər bir ailənin və bütövlükdə cəmiyyətimizin sağlamlaşmasına nail olmaq mümkündür.

 

"Kadrlar hər şeyi həll edir"- ifadəsi dünyada yeni siyasi epoxa kimi peyda olan, 70 il hökm sürən və sonda süqut edən SSRİ kimi nəhəngin lideri İ.V. Stalinə məxsusdur. Bu kəlamın, bu gün də öz əhəmiyyətini qoruyub saxladığını demək mümkündür. Bu mənada Azərbaycanın müstəqillik qazandığı 27 ildə kürsüyə gətirilən və bacarıqsızlığına, yarıtmazlığına görə, tutduğu postdan uzaqlaşdırılan çoxsaylı kadrlar ordusunu nəzərdən keçirəndə insanı vahimə bürüyür! Təxminən yüzminlərlə kadr vəzifəyə gətirilib, bir müddətdən sonra həmin kadrlar yarasız olduqlarına görə, tutduqları vəzifədən kənarlaşdırılıblar. Həmin kadrların ölkəmizə nə qədər böyük zərbə vurduğunu hesablamış olsaq, o zaman milyardların mənimsənildiyini və əksər hissəsinin ölkədən xaricə aparıldığını müəyyən etmiş olarıq. Bu faktı qeyd edərək, bir daha yada salmaq istəyirəm ki, müstəqillik əldə edən ölkəmizin ən çox əziyyət çəkdiyi sahələrdən biri və bəlkə də birincisi, milli-mənəvi dəyərlərimizə yiyələnən, vətənpərvər və qafası yerində olan kadrların bu günədək çatışmaması, hələ bu gün də çox az olmasıdır!

 

Əgər bu gün hakimiyyətin müxtəlif pillələrində lövbər salan bəzi üzdəniraq məmurların cəmiyyətdə zəhərləyici fəaliyyəti ilə qarşılaşırıqsa, rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizə aparmağı vətəndaş olaraq bacarmırıqsa, cəmiyyətimizin sağlam məcraya yönləndilməsinə ciddi maneələr göstərən mənfi qüvvələri ortadan tam götürməyə səfərbər deyiliksə, milləti məhv edən bir sıra mənfi hallara qarşı laqeydlik hökm sürürsə, ölkə prezidentinin dövlətimizin qüdrətini daha da artırmaq istiqamətində atdığı addımlara qarşı maneə olan daxili və xarici düşmənləri susdurmağa çalışmırıqsa, deməli, heç bir uğurdan danışa bilməyəcəyik! Hər bir vətəndaşımız dövlətimizin və cəmiyyətimizin qorunması üçün mübarizəyə qoşulmalıdır, ailədə, məişətdə, harada olmasından asılı olmayaraq, hər kəs fəaliyyət göstərdiyi yerdə və cəmiyyətdə fəal olmalıdır, bu Vətən Mənimdir, deyib, müsəlləh əsgərə çevrilməlidir!

Cəmiyyətimizi və dövlətimizi qorumağın başqa yolu yoxdur!...

Yazarlar