Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Qoca qitə"də miqrantlara ucuz
işçi qüvvəsi kimi baxırlar

  17
20:55 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycana miqrasiya etmiş insanların assimilasiyasında aborigenlərin heç bir marağı olmayıb

 Müasir dünya yeni çağırışlar və təhdidlər qarşısındadır. Dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq etnik separatizm, dini ayrı-seçkilik və radikalizm, terrorizm və digər bu kimi trendlərin xüsusiyyətləri yerli çərçivəni çoxdan aşıb. Daha təhlükəlisi isə odur ki, baş verən proseslərdə ədalət prinsipləri pozulduqda və ya proseslərin tənzimlənməsində beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmadıqda, bəşəriyyətin qarşısında dayanan təhdidlər daha da mürəkkəb xarakter alır və müxtəlif radikal meyllərin güclənməsinə bilavasitə səbəb olur.

Bu gün qloballaşan dünyamızın qarşısında duran ən aktual məsələlərindən biri, fərqliliklərin müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, hətta xalqların birgəyaşayış fəlsəfəsi ilə bağlı baş verən dəyişikliklər və miqrasiya proseslərinin təsirini müəyyənləşdirmək və difrensial qiymətləndirməkdir. Ona görə ki, 19-cu əsrin ikinci yarısından sonra Avropanın artmaqda olan dominant mövqeyi cəmiyyətin həyatında "birgəyaşayış və miqrasiya'' uzlaşmasını müəyyən edən əsas faktora çevrilib. Sözügedən formula inkişaf etmiş Avropa ölkələrinin ucuz işçi qüvvəsini mexaniki olaraq qəbul etməsi və yeni gələnlərin vahid, heç bir milli-mədəni-dini xüsusiyyətini nəzərə almayan universal dəyərləri qəbul etməsi üzərində qurulmuşdur. Bu mərhələnin ardınca davam edən proseslər göstərdi ki, bu siyasət işçi miqrantların Qərb dəyərlərinə uyğunlaşdırılmasına deyil, daha çox təcrid olunmasına yönəlib. O dövürdə Qərbdə miqirantlara "istismar müddəti'' başa çatdıqdan sonra geri qayıtmalı olan ikinci növ insanlar kimi baxılırdı. Bu isə Avropanın yeni sakinlərinin yalnız birinci nəsli ilə heç bir problemsiz ötüşdü. İkinci nəsil isə bu ölkələrdə miqrantların təhsil, sosial, dini ibadət, ailə kodeksi, mədəni dəyərlərinin nəzərə alınmaması və Avropanın özünün elan etdiyi demokratik prinsiplər və multikultural dövlət doktrinası ilə ziddiyyət təşkil etdiyini ortaya qoydu. Bütün bunlar üçüncü minilliyə doğru Avropa ölkələrinin daha əvvəl bəyan etdikləri prinsiplərdən geri çəkilməsinə səbəb oldu.

Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr bu mərhələdən başlayaraq müzakirə olunmağa başladı. Burda əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin ikinci və üçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini-mədəni ənənələrin qoruyub saxlamaq cəhdlərinin qəbul olunmaması, Avropanın  multikultural siyasətində nəyinsə çatışmadığını ortaya qoydu. Avropa dəyərlər sistemindən fərqli dəyərlərin daşıyıcıları olan yeni sakinlərin problemlərinin həllinə Qərb dövlətlərinin liderləri "kim bizim kimi deyilsə, bizimlə yaşaya bilməz'' fəlsəfəsi ilə baxmağa başladılar. Bu isə islamafobiya, ultra millətçilik, radikalizm meyllərinin və paralel olaraq beynəlxalq terrorizm şəbəkəsinin "ədalətli dünya'' qurulması ilə bağlı çağırışlarına qoşulanların sayının artmasına səbəb oldu.

Reallıqda isə dünyada artmaqda olan fərqliliklər arasında toqquşma və ziddiyyətlərin fonunda bəşəriyyətin gələcəyinə əsas ümid dialoq və harmoniyayadır. Tarixi inkişaf boyu biz fərqli dinlər, mədəniyyətlər və sivilizasiya daşıyıcılarının eyni məkanda bərabər şərtlərlə yanaşı və birgə yaşamasının mümkün olduğu kimi, olmadığı hallarla da dəfələrlə rastlaşmışıq. Müxtəlif vaxtlarda xristian və islam, xristian və bütpərəst, islam və bütpərəst, eləcə də Qərb və Şərq dəyər daşıyıcılarının fərqliliyi, onların bir-birindən təcrid olunmuş şəkildə yaşamasını şərtləndirib və onların bir-birinə qarşı dözümlülüyü, yalnız bərabər gücə malik olduqları hallarda qəbul edilib.

Lakin bu gün Qərbi təəccüb içərisində qoyan Azərbaycan mədəniyyəti, multikulturalizm və tolerantlıq dəyərləri xeyli fərqli tarixi şəraitdə inkişaf edib, müxtəlif təsirlər altında cilalanaraq bu günümüzə gəlib çıxıb. Bu tarixi inkişafın Qərbdən əsas fərqi ondan ibarətdir ki, Azərbaycan tarixin müxtəlif mərhələlərində ölkəmizə miqrasiya etmiş insanların assimilasiyasında aborigenlərin heç bir marağı olmayıb. Əksinə, Azərbaycan ta qədim zamanlardan böyük ticarət yollarının üzərində qərərlaşdığından burada həmişə iqtisadi durum, əhalinin rifahı yaxşı olduğundan insanlar dünyanın müxtəlif guşələrindən bu məkana köç ediblər. Yerli əhali isə bu halı həmişə normal qəbul edib və beləliklə, aborigenlərdə yad mədəniyyət daşıyıcılarına qarşı ənənəvi tolerant və dözümlu münasibət formalaşıb. Tarixin növbəti mərhələlərində isə Azərbaycanın daxil olduğu inzbati dairələr xalqın bu vərdişlərindən istifadə edərək, bu coğrafi məkana məqsədyönlü şəkildə daha çox miqrant axınına məruz qalıb. Azərbaycan miqrantlarının Avropa miqrantlarından bir fərqi də onlan ibarətdir ki, bizim miqrantlar köç etdikləri ərazilərdə etnik üstünlüklərə malik olublar və sonradan siyasi proseslərin verdiyi imkanlardan istifadə edərək həmin əraziləri özününküləşdiriblər. Belə ki, qonşularımız olan dörd dövlət - İran, Gürcüstan, Ermənistan və Rusiya - tarixi Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirə biliblər. Bu, Azərbaycan xalqının tolerant xarakteri səbəbindən aldığı ən böyük zərər idi. Bu baxımdan, indi tarixə nəzər salanda "Qoca qitə"nin miqrantlara qarşı sərgilədiyi münasibətlərə haqq qazandırmaq mümkündür. Amma onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan xalqının bu ənənəsi, yalnız onun zərərləri ilə məhdudlaşmır. Bu gün dünyanın bir çox ölkələri multikulturalizmin Azərbaycan modelinin sirlərini araşdırmaq, onun təcrübəsindən yararlanmaq üçün ciddi cəhdlər göstərirlər. Bu Azərbaycan xalqının mənəvi zənginliyinin bir əlaməti kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, Azərbaycanın əsirlər böyu qoruyub saxladığı, inkişaf etdirdiyi tolerantlıq və multikulturalizm ənənələri dünya üçün onu daha cəlbedici edir. Bu cəlbedicilik isə ölkəyə turistlərin axının gücləndirir. Belədə neft ölkəsi kimi tanınan Azərbaycan son illər daha çox qeyri-neft sektorunun, ələlxüsus da turizmin inkişaf etdiyi ölkə kimi xarakterzə edilməyə başlayır. Bu tendensiya Azərbaycan iqtisadiyyatına hər il milyonlarla dollar divident gətirir. Yeri gəlmişkən, ötən il Azərbaycana 2,5 milyon turist səfər edib, bu il bu rəqəmin bir qədər də artacağı gözlənilir. Bu misalı gətirməklə onu demək istəyirik ki, bu gün multikulturalizm Azərbaycana təkcə mənəvi deyil, həm də maddi divident gətirir. Azərbaycan hökuməti isə bu meylin gücləndirilməsi, turizmin inkişaf etdirilməsi üçün son illər xeyli səmərəli tədbirlər həyata keçirib, onun inkişafını stimullaşdırıb və bu tendensiya gələcəkdə də davam etdiriləcək.

Belə ki, ölkə başçısının fərmanı ilə 2016-cı ilin sonlarından icrasına başlanılan "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ilə Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun dirçəldilməsi yeni mərhələyə qədəm qoyub. Respublikamızın potensialını nəzərə alaraq, bu çərçivədə təsdiq edilən "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" özünəməxsus əhəmiyyətə malikdir. Qeyd edilən Strateji yol xəritəsi ilə yanaşı, son bir ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən turizmlə bağlı 20-dək sərəncam və fərman imzalanıb. Ölkə rəhbərinin bu sektora diqqət və qayğısı Azərbaycanın böyüməkdə olan dünya turizm coğrafiyasında öz layiqli yerini tutmaqla, yaxın 10 il ərzində turizm üzrə ciddi iqtisadi nəticələrə nail olmağı qarşıya məqsəd qoyur.

Aparılan araşdırmalar da göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqeyə malikdir və hazırda turizm dünya miqyasında sürətlə inkişaf edən biznes sahələrindən biri kimi tərəqqi etməkdədir. Statistik məlumatlara görə, dünya ölkələri üzrə ümummilli məhsulun 10 faizi, ixracın isə 7 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8.1 faizi birbaşa turizm sektorunda və onunla əlaqəli sahələrdə çalışır. Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, hazırda hər il 1.2 milyard insan başqa ölkələrə turist kimi səfər edir, 2030-cu ildə bu rəqəmin 1.8 milyard olacağı proqnozlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkəmizdə turizmin inkişafına dəstək məqsədilə Turizm Şurası və onun nəzdində sahə üzrə peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, statistika, çimərlik turizmi və digər istiqamətlərlə məşğul olan işçi qrupları yaradılıb. Qısa müddətdə həyata keçirilən bu işlər də, artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycanın mədəniyyət və təbiət resurslarından davamlılıq amilini gözləməklə düzgün istifadə üçün turizm və rekreasiya zonalarının təşkili işinə başlanılıb və artıq şimal turizm istiqaməti üzrə Quba, Qusar və Xızı-Xaçmaz turizm və rekreasiya zonaları yaradılıb. Hazırda digər regionlarda da klaster yanaşması ilə eyni prosesi aparmaqla, turizm və rekreasiya zonaları təşkil olunmaqdadır. Sözügedən turizm və rekreasiya zonalarında təhsilin əhəmiyyətini nəzərə alaraq, turizm üzrə regional ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması prioritet məsələ kimi qarşıda durur. Hazırda ilk olaraq Qusar və Quba turizm və rekreasiya zonalarını əhatə edilməklə dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında regional turizm peşə məktəblərinin təsis olunması istiqamətində işlər aparılır.

Turizmin inkişaf etdirilməsi, həm də multikulturalizmin Azərbaycan modelinin təbliği və təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmizə səfər edən əcnəbi qonaqlar burada mövcud multikulturalizmi, tolerintlığı öz gözləri ilə görür, bu münasibətlərin öz ölkələrində əyani təbliğatçılarına çevrilirlər. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizə səfər edən turistlərin də sayı durmadan artır.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar