Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Başına baxıram yeke bir qazan

  20
20:54 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bayağılıq, yaxud belə şeir olar, ay şeir yazan?

 Süni, qondarma, saxta, boğazdan yuxarı, danışıqlar, hərəkətlər, davranışlar, çox təəssüflər olsun ki, bu əsrdə daha çoxdur. Bu bayağılıq  həyatımızın müxtəlif sahələrində təhsildə, səhiyyədə, mədəniyyət və incəsənətdə, yalançı din xadimlərinin qondarma təbliğatlarında özünü büruzə verir. Əgər buraya bəzi məmurları və digər sahələrdə öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyənləri də əlavə etsək, böyük bir siyahı alınar.

Məmurlardan başlamaq istəyirəm. Cənab prezident dəfələrlə öz çıxışlarında bayağı, şit hərəkət edən məmur uşaqlarını və elə məmurların özlərini də tənqid edib. Hər dəfə də xidməti vəzifəsini layiqincə yerinə yetirməyən, bölgələrdə özünü taraz aparmayan, yerli-yersiz cəmiyyət içərisində təhqiramiz sözlər, ifadələr işlədən məmurlara xəbərdarlıq edib. Xalqa yuxarıdan aşağı baxan məmur balalarının etdikləri hərəkətlərin cəzasını çəkəcəklərini xatırladıb və atalarının da tutduqları vəzifədən azad ediləcəyini söyləyib. Amma kimə deyirsən, bəzi məmurlar yenə də öz bildiklərini bəy babalarına vermirlər. Elə onların uşaqları da. Açıq deyək ki, ölkədə baş verən mənfi olayların  bir çoxu onların bayağı hərəkətlərinin məntiqi nəticəsidir. Məmur özbaşınalığı bu gün də davam edir. Yalan baş alıb gedir.

 Əslində, heç bir fəaliyyəti olmayan, adı olub, özü olmayan kənd tibb məntəqələri, klublar, kitabxanalar və bir çox mərkəzlər bu gün ağzı günə qalıb. Vaxtilə keçirilən disputlar, yığıncaqlar, incəsənət adamlarının bölgələrdə insanlarla görüşü yoxa çıxıb. Oxuyanlar, oynayanlar zəhlətökən danışıqları, davranışları ilə xalqı boğaza yığıb. Ancaq öz evlərini, maşınlarını nümayiş etdirən belə incəsənət adamları kimə lazımdır? Bayağı qondarma adlar alan müğənniciyəzlər öz çılpaq bədənlərini yox, sənət nümunələrini göstərsələr yaxşı olmazmı, cənablar?

Bu gün müharibə şəraitində yaşayan bir ölkənin mədəniyyət, incəsənət eləcə də digər sahələrdə çalışan insanlar xalqın, xüsusilə, döyüş bölgəsində olan əsgərlərin yanında olmalıdırlar.

Ədalət naminə deməliyəm ki, bizim belə təşkilatlarımız, birliklərimiz var. Mən bunlardan birinin adını çəkib nümunə göstərmək istəyirəm.

Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsi vaxtaşırı əsgərlərlə görüşlərə gedir, şəhidlərin, xüsusilə, Milli Qəhrəmanların anım günlərini qeyd edirlər. Birliyin sədri A.Cəfərlinin təşəbbüsü ilə yazıçı Anarla, türk yazarlar birliyinin başqanı ilə keçirilən görüşlər, əlbəttə, təqdirəlayiqdir. Beyləqan rayon icra başçısı Vaqif Abdullayev belə görüşləri nəinki təşkil etdirir, hətta o özü də bizimlə birlikdə həmin görüşlərdə iştirak edir.

Sözsüz ki, öz işini bilən, xalqla həmişə birlikdə olan həssas məmurlarımız da var. Cənab prezidentin çıxışında qeyd olunan kimi axı bu məmurlar kimdən artıqdırlar ki... Onlar öz işlərini ləyaqətlə, vicdanla görməyə borcludurlar.

Nəyə görə, normal səsi belə olmayan müğənni, öz var-dövləti ilə öyünməlidir?

Əslində, bu məmləkətin müğənnisi də, mollası da toya və yasa pulsuz getməlidir!!! Bunu dinimiz də, vicdanımız da belə buyurub. Ancaq mənim deməyimə baxmayın. Onsuz da bu xalq mollasın da, falabxanın da, cadugərin də, müğənnisin də, məmurun da dolandıran xalqdır. Bu xalq sadəlövhdür. Hər şeyə inanan xalqdır. Qəlbi təmiz xalqdır. Hər azana, təzənə, itə, qurda qoynunda yer verən xalqdır. Necə ki, erməniyə yer, yurd verdi və onlar da bundan istifadə edərək dedilər ki, bu yerlər bizimdir. Bizi yurdumuzdan qovaladılar, iyirmi faizdən artıq torpaqlarımızı zəbt etdilər. Daxilimizdə başımıza oyun açanlar da, olsun onların bir tayı. Nə qədər istəyirlər bayağı danışsınlar, bayağı işlər görsünlər. Biz nə deyirik ki!!!

Bu günkü mədəniyyətimiz bayağı məhsullarla doludur. Bayağı musiqilər, rəqslər, sözlər baş alıb gedir. Xalqın içərisinə getmək əvəzinə sanatoriyalarda, toylarda onun- bunun qarşısında "sən mənim ürəyimsən", "sən mənim gərəyimsən", "sən mənim çörəyimsən" deyərək pul yığan mini yubkalı cavan qadınları, qızları görmürsünüz, cənablar! Mahnıya bax, sözlərinə bax:

 

Gəl yenə hər gün görüşək elə-belə,

Dərdi, səri bir bölüşək elə-belə.

 

Mərdəkanda sanatoriyanın qarşısında mikrafonda yuxarıda deyilən sözlərlə səkidə qarşımı kəsərək oxuyan və qulağıma: "mənə bir siftə ver" deyən qadına, qıza nə deyəsən!

Nə yaxşı ki, bugün muğamımız yüksək zirvəyə qalxıb. Nə yaxşı ki, bu gün muğamımız Azərbaycanın birinci xanımı M.Əliyevanın təşəbbüsü və nəzarəti ilə ölkələr fəth edir. Bizim çox gözəl muğam ustalarımız olub, var və yəqin ki, gələcəkdə də olacaq. C.Qaryağdıoğlu, S.Şuşinski, Xan Şuşinski, Yaqub Məmmədov,  A.Babayev və digər ustadlarımızdan süzülüb gələn muğamımız bu gün etibarlı əllərdədir. Bayağılıq bu gün muğamımızda, demək olar ki, yoxdur, hiss olunmur. Gəlin görək musiqinin başqa janrlarda da (əgər buna janr demək olarsa) belədirmi? Kimin ağlı necə kəsir elə də oxuyur. Sözlər də ki, ortaya çıxarılası deyil. Bayağı musiqi, bayağı söz. Birdən mənə elə  gəlir ki, toylarda, restoranlarda, yalançı tədbirlərdə, ad günlərində, eyş-işrət məclislərində oxunan mahnıların musiqisi eynidir. Ola bilsin ki, sözlərdə bir az dəyişiklik edilsin. Nə yaxşı ki, bizim bayatılarımız var. Əgər söz quraşdıra bilmirsən eybi yox, bayatıları qat bayağı musiqinin içərisinə çıxsın getsin. Burda nə var ki? Onsuz da şeir urvatdan düşüb. Bayağı şeirlər baş alıb gedir. Bugün yazılan şeirlərin böyük əksəriyyəti elə bil "camış balası quyruğu ağdır". Yəni bir-birinə oxşayır. Bu gün dırnaqarası şeir yazanların, deyəsən, babatı elə Elza Seyidcahandır.

Ad çəkmək nə lazım, "Ədəbiyyat", "Kaspi", "525-ci qəzet" in səhifələrinə baxsanız mənim dediklərimin nə qədər düz olduğunu görərsiniz. Biri yazır: "Allah ölən sonuncu insanın başdaşı olacaq". Biri Hikmət Ziyanın təmsilindən götürülmüş tülkü xislətindən yazır. Bəlkə də tülkü heyvanların içərisində ən yaxşılarından biridir. Əgər yaxşı mənada tülkü siyasətimiz olsaydı, heç torpaqlarımız da getməzdi. Görünür, bizim siyasətimiz ayı, uzunqulaq siyasəti olub. Bizim özümüzün qanmazlığımızı dərk etməməyimiz elə ötən əsrin əvvəllərində də var idi:

 

Qışın şaxtasından, qışın qarından,

Yayın ortasında bürkü yaxşıdır.

Heyvandan-ayıdan, uzunqulaqdan,

Nə qədər pis ola tülkü yaxşıdır.

 

Bəli, qanmaz ayının, uzunqulağın varisi olmaqdansa, elə siyasətcil, hiyləgər tülkünün varisi olmaq daha yaxşıdır, mənim əzizlərim. Onda bu günkü bayağılıq da baş alıb getməzdi. Əgər bugünkü bayağılığı yaradan biz insanlarıqsa, daha bu dünyadan gileylənib onda günah görməməliyik:

Torpaq getdi, ar da getdi,

Daglar getdi, qar da getdi.

Heç bilmədik harda getdi,

 Bu dünyanın nə günahı?

 

Ulaq  ucuz, palan baha,

Gerçək ucuz, yalan baha,

Ölən ucuz, qalan baha,

Bu dünyanın nə günahı?

 

Əgər biz yalançı, bayağı sözləri şeir adı ilə sırıyırıqsa, yaxşı meyxana deyənlərimizi unudub, yaramaz söz yığınını meyxana adı ilə təqdim ediriksə, onda istər-istəməz ortaya belə bir sual çıxır: "Belə şeir olar, ay şeir yazan?"

 

Niyə oxucunu sən çaşdırırsan?

Bəzi misraları çırpışdırırsan,

Hələ internetdə yer açdırırsan,

Barı utanırsan tutduğun işdən?

Nə deyər, a balam, görüb-eşidən?

Başına baxıram yekə bir qazan

Belə şeir olar, ay şeir yazan?

 

Şerinin ölçüsü, misrası hanı?

Sözlərin düzümü, sırası hanı?

Əvvəli düz deyil, sonrası hanı?

Tər gülə, çiçəyə çayır deyirsən,

Özünə yazıçı, şair deyirsən.

Tutubsan elə bil sən göldən sazan

Belə şeir olar, ay şeir yazan?

 

Gah YAP-çı olursan, gah da Müsavat,

Onu bilirsənmi sənsən bisavad?

Yazdığın şeirlər bərbaddı bərbad.

Lazımsız sözləri yan-yan düzürsən,

Dəyərli kəlməyə dodaq büzürsən.

Gərək sənə tapaq bir yazı yozan,

Belə şeir olar, ay şeir yazan?

 

Çoxdan alaq basıb o söz bağçanı,

İçini bilirik, tökmə boğçanı,

Soxma gözümüzə o kitabçanı,

Qabığı qalındır, ancaq içi boş,

Söylə, belə yazı kimə gələr xoş

Özünü öyürsən: - Çiçəkli yazam,

Belə şeir olar, ay şeir yazan?

 

Sən Allah, danışma sözün bilinmir,

Qaşının altında gözün bilinmir,

Sənin heç doğrunla düzün bilinmir,

İndi heç sözünə hədd qoyan yoxdur,

İndi yazılara sədd qoyan yoxdur,

İndi at oynadır hər təzən, azan,

Belə şeir olar, ay şeir yazan?

 

Müxtəsər yormayım sizləri, dostlar,

Nə qədər desəniz indi yazan var,

Hər gün çap olunur çoxlu kitablar.

Çoxusu oxunmur toz-torpaq basır,

Yaxşı yazılara kim qulaq asır?

Başı çıxmayan da söyləyir bəzən:

- Belə şeir olar, ay şeir yazan?

 

Bu gün təhsilimizdə də bayağılıq baş alıb gedir. Mən bilmək istəyirəm ki, bu baş alıb gedən bayağı kağız parçaları-o diplomlar kimə lazımdır?

Bu gün bu xalqın içərisində at oynadan yaramaz mollalar, falçılar, cadugərlər, həkimlər, məmurlar, müğənnilər bu xalqın ayağının altından öpməlidir. Çünki bu xalq belə yaramazları yola verir və onları dolandırır. Mən bu yazını yazarkən televizorda falçılara, cadugərlərə, mollalara qarşı tədbir görüləcəyini dedilər. Yalandırsa, gerçək olsun!

Qorxuram ki, bizim çox gözəl sənət əsərlərimiz, korifey sənətkarlarımız, mahnılarımız, musiqilərimiz, xüsusilə, xalq musiqilərimiz yaddan çıxıb gedə. Bu bayağılaşma fonunda nə desən olar.

Ancaq mən həmişə sabaha ümidliyəm. Nə yaxşı ki, bu gün bizim öz işini bilən müəllimlərimiz, həkimlərimiz, məmurlarımız var. Söz, sənət daşıyıcılarımız-aşıqlarımız, müğənnilərimiz, şairlərimiz, bəstəkarlarımız var. Muğam daşıyıcılarımız-təyyarlarımız, babəklərimiz, İlkinlərimiz, abgüllərimiz var. Əgər onlar da olmasaydı heç yaşamağa dəyməzdi, deyilmi, cənablar!

Əziz oxucular, mən dediklərimə əvvəlki yazılarımda da az-çox toxunmuşam. Görünür, bu məsələlər elədir ki, hər vaxt yada salmaq lazımdır. Qaldı ki, pis məhsulların müəlliflərinin adını çəkməyə. Məncə, buna lüzum yoxdur. Onsuz da belə hallar bugün baş alıb gedir.

Yazarlar