Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gənclər və İdman Komitəsi bu layihəni payız sessiyasına çıxarır

  13
18:00 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Milli Məclisin Gənclər və idman komitəsi payız sessiyasında ilk iclası keçirilib.

 

Paralel.az-ın məlumatına görə, komitəsədri Ülvi Quliyev öncə yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik edib, qanunvericilik fəaliyyətində onlara uğurlar diləyib.

 

Komitə sədri daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, yubileyə həsr olunmuş tədbirlərdə deputatların iştirakından söz açıb, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunan təntənəli tədbirə hazırlıqdan danışıb. 100 yaşlı parlamentimizin rəhbərliyi başda olmaqla bütün üzvlərinə təbriklərini və xoş arzularını çatdırıb.

 

Sonra gündəlikdəki məsələlərə keçid alan komitə sədri 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülmüş işlər barədə geniş hesabat təqdim edib.  Bildirilib ki,  hesabat dövründə 3 iclas keçirilib, 5 məsələyə baxılıb, komitəyə daxil olan qanun layihələri müzakirə edilərək Milli Məclisin plenar iclasına təqdim olunub.

Həmin müddətdə Gənclər və idman komitəsinə ünvanlanan 189 məktubdan 154-nə baxılıb, 35 müraciət nəzarətə götürülüb. Parlamentdə 89 vətəndaş qəbul edilib. Komitə üzvləri ölkə miqyaslı bir sıra mühüm tədbirlərdə yaxından iştirak ediblər.

İclasda deputatlar komitənin yaz və növbədənkənar sessiyalara dair hesabatını məqbul sayıblar. 

 

Sonra komitənin 2018-ci il payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, ölkəmizdə çevik gənclər siyasəti aparıldığına görə normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının da təkmilləşdirilməsinə vaxtaşırı ehtiyac duyulur. 2002-ci ildə qüvvəyə minmiş “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklər və əlavələr edilməsi həmin zərurətdən yaranıb. Payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq bu qanun layihəsində dövlətin gənclər siyasətinə dair bir sıra yeni müddəalar öz əksini tapıb.

Ülvi Quliyev onu da nəzərə çatdırıb ki, idmanda dopinq vasitələrindən istifadəyə qarşı mübarizə haqqında qanun qəbul olunduğu üçün Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranıb. Komitə bu  qanun layihələrini də parlamentin payız sessiyasına təqdim etməyi məqsədəuyğun sayır.

 

Gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitənin fəal iştirakının təmin edilməsi məsələsi də iş planında nəzərdə tutulub.

 

İclasda deputatlar Şahin İsmayılov və Azər Badamov gündəlikdəki məsələlərlə bağlı müsbət münasibətlərini açıqladılar, təkliflərini bildiriblər. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış edib.

 

Yekunda komitənin iş planı təsdiqlənib.


Yazarlar