Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məmurların milyonları, sənətkarın dərmanpulu

  13
13:10 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Hidayət Elvüsal


Son vaxtlar işdən çıxarılan bir neçə nazirin əməlləri hamıya məlumdur. Onların əyləşdikləri vəzifə kreslosunun altında paqqapaq qaynayan dollar qazanları “buğlanırdı”. Milyonlarla dollar… Rüşvət, korrupsiya yarpaqları.

Etibar olunan məqamlarında dövlətə, millətə xəyanət göz qabağındadır. Azərbaycanın imicinə vurduqları ziyan heç nə ilə ölçülə bilməz. Açıq danışaq, yalnız onların deyil, bəzi digər məmurların da yağ-bal, var-dövlət içində yaşamaqları gizli deyil. Onlar bu dövlətin varlığını sümürə-sümürə ömür sürürlər. Bu ölkəni həqiqətən sevən, onu az-çox tanıdan bəzi sənət fədailəri isə…

Və istər-istəməz belə bir sual ortaya çıxır:

- Bu Vətəni, bu Dövləti, bu Milləti kim daha çox sevir?!

“Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan kinosunun ən parlaq simalarından olan Rasim Balayevin dərman almağa pulu olmayıb…” Bunu saytlardan oxudum. Açığı doğru olub-olmadığını bilmirəm. Əgər doğrudursa…

Bəlkə elə an, bu böyük sənətkar aptekdən çıxanda, küçədən, bardan, daha haradan tapılıb, əttökən “filmə” çəkilən bir “findidüruşqa” sürdüyü «CİP»lə onu toza basıb. Və bu çirkli, bataqlıq qoxulu “ulduzlar” hər gün TV ekranlarına çıxıb, sənətdən danışırlar. Və bunların hamısını bir yerə yığsan Rasim Balayevin dilindən qopan bir misraya, cümləyə, sözə, hətta hərfə belə dəyməzlər. Amma hər şeyləri var. Onlar aktrisa, proqram aparıcısı, mağaza sahibi, sayt rəhbəri… daha neçə-neçə vəzifənin sahibidirlər. Bayağılaşan, primitivləşən, özfəaliyyətdən də aşağı səviyyədə olan “sənət” nümunələrinin memarları, mühəndisləri, bənnalarıdır.

Rasim Balayevi TV-lərdə ya az görürük, ya da heç görmürük. Biz istedadlardan, böyük sənət adamlarından sanki qorxuruq, qısqanırıq. Göz görə-görə unutdurmağa çalışırıq. Anlamırıq ki, bu, mümkün deyil. Bu xalq bəzi məmurların qadağa məngənəsində sıxmağa çalışdıqları Rasim Balayev kimi insanları unutmaz. Ekranda görməsələr, radioda eşitməsələr belə yaddaşlarında, ürəklərində yaşadırlar, yaşadacaqlar.

Məmurların təqdimatı əsas şərtdir. Amma onlar elə adamları fəxri adlara, təltiflərə, yüksək təqaüdə təqdim edirlər ki, təəccüb içində qalırsan. Və istər-istəməz Rasim Balayev kimi qayğıdan, diqqətdən kənarda qalan parlaq insanları düşünürsən.

Elə indi demək istəyirəm və deyirəm:

- Əgər o məmurlar Rasim Balayevi də layiq olduğu təltiflərə təqdim etsələr, Azərbaycan Prezidenti İlham Əliyev müsbət yanaşar. Amma o məmurlar belə xislətlə, guya sədaqətləri ilə Prezidentə yaltaqlıq edirlər. Sənətkarın haqqını tapdayırlar. Bununla da Azərbaycanın imicinə, mədəniyyətinə zərbə vururlar.

“Müxalifət” kəlməsi sanki atom bombasıymış. Bu ad məmurların bəhanə obyektidir. Belələrini “düşmən”, “vətən xaini”, “xarici kəşfiyyatların casusu” kimi gic-gic ifadələrlə damğalayırlar. Radikal müxalifət başqa, sağlam müxalifət tamam başqadır. Ola bilər ki, sənətkar nə zamansa, ədalətsiz, haqsız bir addımı tənqid edib. Bu, düşmənçilikdir? Belə tənqiddən kim qorxur? Bəzi məmurlar! Haray-həşir salanlar da məhz onlardır.

Biz Xalq artisti, hörmətli, istedadlı Rasim Balayevi misal çəkdik. Başqa istedadlı sənətkarlarımız da var ki, onlar da sıxma-boğmaya alınır. Xalq artisti Flora Kərimova və unudulmaz ifaçımız Akif İslamzadə.

Flora Kərimova da məmurların sevmədiyi, bəlkə də sevdiyi, amma bu sevgini qorxularından dilə gətirə bilmədikləri sənətkarımızdır. Əvəzsiz səsə, qeyri-adi yanaşmaya, illərin daha da cilalandırdığı istedada malik olan xanım müğənni unudulmayacaq səviyyədədir. Hətta az qala düşmən kəsilən mərhum Xalq Artisti İlhamə xanım Quliyeva ölümündən bir neçə ay qabaq Flora Kərimova barədə ürəklə danışdı. Dedi ki, Flora xanım gözəl, qeyri-adi səsə, nəfəsə, istedada sahib olan bir sənətkardır. Amma nə edək ki, bizimki alınmadı, yəni dost ola bilmədik.

Flora Kərimova kimi bir sənət fədaisi də sanki “görünmür”. Nə təltifləri, nə gərəkən təqaüdü, nə də bir qayğı, bir diqqət. Niyə? Müxalifətçiymiş… Bu xanım dövlətə qarşı çıxıb? Vətəni satıb? Rüşvət alıb? Korrupsionerdi?

Necə olur ki, bu dövlətə xəyanət edən, xalqın qanını soran məlum sabiq nazirlər daha neçə-neçə məmurlar dövləti “sevirmişlər”, Flora Kərimova sevmirmiş? Buna inanan varmı?

Bəs, Akif İslamzadə necə? Bu günün özündə belə ulduz kimi parlayan müğənniyə bir rəqib yetişibmi? Akif 30 il qabaq oxuduğunu sanki bu gün, sabah üçün səsləndirib. O bir məktəbdir. Bəli, məktəbdir! Nə qayğı göstərmişik? Heç nə! Niyə? Müxalifət imiş…

Bayaq dediyim rüşvətxorlar kimdir? O nazirlə Akif İslamzadə, Rasim Balayev bir sırada dayanarmı?

Qayğıdan, diqqətdən danışdıq. Xalq Artisti, unudulmaz Həsən Məmmədov pensiya (nə isə “təqaüd” sözü onu əvəz eləmir) düzəltmək üçün idarə qapılarında gəzərkən dünyasını dəyişdi.

Zərnigar Atakişiyeva tənhalığa çəkildi. Vəfatından 3 gün sonra xəbər tutdular.

Səfura İbrahimova da təkliyə çəkilib.

Hələlik sağ olan, bu milləti sənətləri ilə xalqına, dünyaya sevdirən insanlardan muğayat olaq.  Korrupsioner nazirlər, rüşvətxor məmurlar bu dövlətin, bu millətin düşmənləridir. Məhz belələri öz adlarını çəkdiyimiz sənət adamlarına və digər insanlara yapışdırmaq istəyirlər.

Yapışmır, cənablar! Yaraşmır, ay yaltaqlar sürüsü!


Yazarlar