Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xəzər dənizinin əsas çirklənmə mənbələri – RƏSMİ

  15
12:00 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

“Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır”.

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologia və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsini xüsusi qeyd etmək olar: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".

 

F.Mütəllimov qeyd edib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri həyata keçirilir: "Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar".

 

ETSN rəsmisi əlavə edib ki, vətəndaşlardan xahiş olunur ki, ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda 24 saat ərzində fəaliyyət göstərən Nazirliyin 168 nömrəli “Qaynar xətt” xidmətinə məlumat versinlər.

 

O qeyd edib ki, ETSN və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində birgə reydlər keçirilib.

 

Onun sözlərinə görə, reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib. Məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub.

 

F.Mütəllimov əlavə edib ki, nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və onlar inzibati qaydada cərimə ediliblər:

 

"Sevindirici haldir ki, keçirilən reydlərin nəticəsi olaraq artıq bəzi obyekt sahibləri tərəfindən verilən göstərişlərin icrası təmin edilib. Lənkəran və Astara rayonları və Bakı şəhərinin Sabunçu rayonunda obyektlər tərəfindən məcburi göstərişlər yerinə yetirilib və tullantıların təmizlənməsi təmin olunub. Digər rayonlarda isə hazırda bu istiqamətdə tədbirlər görülməkdədir".

 

Nazirlik rəsmisi bildirib ki, ETSN tərəfindən görülən tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib: "Tərəfimizdən mümkün olan hər şey edilir ki, Xəzər ekoloji sabitlik zonasına çevrilsin".


Yazarlar