Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda azsaylı xalqdarın mədəniyyətinin
inkişafı üçün hər cür şərait yaradılıb

  180
18:17 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Beş əsrdə Avropada və Kiçik Asiyada təxminən 75,  ABŞ-da isə 115 dil məhv olub və dünyanın dil xəritəsindən çıxıb

 Milli və dini-mənəvi problemlərin getdikcə artdığını müşahidə etdiyimiz, müasir dünyamızda milli azlıqlar və onların hüquqlarının qorunması ilə bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir və beynəlxalq gündəmin aktual mövzularından birinə çavrilib.

Son onilliklərdə etnik qrupların daha çox miqrasiya etdiyi Avropada baş verən ciddi dəyişikliklərin müəyyən axara salınması üçün azlıqların (burada həm ənənəvi etnik azlıqlar, həm də yeni etnik azlıqlar (imiqrantlar) nəzərdə tutulur) qorunması və hüquqlarının təmin edilməsi məsələsinə yenidən baxmağa ehtiyac yaranıb. Çünki dövlətin suverenliyinə ən böyük təhdid, etnik azlıqların hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır. Bu səbəbdən də, dövlətin suverenliyi və etnik azlıqların hüquqlarının qorunması bir-biri ilə bağlı məsələlər olaraq, daima diqqət tələb edir.

Bu da məlumdur ki, ictimai-siyasi amillərlə bağlı, məhv olmaq təhlükəsi qarşısında qalan ilk növbədə azsaylı xalqların və etnik qrupların dilləri olur. Bu gün müasir dünyamızda müxtəlif xalqların mədəni ənənələrini və etnik xəritəsini əks etdirən yeddi mindən çox unikal dil mövcuddur. YUNESKO-nun məlumatına görə, son beş əsrdə Avropada və Kiçik Asiyada təxminən 75,  ABŞ-da isə 115 dil məhv olub və dünyanın dil xəritəsindən çıxıb. "YUNESKO-nun dillərə münasibətdə sektorlararası strategiyası"nda göstərilir ki, dünyada yüz milyondan çox insanın danışdığı 8 dil var. 2,5 milyard insan dünyada populyar olmayan dillərin (milli dil, azlıqların dili) mövcud olduğu ərazilərdə doğulub yaşayır və onların böyük əksəriyyəti birdillidirlər. Malik olduqları ana dili onların həyatlarında mühüm faktordur. Digər tərəfdən, dünyada 500-ə yaxın dil var ki, onların daşıyıcılarının sayı min nəfərdən az, 3400-ə yaxın dilin isə on min nəfərə yaxın daşıyıcısı var. Deməli, dünyanın dil kontekstində tarazlıq bütün dillər üçün eyni deyil və hər bir dil daşıyıcısı demoqrafik göstərici səbəbindən anadan olandan, dil hüququnun qorunması və təmin edilməsi problemi ilə üzləşir.

 Bu səbəbdən də, etnik azlıqlar və onların dilləri son onilliklərdə beynəlxalq hüquqi təcrübədə rəsmi status almağa və əhəmiyyəti getdikcə artmağa  başlayıb.

Onu da qeyd etmək vacibdir ki, BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bu sahədə ilk əhəmiyyətli beynəlxalq hüquqi sənəd kimi ortaya çıxıb. Bu bəyannamədə dil haqqında konkret müddəalar əksini tapmasa da, 2-ci maddədə dil insan hüquqlarının əsas təsdiqedici əlamətlərindən biri kimi göstərilir: "Hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan, bu Bəyannamədə bəyan edilən bütün hüquqlara və azadlıqlara malik olmalıdır".

BMT Baş Assambleyasının 18 dekabr 1992-ci ildə qəbul etdiyi "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"də (maddə 2) etnik və dini azlıqlara aid olan şəxslərin sərbəst şəkildə, hər hansı formada müdaxilə və ya ayrı-seçkilik olmadan öz mədəniyyətlərini zənginləşdirmək, öz dinlərinə etiqad etmək, öz dillərindən ictimai və şəxsi həyatda istifadə etmək hüququna malik olduğu xüsusi qeyd olunub. Eyni zamanda azlıqların dillərinə qarşı yaranan təhlükənin aradan qaldırılması üçün 1993-cü il iyunun 25-də İnsan Haqları üzrə Ümumdünya Konfransında qəbul edilən Vyana Deklorasiyasında bu problemə toxunulub.  Burada milli azlıqların öz ana dillərindən istifadə hüququ təsdiq edilir.

 Bu səbəbdən də dünya, o cümlədən Avropa hüquq məkanında çox sayda beynəlxalq, dövlətlərarası təşkilatlar həm də azlıqların dillərinin qorunması məsələsini öz fəaliyyətlərində əsas istiqamət kimi müəyyənləşdiriblər.

Bu da təsadüfi deyil ki, AŞ-nin 5 noyabr 1992-ci il tarixli "Regional və ya azlıqların dilləri haqqında Avropa Xartiyası" bir sıra beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO, ATƏT və s. həmin problemlə bağlı qərar və layihələrin hazırlanması üçün müəyyən mənada istiqamət verir.

Eyni zamanda, onun AŞ-yə üzv ölkələr tərəfindən imzalanması və ratifikasiya prosesi, ümumiyyətlə, bu istiqamətdə dünya ölkələrinin təcrübəsi araşdırılır, nəzəri ümumiləşdirmələr və Azərbaycanla bağlı müqayisələr aparılır.

Məlumdur ki, öz tolerantlığı ilə seçilən Azərbaycan respublikası azsaylı xalqların da məskunlaşdığı unikal bir məkandır. Burada müxtəlif azsaylı xalqların və etnik qrupların birgəyaşayış nümunəsi yüzillərdir ki, qorunub saxlanılır. O da məlumdur ki, assimilyasiya prosesində təbii ki, milli sərvətlərdən sayılan din, dil, mədəniyyət, etnoqrafiya da yerli xalqın təsiri altına keçir. Azərbaycanda isə vəziyyət tamamilə əksinədir. Burada azsaylı xalqların dillərinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanmasına, inkişafına hər cür şərait yaradılıb.

Bunun nəticəsidir ki, ölkəmizdə məskunlaşan azsaylı xalqların və etnik qrupların nümayəndələri özlərini bu ölkənin azadfikirli, bərabərhüquqlu vətəndaşları sayırlar. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətlərin elementlərini qoruyub saxlayır, bu da multikultural dəyərlərə daim diqqət ayıran Azərbaycanın dövlət siyasətinin prioritetləri kimi qəbul olunur. Bu mədəni inteqrasiya həmin xalqların məişət həyatında, sənətkarlıqda, mətbəx və müxtəlif mərasimlərdə, eyni zamanda dillərin və dil mədəniyyətinin qorunub inkişaf etdirilməsində öz əksini tapır.

Onu da qeyd etmək vacibdir ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanmasında onların yaratdıqları musiqi və folklor kollektivlərinin də rolu danılmazdır. Bu mənada Lənkəran bölgəsində yüzillərdir ki, məskunlaşan talışların folklor nümunələrini yaşadan "Lənkəranlı nənələr", eləcə də respublikamızın şimal qütbündə yaşayan avarların məşhur "Avar rəqs qrupu" və digər azsaylı xalqların mədəniyyətinə aid nümunələri göstərmək olar.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda azsaylı xalqların folkloru bölməsinin fəaliyyət göstərməsi də, öz məram və məqsədi ilə etnik qrupların mədəniyyətinin qorunub saxlanmasına xidmət edir. 2012-ci ildə yaradılan bölmənin əsas məqsədi azsaylı xalqların folklorunun toplanmasından, sistemləşdirilməsindən və tədqiqinin aparılmasından ibarətdir.

Bu da danılmaz faktdır ki, ölkəmizdə özünəməxsus "etnik intibah" ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları öz əksini tapıb. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşlarının şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), milli ənənələrinə və xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və mədəniyyətin öyrənilməsi meyilləridir.

Bu təlabatın ödənilməsi məqsədi ilə respublikamızda azsaylı xalqların və milli azlıqların mədəniyyət mərkəzləri yaradılıb. Bunlardan biri Talış Mədəniyyət Mərkəzidir. Bu mərkəzdə Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri fəaliyyət göstərir və onların repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı, azsaylıların folklor nümunələri də yer alır.

Azərbaycanlılarla sıx qaynayıb-qarışan azsaylı xalqlardan biri də, ölkəmizin Şimal-Qərb bölgəsində məskunlaşan avarlardır ki, əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Katex, Gərəkli, Mahamalar kəndlərində, eyni zamanda Zaqatala rayonunun Kebeloba, Göyəm, Dinçi, Makov, Yolayrıc və başqa kəndlərdə yaşayır və İslam dininə etiqad edirlər. Avar Mədəniyyət Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dilinin özünəməxsusluğunun qorunub saxlanmasına xidmət etməkdir.

 Qəbələ rayonunun Nic qəsəbəsində və Oğuz rayonunda yaşayan udilərin "Orayin" mədəniyyət mərkəzi də, eyni məqsədlərə xidmət edir. Maraqlıdr ki, Oğuz rayonunun Calud kəndində yaşayıb-yaratmış Dülgəroğlu Aşıq Əvək üç dildə - Azərbaycan, udi, erməni dillərində yazıb-yaradıb, həm də aşıq kimi tanınıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bütün dinlərə və dillirə mənsub insanlara eyni münasibət göstərilir, assimilyasiya halların yol verilmir, tam əksinə bütün xalqların dillərini, mədəniyətlərini, etnik özünəməxsusluqlarının qorunmasına və inkişaf etdirilməsinə hər cür şərait yaradılıb.

Qloballaşan dünyamızda hər gün bir dilin yox olduğu bir zamanda, ölkəmizdə yüzillərdir ki yaşayan insanlar öz dillərin olduğu kimi qoruyaraq inkişaf etdirmək imkanına malikdirlər və bu imkanlarından tam istifadə edirlər. Buna görə də, ölkəmizdə yaşayan bütün azsaylı xalqların nümayəndələri Azərbaycan xalqına və dövlətinə minnətdardırlar.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar