Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Diaspor işində yeni yol xəritəsi - gələcək uğurların başlanğıcı...  

  41
14:55 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

2002-ci il iyulun 5-də Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə yaradılan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indi Diasporla İş üzrə Dövlət Komitəsi-red.) ölkə xaricində yaşayan soydaşlarımızın mütəşəkkil icma halında təşkilatlanması, tarixi vətənləri ilə əlaqələrinin saxlanılması, genişləndirilməsi və s. kimi önəmli missiyaları öz üzərinə götürmüşdü.

50-60 milyon arasında olan dünya azərbaycanlılarının mütləq əksəriyyətinin ölkə sərhədlərindən kənarda yaşadığını nəzərə aldıqda, Komitənin və onun qarşısına qoyulan missiyanın Azərbaycan üçün strateji önəm kəsb etdiyini söyləmək olar.


Xüsusən də Rusiya, Gürcüstan, İran, Türkiyə, Qərbi Avropa və Şimali Amerikadakı (ABŞ, Kanada)  azərbaycanlıların yaratdıqları birliklərin effektiv fəaliyyətinə və əhatəliliyinə, daha güclü təşkilatlanmalarına, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin hakimiyyət orqanlarına çatdırmalarına böyük ehtiyac var idi. Komitə yaranandan sonra bu sahədə müəyyən işlər görülsə də, ümumi mənzərə heç də ürəkaçan deyildi. Xocalı faciəsi və 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı ilə bağlı xarici ölkə parlamentlərində qətnamələrin qəbulu, ermənilərin “soyqırımı” və Qarabağla bağlı yalançı iddialarının ifşa edilməsi, bir sıra nüfuzlu ölkələrin Azərbaycanla əməkdaşlığa üstünlük verməsi diaspor sahəsində irəliləyiş olsa da, əslində burada əsas təkanverici qüvvə, uğurun təminatçısı həmin ölkələrdəki Azərbaycan diasporu deyil, Azərbaycan dövlətinin özü oldu.

Lakin diaspor işlərinin yalnız dövlətin çiyinləri üzərində olması uzun müddətli perspektiv və effekt vəd etmir.

Məhz buna görə Azərbaycan diasporunun potensialından effektiv və düzgün istifadə etmək ehtiyacı yaranmışdı.

Etiraf etməliyik ki, bu günə kimi soydaşlarımızın kompakt şəkildə yaşadıqları əksər ölkələrdə azərbaycanlılarının mənfi bir imici - “bazar adamı” obrazı da formalaşıb. Bu xoşagəlməz halın yaşanması isə bir tərəfdən soydaşlarımızın özlərinin günahıdırsa, digər yandan da həmin ölkələrdəki bəzi institutların fəaliyyətinin nəticəsidir. Dünyanın müxtəlif ölkələrində kifayət qədər bilikli, bacarıqlı, ayrı-ayrı sahələr üzrə peşəkarlaşan azərbaycanlılar olsa da, məhz bəzi xarici institutların fəaliyyəti ilə onların özlərində bədgümanlıq rəyləri formalaşıb.  

Nəhayət Azərbaycan diasporunun fəaliyyətində canlanma müşahidə edə bildik.  

2018-ci il aprelin 23-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Komitəsinin sədri vəzifəsinə Fuad Muradov təyin edildi. O, bu təyinatadək Milli Məclisin deputatı kimi aktiv fəaliyyətilə seçilirdi.

Yeni sədrin Komitədəki əsas missiyası qurumun effektivliyini artırmaq, Azərbaycan diasporunun potensialından tam istifadə etmək, erməni diasporu ilə mübarizə aparmaq və buna qədər diaspor sahəsində yaranmış boşluqları doldurmaqdan ibarətdir. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz problemlərin aradan qaldırılması, xaricdəki azərbaycanlılara baxışın, yanaşmanın dəyişməsinə nail olmaq da qarşıda duran vacib məsələlər sırasına daxildir.

Yeni sədrin postunda 3 aydan az fəaliyyətdə olmasına baxmayaraq, onun diaspor sahəsində əsas prioritetləri müəyyən etməsi, Türkiyə, Gürcüstan, Fransaya məhsuldar səfərlər gerçəkləşdirməsi çox böyük optimizm yaradır.


Fuad Muradovun səfər marşrutuna baxdıqda, onun ilk növbədə Azərbaycan diasporunun oturuşmuş mövqeyi, eyni zamanda erməni diasporunun güclü fəaliyyəti olan ölkələrə getdiyini görmək olar.

Komitə sədri ilk rəsmi səfərini mayın sonlarında Türkiyəyə gerçəkləşdirdi. Bu səfər çərçivəsində o, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdi, Türkiyənin dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər keçirdi.

Ardından iyunun 12-də Gürcüstana getdi.  İyunun 17-nə qədər davam edən bu səfər zamanı o, həm Gürcüstan hakimiyyətinin rəsmiləri, həm də Azərbaycan icmasının nümayəndələri ilə görüşlər keçirdi. Məhsuldar səfərə gürcü mətbuatında da geniş yer verildi.

Türkiyə Azərbaycana qardaş ölkə olsa da, buradakı erməni diasporunun gücünü mütləq vurğulamaq lazımdır. Eynilə də Gürcüstanda... Qonşu ölkədə çox sayda azərbaycanlılar yaşasa da, məhz erməni diasporunun gücü ilə bəzi həssas məqamlarda, həlledici situasiyalarda Azərbaycanın mövqeyi nəzərə alınmır.

İyulun 10-da Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayıb. Fransadan start götürən səfər marşrutuna Almaniya, Rumıniya və Ukrayna da daxildir. Səfər proqramına bu dövlətlərin rəsmilərilə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşlər daxildir. Bundan başqa həmin ölkələrdəki ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də nəzərdə tutulub.


Bu günə kimi pərakəndə faliyyəti müşahidə edilən diasporumuz dünyada kifayət qədər təşkilatlana bilməyib. Ona görə də Komitənin yeni sədri Fuad Muradovun üzərinə bu çətin işdə böyük məsuliyyət düşür.

Atılan ilk addımlardan görünür ki, Fuad Muradov işə çox böyük həvəslə başlayıb, böyük layihələri var... Azərbaycanın Qarabağ kimi problemini nəzərə alsaq, qarşıda duran məsələlərin həllində xaricdəki soydaşlarımızın dəstəyi mütləqdir. Onları isə təşkilatlandırmaq, düzgün istiqamətə yönləndirmək lazımdır.

Fuad Muradovun 5 iyul tarixində Komitəsinin yaradılmasının 16 illiyi ilə bağlı tədbirdə çıxışı erməni diasporunda gizlədilə bilməyən narahatlıq yaratmışdı. Həmin çıxışı zamanı Komitə sədri erməni diasporuna təxribatçı fəaliyyətindən dolayı ciddi xəbərdarlıq etmişdi:

“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür. Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır. Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır”.

Fuad Muradov diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.

Bu baxımdan Dövlət Komitəsinə yeni sədrin gəlişi böyük gözləntilər vəd edir.

Xaricdəki Azərbaycan diasporunun isə Dövlət Komitəsinin yardımı ilə effektiv fəaliyyətə keçməsi ölkəmizin gücünə və iqtisadi potensialına öz töhfəsini vermiş ölacaq. Aparılan işlər, diaspor məsələri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi  nikbinliyə əsas verir: Azərbaycan diasporu dünyanın ən güclü diasporlarından birinə çevriləcək...


Yazarlar