Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Düşmənimiz bəlli...

  88
19:33 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Beyinlər qızğın, ürəklər buz kimi soyuq olanda...

 Həmişə demişəm və yenə də deyirəm. Bizim, (oxu: istənilən siyasi çevrənin) yeganə bir düşmənimiz var. O da ermənidir. Nə iqtidardakılar özünün başlıca düşməninin müxalifətdə olanlar, nə də müxalifətdəkilər bütün dərd-bəlaların iqtidardakılarda olduğunu deməsin. 

Ola bilsin, bu sətirlərə kimsə inanmayacaq, ya da qəbul etməyəcək. Amma inanıram ki, nə zamansa müharibə üçün total səfərbərlik elan olunsa, siyasi partiyaların nümayəndələri səngərdə yanaşı, bir-birinə söykənərək duracaq. Yəni onlar qarşıda əbədi düşmənimiz olan ermənini qoyub, bir-birinə güllə atmayacaq ki?!

İndilikdə isə, bu qüvvələrin nümayəndələri sadəcə, siyasi rəqiblərdir. Və nə zamansa (Allah eləsin!), sağlam rəqabət və səbr-təmkinə əsaslanan qarşılıqlı polemika təcrübəsinin tətbiqini görmək qismətimiz olsa, siyasi situasiyalardan dolayı baş verənlər yoluna qoyulası məsələlərdir. Çünki, məqsəd və məramımız torpağına can, suyuna mərcan dediyimiz, canımızı qurban verdiyimiz  Azərbaycandırsa, qalanları asandır.

Ölkədə yaşanan qaynar hadisələrə də soyuq məntiqlə yanaşmaq gərəkir.  Doğrudur, son olaylar, Gəncədə baş verənlər canımız dediyimiz Azərbaycanı biranlıq unutdurdu adama. Obrazlı desək, dumanlı bir səhnədə can verən Azərbaycana əl uzatmaq, yerdən qaldırmaq əvəzinə, sanki kim-kimə üstün gələcək adlı qanlı bir səhnənin şahidi  olduq. O, nə Qarabağın illərlə işğalda qalan ərazilərinin azad olunması yolunda gedən müharibə, nə də ona hazırlıq üçün bir döyüş səhnəsi deyildi. İntriqalardan, xırda ambisiyalardan yoğrulan bu xəmirin çox su aparacağı məlum məsələdir. Niyəsini, axırda deyəsiyəm.

Bu məşum səhnədə soyuq, ya isti olsun, fərqi yoxdur, bir-birinə silah çəkən eyni millətin nümayədəsi idi. Həmin millət ki, ta keçmişdən indiyədək, bugünümüzədək, adlı-sanlı insanlar yetirib. Bu şanlı simaları, adları ona görə çəkmirəm ki, sayları bir yazının çərçivəsinə boy verməz. Qısaca desək,  onların vahid bir adı var - Azərbaycan igidləri, qəhrəmanları!

Fəqət, son olaylarda kimlərəsə bu adı baş qəhrəman kimi tuşlayaq bilmək olmur. Çünki millət bir-birinə qənim kəsiləndə ondan konkret qəhrəman və ya, düşmən obrazı yaratmaq çətindir. Bu çətinlikdə, Qarabağ adlı vahid bir dərdimiz olduğu halda, bir millətin içdən-içə parçalanması, qarşı-qarşıya durması, qanlıbıçaq olması YARAMAZ!

  Baş verənlərin daxilində hakimiyyət davası, terror məqsədi, gərginlikdən sui-istifadə etmək, həqiqəti demək, qəbul etdirmək, ya da, kimin ürəyindən keçən nə istəsən tapmaq olar. Çünki baş verənlərin dəqiq "Nə üçün"ə  açılan cavabı yoxdur. Kim necə istəyir, yaxud, kimə necə sərf eləyir, o cür da açıqlama verir.

Amma, baş verənlər kənardan daha aydın görünür. Sanıram, dilləri bir, dinləri bir, amal və məsləkləri bir olan kəslər heç zaman düşməncəsinə üz-üzə, göz-gözə dayanmamalıdır. Bu vəziyyət cəbhə zonasına, düşmən sərhədinə xas olan bir mənzərə idi ki, onu da deyəsən, yavaş-yavaş yaddan çıxarırıq.

Beyinlər qızğın, onun tam əksinə, ürəklər buz kimi soyuq olanda, böyük amallar, bəşəri ideyalar yada düşməz. Hamı eyni havaya köklənər. O gün də elə oldu. Kimisi açıq halda o qanlı meydanlara, kiməsə havadarlıq etməyə, kimisi hay-haraya, kimisi ölməyə, kimisi də öldürməyə getdi. Bəzisi o qanlı qarşıdurmanı isti-isti "döyüş meydanı"ndan, kimisi də xəlvətcə pəncərədən,  ya da evinin eyvanından çəkib göstərdi. Bəli, göstərdi. Niyə, nə üçün, nədən ötrü, nəyin naminə kimi sualların məsuliyyətini də düşünən olmadı.

 Bəşəri məsələlərdə yekdillik lazım gələndə, könüllülərin siyahısında nədənsə daha çox boşalan meydanları, bağlanan pəncərələri, süpürgə çəkilmiş evləri gördük. İllərdir görə-görə gəlirik çox şeyləri. Amma milləti kor quyuya daş atan kimi görmək, belə tanımaq, tanıtdırmaq  nədənsə, ağır gəlir adama.

Bizə azərbaycanlı dedilər bir zaman. Qaragüruhçu adı isə başqasına deyilməlidir hər an. Millət kimi var olmayıb, millətlər içində adı olmayanlara!

Olaylara rəvac verməyib ATƏT-in Minsk qrupunun, cürbəcür adda olan beynəlxalq təşkilatların əvəzimizə etməyəcəyi daha böyük - Qarabağ probleminin həllinə köklənməliydik əslində. Çünki xırda ambisiyalar və bu kimi oxşar məsələlər, yuxarıda söylədiyim kimi, hələ "çox su aparacaq". Ona görə çox su aparacaq ki, yaddan çıxsın Qarabağ. Biz isə təkcə bayatılarda deməməliyik, "Yaddan çıxmaz Qarabağ"!

Deyin, meydanda açıq düşmən, qan görəndə dabanqırma qaçan, arxaya baxmadan aradan çıxan erməni varsa, vuruşmağa, qanını tökməyə başqa kiməsə və ya nəyəsə ehtiyac varmı?

Yazarlar