Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Piyadaların işi...

  86
19:04 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Efirdən xarizmatik görünənlər sonunda necə də düşgün,
cəsarətlilər isə necə də miskin görünürmüş

 "Maşın-şou" başlayandan hamı əməlli-başlı yarış havasına köklənib. Cümlə-cahan indi "maşın"dan danışır. Bir yerə cəmləşəndə, qonaq gedib, qonaq qəbul edəndə. Evdə-bayırda, dükanda-bazarda olanda, ictimai nəqliyyatda, ya da elə maşında gedəndə.

Sonra da deyirlər, bizim millətdə birlik-filan yoxdur. Təəssübkeş, qayğıkeş əhalimiz şou iştirakçılarının birini o maşına mindirir,  bir gün keçmiş də tələm-tələsik düşürür. Kimisi səs göndərir, kimisi də dua edir, favoritinin şouda qalmağına. Bu şouda birinin uğur qazanması, işinin yaxşı alınması üçün bundan özgə nə lazım, bundan gözəl nə ola bilər?  

Məncə, heç nə. Maşın sonunda bir nəfərin olacaq. Bilinmir hansı iştirakçı o maşını, cansız olsa da, o başıbəlalı, bahalı dəmiri alıb gedəcək. Qalan iştirakçılar da günlərlə o maşının başına dolanmağına, onun uğrunda vaxt sərf edib, can qoyub, az qala mücadiləyə çıxmaqlarına baxmayaraq, sadəcə, cıxıb gedəcəklər. Şounun siması bu.

Qaldı ki, iştirakçıların simasına, ondan geniş, ətraflı danışmağıma dəyməz. Çünki "Maşın-şou"nun daimi izləyicisi deyiləm, orda baş verənləri aradabir, televizorun kanallarını dəyişəndə görürəm. Alayarımçıq gördüklərimdən belə qənaətə gəlmişəm ki, bu şouda iştirak edənlər bir adda, amma xarakter etibarilə bir neçə formatda tamaşaçılara görünürlər.

Efirdən xarizmatik görünənlər sonunda "dəmir-dümür parçası" adlanançün necə də düşgün, cəsarətlilər isə necə də miskin görünürmüş.

Deyəcəklər, bu, şounun axarından doğan tələbat, şounun siması, yəni adı hər nə isə, gedişatlar ona hesablanmış bir şoudur. Kim, kimə nəyi necə dedi, kim, kimə söz, ya da əl-qol, yumruq atdı, kim, kimi asıb-kəsdi, kimisi də başqasına əsəbləşdi, yaxud da himayəyə götürdü. Baş verənlər şou pərdəsi altında  gizlədilsə də, ayıq tamaşaçı, uzaqgörən izləyici nəyin necə, nə üçün baş verdiyini sonun başlanğıcından bilir. Burada, ssenarini yazana bir əhsən, yeri gəlsə, lap əl çalmaq da olar. Təşkilatçılara reytinq vacib idisə, bu da reytinq!

Sözümün canı bir başda, bir də axırda. Milləti bir arada cəmləşdirmək, eyni havada birləşdirmək üçün tarixdən, riyaziyyatdan, məntiqdən, fəlsəfədən danışmaq, ciddi-cəhdlə nitqlər söyləmək, natiq, yaxud, orator olmaq lazım deyilmiş. Ona bircə şou bəs edirmiş... 

Mahiyyətində dəmirin dayandığı bu oyunsa, indiyəcən neçə-neçə polad iradəliləri sındırıbmış. Tanıdığım adamlara zəhmindən küçədə- bayırda az qala yaxınlaşmağa belə yol qoymayan, adicə söz soruşmağa imkan verməyən bəzi iştirakçıların indi hamıdan, tanımadıqlarından da səs istəməsinin, kömək gözləməsinin onların öz dilində görəsən, adı nədir?! Bunu şouçuların öz ixtiyarına buraxmaq lazım. Öz adını başqasından soruşmağa nə hacət? 

"Maşın-şou"nun hazırkı sürətindən danışmağa da ehtiyac yox. Hər şey göz qabağındadır. Bütün sosial şəbəkələr, bütöv cəmiyyət bu şouya köklənib. Hamılıqla - yekdil, kütləvi, bir səslə.

Şou bitməyib hələ. Nigaran olanlar da var. Maşının sükanında kimin olacağından deyil, növbəti "Maşın-şou"nun nə vaxt başlayacağından dolayı. Ucuz, ya bahalı olmasının nə fərqi, ortaya qoyduğunuz maşını sürün gedin.  Camaat onsuz da arxanızca gələcək. Pay-piyadaların zatən, bundan başqa dərdi yox...

Yazarlar