Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Türkiyə yoxdursa...” - Azərbaycanlılar Dünya Çempionatında kimə azarkeşlik edəcəklər...

  18
16:25 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Futbol üzrə növbəti Dünya Çempionatının başlamasına iki gün qalıb. İyunun 14-də Rusiya paytaxtı Moskva şəhərində açılışı olacaq mundial iyulun 15-də yekunlaşacaq. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək.

2018-ci il Dünya Çempionatının oyunları Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Nijniy Novqorod, Samara, Volqoqrad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov-na-Donu və Saransk şəhərlərində keçiriləcək.


Paralel.az saytı bəzi tanınmış şəxslərdən Dünya Çempionatında hansı komandaya azarkeşlik edəcəyini soruşub.

Milli Məclisin deputatı  Fazil Mustafa:

“Dünya Çempionatında Almaniya yığmasına azərkeşlik edəcəm və onun qalib gəlməsini gözləyirəm.  Əlbəttə, əvvəllər də Dünya çempionatlarının hamısını izləyirdim. Həmin vaxtlar daha çox İtaliya komandasını dəstəkləyirdim. Lakin bu il İtaliya olmadığı üçün  seçimim Almaniyadır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Hələ uşaqlığımda – 1974-cü ildə Dünya Çempionatına baxdığım yadımdadır. O zaman 10 yaşım vardı. Ondan sonra da demək olar ki, əksər vaxtlarda hər zaman Dünya çempionatlarını izləmişəm. Dünyanın bütün diqqəti bu oyunlarda  olub.  Uzun illər mənim kumirim Braziliya idi. Hətta yadımdadır ki, gənclik yaşlarımda Braziliya komandası uduzanda hönkür-hönkür  ağlamışam. Düzdür, Braziliya yenə gözəl futbol nümayiş etdirir. Onların oyununa həmişə futbol yox, incəsənət kimi baxmışam.

Amma son illər şübhəsiz ki, başqa komandaların oyununda da yeniliklər olub. Məsələn, vaxt olub Xorvatiyanı, Almaniyanı, İtaliyanı bəyənmişəm. Bu çempionatda Misirli futbolçu Məhəmməd Salaha görə, ola bilsin ki, Misir yığmasına da maraq göstərdim.  Hər dəfə Dünya Çempionatında yeni oyunçular çıxır, yeni ulduzlar parıldayır. Buna görə də azarkeşlik edəcəyim komanda dəyişə bilər.  Kimə azarkeşlik edəcəyimlə bağlı hələ ki konkret ünvan yoxdur. Qoy başlasın, baxarıq”.

Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev:

Sözün düzü, hər zaman güclü Braziliyanın yaxşı komandası olub. Ancaq son vaxtlar  Avropa komandalarında ciddi irəliləyiş müşahidə edilir. Mənim də ən sevdiyim komandalardan biri elə Almaniya yığmasıdır. Bu baxımdan çox istərdim ki, Braziliya son Dünya Çempionatındakının heyfini çıxarsın. Yəni finalda Almaniya və Braziliya yığması qalsın”.

Xalq artisti, xanəndə  Mənsum İbrahimov:

“Vallah, futbola baxsam da, oğlum daha çox azarkeşlik edir və futbola  meyllidir. Mən ancaq vaxtım olanda oyunları – Dünya Çempionatı, Avropa Çempionatını  izləyə bilirəm. Lakin gənclik illərimdə futbolla maraqlanırdım və azarkeşlik etdiyim klub da “Barselona” idi”.

Şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov:

“Uşaq vaxtından Avropa, Dünya birinciliklərindən Türkiyə və Hollandiya komandalarına azarkeşlik etmişəm. Amma təəssüflər olsun ki, bu il Dünya Çempionatında heç biri yoxdur. Hazırda Belçikada yarışda olduğum üçün hər halda  bu ölkənin uğuruna azarkeşlik edərəm. Və əlbəttə, “Barselona” azarkeşi olduğum üçün, Messiyə görə Argentinanı dəstəkləyəcəm”.


Politoloq Elxan Şahinoğlu:

“Açığı, hələ hansı komandaya azarkeşlik edəcəyimi müəyyənləşdirməmişəm. Gəncliyimdə hər çempionatda bir komandanı seçərdim. Məsələn, 1982-ci ildə Braziliyaya rəğbət bəsləyirdim. Təəssüf ki, bu komanda  İtaliyaya süpriz şəkildə məğlub oldu və sonrakı mərhələyə keçə bilmədi. Halbuki, Braziliya  82-ci ildə dünyanın ən güclü komandası idi, o cümlədən heyətində kifayət qədər güclü futbolçular var idi.
86-cı ildə İngiltərə və Almaniyaya azarkeşlik edirdim. Hər ikisi məğlub oldu. Xatırlayırsınızsa, Almaniya finalda Argentinaya uduzdu. Amma sonrakı illərdə hansısa komandaya azarkeşlik etmədim. İndi də komandalara baxıram, hansı daha yaxşı oynayırsa, onu seçməyə çalışıram. Çünki ədalətsizlik olmasını istəmirəm. Adətən futbolda ədalətsizliklər tez-tez olur. Bəzən zəif komanda hakimin səhvləri və ya təsadüflər nəticəsində güclü komanda üzərində qələbə çalır. Keçən çempionatda Braziliya yarımfinalda  Almaniyaya 7:1 uduzdu. Bu normal idi, braziliyalılar oyuna yaxşı  hazırlaşmamışdı.

Lakin hazırkı Dünya Çempionatında elə bir komanda yoxdur ki, ona xüsusi rəğbətim olsun. Əlbəttə, güclü komandanın çempion olmasını istəyərəm. Amma oyunların maraqlı olması daha çox arzuolunandır.  Bəzi Dünya çempionatları heç yadda qalmadı, hesaba hədəflənmiş oyunlar oldu.Hücum taktikasına üstünlük verilən futbol oyunları olacaqsa, çempionat yadda qalacaq”.

Rejissor Kənan Mahmudov (MM):

“Türkiyə yoxdursa, heç bir komandaya azarkeşlik etməyəcəm. Əvvəllər də hər zaman yalnız Türkiyə komandasına azarkeşlik etmişəm”.




Yazarlar