Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qədim mədəniyyətlər daha çox
multikultural dəyərlərə malik olub

  330
19:15 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

"Multikulturalizm - bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir"

 Müasir dünyamızın gündəmində olan ən aktual problemlərdən biri də multikulturalizmdir, tolerantlıqdır və birgəyaşayışın ən optiman variantlarının tapılmasıdır. Bu baxımdan, multikulturalizmin Azərbaycan modeli, bəzi dini və milli xüsusiyyətləri nəzərə almaqla bütün dünya dövlətləri üçün də nümunə kimi keçərli ola bilər. Bu da məlumdur ki, multikulturalizmin qəbulu və inkişaf etdirilməsi bir neçə mərhələdən keçib və demək olar ki, bu gün tam formalaşan elə bir model yoxdur ki, onu hər kəs olduğu kimi qəbul etsin.

Buna görə də, qərbsayağı multikulturalizmin formalaşmasındakı II mərhələyə Avropa dövlətlərinin müstəmləkə sisteminə xidmət edən ideologiya kimi baxmaq olar. Bu zaman 2 fərqli yanaşmanı müşahidə edə bilərik. Birincisi, Avropa dövlətlərinin müstəmləkə ölkələrin əhalisinə yanaşması. Bildiyniz kimi, o dövürdə Avropa dövlətləri Qərb dəyərlərinin dominantlığı üzərində formalaşdırdıqları ideologiyanı müstəmləkə ölkələrində yeganə üstün sivilizasiyalı mədəniyyət kimi təqdim etməyə çalışıb və yerli mədəniyyətlərə qarşı çox etinasız yanaşıblar. Eyni zamanda, yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyəti, dünya miqyasında universal standart kimi təqdim olunub. Bunun nəticəsidir ki, Amerika qitəsində qədim Mayya mədəniyyəti, Afrikada Misir mədəniyyəti, Şərqi Asiyada Hind, Malay, Çin kimi ilkin sivilizasiya mədəniyyətləri, yalnız istismara məruz qalıb və onların formalaşaraq təşəkkül tapmasına heç bir imkan verilməyib.

Ancaq çox maraqlıdır ki, elə həmin Avropa dövlətləri, bu gün işçi qüvvəsi kimi Avropaya gələn miqrantların Qərb dəyərlərini qəbul etmədiyi üçün multikulturalizmin iflasa uğradığını iddia edirlər. Bir neçə əsr əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan gətirdikləri qulların mədəni müxtəlifliklərini qəbul etməyən, əksinə bütün mümkün yollarla məhv etməyə çalışın Qərb dövlətləri, bu gün də eyni ssenari ilə fəaliyyətini davam etdirməyə çalışır. Amma, nədənsə o zaman belə münasibət multikulturalizmin böhranına səbəb kimi qiymətləndirilmirdi.

İkincisi, şərti olaraq "Amerikan modeli" adlandıracağımız multikultural yanaşmanı fərqləndirmək olar. Avropa xalqları "Köhnə qitə"dən kənarda yeni dünya ölkələrində Amerikada, Avstraliyada, Yeni Zelandiyada yerli mədəniyyətləri qəbul etməməklə bərabər, öz aralarında mədəni cəhətdən daha da yaxınlaşdılar. Yəni, Avropada bir-birindən fərqlənən protestant, katolik, pravoslav dini daşıyıcılar, eləcə də anqlo-saks, german, latın dil qrupu təmsilçiləri Amerikada və ya Avstraliyada vahid mədəni dəyərlərin yaradılmasına doğru istiqamət aldılar. ABŞ-da bu nəzəriyyəni "əridici qazan" (melting pot) adlandırırlar. Bu zaman multikulturalizm konsepsiyası bütün millətlərin bir xalq kimi birləşdiyi "əritmə qazanı" konsepsiyası ilə qarşılaşdırılır. Bu zaman da, azsaylı xalqların mədəniyyətinin assimilyasiyaya uğraması qaçılmazdır. Multikulturalizm isə bütün növ assimilyasiya hallarını inkar edir.

Onu da qeyd edək ki, Harper Colins sosiologiya lüğətində (1991) Multikulturalizmin belə bir tərifi verilir: "Multikulturalizm - bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, azlıqların mədəniyyətinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər münasibətlərini nəzərdə saxlayır" . Yeni düşüncə tərzinin formalaşması, düşüncə böhranının aradan qaldırılmasının uğuru, yalnız yüksək mədəniyyət, multikulturalizmdir. Dahi Azərbaycan filosofu və mütəfəkkiri N. Tusi "Əxlaqi-Nasiri" əsərində elmlə əməlin əlaqəsindən yazaraq qeyd edir ki, "bunların vəhdəti olmadan inkişaf və kamillik qeyri-mümkündür". Mədəniyyətlərin dialoqunu qurmaq üçün başqa mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmək lazımdır.  Samuil Hantunqton isə "Sivilizasiyaların toqquşması və dünya düzəminin yenidən qurulması" adlı kitabında qeyd edir: "Yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni fərqlər və müxtəlifliklərdi. Öz tarixinə, dininə, dilinə, mənəvi dəyərlərinə müraciət edən xalqlar, öz kimliklərini müəyyən edirlər".

Bu mənada, multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə yanaşır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də, bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də, multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burada irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq də var. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.

Multikulturalizm bir siyasət kimi, öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə sıx bağlıdır.

Azərbaycan 25 ildən artıq bir zaman kəsiyində öz müstəqilliyini, müstəqil dövlət siyasətini qoruyur və inkişaf etdirir. Bu siyasi mübarizənin daxilində ölkəmizdə mövcud olan mutlikulturalizmin və tolerantlığın qorunaraq inkişaf etdirilməsi ana xətt kimi keçir. Müstəqilliyin 25-ci il dönümündə Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi də, bu siyasətə xidmət edir. O da məlumdur ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə, dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Azərbaycanda bütün xalqlar, toplumlar, fərqli dil və din mənsubları ortaq məxrəcə gələrək birgəyaşayışın ən mükəmməl formasını yarada biliblər. Burada tarix boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı unikal məmləkətlərdən biridir. Bildiyiniz kimi, ötən əsrin 70-ci illərində ABŞ və Avropada multikulturalizm siyasətinin genişləndirilməsinə təkan verildi. Multikulturalizm siyasəti yürüdülərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, digər tərəfdən dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiyasına nail olmaq və vahid ideya ətrafında cəmiyyət qurmaq idi. Lakin 2010-cu ildən sonra Britaniya, Almaniya və Fransa kimi dövlətlər multikulturalizm siyasətinin iflasa uğradığını iddia etdilər və bu siyasətdən imtina etdiklərini bildirdilər. Bu ölkələrdə multikulturalizmin böhranının səbəbi onunla bağlı oldu ki, mədəniyyətlərarası təbii intiqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Onlar öz mədəniyyətlərindən imtina etmək istəmədilər. Buna görə də, həmin dövlətlər multikulturalizmin iflasa uğradığını iddia etməyə başladılar. Bununla belə, multikulturalizm bir çox dövlətlərdə sürətlə inkişaf edir və artıq elə bir mərhələyə çatıb ki, onun alternativi yoxdur. Əgər biz bəşəriyyəti müxtəlif dini və milli qarşıdurmalardan xilas etmək istəyiriksə, bu zaman birgəyaşayışın ən mükəmməl forması olan multikulturalizmi qorumalı və inkişaf etdirməliyik.   

Onu da diqqətinizə çatdıraq ki müasir ədəbi-bədii, yəni mədəni intibah da, multikulturalizmin inkişaf etməsinə dəstək ola bilər. Diqqət etmisinizsə, istər keçmiş, istərsə də müasir intibah dövrünün mədəniyyət xadimləri olduqca geniş tolerantlıq təfəkkürünə malik insanlar olurlar. Buna görə də, bu mədəniyyət yaradıcılarının əsərləri də tolerant ruhda ərsəyə gəlir.

"İntibah"- adlandırılan dövrü "Renessans" kimi də qeyd etmək olar. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olub. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus - "insani" deməkdir) təşəkkül tapıb. Bu ideyalar XIV əsrdən başlayaraq XV-XVI əsrin II yarısına digər Avropa ölkələrində geniş vüsət alıb. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafa isə o, öz qabiliyyətləri hesabına nail olur.

Bu yeni mədəni münasibət Avropa cəmiyyətində baş verən köklü dəyişikliklər nəticəsində mümkün olub. Şəhərlərin böyüməsi, feodal münasibətlərdə iştirak etməyən usta və sənətkarların, tacirlərin, bankirlərin cəmiyyətdə baş verən proseslərin gedişinə təsirini artırıb. Nəticədə insanın şəxsiyyəti, azadlığı, cəmiyyət quruculuğunun qiymətləndirmə kriteriyası və ən yüksək dəyər sayılan fəal insan yaradıcılığını əsas sayan yeni fəlsəfi istiqamətin - humanizmin meydana gəlməsinə şərait yaranıb.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar