Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü
(1918-1920-ci illər, qısa tarixi tədqiqat)

  388
19:37 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü

Əvvəli ötən sayımızda

 ...Şimaldan daha ciddi təhlükə olan, Samur çayı sərhədində cəmləşən 72 min nəfərlik XI "qırmızı" ordu komandanlığı 1920-ci il aprelin 25-də "Bakı üzərinə hücum" və güya "Azərbaycanın azad edilməsi" haqqında xüsusi əmr hazırlayıb. Əmrdə aprel ayının 27-də Azərbaycanın sərhədini keçib 5 gün ərzində "Yalama-Bakı əməliyyatı"nı başa çatdırmaq nəzərdə tutulurdu. Bu zaman orada işğalçı XI orduya qarşı vuruşmaq üçün 4 topu və 10 pulemyotu olan Quba piyada alayının iki rotası ilə yanaşı 200 nəfərə yaxın sərhədi gözətçi (mühafizə-İ.Ə.) polisi dəstəsi də mövqe tutmuşdu. Bolşevik E.Y.Blyumin sonralar xatirələrində yazırdı ki, həmin vaxt səhər saat 4-də Xaçmaz-Quba sərhədində keşik çəkən və atların üstündə mürgüləyən, tez-tez oyanıb ətrafa diqqət kəsilən 200 nəfərlik "jandarma" dəstəsi ilə rastlaşıb. Bakıda milli mənafeyimiz əleyhinə cənfəşanlıqla fəaliyyət göstərən A. Mikoyanın başçılıq etdiyi bolşeviklərin nümayəndə heyəti hələ aprelin 26-da Dağıstanın Port-Petrovsk şəhərinə-XI "qırmızı" ordununun qərargahına gələrək onu Azərbaycan xalqı adından (?) Bakıya dəvət edib. Həmin vaxt başlıca olaraq Azərbaycanın qərbinə -Qarabağa və Zəngəzura, mənfur Ermənistanla sərhəddə yerləşdirilən Azərbaycan Ordusunun sayı 40 min nəfərə çatırdı. Dağıstan vilayəti və Azərbaycanın Qusar-Quba-Xudat rayonlarının sərhədində 5 min nəfərlik "jandarm" (əslində, sərhədi mühafizə polisi) dayanırdı. Ordunun ehtiyatında 2 min nəfər polis qüvvəsi vardı, Parlamenti mühafizə dəstəsi isə 300 nəfərdən ibarət idi.

1920-ci il aprelin 27-də axşam saat 11-də Azərbaycan Parlamenti yaranan böhranlı vəziyyətdə qan tökülməsinə yol verilməməsi üçün hakimiyyətin kommunistlərə verilməsi barədə qərar çıxardı. Beləliklə, hakimiyyət siyasi (dinc) yolla bolşeviklərin əlinə keçdi və Azərbaycan Xalq Cümhuriyyəti 2 illik (23 aylıq-721 gün) mövcudluqdan sonra süqut etdi. Azərbaycanın zorla başlanan işğalı aprelin 28-də Bakıda və mayın 15-də qəzalarda sovet hakimiyyətinin qurulması ilə başa çatdı.

Lakin AXC DİN və Azərbaycan Polisi mövcudluğunu hələ bir müdət saxladı, dərhal ləğv edilmədi. Çünki, sovet hökuməti ilk dövrdə ehtiyac duyduğu AXC-nin tarixi təcrübəsindən, peşəkar kadrlarından respublikada fəhlə-kəndli milisinin təşkilində istifadə etməyə məcbur olmuşdu. Belə ki, AXC DİN-də, onun yerli strukturlarında, polis orqanlarında böyük əksəriyyəti hüquq və digər ixtisas təhsili almış, habelə vaxtı ilə çar polisi və jandarmasında, habelə orduda xidmət etmiş peşəkar kadrlardan ibarət olduğu halda, Azərbaycan SSR-də yeni yaradılan sovet milisi orqanlarında əsasən dünənki savadsız, həm də təcrübəsiz fəhlə və kəndlilər xidmətə çəlb olunmuşdular.

...Arxivlərdə 1918-1920-ci illərə aid saxlanılan qanunverici aktlar və sənədlər sübut edir ki, AXC DİN və Azərbaycan Polisi orqanlarının yaranması və təşəkkülü necə başlanmışdısa, onların ləğv edilməsi, sovet fəhlə-kəndli milisi və komissarlıqlarla əvəz edilməsi də, tədrici bir proses kimi aparılıb. Azərbaycan İnqilab Komitəsi sovet hakimiyyəti qurulduqdan dərhal sonra özünün ilk dekretləri ilə milli demokratik dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını ləğv etməyə, əvəzində fəhlə-kəndli hakimiyyəti orqanları(komissarlıqlar) yaratmağa başladı. Azərbaycan İnqilab Komitəsinin ilk dekretlərindən biri 1920-ci il aprelin 28-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (Azərb. SSR XDİK) yaradılması və görkəmli bolşevik Həmid Sultanovun daxili işlər komissarı təyin edilməsindən, ertəsi gün 1920-ci il aprelin 29-da sovet milisinə rəhbərlik etmək üçün Azərbaycan SSR Baş Fəhlə-Kəndli Milisinin (Azərb. SSR FKM) yaradılması və tezliklə digər görkəmli bolşevik İbrahim Əbilovun onun rəisi təyin edilməsi haqqında olub. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar".

1920-ci il mayın 5-6-da Bakıda AK(b)P-nin Ümumbakı konfransı keçirildi. Konfrans AXC-nin keçmiş polis və jandarm orqanlarını buraxmaqla bərabər, Bakıda və yerlərdə başlıca vəzifə kimi fəhlə-kəndli milisini yaratmaq haqqında yeni qərar qəbul etdi. 1920-ci il mayın 11-də Azərbaycan SSR XDİK Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər orqanlarını əməli ləğv etmək haqqında xüsusi əmr verdi. Əmrə uyğun olaraq general-qubernator, qubernator, qəza rəisi, qradonaçalnik, polismeyster, pristav, qorodovoy və s. vəzifələr, xüsusi səlahiyyətli orqanlar, şəhər və qəzaların polis müfəttişliyi, quberniya polismeysterliyi, şəhər və qəzaların sahə polis pristavlıqlarının, ehtiyat polisin, general-qubernatorluqlar və qubernatorluqların nəzdindədəki xalq milisinin ştat üzrə vəzifələri, habelə DİN sistemindəki digər strukturlar ləğv olundu. Lakin əvvəlki təşkilat strukturlarından və ərazi bölgü prinsiplərindən şəhər və qəza milis orqanları yaradılarkən hələ bir müddət istifadə olundu. Məsələn, ilk vaxtlarda Bakı Polismeysterliyi dövründəki 10 sahə polis pristavlığının və Liman polisinin inzibati sərhəd (ərazi) bölgüsü, Balaxanı-Sabunçu Polismeysterliyinin inzibati-ərazi hüdudları olduğu kimi saxlanılıb, yalnız adlar dəyişdirilib və başında komissarların durduğu sahə milis idarələri adlandırılıb.

1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. Keçmiş Xəfiyyə Polisi Cinayət-Axtarış Milisi adlandırılıb. Balaxanı-Sabunçu Polismeysterliyi dövründəki 7 sahə polis pristavlığı olduğu kimi saxlanılıb, yalnız sahə milis idarələri adlandırılıb ki, onların da başında ancaq kommunistlərdən təyin edilən komissarlar durdu.

Xeyli səciyəvi faktlar vardır və göstərir ki, sovet hökuməti milis xidmətində müstəqil Azərbaycan Polisinin sabiq peşəkar kadrlarından istifadə edib və buna bir növ məcbur olub. Bunlara misal olaraq, mülkədar Cahandar bəyin oğlu ("Dəli Kür" filmindəki), vaxtı ilə pristav işləmiş Qiyas bəy Şıxlinskini (sonra 1930-cu ildə sovet hakimiyyətinə qarşı qiyam qaldıraraq Türkiyəyə keçib, oradan silahlı mübarizəni davam etdirib), məsul vəzifələrdə çalışıb, mülkədar Aslan bəyin oğulları Məmməd bəy və Qiyas bəy Sarıcalinski qardaşlarını, Əbil Musayevi, pristav İsrafil İbrahimovu, Riza Mövlazadəni, Rza Qaraşarlını, Həsən bəy Firidunbəyovu, Qriqori Şpakı, ağdamlı mülkədar Nəsir bəyin oğlu Əsəd bəy Axundovu, ağdamlı mülkədar Camal bəyin oğlu Cəmil Mirzəyevi, Masallının Xıl kəndindən olan polkovnik (sonralar general-mayor) Əli bəy Bəylərbəyovu, Məmmədəmin Şəkinskini, Bahadur Rzayevi və digərlərini göstərmək olar.

...Mənbələr- qiymətli arxiv materialları, xarakterik aidiyyatı dövrü hüquqi sənədlər və ədəbiyatlar qəti sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər orqanlarının, polisinin əxz edilməli həqiqi tarixi təcrübəsi var. Gürcüstan milisinin tarixinə bir neçə sanballı monoqrafiyalar həsr etmiş tarix elmləri doktoru, professor P.S.Xviçiya hələ 1987-ci ildə Tbilisidə keçirdiyimiz görüşdə fikir mübadiləsi zamanı mənə dedi ki, Azərbaycan Xalq Cümhuriyyətində polis və milis menşevik Gürcüstanı və daşnak Ermənistanından əvvəl təşəkkül tapıb, daha mükəmməl təşkilati və struktur təcrübəsinə malik olub. Beləliklə, tarixi mənbələr, faktlar, xarakterik dövri hüquqi sənədlər və faktlar sübut edir ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin, Azərbaycan Polisinin tarixi təcrübəsi hədər getməyib, hətta ictimai quruluşun  dəyişməsinə baxmayaraq, özündən sonra bir örnək rolunu oynayıb və bu gündə oynamaqdadır. Başqa sözlə, ulu öndər, ümummilli lider, möhtərəm prezidentimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti Polisi müasir Azərbaycan Respublikası Polisinin həqiqi sələfi, müasir Azərbaycan Polisi isə onun layiqli varisidir.

***

Mədət Məşədi Kərim oğlu Quliyev. AXC dövründə Gəncə şəhər Polismeysterliyinin Xəfiyyə Şöbəsinin baş polis nəzarətçisi və həbsxana rəisi (1919-1920-ci illər) vəzifələrində xidmət göstərmişdir. Sovet hakimiyyəti zamanı erməni şuğulçularının saxta ittihamları ilə DSİ tərəfindən dəfələrlə (1925, 1927, 1930, 1931) həbs edilmiş, lakin günahsız olduğundan hər dəfə buraxılmışdı. Nəhayət, 1931-ci ilin fevralında yenə həbsə alınmış, işgəncələrə məruz qalmış və həmin ayın 17-də güllələnmişdir. Mədət Məşədi Kərim oğlu hazırda Azərbaycan Respublikası DTX-nın rəisi, general-leytenant, Azərbaycanın Mill Qəhrəmanı Mədət Qəzənfər oğlu Quliyevin babasıdır.

***

Sarı Ələkbər İmamqulu oğlu (“Qaçaq Sarı Ələkbər”, “Sarıyal”)(1885, Gəncə ş. - 1956, Qars, Türkiyə). Böyük milli təəssübkeşdir. Cəsur, mərd adam kimi indidə xatırlanır. AXC dövründə Gəncə şəhər Polismeysterinin böyük köməkçisi (1-ci müavini), silahdaşı qaçaq Qənbər Qəni oğlu Bəhmənli ilə bolşeviklərə qarşı Gəncə üsyanının (26 may - 4 iyun 1920) rəhbərlərindən biri olmuşdur. Üsyan yatırıldıqdan sonra labüd həbsdən və güllələnmədən yaxa qurtarıb Türkiyəyə keçməyə müvəffəq olmuş, ömrünün sonuna qədər Qarsda yaşamış, işləmiş (gübrə zavodu açmışdı) və böyük hörmət qazanmışdır. Ailəsi sovet hakimiyyətinin təqiblərinə və sürgünə (Qazaxıstana) məruz qalmışdır. Cəvahir xanımdan Qulu adlı oğlu və Brilyant adlı qızı qalmışdı. Onlar İstanbulda böyük hörmət qazanmışdılar. ”Sarıyal” ləqəbilə çox hörmət qazanmış Sarı Ələkbər 1956-cı ildə Qarsda 71 yaşında vəfat etmişdir. M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında Sarı Ələkbəri “İstiqlal Şəhidi” adlandırmışdır. Sarı Ələkbərin vaxtı ilə Gəncədə Balabağbanlar qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi (28 may 1992) vurulmuşdur.

 

Xronologiya

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ:

1.FƏTƏLİ XAN İSGƏNDƏR XAN OĞLU XOYSKİ (1875- 1920). Daxili işlər naziri olduğu dövr: 28 may - 16 iyun 1918-ci il.

  1. BEHBUDXAN AZAD XAN OĞLU CAVANŞİR (1877 - 1921). Daxili işlər naziri olduğu dövr: 17 iyun 1918 - 7 dekabr 1918-ci il.
  2. XƏLİL BƏY HACIBABA OĞLU XASMƏMMƏDOV (1875-1945). Daxili işlər naziri olduğu dövr: 26 dekabr 1918 - 14 mart 1919-cu il.
  3. NƏSİB BƏY YUSİF BƏY OĞLU YUSİFBƏYLİ (1881-1920). Daxili işlər naziri olduğu dövr: 16 aprel - 22 dekabr 1919-cu il.
  4. MƏHƏMMƏD HƏSƏN CƏFƏRQULU OĞLU HACINSKİ (1876-1931). Daxili işlər naziri olduğu dövr: 24 dekabr 1919 - 18 fevral 1920-ci il).
  5. MUSTAFA BƏY NADİR BƏY OĞLU VƏKİLOV (1896-1965). Daxili işlər naziri olduğu dövr: 18 fevral - 28 aprel 1920-ci il.

7.General-mayor MƏHƏMMƏD SADIX BƏY HACI İSMAYIL BƏY OĞLU AĞABƏYZADƏ (AĞA-BƏYOV)(1865-1944). Nazirəvəzi (vitse-nazir) olduğu dövr: 23 oktyabr 1918 - 23 yanvar 1920-ci il.

 

Ardı gələn sayımızda 

İLTİFAT ƏLİYARLI-ŞAHSEVƏNLİ                                            

   tarix üzrə fəlsəfə doktoru 

Yazı Azərbaycan Respublikası

Daxili İşlər Nazrlyində

Azərbaycan Polisinin 100 illik

yubileyinə həsr olunmuş

müsabiqəyə təqdim edilir

Yazarlar