Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycançılıq multikulturalizm
və tolerantlıq fəlsəfəsinin əsasıdır

  194
20:54 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Ölkəmizdə insanların milli-mənəvi və dini dəyərlərinə çox böyük önəm verilir

 Bu gün Azərbaycanda mövcud olan multikultural mühitin qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var.

O, özünün bütün çıxışlarında dönə-dönə qeyd edirdi ki, Azərbaycan xalqının sərvəti təkcə təbii resursları deyil, həm də çoxmədəniyyətli, çoxkonfessiyalı cəmiyyətimizdir. Özünün uzaqgörən siyasəti və idarəçilik prinsipləri ilə bir çoxlarına nümunə olan Ulu öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyətə gəldikdən sonra azsaylı xalqların və etnik qrupların milli mədəniyyətinin, adət-ənənələrinin, folklorunun, dininin və dilinin qorunub inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaratdı. Hətta, ölkənin çərçivə qanunu olan Konstitusiyada da azsaylı xalqların hüquqları dəqiqliklə təsbit edildi. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu siyasəti daha da irəli apararaq, Azərbaycanı dünyanın tolerantlıq və multikulturalizm mərkəzinə çevirdi. Bunun üçün ölkəmizdə lazımi infrastruktur formalaşdırıldı, beynəlxalq səviyyədə təmsil oluna biləcək təşkilatlar yaradıldı. Belə təşkilatlardan biri olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Dillər Universitetinin (ADU), eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Universitetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfransın keçirilməsi də, dövlətin bu sahəyə ayırdığı diqqətin nəticəsidir. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. ADU-nun tarixində belə mötəbər tədbirin ilk dəfə təşkil olunduğunu deyən ADU-nun rektoru K.Abdulla vurğulayıb ki, konfransın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Tədbir, həmçinin universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Rektorun sözlərinə görə,  artıq konfransın bölmə iclaslarının təşkil olunacağı xarici universitetlərlə danışıqlar aparılıb və birgə fəaliyyət proqramı hazırlanıb. Hər bölmədə Azərbaycan alimlərinin, Bakıda yekun plenar iclasda xarici universitet rektorlarının və nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu layihə qeyri-adiliyi ilə həm universitetlərarası münasibətlərin formalaşmasına, həm Ulu Öndərin ideyalarının Avropa və Asiyada bir daha yayılmasına, həm də azərbaycançılıq ideologiyasının yeni formatda inkişafına təkan verəcək.

Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi məsələsinə toxunan K.Abdulla qeyd edib ki, Azərbaycan dili, mədəniyyəti və multikulturalizminin dünyada tanıdılması istiqamətində ADU bu günə qədər də, bir sıra uğurlara nail olub. Belə ki, universitetin əməkdaşlıq etdiyi bir sıra xarici ali məktəblərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyev ideyalarının və ölkəmizdəki multikultural dəyərlərin dünyada tanıdılması baxımından konfransın əhəmiyyətini xüsusi qeyd edib. Komitə sədri bildirib ki, Azərbaycan tarixən tolerant ölkə olub, burada insanların mill- mənəvi və dini dəyərlərinə çox böyük önəm verilib, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb, bütün bunların əsasını isə ulu öndər Heydər Əliyev qoyub. Ona görə də, tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilməsi təsadüfi deyil. Çünki xalqımız multikultural mühitdə yaşadığı üçün Ulu Öndərə borcludur.

Azərbaycan ən qədim zamanlardan müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığı məkandır. Ölkəmizdə möhkəm multikultural dayaqlara malik tolerant mühitin müasir inkişafı, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasında öz əksini tapıb. Ulu Öndərin dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası multikulturalizm və tolerantlıq fəlsəfəsinin əsasını təşkil edir. Ölkəmizdə yaşayan bütün xalqları onların eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya - azərbaycançılıq ətrafında birləşdirmək müstəqil dövlətimizin mühüm nailiyyətidir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bu nailiyyətlərin əldə olunmasında ölkəmizdə yaşayan milli azlıqların sosial-iqtisadi və mədəni problemlərinin Azərbaycan Respublikasının multikulturalizm siyasəti çərçivəsində yüksək səviyyədə həlli mühüm yer tutur. Əsrlər boyu tolerant bir ölkə kimi tanınan Azərbaycanda milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlər görülür.

Tədbirdə qeyd olunub ki, konfransın plenar və yekun iclasları ADU-da, bölmə iclasları isə bu ali məktəblə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında təşkil olunacaq.

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla deyib ki, bir çox ölkələrin universitetlərində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları da fəaliyyət göstərir. Artıq aprel ayının əvvəlindən bir sıra xarici universitetlərdə beynəlxalq konfransın bölmə iclasları keçirilir. Bu iclaslarda Azərbaycandan da nümayəndələr iştirak edirlər. May ayında isə Bakıda "Ulu öndər Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideyaları" beynəlxalq konfransının yekun toplantısı təşkil ediləcək. Bu iclasa həmin xarici universitetlərdən nümayəndələr də qatılacaqlar.

Kamal Abdulla multikulturalizm və tolerantlıq sahəsində tədbirlərin təşkilində ölkəmizdə yaşayan müxtəlif dini icmaların da yaxından iştirak etdiklərini xüsusi vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti təkcə bu kimi tədbirlərin təşkili ilə yekunlaşmır. Mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və "Azərbaycan multikulturalizmi" fənninin tədris olunduğu universitetlərdə "Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26" devizi altında silsilə tədbirlər keçirilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi, ən dəhşətli və amansız cinayətlərdən biri kimi qiymətləndirilən Xocalı soyqırımına həsr edilən tədbirlərdə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra insanlıq əleyhinə törədilən Xocalı soyqırımının dəhşətlərindən söz açılaraq bildirilib ki, bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin, məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Dünyada müxtəlif qurumlarda, parlamentlərdə Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır. Toplantılarda Xocalı faciəsinin Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib. Keçirilən toplantılarda soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib. Diqqətə çatdırılıb ki, Azərbaycana qarşı hərbi təcavüzlə əlaqədar BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir.

Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 8 xarici ölkədə - Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, ABŞ və Bolqarıstanda filialları fəaliyyət göstərir. Eyni zamanda "Azərbaycan multikulturalizmi" fənni də dünyanın 18 nüfuzlu ali təhsil ocağında uğurla tədris edilir. BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanin ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənnləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, xarici ölkələrdə filiallarının yaradılması işi davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq" təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə filialların fəaliyyəti və "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir. Bu fənn multikulturalizmin Azərbaysan modelinin dünyaya yayılmasında əsas vasitələrdən biridir. Sözügedən təcrübəni dünyaya yaymaqla xalqımız bəşəriyətin inkişafına böyük töhfə vermiş olacaq.

 Qeyd: Yazının hazırlanmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məlumatlarından istifadə olunub

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar