Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Könlüm quşu qanad çalmaz,
Sənsiz bir an, Azərbaycan!”

  45
20:39 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Ustad Şəhriyara ehtiramla

 Bir neçə il əvvəl, yolum ilk dəfə Təbrizə düşəndə ordakı tanışlara  ustad şair Şəhriyarın məqbərəsini ziyarət etmək istədiyimi dedim.  Heç tərəddüd etmədən razılaşdılar.

Təxminən, səhər saat 8-də artıq yaşıl bir xiyabandaydım.  Səhər saatlarında orda bizdən savayı çox adamın olmadığını düşünsəm də, xiyabanın içinə doğru getdikcə  zənnimdə yanıldığımı görürdüm. Təbrizli qadınlar  ya tək, ya da ikibir  sakit, yaşıl xiyabandakı oturacaqlarda səhər havası alır, kimisi evdən gətirdiyi termosdan çay içir, kimisi uşaqlarını gəzdirir,  adamların bəzisi qəzet oxuyur, kimisi də elə-belə, sakitcə gəzişirdi.

Yeri gəlmişkən, orda adamların əllərində mobil telefonla ciddi-cəhdlə məşğul olmasına təsadüf etmədim.   Maraqlı olan həmin adamların istirahəti səhər saatlarında etməsiydi. İllərin alışqanlığına görə, mənimçün istirahət gündəlik iş-güc, qayğı-filan bitəndən sonra  başlayır. Amma təbrizlilərin buna səhər ertədən başlaması məndə fərqli təəssürat yaratdı. Bəlkə də pozitiv əhvala köklənmək üçün günə yaşıllığın, səhərin təmiz havasının köməyilə başlamaq daha məqbul?!

Maraqlı olan başqa məqam yerli əhalinin Şəhriyarın uyuduğu “Şairlər məqbərəsi”nin ətrafında sakitliyə, təmizliyə ciddi əməl etməsiydi.  Bir sözlə,  şairin uyuduğu məqbərəylə təsvir etdiyim mənzərə tam uyğunluq təşkil edirdi. Surxabdakı məşhur “Şairlər  məqbərəsi”nin içində də ustad şairimizi əbədi mənzilində tək qoymayan klassiklər barədə məlumatlar var idi.

Orda yaradıcılığı haqda bilgilər verilən bir çox şərq klassikləri, həmçinin,  Mücirəddin Beyləqaninin yaradıcılığı haqda  ayrıca məlumat lövhəsi gördüm. Doğrusu, məqbərənin memarlıq baxımından dizaynı, həmçinin daxili ab-havası adamda heç də keçici, ötəri, fani dünya  ovqatı yox, bəşəri bir hiss yaradırdı. Yaradıcı şəxsiyyətlərin ruhu elə dünyasını dəyişəndən sonra da ətrafına neqativ  ötürmür. Bəlkə də.

Məqbərədə uyuyan həmin  şairdir ki, 

“Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!” deyib. 

O, həmin  şairdir ki,

“Heydər Baba, dağın, daşın sərəsi,

Kəklik oxur, dalısında fərəsi,

Quzuların ağı, bozu, qərəsi,

Bir gedəydim dağ-dərələr uzunu,

Oxuyaydım: “Çoban, qaytar quzunu” misraları illərdir dilimizin əzbəri olub... 

Şəhriyar kimi tanısaq da, əsl adı Seyid Məhəmmədhüseyn  Behcəti Təbrizi olan şairin doğum tarixi 1906-cı il kimi göstərilir.  O, 1988-ci ildə, 82 yaşında vəfat edib.  Təbrizdə həmin gün bütün dükan-bazar bağlanıb və dəfn mərasimi ümumxalq matəmi kimi qeyd edilib.  Çünki  o, klassik şeirin  bütün şəkillərində  qəzəl, qəsidə, qitə, rübai, məsnəvilər yazıb.  Fəlsəfi, hikmətli əsərləriylə yanaşı,  Şəhriyar lirik poemalar  müəllifi də olub.  Ona görə də, şeirlərini Azərbaycan və fars dillərində yazan şair haqda deyilənlərdə hər zaman həqiqət payı var: “Heydərbaba dağı bir gün yerlə-yeksan ola, yer üzündən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır”.

O,  həm də qədim musiqi alətimiz olan tarda muğamları, xalq mahnılarını çalmasıyla yadda qalıb. Gözəl xətti  olan şairin maraqlı bir adəti də varmış.  “Qurani-Kərim”in ayələrini,  sevdiyi şairlərin şeirlərindən parçaları yazaraq dostlarına  hədiyyə edərmiş. Çox gözü-könlü tox,  qəlbən, ruhən zəngin olub. 

Baxmayaraq ki, uzun illər maddi sıxıntılar içində yaşayıb, 1976-cı ildə Tehran mətbuatındakı  müsahibəsində şair belə  deyir:  “Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşib.  Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burada yaşayıram.  Qazancım vaxtilə işlədiyim,  fəxri ustad adı aldığım yerdəndir. 16  aydır ki,  maaşımın bir az artırılması üçün qərar çıxarıblar.  Qərar  var, ancaq pul yoxdur.  Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə düşmüşdür?.. 22 il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm... Pul mənim üçün bəlkə də əl çirkidir.  Lakin başqaları üçün ki, belə deyil! Bu məsələlər mənim  daxili rahatlığımı pozur. Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm...”.

 Yalnız  şahlıq rejimi devriləndən sonra Şəhriyarın güzəranını yaxşılaşdırmaq üçün hökumət səviyyəsində tədbirlər görülüb, ona abad mənzil verilib və təqaüd təyin edilib...

Bu, dünənə qədərki məlumat. Quzeyli-güneyli, dahi Azərbaycan şairi adlandırılan Şəhriyarın büstü öz adına olan meydanda sökülüb. Ərdəbil əyalətinin Parsabad şəhərində şairin xatirəsinə qoyulan büstün bugünlərdə kimlər tərəfindən söküldüyünün tam təfərrüatı bilinməsə də, azərbaycanlılar ötən şənbə “Şəhriyar meydanı”na toplaşaraq etiraz aksiyası keçirib. Məsələ barədə Parsabad prokuroru deyib ki, ustadın büstü söküləndə  hadisə yerində olan Şəhər Şurasının üzvü artıq məhkəməyə çağrılıb.

Xatırladaq ki, həmin büst üç il öncə kiçik bir meydana qoyularkən abidənin müəllifi,  heykəltəraş Ramin Əhmədi buna etiraz edib. Heykəltəraş deyib ki,  büstün quraşdırılmasında heç bir peşəkarlıq hiss olunmur: ”Bələdiyyə İdarəsi bu işi ilə mənim əsərimi korladı, onu gülünc obyektinə çevirdi. Büst başqa bir yerdə quraşdırılmalı idi”.

Hər halda, büstün sökülməsiylə bağlı məsələ araşdırılacaq.  İnanmaq istərdik ki, lazım olan tədbirlər də görüləcək.

Vaxtilə, ittifaq zamanı bizdə əlyazma şəklində yayılan, indi hamımızın, hətta uşaqların da sevdiyi “Heydərbabaya salam”la müstəqil Azərbaycanda  bir Şəhriyar “doğuldu”.

Onun vəfat etdiyi gün isə, yəni 18 sentyabr tarixi İranda hər il “Milli şeir günü” kimi qeyd edilir.

Bir büstü sökməklə deyil. Əsas könüllərdə kimsənin dağıda bilmədiyi abidə qoya biləsən...

Yazarlar