Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yerevandakı aksiyaların Qarabağ probleminə hansı təsiri var? - ŞƏRH

  8
11:50 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistan müxalifətinin Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları davam edir. Aprelin 17-si Ermənistanın paytaxtı İrəvanda gərginlik daha da artıb. Sabiq prezident Serj Sarkisyanı baş nazir postuna gətirmək niyyətinə qarşı çıxan aksiyaçılar şəhərin mərkəzi yollarını bağlayıb. Aksiyalara başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdə 9 deputatla təmsil olunan “Çıxış” blokunun lideri Nikol Paşinyan vətəndaşları kütləvi itaətsizliyə, bütün dövlət idarələrini mühasirəyə almağa çağırıb. Polisin xəbərdarlıqlarına baxmayaraq, aksiyaçılar tutduqları əraziləri boşaltmaqdan imtina edir. Yerevan polisi artıq 29 nəfər etirazçını inzibati məsuliyyətə cəlb edib.

Xalq tərəfindən də dəstək verilən bu aksiyaların güclənməsi, erməni cəmiyyətinin daxilən bölünməsi Azərbaycanın Qarabağ məsələsində şansını artıra bilərmi?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanda bu cür hadisələri ən azı 15 ildir ki, müşahidə edirik:

“Yəni hakimiyyətdən obyektiv olaraq narazılıqlar var, sosial-iqtisadi vəziyyət çox ağırdır. Həmçinin, bu ölkə kasıblıq fəlakətindədir, Rusiyanın quberniyasına çevriliblər, tam müstəqilliklərini də itiriblər. Buna görə də müxalif düşüncəli insanlar etiraz edirlər. Onlar bir baxımdan haqlıdırlar ki, hakimiyyət Qarabağ klanının əlindədir. Ermənistanda doğulan siyasətçinin ya prezident, ya da baş nazir olmağa imkanı yoxdur. Bu da o şəxslərdir ki, Qarabağın işğalında bilavasitə iştirak ediblər, Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedədirlər. Azərbaycan və Ermənistan düşmən vəziyyətində olduğu müddətdə Ermənistan dövləti inkişaf etməyəcək. Bunu artıq Ermənistanda anlayanların sayı getdikcə artır”.


“Ermənistanda baş verən hadisələr bizim xeyrimizədir”


Politoloq qeyd edib ki, indiki hadisələrin Qarabağ münaqişəsinin həllinə və ya Ermənistanın hakimiyyətə baxışına təsir edə biləcəyi gözlənilən hal deyil:

“Çünki son illərdə bundan da ciddi hadisələr baş vermişdi. Çox təəssüf ki, Ermənistan hakimiyyəti, bu dövlətin prezidentinin, baş nazirinin yenə də ağlı başına gəlmədi və öz siyasətlərini davam etdirdilər. Hətta sonuncu dəfə olsa belə,  onlar Qarabağ məsələsində geri çəkilmək istəmirlər. Məsələ burasındadır ki, onların vəziyyətləri getdikcə ağırlaşır. O cümlədən düşmənin itkiləri də artır və bu da onlara mənfi təsir göstərir.

Ermənistanın əksinə, Azərbaycan isə inkişaf edir və günü-gündən hərbi potensialını artırır. Bu baxımdan Ermənistanda baş verən hadisələr bizim xeyrimizədir. Qoy təlatümlər yaşasınlar və bütün bunların qonşu dövlətlərin torpaqlarına göz dikdiklərinə görə baş verdiyini anlasınlar”.

“Elə etmək lazımdır ki, düşmənin itkiləri çoxalsın”

Müsahibimizin sözlərinə görə, Serj Sarkisyanın Dağlıq Qarabağdakı döyüş briqadalarını geri çağırma ehtimalı da azdır:

“Düşünürəm ki, Ermənistanın, xalqı küçələrdən yığışdırmaq üçün kifayət qədər qüvvəsi var. Əvvəllər də belə hallar olub. Hətta prezident onlarla insanı qətlə yetirmiş, Qarabağdakı qoşun qüvvələrini çağırmamışdı. İndi də onların etiraz edən insanlara zor tətbiq etmək üçün imkanları var.

Lakin biz hər zaman həm Ermənistana, həm də Qarabağdakı seperatçılara qarşı təzyiqləri artırmalıyıq. Yəni elə etmək lazımdır ki, düşmənin itkiləri çoxalsın. Ümumi statistikaya görə Ermənistan və Dağlıq Qarabağdakı qoşunların sayı Azərbaycan ordusunun sayından iki dəfə azdır. Biz də öz növbəmizdə bundan istifadə etməliyik”.


Yazarlar