Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xalqların milli kimliyi onun
folklorunda təcəssüm olunur

  136
19:33 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

Bərabərlik və əməkdaşlıq prinsipi "etnik intibah"in əsas meyarıdır

 Azərbaycanın tolerant və poloetnik ölkə olması sadəcə sözdə deyil, ölkədaxili siyasətin bütün sahələrində özünü göstərir. Belə ki, ölkənin sosial-iqtisadi siyasəti respublikamızda yaşayan milli azlıqların maraq və milli məqsədlərinə hörmətlə yanaşaraq həyata keçirilir.

Çünki hər hansı bir xalqın fərdi sayından asılı olmayaraq, onun milli kimliyi daşıdığı folklorunda, adət-ənənələrində təcəssüm olunur. Folklor hər bir xalqın keçdiyi sosial inkişaf yolunu, tarixi mübarizəsini, öz varlıqlarını təsdiq etmək uğrunda apardıqları mücadiləni, milli məişətin özünəməxsusluğunu birmənalı şəkildə özündə əks etdirir. 

 Ölkəmizdə hökm sürən tolerant və poloetnik şərait bir çox uğurlara stimul verir. Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitindədir və atəşkəs rejimi hökm sürür, istənilən halda müharibə çağırışına hazırlıq da var. Belə bir şəraitdə respublikamızda yaşayan bir sıra etnik qrupların milli-mənəvi toxunulmazlığı, eyni zamanda, onların inkişafı üçün tolerant və multikultural bir mühitin yaradılması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Belə deyirlər ki, "İnsan hansı dildə danışırsa, həmin dildə də düşünür". Öz dilində sərbəst danışmaq azadlığı xalqın təfəkkürünü özgələşməkdən, assimilyasiyaya uğramaqdan qoruyur.

Özünün ta qədimdən mövcud olan multikultural və tolerant mühiti ilə seçilən ölkəmizdə özünəməxsus "etnik intibah" ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları öz əksini tapıb. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşlarının şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), milli ənənələrinə və xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir.

Həmfikirlilik və ədalətlilik prinsipi kiçik qrupların bir-biri ilə eləcə də, yerli xalqla qarşılıqlı şəkildə bir-birini tanımaq, dəstəkləmək və hörmətlə yanaşmaq məqsədi daşıyır. Tolerantlıq və həqiqilik prinsipi eyni məkanda bir-birinin mənəvi şərtlərini qəbul edərək, məhz olduğu kimi özünü göstərmək, təqdim etmək məqsədi daşıyır. Bərabərlik və əməkdaşlıq prinsipi isə "etnik intibah"in əsas meyarıdır. Sayından, mədəni köklərinin dərinliyindən asılı olmayaraq, mənəvi köklərin hansı dəyərlərə söykəndiyini hesablamadan, hər bir Azərbaycan vətəndaşı eyni hüquqlara sahibdir və ictimai, sosial-siyasi həyatın istənilən sahəsində əməkdaşlıq azadlığına malikdir.   

 Ölkəmizdə uzun illər ərzində formalaşan tolerantlıq, multikulturalizm və milli münasibətlər zəmnində azsaylı xalqlar da öz folklorları ilə yanaşı, Azərbaycan folklorunu da dərindən öyrənmək imkanı əldə ediblər və öyrənirlər. Bunun nəticəsidir ki, onlar öz çıxışlarında milli-etnik mədəniyyətləri ilə yanaşı, Azərbaycan folklorunu da sevə-sevə təqdim edirlər. Bu da, heç şübhəsiz ki, ölkəmizdə mövcud olan multikulturalizmin, qarşılıqlı hörmət və yüksək səviyyədə birgəyaşayış şərtlərinin qorunmasından irəli gəlir. Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini qoruyub saxlamaqla yanaşı, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, eləcə də mədəniyyətindəki bir çox mütərəqqi amilləri də öyrənərək, onları qarşılıqlı surətdə inkişaf etdirirlər. Ümumi birgəyaşayış qaydalarına əməlolunma bu xalqları bir-birinə daha da yaxınlaşdırıb, lakin onlar öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayıblar. Telekanallarda və efirdə milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar verilir. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Respublikamızda azsaylı xalqların və milli azlıqların özünəməxsusluqlarının qorunması, maddi və mənəvi mədəniyyətlərinin öyrənilməsi məqsədilə mədəniyyət mərkəzləri yaradılıb. Bunlardan biri də, Talış Mədəniyyət Mərkəzidir. Bu mərkəzdə Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində fəaliyyət göstərən milli rəqs və mahnı kollektivləri birləşir və onların repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı, digər azsaylı xalqların folklor nümunələri də yer alır...   

 Milli azlıqlardan olan talışların azərbaycanlılarla qaynayıb-qarışması, təkcə Talış Mədəniyyət Mərkəzindəki fəaliyyətilə yekunlaşmır. Talışların etnik mədəni ünsürləri Azərbaycan mədəniyyətinə, eləcə də Azərbaycan mədəniyyəti talış mədəniyyətinə təsir edərək yeni, doğma, maraqlı bir forma, məzmun kəsb edir. Bu iki xalqın qaynayıb-qarışması, təkcə mədəniyyətdə, folklorda  deyil, həm də məişət vərdişlərində, sosial həyatda, hətta, mətbəxdə də özünü göstərir. İki xalqın bir-birinə nüfuz etməsi, onların arasındakı qarşılıqlı hörmət hissini daha da dərinləşdirir, yeni istiqamət verir.

 Talışların milli mətbəx nümunələri bizim mətbəximizə qarışıb, sevimli yeməklərə çevrilib. Lənkəran nənələrinin oxuduqları folklor nəğmələri də, bizə elə doğmalaşıb ki, hətta, eşitməyəndə qəribsəyirik bu nəğmələrə. Bu iki xalqın arasındakı münasibətlər o dərəcədə doğmalaşıb ki, sən "talış"san, sən "azərbaycanlı"san deyərək, milli özünəməxsusluğumuzu fərqləndirməyi belə, lazım bilmədiyimiz məqamlar getdikcə çoxalır. Çünki hamımızın bir böyük vətəni, bir respublikası, vahid konstitusiyası, müqəddəs bayrağı, əzəmətli himni var. Bu təkcə talışları deyil, ölkəmizdə yaşayan bütün etnik qrupları bir arada biləşdirən vacib səbəblərdən ən əsasıdır.

 Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, dini azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. Məhz bu baxımdan, Azərbaycanı multikulturalizmin və tolerantlığın qorunub saxlandığı, inkişaf etdirdiyi, eyni zamanda milli-etnik intibahın beşiyi sayırlar. Azərbaycan respublikasının etnik mənzərəsinin rəngarənğliyi ölkəmizin dünyaya təqdim etdiyi multikulturalizm modelinin və mədəniyyətimizin daha da zənginləşməsinə şərait yaradır. Bu gün Azərbaycanda baş verən bu etnik intibah bütün dünyanın nəzər diqqətindədir. Ən maraqlısı budur ki, Azərbaycan ərazisində məskunlaşan azsaylı xalqların milli dəyərləri, folklor nümunələri, mənəvi sərvətləri, mədəni göstəriciləri, eləcə də dini inancları kifayət qədər qədim köklərə malikdir. Bu da onu göstərir ki, Azərbaycanda hökm sürən tolerantlığın və etnik azadlığın kökləri çox qədimdir.

 Azərbaycanın bütün coğrafiyası boyu səpələnən azsaylı xalqlar müxtəlif etnik, mədəni göstəricilərə malikdirlər. Bu xalqların folklorları arasında  böyük fərqlər olsa da, onlar eyni dərəcədə baxımlı, dəyərli və qiymətlidirlər. Çünki, bütün bu mədəni dəyərlər milli, etnik mənsubluğundan asılı olmayaraq, müstəqil Azərbaycan respublikasının mədəniyyəti kimi təqdim olunur. Məhz, azərbaycançılıq ideyasının yüksək tutulması, hər zaman önə çəkilməsi, etnik qruplara milli dəyərlərini, mədəniyyətlərini daha da zənginləşdirməyə stimul verir.

 Ölkəmizin cənubunda məskunlaşan talışlar, şimal bölgəsində yaşayan avarlar, saxurlar, ləzgilər, Qəbələ, Oğuz ərazisində kök salan udilər müxtəlif mədəniyyət mərkəzlərində fəaliyyət göstərərək, məhz azərbaycançılıq ideologiyasını təbliğ edirlər. Bu Mərkəzlərdə yaranan müxtəlif qruplar sırasında "Qafqaz", "Alazan" rəqs qrupları (Balakən rayonu), "Cəngi" rəqs qrupu (Oğuz rayonu), "Cahan" folklor ansamblı, "Qızlar", "Təbəssüm" rəqs qruplarının adlarını cəkmək olar. Eyni zamanda, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edən "Lilay" rəqs ansamblını da xüsusi qeyd etmək lazımdır.

 Azsaylı xalqlara göstərilən ehtiram və hörmətin bəhrəsi kimi, bir sıra aşıqlar da həm öz dillərində, həm digər etnik qrupların, eyni zamanda Azərbaycan dilində yazıb-yaradırlar. Onların Azərbaycan və saxur dillərində məharətlə ifa etdiyi aşıq havaları dinləyicilərin könlünü oxşayır.

 Azərbaycanda tolerantlığın və multikulturalizmin ən yüksək səviyyəsi kimi Qax, Zaqatala, Balakən bölgəsini göstərmək olar. Bu baxımdan, bölgədə yaşayan inqiloyların yaratdıqları "İnqiloy" folklor ansamblı da diqqəti çəkir.

 Gürcü, Azərbaycan və inqiloy xalqlarının qaynayıb-qarışdığı Qax rayonunda birgəyaşayış şərtləri elə bir təbii axara düşüb ki, burada hər kəs qarşı tərəfin mədəniyyətinə, dilinə, milli mənsubluğuna dərin hörmətlə yanaşır. Buna görə də, milli mənsubiyyətindən asılı olmayaraq, aşıqlar Gürcü, Azərbaycan və inqiloy dilində yeni folklor nümunələri yaradırlar. Etnik qruplara göstərilən hörmət və qaygı folklorun inkşafına, yeni istiqamətlərdə axtarışlar aparılmasına zəmin yaradır. Zaqatala rayonunun, Əliabad kəndində yaşayan aşıqlar Azərbaycan, gürcü, inqiloy mədəniyyətini, daha dəqiqi, folklorunu təmsil etdikcə, bu mədəniyyətlər daha da doğmalaşır. Bu aşıqlar Azərbaycan, inqiloy və gürcü dillərində çalıb-çağırır. Ümumilikdə isə bu mədəniyyətlərin vəhdətindən, Azərbaycanın bütün dünyada rəngarəngliyi ilə seçilən mədəniyyət çələngi yaranır. 

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar