Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vətəndaş cəmiyyəti tolerantlığın
inkişafında mühüm rola malikdir

  134
16:56 14-03-2018
Şriftin ölçüsünü dəyiş  

"Azərbaycanda yaşayan milli, dini azlıqlar bizim milli sərvətimizdir. Bu sərvəti qorumaq isə hər birimizin borcudur"

 Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi bir dövlət siyasəti olaraq həyata keçirilsə də, bir çox hallarda qeyri-hökumət təşkilatları (QHT) da bu məsələlərdə dövlətə yaxından dəstək verirlər. Bu baxımdan "ELS" Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi "Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində müzakirələri davam etdirib.

Layihənin rəhbəri İ.Yaqubova müzakirəyə çıxarılan məsələnin təsadüfi olmadığını, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə "Multikulturalizm ili"nin elan olunması və bu istiqamətdə görülən bir sıra mühüm işlər, o cümlədən beynəlxalq konfransların keçirilməsi, həmçinin Azərbaycanın illər boyu tolerantlığı üstün tutaraq dünyaya multikultural dəyərlərin yayması ilə bağlı olduğunu bildirib. Onun fikrincə, multikulturalizmin əsasını özündə dözümlülüyü ehtiva edən tolirantlıq təşkil edir ki, bu da ilk növbədə ailədə formalaşmalıdır: "Ailə problemlərindən danışarkən, həm tolerantlığı və dözümlülüyü, həm də multikultural dəyərləri kənarda qoya bilmərik".

Tədbirdə çıxış edən araşdırmaçı-jurnalist N. Niftiyev multikulturalizm termininin yeni olmasına baxmayaraq, illər boyu Azərbaycanda yaşayan milli azlıqların bütün tərəflərinin tədqiq olunduğunu və bu sahədə ölkəmizdə heç bir münaqişə yaşanmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda multikulturalizm tarixən, Avropada isə miqrasiya nəticəsində formalaşıb.

 "Tariximizə nəzər salsaq görərik ki, gənc Azərbaycan dövləti formalaşanda onun tərkibində müxtəlif xalqlar da olub",- deyə professor G. Abdullazadə bildirib. Dahi bəstəkar Üzeyir Hacıbəylidən danışan professor qeyd edib ki, o, müxtəlif millətlərin nümayəndələrini Konservatoriyaya dəvət etdi ki, gənclərimiz səviyyəli və keyfiyyətli təhsilə yiyələnmək imkanı əldə etsinlər. Üzeyir bəyin bu uzaqgörənliyi nəticəsində istər musiqi, istərsə də incəsənətin digər sahələrində böyük uğurlar qazanıldı və bu gün Azərbaycanı dünyada təmsil edən başqa xalqların nümayəndələrinin də sayı az deyil.

Müzakirələrdə iştirak edən ilahiyyətçi A.Hacıbəyli isə çıxışında bildirib ki, dinlərin dialoqu olmadan mədəniyyətlərin müxtəlifliyini qorumaq və tolerantlığı təmin etmək çox çətin məsələdir. "Dinimizin kamilliyi, düzgün təmsil və təbliğ edilməsi və zaman-zaman Azərbaycan övladlarının böyük fədakarlığı nəticəsində bu zəmində münaqişənin olmamasını islam və bütövlükdə dünya ölkələrinə təqdim edəcəyimiz dəyərlər sırasına aid edə bilərik".

Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət aşılayır. Dövlətimiz etnik azlıqların - rusların, ukraynalıların, belarusların və digər millətlərin nümayəndələrinin bərabərliyini tam şəkildə təmin edir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərlə söhbətində deyib.

Ə.Həsənov bildirib ki, ölkəmizdə milli, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının bərabərliyi təmin edilib. Eyni zamanda, Azərbaycanda bütün millətlərin nümayəndələrinin ölkəmizin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılıb. Bu, Azərbaycanı digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir: "Ümummilli lider Heydər Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar bizim milli sərvətimizdir. Bu sərvəti qorumaq isə hər birimizin borcudur".

Əli Həsənov qeyd edib ki, bəzi ölkələrdə, o cümlədən bir sıra postsovet dövlətlərində yaşayan azərbaycanlılara qarşı heç də eyni münasibət göstərilmir. Bəzən onların vətəndaş hüquqları kobud şəkildə pozulur, bəzi hallarda postsovet ölkələrinin dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibət nümayiş etdirirlər. Bu baxımdan Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən əsaslı şəkildə fərqlənir. Bu da onu deməyə əsas verir ki, bu gün Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Prezident İlham Əliyevin sözlərilə desək, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Prezident  İlham Əliyevin Azərbaycanda 2016-cı ili "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan etməsi də, bunun əyani təsdiqidir.

Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Ərazisində demək olar ki, milli azlıqların olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddə çatdıran Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törədib".

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlik çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, indiyə qədər artıq dörd dəfə keçirilən Mədəniyyətlərarası Dialoq Forumlarını, beş dəfə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar. Bütün bunlara baxmayaraq, bəzi dövlətlərin Azərbaycana münasibətdə ikili standartlarla yanaşmaları bu gün də davam edir.

Eyni zamanda, Azərbaycan dövləti ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri sayaraq bu yöndə fəaliyyətini davam etdirir. Keçən il milli azlıqların IV respublika festivalı çərçivəsində Muzey Mərkəzində "Azərbaycanda etnik-mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, milli azlıq və etnik qrupların təmsilçiləri iştirak ediblər.

Azərbaycan respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir" mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasının dövlət siyasəti olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı ölkəmizin bütün bölgələrini əhatə edir. Çox sevindirici haldır ki, bu inkişafa biz birlikdə, ölkəmizdə yaşayan bütün xalqlarla bərabər nail olmuşuq. Azərbaycan rəhbərliyinin düzgün milli siyasəti nəticəsində ölkəmizdə milli azlıqlara öz mədəniyyətlərini, dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Ölkəmizin bu sahədə qazandığı uğurlar bütün beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən də yüksək qiymətləndirilir. Hətta UNESCO kimi mötəbər beynəlxalq qurum tərəfindən bu sahədəki uğurlarımız digər ölkələrə bir təcrübə kimi tövsiyyə olunur. Ölkə rəhbərliyi tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanıb və hazırda bu istiqamətdə mühüm işlər uğurla davam etdirilir.

Nazir həmçinin Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının uğurla gerçəkləşdirildiyini diqqətə çatdırıb, Azərbaycandakı etnik müxtəlifliyin ölkəmizin inkişafına, milli mədəniyyətimizin rəngarəngliyinə və dünyada tolerantlıq nümunəsi kimi tanınmasına xidmət etdiyini bildirib.

"Azərbaycanda milli azlıqların mədəniyyətinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan dillər universitetinin rektoru, akademik Kamal Abdulla bu sahədə görülən işlərdən danışıb. Prezident İlham Əliyevin Azərbaycanda Bilik Fondunun təsis edilməsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair fərman və sərəncamlarının əhəmiyyətini vurğulayıb: "Mən  Azərbaycanın bir sıra bölgələrinə səfərlər edirəm. Azsaylı xalqların nümayəndələri və digər dinlərə mənsub insanlarla görüşlər zamanı respublikamızda yaşayan milli azlıq və etnik qrupların adət-ənənələrinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının şahidi oluram. Biz əsrlərdir birlikdə, qardaşlıq şəraitində yaşayırıq. Tolerantlıq, humanizm artıq biz azərbaycanlıların canına hopub".

Akademik bundan sonra da ölkəmizdə yaşayan azsaylı xalqlarla birlik və qardaşlıq şəraitində yaşamaq üçün vacib addımların atılacağını vurğulayıb.

“Dəyirmi masa”da həmçinin "Mədəni hüquqlar və multikulturalizm", "Multikulturalizm və həmrəylik: Azərbaycan modeli", "Tolerantlıq və millətlərarası həmrəylik mühiti və Azərbaycan dövlətçilik ənənələri", "Milli azlıqların hüquqlarının müdafiə mexanizmlərinin inkişafı", "Tolerantlıq və media" mövzusunda məruzələr dinlənilib.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar