Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İrqçilik və ksenofobiya artdıqca
multikulturalizm kölgədə qalır

  157
16:25 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

Multikulturalizmin iflasa uğraması barədə
iddialar Avropada artan irqçilik və ayrı-seçkilikdən doğur

 Tolerantlıq və multikultural dəyərlərə qloballaşan dünyanın prizmasından nəzər salsaq, çox qarışıq bir mənzərə ilə üzləşərik. Bu, ilk növbədə son illər Avropada və ümumiyyətlə Qərb dövlətlərində mültikultural dəyərlərə ikili yanaşmadan və bu dövlətlərin bəzilərində multikulturalizmin iflasa uğraması barədə artan iddialardan irəli gəlir. Multikulturalizmin iflasa uğraması barədə iddialar isə Avropada artan irqçilik və ayrı-seçkilikdən doğur. Bu ayrı-seçkilik ölkədən ölkəyə fərqliliklər ifadə etsə də, son illər ümumilikdə qitə daxilində öz təsirini hiss etdirir. Bundan daha çox əziyyət çəkən icmalar arasında romanlar, afrikalılar və müsəlmanlar üstünlük təşkil edir.

Bu da danılmaz həqiqətdir ki, böyük hissəsi təxminən min il əvvəl Hindistandan Qərbə köç edən və zamanla Avropanın əksər yerlərinə yayılan romanlar, daha yaxşı həyat axtardıqları bu qitədə əsrlərdir zülmə uğrayıb, toplu sürgünlərə və hətta qırğınlara hədəf olublar. Təkcə, II Dünya Müharibəsi dövründə nasistlərin 500 min - 1,5 milyon arasında romanlını qətlə yetirdiyi təxmin edilir. Xatırlatmaq yerinə düşər ki, bu dövrdə yəhudilər də çox böyük zülmlər görüblər və onların böyük əksəriyyəti Avropanı tərk etmək məcburiyyətində qalıblar. Yəhudilərə qarşı torədilən qeyri-insani münasibətlərə görə, Almaniya hökuməti bu gün də təzminat ödəyir. Amma eyni zülmə uğrayan romanlar və müsəlmanlara görə isə kimsə üzr istəməyə, təzminat ödəməyə ehtiyac görmür. Bu azmış kimi, həmin təzyiq və sürgünlər  bu gün də başqa bir formada davam edir.

Təxmin olunur ki, Avropada 8 milyona yaxın qaradərili afrikalı yaşayır. Bu saya hər il 400-500 min adamın əlavə olunduğu da iddia edilir. Ən çox qaradərili əhali isə İngiltərə, Fransa, İtaliya, Hollandiya, İspaniya, Almaniya, Belçika və Portuqaliyada məskunlaşıb. Avropada sayları 16-20 milyon aralığında olan müsəlmanlar isə dil və mədəniyyət fərqləri səbəbilə daha çox etnik kimlikləri ilə fərqləndirilirlər. Xüsusilə Amerikada baş verən "11 sentyabr" hadisələrindən sonra artan İslamafobiya səbəbilə müsəlmanlar "potensial günahkar" rəftarına məruz qalırlar. Buna görə də tez-tez ayrı-seçkilik, təhqir və zorakılıqlarla üzləşirlər.

Bu da məlumdur ki, Almaniyada II Dünya Müharibəsindən sonra səhnədən çəkilən Milli Sosializm (nasizim) son dövrlərdə yaşanan mənfiliklərlə, multikulturalizmin iflasa uğraması iddiaları ilə yenidən gündəmə gəlir. Avropa Şurasının İrqçiliklə Mübarizə Komissiyasının Almaniya haqqında 2009-ci ildə hazırladığı hesabatında, afrikalılar və romanlarla yanaşı, müsəlmanların da tez-tez təzyiqlərə məruz qalması açıq şəkildə ifadə olunur. Komissiyanın hesabatında Almaniyada ikili vətəndaşlığa icazə verməyən vətəndaşlıq qanunu başda olmaqla, məktəblərdə immiqrant uşaqlarına qarşı ayrı-seçkilik, müsəlmanlara qarşı tez-tez törədilən fiziki təzyiqlər, hücumlar və müsəlman əmlaklarının korlanması, məscid inşasında qarşılaşdıqları maneələr, cəmiyyətdə çalışan müsəlman qadınlara hicab qadağası tənqid olunur.

Bu cür hallar Fransa dövləti üçün də yad deyil. Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin yürütdüyü sərt immiqrant siyasəti də, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və insan hüquqları dərnəkləri tərəfindən ciddi tənqid olunur, ksenofobiya hallarının artmasının təhlükəli olduğu ictimaiyyətin diqqətinə çatdırılır. Xüsusilə də romanların kütləvi deportasiyası, burka (niqab) qadağası, halal ət mübahisəsi və son olaraq Tuluza şəhərindəki hücumlar siyasətçilər tərəfindən irqçiliyi təhrik edən faktorlar kimi qiymətləndirilir. Buna görə də Sarkozi hökuməti irqçiliyi təhrik etməkdə ittiham olunur. Təəssuflər olsun ki, Fransada hakimiyyət dəyişikliyi baş versə də, multikutluralizim sahəsində hələ də ciddi dəyişikliklər baş verməyib. İrqçilik və dözümsüzlük halları davam edir.

İrqçiliyin, ksenofobiyanın artdığı müşahidə olunan daha bir Avropa ölkəsi İngiltərədir. Bu gün Birləşmiş Krallıqda həddindən artıq sağçı fikirləri əsasən İngilis Milli Partiyası (BNP) səsləndirir. Bu ölkədə əksəriyyəti Pakistan mənşəli 2,4 milyon müsəlmanın yaşadığı təxmin edilir. İngilis Bərabərlik və İnsan Hüquqları Komissiyasının yayımladığı dini ayrı-seçkilik hesabatında, digər dini qruplara görə müsəlmanların daha sıx və daha şiddətli ayrı-seçkiliyə uğradıqları və medianın müsəlmanları tez-tez "problem" olaraq təqdim etdiyi ifadə edilir. Bu da ölkə vətəndaşları arasında ayrı-seçkilik hallarının artmasına səbəb olur. Bəzilərinin ən demokratik ölkə kimi tanıdığı Hollandiya, Avropada artan irqçilik və ksenofobiyanın ən aşkar şəkildə hiss edildiyi ölkələrin arasında demək olar ki, birinci yerdədir. Son dövrlərə qədər beynəlxalq ictimaiyyətdə tolerantlıq, fərqli mədəniyyətlərə əhatəli baxış, insan hüquqları və demokratiyaya olan bağlılığı ilə tanınan ölkədə 2000-ci illərdən başlayaraq, radikal sağçıların həddindən artıq artması ilə irqçilik də öz pik həddinə çatıb. Artan xarici düşmənçilik ideyası (ksenofobiya) müsəlmanlara aid ibadət yerlərinə hücumların da artmasına səbəb olub. Bunun səbələrin araşdıran "Emcemo" təşkilatının gəldiyi qənaətə görə, Hollandiyada 2005-2010-cu illər arasında 117 məscid hücumlara məruz qalıb. Hollandiya Diyanət Vəqfinin statistikalarına görə isə 2001-ci ildən bu yana türk məscidlərinə edilən hücumların sayı 100-dən çoxdur.

Bu da danılmaz həqiqətdir ki, hər bir ailədə xoş, səmimi rəftar ruzi-bərəkəti artırır. Qiybət, kin-küdurətdən isə heç kəs bu vaxta qədər fayda görməyib. Ölkələr, dövlətlər də belədir. O yerdə ki, ayrı-ayrı xalqlar, fərqli dinlər, etnik qrupların üzvləri arasında hörmət, inam var, orada rifah və tərəqqi sürətlənir. İrqi, dini ayrı-seçkilik, ksenofobiya, müstəsnalıq iddiaları, əksinə, bəlalar törədir. Bu da faktdır ki, dünyada son illər münaqişə və qarşıdurmalar, ağır zorakılıqlar kəskin artıb. Bu barədə, təbii ki, qlobal mediada xəbər və şərhlər də çoxalıb. Son vaxtlar isə qaçqınlar, ksenofobiya mövzusu KİV-in gündəmini zəbt edib. Narahatlıq doğuran isə odur ki, ürəkağrıdan belə hallar həmin ölkələrin ictimaiyyətinə çox vaxt millətçi, təhrikçi rakursdan təqdim edilir. Belə yanaşma, əsas missiyası bəşəri, humanist dəyərləri qorumaq olan müasir mediaya heç də başucalığı gətirmir.

Bununla belə bir faktı da diqqətinizə çatdıraq ki, dünyada ilk çap qəzeti müasir Avropada məhz insan haqlarını, o cümlədən söz, ifadə, media azadlığını qoruyacağını bəyan edən Avropa Şurasının yerləşdiyi Strasburq şəhərində 1609-cu ildə işıq üzü görüb. O zaman bu şəhər indiki kimi Fransanın deyil, Almaniyanın ərazisində yerləşib və almanlar bu gün də dünyada ilk çap qəzetini buraxmaları ilə fəxr edirlər.

Ötən dörd əsr ərzində əksər qəzet və jurnallar, onların ardınca meydana çıxan irili-xırdalı informasiya agentlikləri, XX əsrin əvvəllərindən isə aralarında bir neçə onillik zaman fərqi ilə yaranaraq çox sürətlə populyarlıq qazanan radio və televiziyalar, əsrin sonlarına yaxın dünyanı "qlobal kənd"ə çevirən internet jurnalistikası, nəhayət, son illər sürətlə genişlənən sosial şəbəkələr üçün milli və dini ayrı-seçkiliklər, ksenofobiya mövzusu hər zaman aktual olub.

 Bunun nədən qaynaqlandığı da bəllidir. Belə ki, KİV "məhsulları"nın istehlakçıları - oxucu, dinləyici, tamaşaçı və izləyici üçün milli kimlik, mənəvi-əxlaqi dəyərlər barədə xəbər və yazılar, videosüjet və şərhlər daim böyük maraq kəsb edir. Bu mövzu geniş oxucu və tamaşaçı auditoriyasını özünə cəlb edə bilir, nəticə etibarilə KİV rəhbərliyinin kommersiya maraqlarını da təmin edir.

Əhalisini böyük əksəriyyətinin xristian və katoliklərdən ibarət olan Avropadan fərqli olaraq, əhalisinin 90 faizindən çoxu müsəlman olan Azərbaycanda mövcud olan multikulturalizm mühiti bütün dünyanı heyran edir. Artıq dünyada multikulturalizmin Azərbaycan modeli anlayışı da geniş tətbiq olunmağa başlayıb. Çünki multikulturalizim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də hər zaman ifadə etdiyi kimi, xalqımızın həyat tərzidir. Bu baxımdan, xristianlıq da Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapıb. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynayıb. Azərbaycanda məskunlaşan xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmayıb.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

Bu da Azərbaycan dövlətinin multikulturalizmin iflasa uğradığını iddia edən dövlətlər bir mesajdır ki, bu ideyaların gerçəkləşməsi üçün ikili standartlardan əl çəkərək əməli işlə məşğul olmaq lazımdır.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar