Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanın multikulturalizm sahəsində
təcrübəsi qlobal əhəmiyyət daşıyır

  16
15:00 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

İslamın dinc, humanist mahiyyəti bütün çalarları ilə Azərbaycan
Respublikasının təcrübəsində özünü hərtərəfli təsdiq edir

 Şərqdə multikulturalizm ideyalarının reallaşması, həm də müasir mənəvi normaların ictimai təcrübədə istifadəsinə nail olur və islam ənənələrinə müraciət etməklə müasirliyin çağırışlarına cavab verməkdir.

Bu gün müasirliyin tələblərinə, daxili və xarici çağırışlara cavab verməyi bacaran İslamın yeni dirçəlişi hərəkatı genişlənir. Bu hərəkat müsəlmanlar arasında tolerantlıq ideyalarının kök salmasına, sülh mədəniyyətinin təbliğinə, insan hüquqlarının həyata keçirilməsinə, mədəni, dini, etnik müxtəlifliyin qəbul olunmasına, dinin simasında milli-mədəni təəssübkeşliyin aradan qaldırılmasına kömək edə bilər. Biz qürurla qeyd edə bilərik ki, Azərbaycan Respublikasının apardığı multikulturalizm siyasəti, məhz belə ideyaların reallaşmasına xidmət edir. İslamın dinc, humanist mahiyyəti bütün çalarları ilə Azərbaycan Respublikasının təcrübəsində özünü hərtərəfli təsdiq edir. Halbuki, müasir Avropa multimədəni cəmiyyətin formalaşmasını qeyri-real bir təcrübə hesab edir.

Prezident İlham Əliyev çıxışlarının birində qeyd edir ki, bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər söylənilir, fərziyyələr irəli sürülür. Bir sıra alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də, bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar. "Gəlsinlər, Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar da məndən bunu soruşurlar". Buradan çıxış edərək deyə bilirik ki, multikulturalizm cəmiyyətin sosial rifahını təmin etməyə çalışan alternativ siyasət kimi etnik münaqişələrin qarşısını almağa və insanlar arasında etibarın artırılmasına xidmət edir. Bu bəşəri dəyər mədəni müxtəlifliyə qarşı dözümsüzlüyün qarşısını almaqla hüquqi baza yaradır, demokratik mühitin formalaşmasına təkan verir, inkişafın fərqli modellərini ortaya qoyur, mədəni müxtəlifliyi dəstəkləyir. Fərqli multikulturalist modellərin mövcudluğu isə dövlətin proseslərə müdaxiləsini və cəmiyyətin inkişafında rolunu artırır.

Onu da qeyd edək ki, sosial bərabərsizlik mədəni mühitin münaqişəli xarakterinə təsir edən amillərdən biridir. Bir çox regionlarda adaptasiya baş tutmaya bilər. Multikulturalizm isə müasir dövlətin sosial mədəni strategiyasını müəyyənləşdirir. Belə ki, alternativliyi, plüralizmi, demokratik baxışları müdafiə etməklə, o, sosial mühitin münaqişəli şəraitini aradan qaldıra, sabit inkişafın yaradılmasına əhəmiyyətli dərəcədə təsir edə bilir.

Digər tərəfdən, İslamla bağlı problemlər və ümumiyyətlə, islam amili Azərbaycan üçün dərin tarixi kökləri olan əhəmiyyətli məsələlərdən biridir. Yaranışından ölkəmiz müsəlman dünyası ilə sıx bağlı olub. Azərbaycan həm Qərblə Şərqin, həm də xristian aləmi ilə müsəlman dünyasının hüdudlarında, bu iki sivilizasiyanın kəsişdiyi geosiyasi məkanda yerləşir.

Buna görə də, bir müsəlman ölkəsi kimi Azərbaycanda multikulturalizm təcrübəsinin real görünüşü qlobal əhəmiyyət daşıyır. Bu əhəmiyyəti dünyanın tanınmış bir çox dövlət və din xadimləri, siyasətçilər, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də yazıçılar və jurnalistlər də yüksək qiymətləndirirlər. Bu baxımdan yazıçı Raul Loveri Kontrerasın Azərbaycanda dinlərarası dialoqla bağlı "The Porterville Recorder" qəzetində dərc etdirdiyi "Qurbanlar əbəs idimi?" sərlövhəli məqaləsini xatırlamaq yerinə düşər. Bir növ Bakı Beynəlxalq Forumundan əvvəlki dövrə, əsasən bütün Azərbaycan xalqının taleyinə - onun mənəviyyatını və mentalitetini aydın xarakterizə edən əlamətdar olduğu qədər də mürəkkəb, bəzən isə məşəqqətli taleyinə həsr edilən bu məqalədə qeyd olunur ki: "İspaniyada anadan olan Roma Katolik Kilsəsinin keşişini, Qvatemaladan (Cənubi Amerika) olan baptist yepiskopu və Los-Ancelesdən müsəlman imamı nə birləşdirə bilərdi? Hamısı bir yerdə təyyarə ilə İstanbula, sonra Humanitar Forumda iştirak etmək üçün Bakıya uçublar. Sonra da birlikdə Qubada dağ yəhudilərinin ənənəvi olaraq azərbaycanlılarla yanaşı yaşadığı Qırmızı qəsəbəyə gediblər". Bu açıqlama əlavə şərh tələb etmir.

Bakı Forumunda iştirak edən Tereza Marqolis "The News" qəzetində "Nümunəvi lider" sərlövhəli məqaləsində qeyd edir ki, multikulturalizm, aktual problemlər, o cümlədən miqrantların və məcburi köçkünlərin müasir dünyada getdikcə daha tez-tez rastlaşmalı olduqları etnik dözümsüzlük və biganəlik Forumun əsas mövzuları oldu. "Forum siyasətdən tutmuş sənaye, elm və dinə qədər məsələlərin çox geniş spektrini əhatə etdi. "Dəyirmi masa" arxasında müzakirələr zamanı cəmiyyətin bütün təbəqələrinin nümayəndələri ilə dialoq və fikir mübadiləsi imkanı yaradılmışdı. Nüfuzlu intellektualların ikigünlük iclasında dəfələrlə səslənən çağırışın mahiyyəti bundan ibarət idi ki, mədəni, etnik və dini müxtəliflik özündə müasir cəmiyyətin sərvətini əks etdirir və əgər hansısa millətlər bu müxtəlifliyi boğmağa, yaxud məhv etməyə çalışarlarsa, onlar əslində öz sosial-iqtisadi təkamülünü məhv edərlər"

Bildiyiniz kimi, Qədim Romada "forum" məfhumu şəhərin bütün azad vətəndaşlarının toplantısı kimi başa düşülürdü. Burada bütün vətəndaş cəmiyyəti üçün əhəmiyyət daşıyan istənilən mövzu və məsələləri sərbəst müzakirə edə bilirdilər. V Bakı Beynəlxalq Humanitar Forumunda da oxşar məzmunlu kontekst mövcud olub. Fikir mübadiləsi üçün multikulturalizmin Azərbaycan modelindən tutmuş tibb və əczaçılığın etik problemlərinədək bütün əsas tematik istiqamətlər burada müzakirə olunub.

Maraqlıdır ki, mass-media jurnalistlərin fəaliyyətinə həsr olunan seksiyaya xüsusi diqqət yetirib. Bu baxımdan UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbsun fikirləri diqqət çəkir: "Bu gün dünyada münaqişələrin sayı artır. Belə şəraitdə bizə obyektiv KİV-lər lazımdır. Biz münaqişələrin həllini yalnız dövlətlərin üzərinə yükləməməliyik, eyni zamanda, vətəndaş cəmiyyətlərini də, bu prosesə qoşmaq lazımdır. Bu nöqteyi-nəzərdən belə forumlar keçirmək və həmin məsələlərin həlli ilə bağlı müzakirələr aparmaq çox vacibdir. UNESCO bu Forumdan sanballı nəticələr gözləyir".

Onu da qeyd edək ki, Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumua elektron KİV-lər də böyük həssaslıqla yanaşıblar. "vestikavkaza.ru", "trend.az", "1news.az","vladikavkaz.ru", "moskow-baku.ru" kimi saytlar və bir çox digər KİV-lər Bakı forumunda müzakirə olunan mövzulara dair silsilə yazılar dərc ediblər. Bu da Forumun beynəlxalq aləmdə nüfuzunun nəticəsi kimi qəbul olunmalıdır. Qeyd etmək yerinə düşərdi ki, jurnalistlər iştirakçıların müxtəlif aktual məsələlərə dair fikirlərini təqdim və şərh edərkən Forumun çoxşaxəli işini, onun ən mühüm mövzularını obyektiv, ardıcıl və ətraflı əks etdirə biliblər. Onlar Forumun fəaliyyətinə hərtərəfli diqqət yetirərək və iştirakçıların çıxışlarını təhlil edərək bütün bunları dəqiq və aydın işıqlandırıblar. KİV əməkdaşları Forumun maraqlı hadisələri, bu çərçivədə keçirilən tədbirlərdə səslənən yeni ideyalar barədə cəmiyyəti məlumatlandırmaqla bərabər, onun fəal iştirakçılarına çevriliblər. Mass-media nümayəndələrinin Forumun fəaliyyətini təhlil etməsi, araşdırma materiallarının əhatə dairəsinin genişliyi, işıqlandırılan hadisəyə şəxsi maraq hissi, peşəkar şərhin ətraflı və etibarlı olması - bütün bunlar cəmiyyətin Forumun işinin mahiyyətinə daha ciddi və dərindən nüfuz etməsinə, onun yekunlarını və perspektivlərini başa düşməsinə imkan verib.

Yerli və xarici KİV-lərin icmallarında Forumun çox gözəl təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi, mövzularının genişliyi, xüsusi, qlobal statusu və qazandığı həqiqi uğur birmənalı vurğulanır. Təbii ki, Forumun məqsədi burada qəbul edilən tezis və müddəaları sivilizasiyanın inkişafının təsirli vasitəsinə çevirmək olub. Əlamətdar haldır ki, bu ideyaların, ictimai-siyasi mövqe və əqidələrin müxtəlifliyinə baxmayaraq, demək olar, bütün materialların müəllifləri belə bir məsələdə yekdil fikirdədirlər ki, Forum baş tutub, onun ideyaları sırf müsbət və konstruktiv xarakter daşıyır, çünki, əslində, onlar bəşəriyyətin əbədi və başlıca probleminə - bütün dünyada sülhə həsr olunub. Yekun Bəyannamədə isə zəmanəmizin və onun dəyişikliklərinin mahiyyətini əks etdirən, Forumda toxunulan məsələlərin təkcə əhəmiyyətini deyil, həm də onların həlli imkanlarını göstərən təyinedici tezislər var ki, onlar cəmiyyət üçün böyük əhmiyyət daşıyır.

Forumda iştirak edən Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın "moskow-baku.ru" saytına müsahibəsində qeyd etdiyi kimi: "Mən ilk növbədə, mübaliğəsiz desəm, bu çox mühüm hadisənin təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd etməliyəm. Bakı Humanitar Forumu beşinci dəfədir keçirir, onun səviyyəsi ildən-ilə artır, tədbir müasir dövrün "Ekstremizmin bütün növlərinin yayılmasının qarşısını necə almalı və planetin dinc gələcəyini necə qorumalı?" kimi ən başlıca sualına cavab axtaran ekspertlərin, dünyanın ən yaxşı intellekt sahiblərinin diqqətini getdikcə daha çox cəlb edir".

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar

Powered by Artild Agency