Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yerevan ABŞ-ın “qara siyahı”sında - Ermənistan Rusiyanın güdazına GEDİR

  9
11:40 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın hərbi-sənaye şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların orbitinə Ermənistanı da daxil etmək istəyir.

 

ABŞ-ın Ermənistandakı səfirliyindən  “Aykakan Jamanak” qəzetinə bildirilib ki,  rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə Yerevana qarşı sanksiya tətbiq edə bilər.

 

Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə təqdim edilib.

 

ABŞ-ın məhz Ermənistandakı səfirliyinin dili ilə belə xəbərdarlıq yayması dərhal belə qənaət formalaşdırıb ki, məsələ ötən ilin dekabrında Ermənistan Rusiyadan silah almaq üçün ikinci güzəştli kredit müqaviləsi (100 milyon dollar) imzalanmasından gedir.  

 

Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənilir ki, Ermənistan güzəştli kredit hesabına “Msta-S” özüyeriyən qaubitsaları, “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər.

 

Gözlənilən proqnozlar getdikcə özünü doğruldur, hələ bundan əvvəl Ermənistan mətbuatı yazırdı ki, ABŞ Yerevana qarşı da addımlar atacaq.

ABŞ səfirliyinin xəbərdarlığı şübhəsiz ki, qlobal kontekstə malikdir və bu addım Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən nəticələrə gətirib çıxara bilər.

 

Məsələ orasındadır ki, Azərbaycan da Rusiya ilə hərbi-texniki əməkdaşlıq edir, lakin, Ağ Evin hədəfində Bakının olması real görünmür. Çünki Azərbaycan Rusiyadan asılı deyil və Moskva  hərbi-texniki partnyorluq  yalnız müqavilələr çərçivəsində həyata keçirilir.

 

Bu da bir faktdır ki, Moskva Azərbaycanın da, Ermənistanın da silahlanmasında maraqlıdır, bu isə Kremlin öz rolunu regionda saxlamaqdan ötrüdür. Rusiya bununla Dağlıq Qarabağ münaqişəsinin “açarı”nı öz əlində saxlamaq istəyir.

 

Lakin 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Moskvanın və Ermənistanın digər havadarları olan dövlətlərin istəyinə qarşı gediş edərək cəbhədə sözünü dedi və özünün hansısa qüvvədən asılı olmadığını nümayiş etdirdi.

Amma bu da bəllidir ki, Rusiyanın ambisiyaları və təsiretmə mexanizmlərini saxlamaq niyyəti, Ermənistanın da ona arxalanaraq qeyri-konstruktiv mövqe sərgiləməsi regional təhlükəsizliyə və sabitliyə təhdiddir.

 

Amerikanın Rusiyanın ardınca Ermənistanı da “nişan alması” Qarabağ münaqişəsinin həllinə bu mənada töhfə verə bilər ki, regionda hərbiləşmə tənzimlənə, hərbi risklər azala bilər.

 

Bu onun göstəricisidir ki, ABŞ Cənubi Qafqazda da aktivliyini artırmaq istəyir və Qarabağ münaqişəsinin həllini Rusiyanın monopoloiyasından çıxarmaq istəyir.

 

Ermənistan mətbuatı yazıb ki, sanksiya məsələsi Ermənistana ziyan vuracaq, Azərbaycan isə bu təhlükədən sığortalanıb. Yəni, Azərbaycanın bu sanksiya altına düşmək riski yoxdur.

 

Ermənistan bu zamana qədər Rusiya və ABŞ arasında oyun oynamaq istəyirdi, lakin görünür Ağ Ev artıq Yerevanın bu siyasətini redaktə etmək istəyir.


Yazarlar

Powered by Artild Agency