Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Namizəd olmaq istəyənlərin Qarabağ proqramı: “Paytaxtı Xankəndiyə köçürəcəm!”, “Ermənistanı peşman edəcəyik!”  

  14
13:40 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan seçiciləri aprelin 11-də növbədənkənar prezident seçkilərinə gedəcəklər. Növbədənkənar prezident seçkilərində iştirak üçün xeyli siyasətçinin namizədliyi irəli sürülüb.

Bunlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, Azərbaycan Xalq Cəbhəsi partiyasından ayrılan qanadın rəhbəri Razi Nurullayev,  Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, AĞ Partiya başqanı Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır.

Maraqlıdır, namizədliyini irəli sürən həmin siyasilərin məsələn, Dağlıq Qarabağ problemi ilə bağlı hansısa bir proqramı varmı?

 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, YAP-ın Qarabağ proqramı cənab prezidentin səsləndirdiyi proqramdır:

“Bu, ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilmiş və bu gün də davam etdirilən prinsipial bir mövqedir. Azərbaycanın ərazisi məsələsi müzakirə mövzusu ola bilməz. Ermənistan qoşunları işğal altındakı torpaqlarımızdan çıxmalıdır. Problemin mərhələli həllini bu gün Azərbaycan mümkün hesab edir. Danışıqlarla yanaşı, həmçinin problemin digər variantlarla həlli üzərində Azərbaycan daim işləyir və bu, heç vaxt gündəmdən çıxmayıb.

Həmçinin hesab edirik ki, Dağlıq Qarabağ məsələsinin həlli  ölkə qarşısında duran digər məsələlərin həlli ilə çox sıx surətdə bağlıdır.  İqtisadiyyatın inkişafı, sahibkarlığa diqqət edilməsi əlbəttə, Azərbaycanın iqtisadi gücünü artırır. Vətəndaşlarımızın hüquqlarının qorunması, onların  sosial problemlərinin həll edilməsi vətəndaşın dövlətin qorunmasını bir nömrəli vəzifəsi hesab etməsi ilə nəticələnir. Həmçinin, beynəlxalq birlikdə dostluq əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın yüksək nüfuzuna, mövqeyinin dəstəklənməsinə gətirib çıxarır”.


Milli Məclisin deputatı Zahid Oruc
qeyd edib ki, Qarabağla bağlı konkret baxışı var:

“Qarabağ məsələsi ilə əlaqəli 2001-ci ildə  ulu öndər Heydər Əliyev parlamentə gəldi və orada geniş ictimai dinləmələr, müzakirələr aparıldı. Bunları çox mühüm dövlətçilik və siyasi hadisə hesab edirəm. O dövr irəliyə sürülən sənədlərin aydınlaşdırılması, cəmiyyətə bəlli edilməsi dövlətin birinci şəxsinin çiynində daşıdığı yükün müəyyən qədər yüngülləşməsinə yol açmışdı. Bu zaman  mən də təkliflər paketini dövlətə təqdim etməyə çalışmışdım.

Etiraf etmək lazımdır ki, ötən 17 il ərzində bu mürəkkəb düyünün açılması üçün həm regional və beynəlxalq siyasət dəyişib, o cümlədən digər geopolitik müstəvidə yeniliklər mövcuddur. Həmçinin Azərbaycanın  güclü imkanları, hərbi resursları yetərincə var. Ona görə Qarabağ məsələsinə baxışda dövlət çox mühüm strategiya həyata keçirdi. Bunları tanımadan hər hansı bir şəxs dövlətin birinci məqamına,  yaxud parlament üzvlüyünə namizədliyini irəli sürə bilməz. Yəni mövcud fundamenti ləğv edərək, ordunun imkanlarını tanımayaraq,  Azərbaycanın bu dövr ərzində qurduğu beynəlxalq əlaqələrin üstündən xətt çəkərək, kimsə Qarabağ məsələsinin həlli modelini ortaya qoya bilməz. Mənim məsələyə  baxışım bundan ibarətdir.

Bu səbəbdən burada bizim irəli sürəcəyimiz məsələlər heç şübhəsiz, dövlət  üçün gərəkli ola bilər. Yaxud gələcək ölkə rəhbəri bir daha həmin mövqelərdən istifadə edə bilər. Belə olan halda çox mühüm tezislər, baxşlar var. Bizim də  düşüncələrimizdə Qarabağla bağlı dəqiq yol xətirəsi var və bunu yekun sənəd halına gətirib qeydiyyat gerçəkləşdən sonra açıqlamağa çalışacağıq”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə:

 “Mənim Qarabağla bağlı proqramım artıq 1991-ci ildən var.  Hələ də onun üzərində dururam”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev düşünür ki,Dağlıq Qarabağ problemi uzun illərdir dondurulmuş vəziyyətdədir:

“Bununla bağlı programımız var. İndi açıqlamaq istəməzdim. İnşallah rəsmi qeydiyyatdan sonra siyasi, iqtisadi, xarici siyasət və Dağlıq Qarabağla bağlı proqramlar seçiciyə təqdim olunacaq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qarabağla  bağlı proqramının olduğunu vurğulayıb:

“Hər halda mən prezident seçiləcəm. Düşünürəm ki, cənab İlham Əliyev bu dəfə mənə güzəştə gedəcək. İki ay müddətinə Dağlıq Qarabağı işğaldan azad edib paytaxtı Xankəndiyə köçürəcəm.

Çünki Bakıda hazırda çox sıxlıq var. Bütün hökuməti həmin şəhərə köçürmək planım var. Biz dövlətimizi Xankəndindən idarə edəcəyik. Çünki orada ərazi genişdir, sakitlikdir və torpaqlarımıza nəzarət etmək üçün şərait mövcuddur. Hər halda fikirləşirəm ki, Qarabağla bağlı proqramı çox qısa müddətdə reallaşdıra biləcəm”.

Azərbaycan Xalq Cəbhəsi partiyasından ayrılan qanadın rəhbəri Razi Nurullayev:

“Dağlıq Qarabağ problemi ilə bağlı aydın və real proqramımız var. İddia edirik ki, bir il ərzində problemi tam və ən az itki ilə həll edə bilərik. Bunu isə televiziya çıxışımda açıqlayacam”.

AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, Qarabağ probleminin həlli də, proqramı da bəllidir:

“Siyasətdə hər şey ağ, qara, boz rəngdədir. İndiyə qədər mövcud olan konfliktlərin  də həlli yolu bəllidir. Göründüyü kimi, Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həlli mümkün deyil. Artıq bir neçə ildir, mənasız danışıqlar gedir, bəyanatlar verilir. Atəşkəs dönəmində kifayət qədər şəhidlərimiz olub. İlk növbədə daxildə ordunun real şəkildə möhkəmləndirilməsini təmin etmək lazımdır. Cəmiyyətdə milli barışıq rutininin yaradılmalıdır, çünki hərbi əməliyyatlara başlayan ərəfədə xalq və dövlət arasında milli birlik olmalıdır. Milli barışıq hökm sürməlidir ki, daxildən narahat olmadan hərbi əməliyyatlar keçirə biləsən. İkinci məsələ  Türkiyə, Ukrayna,  Pakistan kimi yaxın olan  dövlətlərlə sırf hərbi əlaqələrin artırılması istiqamətində işlər görüb güclü  ordu ilə torpaqlarımızı azad etməliyik. 

Təbii ki, burada Rusiya, İran faktı da var. Amma Azərbaycanda istənilən hakimiyyət qeyd etdiyim amillər üzərində işləməlidir. Bu günkü  hakimiyyət bu istiqamətdə işləsə də, nəticələrə baxanda görürük ki, alınmır. Yəni Qarabağla bağlı qeyri-adi, fantastik proqram hazırlamağa ehtiyac yoxdur. Hər şeyin yolu müəyyəndir”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, istənilən seçkilərin diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, torpaqlarımızın işğaldan tezliklə azad olunması məsələsi dayanmalıdır.

“Cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ATƏT Minsk qrupu və ya digər qurumların vasitəçiliyi ilə həllinə heç bir inam qalmayıb. Torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyi fikri artıq geniş sosial sifarişə və tələbə çevrilib. Mən seçkilərdə bu sosial tələbin və sifarişin təmsilçisi kimi çıxış etmək istəyir və bildirirəm ki, prezident seçilərəmsə, seçkilərdən sonrakı 1-2 ay ərzində, Ordunun hazırlığı, cəmiyyətin əhval-ruhiyyəsinə ciddi baxış keçirdikdən, xarici müttəfiqlərimizi konkret müəyyənləşdirdikdən, digər hazırlıq işlərini həyata keçirdikdən sonra işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlayacağam. 
Ermənistanın arxasında kimlərin dayanacağının, onu müdafiə edəcəyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, ölüm-dirim müharibəsi olacaq, nəyin bahasına olursa-olsun qələbəni əldə edəcəyik. Ermənistanı da, onun arxasında dayananları da Azərbaycana qarşı törətdikləri işğala, təcavüzə, bütün cinayətlərə görə peşman edəcəyik. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim hədəfimiz prezident kürsüsü deyil, Qarabağda azadlıq müharibəsini başlamaq, torpaqlarımızı işğaldan azad etməkdir. Rəhbərlik etdiyim Qarabağ Azadlıq Təşkilatı siyasi qurum deyil, prezidentliyə namizəd irəli sürə bilməz. Ona görə də mən namizədliyimi fərdi qaydada irəli sürmək istəyirəm. Bununla yanaşı QAT-ın ali orqanlarının razılığı olmadan mən bu təşəbbüsü edə bilmərəm. Ona görə də artıq Təşkilatın İdarə Heyətində, Təşəbbüs qrupunda ilkin müzakirələr keçirilib. Son qərarı isə QAT Ali Məclisi verəcək. Bu məqsədlə fevralın 17-nə Ali Məclisin xüsusi iclasını çağırmışıq. Ali Məclisin mövqeyinə uyğun hərəkət edəcək, son qərarımı verəcəyəm”.

 

 


Yazarlar

Powered by Artild Agency