Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda azsaylı xalqların mədəniyyəti durmadan inkişaf edir

  58
21:29 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Dövlətimizin ardıcıl və məqsədyönlü milli siyasəti həyata keçirməsi nəticəsində, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib

 

Mədəniyyətin ən mü-hüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədim zamanlardan ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan həm də Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, eləcə də əksinə keçid almasında körpü rolunu oynayıb.
Bu baxımadan, həqiqətən də, Azərbaycan ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı unikal coğrafi, geosiyasi və mədəni məkandır. Tarixin bütün dövrlərində özünün etnik-dini tərkibi ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin rəngarəng mənbələri mövcuddur.

Tarixən, Azərbaycanda, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni münasibət bəslənilib. Eyni zamanda Azərbaycan dövlətinin daim ardıcıl və məqsədyönlü milli siyasəti həyata keçirməsi nəticəsində, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əldə olunmasında, heç şübhəsiz ki, tolerantlıq və multikulturalizmlə yanaşı, bu xalqların mədəniyyətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi də mühüm rol oynayıb. Buna görə də, ölkəmizin ərazisində yaşayan milli azlıqların, etnik qrupların musiqi folklor nümunələrinin, adət və ənənələrinin, mərasimlərin  lentə alınaraq qorunub saxlanması, eləcə də, respublikamızda yaşayan azsaylı xalqların musiqi folklorunu toplamaq, nota salmaq və internet vasitəsilə dünyaya yaymaq bu gün dövlətimizin həyata keçirdiyi multikulturalizm siyasətini əsas qayəsinə çevrilib.

Buna görə də, ölkəmizdə yaşayan müxtəlif etnik qruplar birgəyaşayışın nümunəsini illərdir ki, qoruyub saxlaya biliblər. Çünki Azərbaycanda azsaylı xalqların dillərinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanmasına, inkişafına hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə yaşayan etnik qrupların nümayəndələri özlərini bu ölkənin azadfikirli, bərabərhüquqlu vətəndaşları sayırlar. Bununla belə, hər bir qrup özünəməxsus fərqli mədəniyyətlərin elementlərini də qoruyub saxlayır ki, bu da multikultural dəyərlərə daim diqqət ayıran Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Təbii ki, bu mədəni inteqrasiya məişət həyatında, sənətkarlıqda, mətbəx və müxtəlif mərasimlərdə öz əksini tapıb.

Onu da qeyd etmək lazımdır ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanmasında onların yaratdıqları musiqi və folklor kollektivlərinin rolu daha böyükdür. Bu mənada Lənkəran bölgəsində yüzillərdir ki, məskunlaşan talışların folklor nümunələrini yaşadan "Lənkəranlı nənələr", eləcə də respublikamızın şimal-qərb bölgəsində yaşayan avarların "Avar rəqs qrupu"nu misal göstərmək olar. Ölkəmizdə yaşayan bir çox xalqların mədəniyyətinə aid olan bu tip nümunələr heç də az deyil.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda azsaylı xalqların folkloru bölməsinin fəaliyyətə başlaması da, onu deməyə əsas verir ki, dövlətimizin məram və məqsədi etnik qrupların və azsaylı xalqların mədəniyyətlərinin qorunub saxlanmasına dəstək verməkdir. İnstitutun klassik folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının mətbuata verdiyi açıqlamasında qeyd olunur ki,  2012-ci ildə yaradılan bölmənin əsas məqsədi azsaylı xalqların folklorunun toplanması, sistemləşdirilməsi və tədqiqinin aparılmasına yardım etməkdir: "Azərbaycan tolerant və polietnik dövlətdir. Respublika rəhbərliyinin yürütdüyü siyasətin əsas məqsədlərindən biri dövlətin polietnik kütləsinin - ölkənin mədəni genofondunun əsasının qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrini, mənəviyyatını və ənənəvi tərbiyə sistemini cəmləşdirir. Ölkəmizdə özünəməxsus "etnik intibah" ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları öz əksini tapıb. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşlarının şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), milli ənənələrinə və xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və mədəniyyətin öyrənilməsi meyillərindən ibarətdir".

Ölkəmizin ərazisində məskunlaşan və azərbaycanlılarla sıx qaynayıb-qarışan azsaylı xalqlardan biri də avarlardır ki, əsasən Zaqatala-Balakən bölgəsində kompak şəkildə yaşayırlar və İslam dininə etiqad edirlər. Avar Mədəniyyət Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dilinin özünəməxsusluğunun qorunub saxlanmasına xidmət etməkdir. Bu mərkəzin nəzdində Qafqaz rəqsləri öyrədilən "Qafqaz" və qızlardan ibarət "Alazan" rəqs ansambılları öz fəallıqları ilə seçilirlər. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində bu bölgədə yaşayan hər bir etnik qrupun, azsaylı xalqların nümayəndələrinin adət-ənənələri geniş təbliğ olunur.

Onu da deyək ki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan saxurların qızlardan ibarət "Lilay" rəqs ansamblı da bu bölgədə çox məşhurdur. Zaqatala rayonunun Suvagil kəndində yaşayan Aşıq Nəzir bu bölgədə mövcud olan yeddi etnik dildə ifa edən sənətkarlardan biri olub. Bu da onu deməyə əsas verir ki, bu bölgədə yaşayan insanlar təkcə azərbaycanlılarla deyil, həm də öz aralarında sıx bağlılıqlara sahibdirlər.

Qax, Zaqatala, Balakən ərazisində yaşayan ingiloyların da öz bədii kollektivi var. Zaqatala rayonunun Əliabad kəndində "İngiloy" folklor ansamblı fəaliyyət göstərir. Bu kəndin yetirmələrindən olan Aşıq Hüseyn Əliabadlı Azərbaycan, İngiloy, Gürcü dillərində yazıb-yaradıb. Aşıq Camal isə bu gün də Azərbaycan, İngiloy və Gürcü dillərində öz fəaliyyətini davam etdirir. Bu qarşılıqlı anlaşmanın, xalqlar arasındakı dostluğun, mehribançılıqın nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, dini azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. Bunun bir səbəbi də odur ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına da təqdim olunur.

Onu da qeyd edək ki, respublikamızın ən qədim şəhərlərindən olan Şəkidə keçirilən "İpək yolu" VI Beynəlxalq musiqi festivalı ölkəmizdə yaşayan etnik qrupların və azsaylı xalqların folklor mədəniyyətinin təqdimatı və təşviqi baxımında çox möhtəşəm bir tədbirdir. "Yuxarı Karvansaray" mehmanxana kompleksində baş tutun tədbirdə  tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri, mahnı və rəqslərindən ibarət böyük bir konsert proqramı təqdim olunub.

 Qəbələ rayonunun Nic kəndindəki udilərin "Bulaq" Mədəniyyət Mərkəzinin "Cəngi" musiqi qrupunun, Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Əvəsor" talış xalq folklor kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri bu festivalda 3 folklor kollektivi ilə təmsil olunublar. Rayonun Suvagil kənd mədəniyyət evinin "Ceyranım" saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların "Əliabadım" və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Alazan" avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında məşhur "Azərbaycan" mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar.

Qeyd edək ki, bir gün əvvəl də bu tarixi məkanda ölkəmizdə yaşayan tat, tatar, kürd, rus, ləzgi və ahısqa türklərinin folklor kollektivləri maraqlı və rəngarəng konsert proqramı ilə tamaşaçılara xoş anlar bəxş ediblər. Həmin günün axşamı Şəki şəhərindəki Yay teatrında festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə ilə görüş keçirilib.

O da xüsusi vurğulanıb ki, Firəngiz Əlizadə Şəki "İpək Yolu" Beynəlxalq musiqi festivalnın bədii rəhbəri olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələrini, mədəniyyət və incəsənət xadimlərini qədim Şəki torpağında toplayaraq, buradan Azərbaycanın sorağını bütün dünyaya çatdırmaqda mühüm rol oynayıb.

Bütün qeyd etdiklərimiz bizi onu deməyə sövq edir ki, bir çox dünya dövlətlərində dözüm-süzlüyün, islamafobiyanın baş qaldırdığı bir zamanda, ölkəmizin tolerantlığın və mültikulturalizm mərkəzi kimi qəbul olunması, heç də əsassız deyil. Ölkəmizdə bu sahədə görülən işlər, keçirilən yerli və beynəlxaq səviyyəli tədbirlər bunu sübüt edir. Bunu həm də, bu tədbirlərdə iştiak edən yüksək səviyyəli nümayəndələrin qiymətləndirilməsində görmək olar. Bu gün bəşəriyyəti uçurumdan qurtara biləcək yeganə dəyər, tolerantlıq və multikulturalizmdir.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının

Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi

Fondunun maliyyə dəstəyilə çap olunub

Yazarlar