Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xalq diplomatiyası ilə Qarabağı azad etmək olarmı?

  35
18:20 17-04-2019
Şriftin ölçüsünü dəyiş  

"Belə nağıllara son qoymaq lazımdır"

 Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də keçirilən görüşdən sonra yayılan birgə bəyanatda deyilir ki, tərəflər humanitar əməkdaşlığın əsasını qoymağı müzakirə ediblər.

Bəyanatda deyilir ki, tərəflər münaqişə zonasında, xüsusilə də kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olanlar üçün sabitlik yaratmaqda maraqlıdılar. Onlar həmçinin ailələrin əsirlərlə kontaktlarına şərait yaratmaq barədə razılığa gəliblər. Həmçinin nazirlər xalqlar arasında əlaqələrin qurulması, o cümlədən media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması üçün konkret iş görülməsi barədə istəklərini ifadə ediblər.

Sonuncu məsələ - xalq diplomatiyası hər iki tərəfin arzusu kimi ifadə edilsə də, qeyri-rəsmi məlumatlara görə, bu təklifi Sergey Lavrov Ermənistan tərəfinin istəyinə uyğun olaraq irəli sürüb. Lakin bir daha vurğulayırıq ki, rəsmi bəyanatda təklif hər iki tərəfin arzusu kimi ifadə edilir. Nazirlərin razılaşdığı digər məsələlər hər iki tərəfin xeyirinə işləyən detallar olsa da, Azərbaycan cəmiyyəti tərəfindən xalq diplomatyasından kimin daha çox yararlana biləcəyi mübahisəli məsələ kimi qiymətləndirilir. Ona daha görə də, bunu cəmiyyətin məsələ ilə maraqlı olan ictimai xadimlərlə müzakirə etməyə çalışdıq.

İlk həmsöhbətimiz Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas oldu. Aqil bəy bildirdi ki, ilk növbədə Qarabağ işğaldan azad ediləcək, erməni silahlı qüvvələri Azərbaycan ərazilərini tərk edəcək: "Ərazimizdə yaşayan ermənilərdən kim istəsə öz arzusu ilə Azərbaycan vətəndaşlığını qəbul edəcək, mənim kimi bütün hüquqlara malik olacaqlar. Sülh sazişi imzalanandan sonra təbii ki, xalqlar ömrü boyu düşmən ola bilməzlər, onlar arasında münasibətləri normallaşdırmaq üçün cəhdlər göstərilməli - xalq diplomatiyası işə düşməlidir. Məsələn, bir-biri ilə qatı düşmən olan almanlarla ruslar indi bir qabdan çörək yeyirlər. Hər iki tərəfdən ziyalılar təşəbbüs göstərməli, xalqlarımızı barışdırmalıdır. Lakin indiki halda xalq diplomatyasına girişmək işğala barışmaq, Qarabağdan əl çəkmək deməkdir. Belə nağıllara son qoymaq lazımdır".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə bizimlə söhbətində bildirdi ki, bu ermənilərin çoxdankı arzusudur: "Müxtəlif vaxtlarda xalq diplomatiyasını ermənilər gündəmə gətirib, buna cəhd ediblər, hətta, bir neçə dəfə qarşılıqlı səfərlər də baş tutub. Lakin biz Qarabağ Azadlıq Təşkilatı olaraq həmişə bunun əleyhinə olmuşuq, indi də etiraz edəcəyik. Əvvəllər bu məsələ vətəndaş cəmiyyəti səviyyəsində təklif edilirdisə, indi bunu xarici işlər nazirləri arasında razılaşma kimi təklif edirlər ki, məsələ daha ciddi görkəm alsın. Lakin hansı formada olur-olsun xalq diplomatiyası münaqişənin həllinə, torpaqlarımızın işğaldan azad edilməsinə heç bir töhfə verə bilməz. Əksinə, ermənilər xalq diplomatiyasını ortaya atırlar ki, xalqlar arasında münasibətlər yaxşılaşsın, gediş-gəliş intensivləşsin və bununla da işğal faktı yaddan çıxsın. Ona görə də Azərbaycan cəmiyyəti buna getməməlidir. Hazırda sosial şəbəkələrdə ciddi müzakirələr gedir, mən diqqətlə izləyirəm, əksər jurnalistlər və digər vətəndaş cəmiyyətinin nümayəndələri bunu başa düşərək belə səfərlərdən imtina edirlər. Amma bəziləri özünütəsdiq məqsədilə məsələyə loyal yanaşır, təklif gəldiyi halda belə səfərlərə qatılmağa hazır olduğunu bildirirlər. Hesab edirəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri belə səfərlərdən imtina etməli, ermənilərin ölkəmizə səfərinə isə öz etirazını ifadə etməlidirlər. İlk növbədə işğal faktı aradan qaldırılmalıdır, torpaqlarımız azad edilməlidir, yalnız bundan sonra xalq diplomatiyası mərhələsi başlanmalıdır".

 Akif Nəsirli

Yazarlar

Top.Mail.Ru
HotLog