Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Radikalizmə, terrorçuluğa, dini ekstremizmə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir

  31
18:03 17-04-2019
Şriftin ölçüsünü dəyiş  

Dini radikalizmlə mübarizədə başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin ardıcıl aparılmasıdır

 Dini radikalizm və separatizm, multikulturalizmə və toleranlığa qarşı çevrilən ən təhlükəli təbliğat və təşviqat formasıdır. Ölkəmizdə mövcud olan multikulturalizmi və tolerantlığı, inkişaf və tərəqqini qəbul edə bilməyən bir çox dini cərəyanlar öz pozuculuq fəaliyyətlərini həyata keçirmək üçün imkan və fürsət axtarırlar. Lakin ölkəmizdə dövlət tərəfindən yaradılan dini durum elə bir səviyyədədir ki, bu kimi qüvvələrin fitnəkarlığına heç bir imkan vermir. Bu səbəbdən, ölkəmizdə ən yüksək səviyyədə tənzimlənən dövlət-din münasibətləri həmin qüvvələrin narahatlığını daha da artırır. Onlar bu sabitliy pozmaq üçün müxtəlif yollar axtarırlar. Bunun üçün də ölkəmizin daxilində özlərinə köməkçilər axtarır, bəzən də heç bir siyasi, dini anlayışı olmayan savadsız gəncləri din pərdəsi altında gizlənənlər öz sıralarına cəlb edə bilirlər. Bütün bunların qarşısının alınması üçün həm dövlət səviyyəsində, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları Dini İdarəsinin  xətti ilə geniş təbliğat təşviqat və maaraifləndirmə işləri həyata keçirilir.      

Bu da məlumdur ki, ölkəmizdə qarışıqlıq salmaq istəyən, milli təhlükəsizliyimizi təhdid edən bu qüvvələrin hədəfində olan əsas kontinqent gənclərdir. Buna görə də, dövlətimiz gənclərin milli-mənəvi ruhda tərbiyə olunması istiqamətində mühüm işlər görür, böyük layihələr həyata keçirir. Son illər biz artıq bu fəaliyyətin səmərəsini də, Nərdaran, Sumqayıt və Gəncə hadisələrində çoxluğun dini radikalizimi dəstəkləmədiyində gördük.  

Ö zaman ölkəmizdə sabitliyi pozmağa çalışan bir dəstə başıpozuq qrupların fəaliyyətinin qarşısı alındı və onlar öz cinayətlərin etiraf etdilər. Bununla belə, xarici qüvvələrin ölkəmizdə fəaliyyətlərinin qarşısının tam şəkildə alındığını demək, hələ ki tezdir. Buna görə də, bu gün gənclər arasında maarifləndirmə işini daha da genişləndiriməsi və səmərəsinin artırılması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan Tədbirlər Planına əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon "N" saylı hərbi hissənin birgə təşkilatçlığı ilə Beyləqan rayonundakı "N" saylı hərbi hissədə "Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdəki çıxışı zamanı Beyləqan rayon "N" saylı hərbi hissənin İctimaiyyətlə əlaqələr şöbəsinin baş köməkçisi polkovnik-leytenant Şöhrət Əhmədov Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini və bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını tədbir işitarkçılarının diqqətinə çatdırıb. O həmçinin, bu kimi tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu isə qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi meyillərin yaranma səbəblərinin qarşısının alınması yolları barədə məlumat verib. O qeyd edib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin ardıcıl aparılmasıdır.

Qeyd etmək lazımdır ki, İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər, bütün gənclər üçün bir örnəkdir. Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində respublikanın bütün regionlarında keçirilən tədbirlər də, bu baxımdan böyük önəm daşıyır.

Heç şübhəsiz ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biri də vətənpərvərlik hissinin gücləndirilməsidir. Çünki vətənpərvərlik hissləri yüksək olan şəxslərin dini radikalizmi və ekstremizmi təşviq edən qrupların təsiri altına düşməsi mümkün deyil. Bu təsirə məruz qalanlar əsasən savadsız, dindən anlayışı olmayan, başqalarının təsiri altına duşməyə meyilli gənclər olurlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) gənclər arasında təbliğat işini Müdafiə Nazirliyi ilə birgə keçirməsi də, bu gəncləri orduda xidmətdən sonrakı həyata hazırlamaq məqsədi daşıyır. "N" saylı hərbi hissədə keçirilən tədbirdə DQİDK-nın sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən zabitlər də, bu kimi tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən və dini radikalizmdən qorumağın, eyni zamanda, vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd ediblər. Onlar eyni zamanda Azərbaycan Ordusunda şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksək olduğunu, qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə hazır olduğların bildiriblər.

Tədbirdə qeyd olunub ki, "Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşan qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalan, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşən şəxslərdən də bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi faciələr tamaşaçılara açıq şəkildə çatdırılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov tədbirdəki çıxışı zamanı deyib: ""Şəhadət" filminə baxarkən Vətən uğrunda şəhid olan fədakar, igid, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalan, ailələrinə faciələr yaşadan gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin fədakarlıqları və qəhrəmanlıqları əsl vətənpərvərlik rəmzidir, gənclərimiz üçün bir nümunədir".

Komitə sədrinin müavini qeyd edib ki, radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Ona görə gənclər məlumatlandırılmalı, maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.

Eyni zamanda, dünyada dini zəmində baş verən münaqişələrə, Yaxın Şərqdə dini radikalizm və ekstremizmin törətdiyi fəsadların acınacaqlı nəticələrinə,  dinin siyasiləşdirilərək, siyasi oyunların alətinə çevirən ölkələrin böyük fəlakətlərlə üzləşməsinə xüsusi diqqət ayırmaq lazımdır ki, onlardan qoruna bilək. Çünki bu gün münaqişələr nəinki genişlənməkdə, daha da dərinləşməkdədir. Müxtəlif qüvvələr tərəfindən müsəlman dünyasının çökdürülməsi, tənəzzülə uğradılması, islam ölkələrində qarşıdurmaların yaradılması üçün böyük işlər görülür. Bunun qarşısına çıxa bilicək yeganə güc isə multikulturalizmi və tolerantlığı qoruyub inkişaf etdirmək yolu ilə dünyada  sülhə, sabitliyə, qarşılıqlı dialoqa və əməkdaşlığa nail olmaqdır.

Məlumdur ki, ölkəmiz 1990-cı illərin əvvəllərində təhlükəli bir dövr yaşadı. Separatizmin, radikalizmin, milli və dini qarşıdurmanın şiddətləndiyi o dövürdə Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı respublikamızı gözlənilən faciələdən xilas etdi. Ulu Öndərin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə daxili sabitliyi qorumaq, cəmiyyətdə birlik və həmrəyliyin möhkəmləndirmək, həyatımızı bütün sahələrində sabit, ahəngdar inkişafa nail olmaq mümkün oldu. Bunun nəticəsidir ki, bu gün Azərbaycandakı dövlət-din münasibətləri modeli, multikulturalizm, tolerantlıq dünyaya bir nümunədir.

Eyni zamanda dini radikalizmə, terrorçuluğa, dini ekstremizmə qarşı mübarizə də, müasir Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodlarından biri də maarifləndirmədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə respublikamızda dinə münasibət tamamilə dəyişdi, milli-mənəvi dəyərlərimizə, dinimizə hörmət və qayğı ilə yanaşıldı və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bu səbədən də ölkəmizdə dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq ən yüksək səviyyədədir və dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə mühüm vəzifələr düşür. Onlar gənclərin qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmək yolunda çox böyük işlər görə bilərlər və bunula da ölkəmizdə separatizmə və radikalizmə qarşı mübarizədə dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləmiş olarlar.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Yazarlar

Top.Mail.Ru
HotLog